Məhkəmə qərarları › İş №2-2(103)-779/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-779/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-779/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-949/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Kredit verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borcalan Cavabdeh2 arasında 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit verən 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, borcalan isə aldığı pul vəsaitini 36 ay müddətə illik 25 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. ACAM2-5308-1881 nömrəli kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəli ilə ilk ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2026-cı il olmaqla aylıq 597 (sonuncu ay 575,62) manat ödəniş razılaşdırılmış, cədvəl üzrə 6470,62 manat faiz borcu şərtləşdirilmişdir.

3. ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli ACAM2-5308-1881+BAKU1-68698 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə əsas borc 14218,09 manat, faiz borcu 513,43 manat təşkil edir.

5. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli krеdit müqaviləsi üzrə 13040,78 manat əsas borc, 345,09 manat faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 13785,87 manat məbləğində pulun, ödənilmiş 132,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 saylı kredit müqaviləsinə əsasən ikinciyə 25% faizlə 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmiş (məqsədli təyinatı – digər banklarda olan kreditlərin tam bağlanması və biznes dövriyyəsinin artırılması) və kreditin aylıq 597 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 16 iyun 2023-cü il tarixdə ACAM2-5308- 1881+BAKU1-68698 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə müraciət edilməsi üçün 132,4 manat məbləğində dövlət rüsumu da ödənilmişdir.

9. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 445.2-ci maddələri göstərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-949/2025 saylı qətnaməsi ilə iddia qismən qismən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 10255,52 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli olduğu müəyyən edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması tələbi ilə bağlı Cavabdeh2 borc məbləğini maddi çətinliklə bağlı ödəyə bilmədiyini, aylıq 300 manat ödəniş edə biləcəyini bildirdi. Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərməmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etməmişdir. İddiaçı Cavabdeh2 poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə bildiriş yollayaraq kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini qeyd etmiş və bütün əsas borc məbləğininin ödənilməsini tələb etmiş, başqa sözlə, müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir. Həmin bildiriş borcalan tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh2 bildiriş yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi və müqavilənin ləğv edildiyini bildirməsi ərizənin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilənin ləğv edilməsinə səbəb olduğu müəyyən edilmişdir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəfli olduğundan məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. 6 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi 4.3-cü bəndinə əsasən, “Borcalan” kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən “Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% (bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli ACAM2-5308-1881+BAKU1-68698 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin kreditor qarşısında məsuliyyətinin əsasları aşağıdakılardır: əsas borcun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə qaytarılmaması; faiz borcunun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcunun (cərimə və peniya) və ya sığorta məbləğinin ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirilməməsi. Zaminliklə təmin edilən tələbin həcminə əsas borc, onun faizi, dəbbə borcu, sığorta məbləği, öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə kreditorun çəkdiyi məhkəmə, hüquq xidməti xərcləri və digər zərərlər daxildir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği 400 manat müəyyən olunması ağlabatan və ədalətlidir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixdən sonra 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4876 manat ödəniş edilmişdir. 16 iyun 2023-cü il tarixli ACAM2- 5308-1881 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, “Borcalan” bu müqavilənin 2.3-cü bəndinə uyğun tərtib edilmiş və onun ayrılmaz hissəsi olan tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki əsasında ödənişləri həyata keçirir. Qaytarılan məbləğ ilk növbədə kredit verilməsilə bağlı “Kredit verən”in xərclərinin, komissiyanın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimə, peniya), üçüncü növbədə əsas borca hesablanmış faizlərin və dördüncü növbədə əsas borc məbləğinin ödənilməsinə yönəldilir. Beləliklə, məhkəmə hesab etmişdir ki, 4876 manat ödəniş əvvəla 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə 400 manat cərimə məbləğinə, sonra 513,43 manat faiz borcuna, daha sonra isə 14218,09 manat əsas borca silinməklə borc müəyyən edilməlidir. Bu halda isə yekun olaraq 16 iyun 2023-cü il tarixli ACAM2- 5308-1881 nömrəli kredit müqaviləsi üzrə əsas borc 10255,52 manat, faiz borcu və dəbbə pulu 0 manat müəyyən edilməlidir (14218,09 manat əsas borc + 513,43 manat faiz borcu + 400 manat dəbbə pulu – 4876 manat ödəniş). Məhkəmə xəcləri hissəsində məhkəmə mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyini nəzərə almışdır.

12. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1, 447.2, 462, 467, 471, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarına, məhkəmə xərcləri hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə xitam verilməmişdir, belə ki, xx.xx.2023-cü il tarixli bildirişin mətnində kredit müqaviləsinin ləğv edilməsi və ya müqavilədən imtina edilməsi göstərilməmişdir. Xəbərdarlıqda kredit müqaviləsinə xitam verilməsi və borcun alınması barədə qərar çıxarılması üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Qalıq borcun tam şəkildə bir dəfəyə ödənilməsi tələbi müqavilənin ləğv edilməsi və ya müqavilədən imtina edilməsinə dair iradə ifadəsi kimi qiymətləndirilə bilməz. xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıq iş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın göndərilməsini və cavabdeh tərəfindən alınmasını, xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinədək 4 876.00 manat vəsaitin qaytarıldığını, AR ƏN xx.xx.2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyini qəbul edir. Kredit müqaviləsinin ləğv edilməsi və ya müqavilədən imtina edilməsi kreditorun müqaviləni ləğv etmək və ya ondan imtina etmək barədə iradə ifadəsi yoxdur. İddianın qismən təmin edilməsi işin faktiki hallarına- yəni iddiaçının xx.xx.2024-cü il tarixinə tələb etdiyi məbləğə uyğun gəlmir, belə ki, müqavilə ləğv edilmədiyi və ya ondan imtina edilmədiyinə görə heç olmasa iddianın verilmə tarixinə hesablanmış əsas borc, faiz borcu və dəbbə borcunun alınması barədə qərar qəbul edilməli idi.

15. Apelyator pozulmuş maddi hüququ norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421, 447-ci maddələrini göstərmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

18. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədi. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

20. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -103.2-ci bəndinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, cavabdehlər isə apellyasiya şikayəti verməmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamə iddianın təmin edilməmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 (bundan sonra cavabdeh) arasında bağlamış xx.xx.2023-cü tarixli ACAM2- 5308-1881 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz hesablanmaqla 36 ay müddətinə 15.000 manat məbləğində krеdit verilmişdir. Həmin kredit üzrə borc alanın öhdəliklərinin təmin edilməsi məqsədilə bank olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı "xxxx" MMC cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilə üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, dəbbə pulunun tutulmasını tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı 24 noyabr 2023-cü il tarixində cavabdehlərə xəbərdarlıq məktubu göndərməklə və həmin məktubda kredit məbləğinin tam şəkildə qaytarılmasını tələb etməklə, müqavilənin ləğv olunmasına yönəlmiş iradəsini ifadə etmişdir. Bu səbəbdən, mübahisəli kredit müqaviləsi qeyd olunan tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab olunmalı və iddiaçı yalnız həmin tarixədək hesablanmış faizlərin ödənilməsini tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsində 28 oktyabr 2024-cü il tarixinədək hesablanmış borcun ödənilməsini tələb etmişdir.

28. Digər tərəfdən, kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyinə əsasən, 25 noyabr 2023-cü il tarixinə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) əsas borcun məbləği 14.218,09 manat, faiz borcu isə 513,43 manat olaraq müəyyən edilmişdir. Bundan əlavə, həm ekspert rəyindən, həm də 28 oktyabr 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, cavabdeh tərəfindən 25 noyabr 2023-cü il tarixindən sonra ümumilikdə 4.876 manat məbləğində ödəniş həyata keçirilmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin ekspert rəyinə razılaşmaması üçün əsaslar müəyyən edilmir.

29. Lakin, məhkəmə icra olunmuş ödənişi nəzərə alaraq və Mülki Məcəllənin 432.4cü maddəsini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, ekspert rəyində müəyyən edilmiş tarixə - yəni xx.xx.2023-cü il tarixinə olan borcun məbləği tam şəkildə ödənilmədiyindən, ödənilmiş 4.876 manat məbləğində vəsait ilkin olaraq dəbbə pulu, daha sonra faizlər və nəhayət, əsas borc üzrə öhdəliklərin ödənilməsinə yönəldilməli, nəticə etibarilə əsas borcun qalıq məbləği 10.255,52 manat olaraq müəyyən edilməlidir.

30. Cavabdehin xx.xx.2023-cü il tarixli xəbərdarlığın müqavilənin ləğvi barədə bildiriş olmaması yönündə irəli sürdüyü arqument də əsassızdır. Belə ki, kreditin verilməsi müddəti başa çatanadək kreditverən kredit müqaviləsinə əsaslanaraq yalnız ödəniş qrafiki üzrə gecikdirilmiş borc məbləğlərinin ödənilməsini tələb etmək hüququna malikdir. Kreditverən tərəfindən kreditin verilməsi müddəti başa çatanadək kredit borcunun tam şəkildə vaxtından əvvəl ödənilməsi isə yalnız kredit müqaviləsi ləğv edildiyi halda mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən xəbərdarlıq məktubundan borcun tam məbləğdə və dərhal ödənilməsi barədə irəli sürülməsi müqavilənin birtərəfli ləğvinə yönəldilmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir.

31. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-949/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar