Məhkəmə qərarları › İş №2-2(103)-780/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-780/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-780/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı “İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, e-2-2 (113)-966/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC cavabdeh X1" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/412 saylı, 22.02.2019-cu il tarixli icarə müqaviləsi üzrə əsas borc (ƏDV daxil olmaqla) və gecikdirilmiş günlər üzrə cərimələr olmaqla ümumilikdə 27966,57 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" LTD MMC ilə Cavabdeh MMC arasında 22.02.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "İcarəyə verən” ("xxxx" MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”-yə (Cavabdeh MMC) verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə “icarəçi”-yə istifadəsinə verilmiş icarə obyektlərinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər “İcarəçi” tərəfindən tam ödənilməmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 175.290,95 manat əsas məbləğ və 31.552,38 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 152.471,19 manat əsas məbləğ və 27.444,82 manat ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 22.819,76 manat əsas məbləğ və 4.107,56 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. Tərəflər arasında bağlanmış AZTX/412 saylı, 22.02.2019-cu il tarixli icarə müqaviləsinin 4.11-ci bəndində faktura məbləğinin faktura tarixindən 15 (on beş) iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0.01 % gecikmə faizi hesablanacağı nəzərdə tutulmuşdur. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 25.08.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınmış və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, e-2-2 (113)-966/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək AZTX/412 saylı, 22.02.2019-cu il tarixli icarə müqaviləsi üzrə əsas borc üzrə 26927,32 (ƏDV daxil olmaqla) və 1039,25 manat cərimə məbləği ümumilikdə 27966,57 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat (əlli yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən cərimə tutulması hissəsində ləğv edilməsini, cərimənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə məbləğinin ən yuxarı hissəsini tutmuşdur ki, bu da cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmışdır. Halbuki, məhkəmə cərimə məbləğini minumuma endirə bilərdi. Hesab edirik ki, məhkəmə cərimə məbləğini minumuma endirməli və qətnamə cərimənin tutulması hissəsində ləğv edilməlidir. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilibedilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. İşə apelyasiya qaydasında baxılması 20.08.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, e-2-2 (113)-966/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “X2 “ MMC (icarəyə verən) ilə “X1" MMC (icarəçi) arasında bağlanmış AZTX/412 saylı, 22.02.2019-cu il tarixli icarə müqaviləsinə əsasən "İcarəyə verən” müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavalərdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış AZTX/412 saylı, 22.02.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 90 T 746 və 90 T 814 seriya nömrəli texnikaların aylıq icarə haqqı 9000 AZN (ƏDV siz), 2 saylı əlavəyə əsasən 90 T 750 və 90 T 747 seriya nömrəli texnikaların aylıq icarə haqqı 9000 AZN (ƏDV siz) , 3 saylı əlavəyə əsasən 1** FX *** seriya nömrəli texnikanın aylıq icarə haqqı 9000 AZN (ƏDV siz),4 saylı əlavəyə əsasən 90 T 815 seriya nömrəli texnikanın aylıq icarə haqqı 9000 AZN (ƏDV siz) təşkil etmişdir. 24.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 22.02.2019 tarixində "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanan AZTX/412 nömrəli icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin fevral ayından - 2019-cu ilin dekabr ayınadək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 175,290.95 AZN əsas məbləğ və 31.552,38 AZN məbləğində icarə haqqı hesablanmışdır. İcarəçi tərəfindən icarəyə verənə ümumilikdə 152.471,19 AZN əsas məbləğ və 27.444,82 AZN ödənilmişdir. Hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 22.819,76 AZN əsas məbləğ və 4.107,56 AZN ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. İcarə haqqı borcunun məbləği ilə bağlı tərəflərin təsdiq etdyi aktlar və cavabdehə göndərilmiş elektron qaimələr iş materiallarına əlavə edilmişdir. 25.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 26927,32 manat məbləğində borcun 14 gün müddətində ödənilməsi barədə xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442.1, 448.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən yalnız cərimə tutulması hissəsində mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.11-ci bəndinə əsasən, faktura məbləğinin faktura tarixindən 15 iş günü ərzində ödənmədiyi halda illik 5%-İ keçməmək şərti ilə günlük 0.01 % gecikmə faizi hesablanacaq. “İcarəçi” icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir, “icarəyə verən” icarə haqlarının ödənişinin gecikməsi durumunda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna sahibdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tutulmuş cərimə məbləği ümumi borc məbləğinin 5%-dən artıq olmadığından və həmin məbləğin azaldılması və ya tam ləğv edilməsi kreditorun əmlak mənafeyinə uyğun olmadığından apelyasiya şikayəti təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 966/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, e-2-2 (113)-966/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar