Məhkəmə qərarları › İş №2-2(103)-779/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-779/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-779/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil2 və Nümayəndə4, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-440/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə Cavabdeh1 MTK arasında xx.xx.2014-cü il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Bakıkhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, Kooperativin rəhəbrliyin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.

2. Həmin müqavilənin 5.4-cü bəndində qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür.

3. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən Kooperativ öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Banka dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır.

4. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 1787/15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank Cavabdeh2 60 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında aparılan çoxmərtəbəli yaşayış kompleksində 2ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 45,65 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilin alınması üçün 30.540 ABŞ dolları məbləğində kredit vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC (ləğv prosesindədir) ilkin olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 27.056,63 ABŞ dolları, faiz borcu üzrə 11.218,22 ABŞ dolları və cərimə borcu üzrə 9.310,14 ABŞ dolları, illik beş faiz hesablanmaqla 5.602,40 ABŞ dolları və iş üzrə ödənilmiş 361 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 27.056,63 ABŞ dolları, faiz borcu 11.218,22 ABŞ dolları, cərimə borcu 9.310,14 ABŞ dolları və illik beş faiz hesablanmaqla 5.602,40 ABŞ dolları məbləğində borc yaranmışdır.

7. Cavabdeh2 ərizə ilə müraciət edərək, işin məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, e- 2(102)-445/2023 nömrəli qərarı ilə işi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Cavabdeh1 MTK iddiaya etiraz edir və bildirir ki, o, zamin olsa da, zaminlik müddətinin ötürüldüyünə görə artıq heç bir öhdəlik daşımır və iddia onun barəsində rədd olunmalıdır.

10. Cavabdeh2 da iddiaya etiraz edir və bildirir ki, iddia müddəti ötürüldüyünə görə iddia rədd olunmalıdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-440/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 1787/15 nömrəli krеdit müqaviləsi üzrə 27027 ABŞ dolları məbləğində krеdit bоrcu, 11218 ABŞ dolları məbləğində faiz bоrcu, 1350 ABŞ dolları məbləğində cərimə pulu olmaqla, cəmi 39.596 ABŞ dolları 18 sent, həmçinin əsas borca illik 5 % hesablanmaqla 5.592,2 ABŞ dolları ödəniş günü Azərbaycan manatına uyğun məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi olaraq 225,56 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə (ləğv prosesindədir) ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılan zaman iddiaçı tərəfindən pretenziya qaydalarına əməl olunmamışdır. Bundan əlavə, iddiaçı aidiyyət qaydasına qəsdən əməl etməyərək, iddanın qaldırılmasına iki gün qalmış rayon məhkəməsinə müraciət etmişdir. Halbuki, pretenziya və aidiyyət qaydasına əməl olunsaydı, bu zaman iddiaçı iddia müddətini ötürmüş olardı və bu günki məhkəmə mübahisəsinə artıq ehtiyac qalmazdı. Mediasiya qaydalarına əməl olunmamışdır. Bu səbəbdən iş icraata qəbul olunmamalı və iddia geri qaytarılmalı idi. Həmçinin, işin kommersiya mübahisəsi aidiyyəti olan zaman artıq iddia müddəti ötürülmüşdür. İddianın mahiyyətcə əsaslı olub olmamasından aslı olmayaraq iddi müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Məhkəmə isə iddia tələbini təmin edərkən, işin faktiki hallarını düzgün araşdırmamış və yalnız iddiaçının təqdim etdiyi dəlillərə əsaslanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etmişdir. İddiaçı qeyd edir ki, cavabdehin pretenziya və mediasiya qaydalarının əməl olunmaması, eləcə də iddia müddətinin ötürülməsi ilə bağ dəlilləri əsassızdır. Belə ki, iddiaçının ilkin olaraq birinci instansiya məhkəməsi qismində ümumi (rayon) məhkəməsinə müraciət etməsinin səbəbi digər Cavabdeh1 MTK ilə oxşar mübahisələrə mülki mühakimə icraatı çərçivəsində baxılmasıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil2 və Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə3 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

17. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

20. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 1787/15 nömrəli kredit müqaviləsi bağlanması və həmin müqaviləyə əsasən Bank Cavabdeh2 60 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 30.540 ABŞ dolları məbləğində kredit verilməsi işin mübahisəsiz hallarını təşkil edir.

30. İddiaçı həmin kredit müqaviləsi üzrə 27.056,63 ABŞ dolları əsas borcun, 11.218,22 ABŞ dolları faiz borcunun, 9.310,14 ABŞ dolları cərimə borcunun və illik beş faizlə hesablanmış 5.602,40 ABŞ dolları borcun tutulması tələbini irəli sürmüşdür.

31. Cavabdeh2 borcun məbləğini mübahisələndirmir.

32. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 27.056,63 ABŞ dolları faiz borcu üzrə 11.218,22 ABŞ dolları, cərimə borcu üzrə 9.310,14 ABŞ dolları və əsas borca illik illik 5 faiz hesablanmaqla 5.602,40 ABŞ dolları olmaqla, cəmi 53.187,39 manat borcu vardır.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/278 nömrəli rəyində isə qeyd edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə banka ödənməli olan əsas kredit borcu 27.027,96 ABŞ dolları, faiz borcu 13.784,26 ABŞ dolları, illik 5 % dərəcəsi ilə faiz borcu 3.994,13 ABŞ dolları təşkil edir.

34. Qeyd olunanları, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, ekspert rəyini araşdıraraq və hazırki işdə iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7, 462, 739.1, 741-ci maddələrinin bütün dispozisiya şərtlərinin mövcud olduğuna əsaslanaraq kollegiya hesab edir ki, iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

35. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı cavabdehə xx.xx.2023cü il tarixdə bildiriş məktubu ünvanlayaraq xx.xx.2015-ci il tarixli, 1787/15 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir (cild i/v 20). Həmin bildiriş məktubu isə mahiyyət etibarı ilə pretenziya məktubuna bərabərdir və bu baxımdan iddiaçı pretenziya qaydasına riayət etmişdir.

36. İddia müddəti ilə bağlı qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən borcalana kredit 60 ay müddətinə verilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixində, 18:00 saatda bitir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan isə görünür ki, iddiaçı tərəf Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin iş Məhkəmə tərəfindən bir neçə gün sonra yəni xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

37. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Çünki, 5 illik müddətə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, iddiaçı da həmin müddətdən hesablandıqda 3 illik iddia müddəti keçmədən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayin Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

38. İddiaçının mediasiyaya müraciət etməməsi ilə bağlı qeyd edilir ki, iddiaçı ilkin olaraq ümumi məhkəməyə müraciət edərkən onun belə vəzifəsi olmamışdır. Sonradan işin kommersiya mübahisəsi olmasının müəyyən edilməsi isə hazırda iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilməz.

39. Belə ki, 25 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Qanunun 3.2, 28, 28.1 və 29-cu maddələrinə edilmiş dəyişikliklərə əsasən kommersiya mübahisələri üzrə məcburi mediasiya tələb olunmur. Ona görə də, iddiaçının məcburi mediasiya qaydalarına riayət etmədən məhkəməyə müraciət etməsinin həmin vaxt qüvvədə olan prosessual qaydalara zidd olması qəbul edilsə belə, hazırda belə prosessual qayda mövcüd olmadığına görə iddia ərizəsi baxılmamış saxlanıla bilməz. Çünki Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-440/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar