Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-777/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında 01.11.2019-cu il tarixində bağlanmış ofis icarəsi müqaviləsinə əsasən cavabdehdən 4.400 manat ödənilməmiş icarə haqqı borcu, 792 manat ƏDV borcu, 1.557,6 manat gecikdirilmiş günlər üzrə borcu, 13,14 manat elektrik borcu, cəmi 6.762,74 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 4.400 manat əsas borc, 792 manat ƏDV borcu, 440 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin dayandırılması barədə” 02.03.2020-ci il tarixli 81S nömrəli sərəncamına əsasən 2020-ci ilin mart ayının 3-dən 9-dək, 07.03.2020-ci il tarixli 93S nömrəli sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 20-dək, 20.03.2020-ci il tarixli 110S nömrəli sərəncamına əsasən 2020-cı ilin mart ayının 29-dan aprelin 18-dək, 18.04.2020-ci il tarixli 164S nömrəli sərəncamına əsasən 2020-ci ilin aprel ayının 20-dən may ayının 2dək, 01.05.2020-ci il tarixli 186S nömrəli sərəncamına əsasən 2020-ci ilin may ayının 4dən 31-dək, 30.05.2020 cı il tarixli 227S nömrəli sərəncamına əsasən isə 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. Cavabdeh MMC icarəyə götürdüyü ofis sahəsində tədris fəaliyyəti ilə məşğul olduğundan, qeyd olunan sərəncamlara əsasən fəaliyyəti tam dayandırılmış və bu səbəbdən də göstərilən müddət ərzində ofis sahəsindən və hər hansı xidmətlərdən istifadə etməmişdir. Lakin icarəyəverən 21.07.2020-ci il tarixli pretenziya məktubu göndərərək, müqavilə üzrə öhdəliklərini ödəmədikləri üçün 01.07.2020-cı il tarixdən icarə müqaviləsinə xitam verdiklərini və 2020-ci ilin mart, aprel, may və iyun ayları uzrə 4.400+18% ƏDV olmaqla, cəmi 5.192 manat icarə haqqı borcunun ödənilməsini tələb etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 698.1-ci maddəsinə əsasən isə onlara məxsus əmlakın girov saxlanılmasını bildirmiş və bugünədək həmin əmlakı onlara geri qaytarmamışlar. Pretenziya məktubuna 24.07.2020-ci il tarixdə cavabdeh tərəfindən verilmiş cavabda 2020-ci ilin mart və aprel aylarında icarəyəverənin əməkdaşı Səbinə Mehdiyeva ilə dəfələrlə əlaqə saxlamağa cəhd etmələrinə baxmayaraq, onun ölkə xaricində olması səbəbindən əlaqə saxlaya bilmədikləri, ofisin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq, sərt karantin rejimi ilə əlaqədar məsul şəxslərin işdə olmadığı müəyyən edildiyindən, onlarla müzakirə aparılmasının mümkün olmadığını qeyd etmişlər. 2020-ci ilin iyun ayının əvvəlində icarə müqaviləsinə xitam verilməsini icarəyəverənə təklif etmişlər, lakin icarəyəverənin əməkdaşı karantin rejimin başa çatmasını biraz da gözləməyi bildirsə də, 21.07.2020-ci il tarixli məktubda iyun ayına aid icarə haqqını da tələb etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə yoxlanılmalı, həmin hissəyə cavabdehin əleyhinə toxunulmamalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparılan işin mübahisəsiz hallarına görə, tərəflər arasında 01.11.2019-cu il tarixdə Ofis icarəsinə dair müqavilə bağlanmış, icarəçi (cavabdeh) 01.11.2019 tarixdən 01.11.2020-ci il tarixədək 1.100 manat + 18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə görə icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər bir gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir, Müqavilənin 10-cu bəndinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Cavabdehin mart, aprel, may və iyun aylarına görə 4.400 manat + 18% ƏDV olmaqla, cəmi 5.192 manat icarə haqqı borcu yaranmış, iddiaçı gecikdirilmiş günlər üzrə cavabdehə 1.557,6 manat dəbbə pulu hesablamışdır. İddiaçı müqaviləyə 26 iyul 2020-ci il tarixdə xitam vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, cavabdeh tədris fəaliyyəti ilə məşğul olmasına dair Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, bu sübutları apellyasiya şikayətinə də əlavə etməmişdir. Odur ki, onun AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” sərəncamlarına istinadı, tədris fəaliyyəti heç bir sənədlə təsdiqini tapmadığl üçün, əsaslı deyil. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq 440 manat məbləğdə müəyyən etməsi qanuni və əsaslı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-777/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-777/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver