Məhkəmə qərarları › İş №2-2(103)-778/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-778/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-778/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)-2599/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 90.000 əsas borc, 11.250 manat gecikdirmə faizləri, 226 manat hüquqi xidmət haqqı, 360 manat dövlət rüsumu olmaqla, cəmi 101.836 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 90.000 (doxsan min manat) manat məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 11.250 (on bir min iki yüz əlli) manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 226 (iki yüz iyirmi altı) manat məbləğində pulun dövlət rüsumunun əvəzi olaraq 360 (üç yüz altmış) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim: X3)

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)-2599/2024 saylı qəradadı ilə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alinmışdır. (hakim: Hüseynov Kənan)

5. Qeyd olunan qərardaddan Cavabdeh xx.xx.2025-ci il tarxində şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, həmin iş üzrə onun səlahiyyətli nümayəndəsi və vəkilinə verilən order Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində təmsil edilmək üçün verilmişdir. Həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Vəkil2la aramızda olan şifahi anlaşmaya görə onunla Bakı Kommersiya Məhkməsində hüquqlarını müdafiə etməyi üçün yenidən müqavilə bağlamalı olsada, barəsində başlanılmış cinayət işi üzrə həbs olunduğu üçün, müqavilə bağlaya bilməmişdir. Hesab edir ki, iş üzrə təqdim edilmiş sübutlar əsasında ədalətli qərar çıxar və yekun məhkəmə aktı çıxarılarkən həbsdə olduğu üçün, çıxandan sonra pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı tədbir görər. Eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin edilər. İddia tələbinin tam təmin edilməsini ümumiyyətlə düşünməmişdir. Çünki, bununla bağlı hüquqi əsaslar yox idi. Həmçinin hesab edir ki, hakimin mövqeyi olduqca qanunvericiliyə ziddir. Çünki, hakim əgər hesab edirsə ki, qiyabi qətnamə çıxarılarkən iş üzrə onun vəkili və nümayəndəsi olub, o zaman niyə qiyabi qətnamə çıxarırdı. Bu yanaşma olduqca ziddiyətli və qərəzlidir. İş materiallarında olan sənədlərdən görünür ki, onun barəsində qeyd edilən tarixdə həbs qətimkan tədbiri seçilmiş və o 2025-ci ilin aprel ayında həbsdən çıxmışdır. Hökmün surətini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsində qeyd edilir ki, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda yazılanları nəzərə alaraq, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə tərəfimdən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. MPM-in 2-ci maddəsi Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Amma məhkəmə bu vəzifəni yerinə yetirməyib. Həmçinin Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmənin hazırkı iş üzrə qərarı isə adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, cavabdehin hüquq və mənafelərimin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Hazırkı halda bu hal mövcud olsada məhkəmə bu hala diqqət yetirilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2599/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

11. Maddə 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

12. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

13. 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

14. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

15. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)- 2599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

20. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. İş materialları ilə müəyyən olunur ki, cavabdehin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur.

22. İşdən görünür ki, 06 iyul 2024-cü il tarixli, e-2-2(113)-2599/2024 saylı qiyabi qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin hazırda da nümayəndəsi və vəkili olan Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, bu barədə sistem vasitəsilə nümayəndəsi və vəkilinin “Elektron ünvan ” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmiş, bu barədə xx.xx.2024-cü il çapolunma tarixli çıxarış iş materiallarına əlavə edilmişdir.

23. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2024-cü il tarixli, e-2-2(113)- 2599/2024 nömrəli qiyabi qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qiyabi qətnamə ilə razı deyildisə, ləğv edilməsi üçün 10 gün ərzində qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilərdi.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

26. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hazırkı kommersiya mübahisəsi üzrə qəbul edilmiş qiyabi qətnamədən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – qiyabi qətnaməni qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ərzində mübahisələndirməməsini qərardad qəbul edərkən nəzərə almışdır.

27. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda isə cavabdeh adıçəkilən qərardadın qanunilik və əsaslılığını şübhə altına alan hər hansı tutarlı dəlil irəli sürməmiş, qiyabi qətnamənin nümayəndəsi və vəkilinə elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilməsinə baxmayaraq, barəsində həbs qətiimkan tədbiri seçildiyi üçün qətnamədən məlumatlı olmadığını bildirməklə kifayətlənmiş, ancaq bu halın onun prosessual hüquqlarından istifadə etməsinə nə kimi maneə yaratdığını əsaslandırmamışdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

30. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli, e-2-2(113)-2599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar