Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-781/2025 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 1329/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa görə ünvan 1ində yerləşən 0,9792 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023).
2. İddiaçı məxsus abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə akt əsasında 20605,2 manat borc hesablanmışdır.
3. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə İddiaçı ünvan 1ində sahəsi 810 kv.m olan özünə məxsus soyuducu anbarı vardır.
4. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 42 nömrəli xəbərdarlıqda göstərilmişdir ki, istifadə edilmiş elektrik enerjisindən və "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta (NİQ003172) əsasən 23454,13 manat borc yaranmışdır.
5. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ003172 nömrəli akta görə baxış zamanı obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kv-luq tərəfindən quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi müəyyən edilmişdir.
6. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqinə görə baxış zamanı məlum oldu ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kv-luq tərəfindən quraşdırılmış elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür.
7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa görə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus sahədə aparılacaq yoxlama reyestrdə xx.xx.2024-cü ildə qeydə alınmışdır.
8. X10 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,9792 ha torpaq sahəsi satıcı tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir.
9. "xxxx" MMC tərəfindən verilmiş elektrik sayğacının yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus rusiya istehsalı olan sayğacın alt qapaq möhürünün ştamp möhürlərinin pozulması müəyyən edilmiş, sayğacın daxilinə baxış zamanı uzaqdan idarə olunan qurğu yerləşdirildiyi müəyyənləşdirilmiş, bu səbəbdən sayğac xəta faizləri ilə işləmiş, az sərfiyyat hesablamışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı baxış zamanı görmüşdür. Məmmədov Qiyası tanımır. İddiaçı obyektin sahibidir. Yoxlamaya gəldikləri zaman yoxlamanın reyestrdə qeydiyyata alındığı oranın nümayəndəsinə göstərilmişdir. Sayğac obyektin daxilində transformatorun yanında yerləşir. Sayğacda 3 faza olmalıdır, lakin A və B fazalarının işləmədikləri müəyyən olundu. Yalnız C fazası işləyirdi. İşləməmək səbəbini orda müəyyən edə bilməmişlər, lakin sayğaca faktiki baxılan zaman sayğacın baxış tablosunda olan gərginlik və cərəyanlardan müəyyən edildi ki, A və B fazaları işləmir. Sayğacın yuva möhründə dəlik var idi və bu səbəbdən sayğaca kənar müdaxilə olduğunu fikirləşmişlər. Möhürün necə açıldığın bilmir. Daha əvvəlki təcrübələrindən müəyyəndir ki, sayğaclara uzaqdan idarəli “pult” qoymaq üçün möhür açılır. Xüsusi kompüter proqramı var və bu proqram vasitəsilə elektron sayğacın çip yaddaşı oxunula bilir. Bu zaman abonentin sayğacı hansı tarixlərdə, hansı yüklərdə istifadə etdiyini və müdaxilə edib-etmədiyini müəyyən edə bilirlər. Sayğacın yaddaşını oxuyanda müəyyən oldu ki, 75 gün yük qeyd olunmayıb. Sayğac elektrondur. Sayğaca baxış keçiriləndə yuvasında iynə izləri var idi yəni, kənar müdaxilənin izləri görünürdü. Obyektin sahibinə sayğaca laboratoriya şəraitində baxış keçirilməsi üçün akt tərtib etmələri barədə məlumat vermişlər. Kənar müdaxiləni etiraf etmədilər. Lakin sonradan abonent onlardan aktın tərtib edilməməsini və onlara içindəkini götürmələri üçün vaxt verilməsini xahiş etmişdir. Obyektin və fəhlənin iştirakları ilə mütəxəssislər sayğacı çıxardıb, torbaya qoyub və möhürlədilər. Obyektin sahibi akta imza atdı. Noyabr ayının 22si saat 10:00-da laboratoriyada rəy veriləcəyi bildirildi. Kommunal xidmətlər idarəsində rəy verilir və iddiaçının özünün və ya nümayəndəsinin rəy zamanı iştirak etməsi bildirildi. Onlar gəlmədilər. Rəyin verilməsi prosesində şəxsən iştirak etmişdir. Laboratoriya Bakıda yerləşir. İtirilmiş sərfiyyat hesablamasını “Aktların hesablanması və uçota nəzarət” idarəsi həyata keçirir. Onlar isə sadəcə faktiki yoxlayaraq, ölçü aparmış və yük yazmışlar. 24 saat göstərişi Nazirlər Kabinetinin qərarında müəssisələrin işləmə rejiminə görə müəyyən olunur. 0.7 göstərişi nominal əmsaldır. 280 kW sayğacın 2/3 hissəsi sərfiyyata qeydlmadığı üçün müəyyən olunubdur. İşləyən fazanın gücü hesabatdan çıxarılıb. Hesabata onlar cavabdeh deyillər. Abonentin səhvinə görə sayğacın sxeminə müdaxilə olunubsa, o zaman sayğacın maksimum gücünə görə hesabat verilə bilər. Əgər 260 kW yəni maksimum güc aşılarsa, növbəti texniki şərt üçün müraciət olunmalıdır, çünki şəbəkəni yükləmiş olur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, obyektin sahibini tanıyır. Obyektə baxışı 20 noyabr 2024-cü ildə keçirmişlər. Baxışa əməkdaş ilə birlikdə getmişlər. Reyestrdə qeydiyyata almışlar. Obyekt Şəmkir rayonunda yol kənarında yerləşirdi. Ərazi üzrə müəssisələrə növbəti baxışları keçirirdilər. Elektrik sayğaca baxış keçirdilər və 2 fazanın baxış talonlarında göstəriciləri yox idi. Sayğacın holoqramında müdaxilə gördülər. Holoqram bütov olmalıdır, yapışdırılmamalıdır. Sayğaca müdaxilə zamanı belə hallar olur. Xüsusi proqram vasitəsi ilə sayğacın 75 gün işləmədiyi müəyyən edilmişdir. Xətlərdən axan faktiki yükü və sayğacın müəyyən etdiyi yükü qeydə almışlar. Aralarındakı fərq itki hesab olunur. 170 kW A və B fazalarının maksimum götürə biləcəyi yükdür. Əmsal kW formasında qeydə alınır. Sayğacı götürməyə səlahiyyətləri yoxdur. Abonentə sayğacın laboratoriya şəraitində yoxlanılacağı bildirilmişdir. Rayonda bu işə baxan əməkdaşlar sayğacı çıxartmışlar. Sayğac torbaya qoyulmuş, möhürlənmiş, möhür də laboratoriyada açılmışdır. Laboratoriya da onlara aid deyil. Kənar hüquqi şəxsdir. Sayğacın çıxarılması zamanı obyektin sahibi iştirak edirdi və aktı imzalamışdır. Sayğacı onlar açmırlar. Laboratoriyada açılır. Göstərilən mənfi 66% göstəricisi sayğacın işləmə xətasıdır. Bir faza üzrə 28.5% xəta göstəricisi var. Hazırda gərginlik verilən zaman sayğacın baxış tablosu açılmır, bu səbəbdən sayğacda 99% göstərici əks olunur. Uzaqdan idarə olunan “pult” sonradan əlavə olunub. Maşın “pult”-u kimi 40 metr uzaqdan idarə oluna bilər. İşlətdikdə sərfiyyat yazılmır. A və B fazaları bilərəkdən sıradan çıxarılıb və “pult”-dan istədiyi vaxt istifadə edə bilərlər. Sayğacın içərisində aşkar edilmiş pultla A və B fazaları dayandırılıbdır. 75 gün onlar işləməyibdir. Hər ay faktura yazmağa gedən nümayəndələr kənar müdaxiləni görə bilmir. Onlar isə xüsusi cihazlar, lupa və sairə ilə görə bilirlər. İR, İS və İT cərəyanlardır. İS-nın qarşısında VS işarəsi və İR qarşısında VR işarəsi olmalıdır. Lakin bu işarələr yoxdur və bu səbəbdən 2 fazanın işləmədiyi müəyyən edilmişdir. Sayğac tam sıradan çıxıb, artıq yararsızdır. Başqası qoyulubdur. “75 gün” sayğac oxunmasında yazılıb. Ay ərzində bir dəfə nəzarətçi tərəfindən faktura bildirişi verilir və şübhə olduqda onlar baxışa gedirlər. Sonradan baxış keçirməmişlər. Yeni sayğac obyektdədir. İşləyir. Hər hansı problem yoxdur. Baxışdan 75 gün əvvələdək sayğac normal işləmişdir. Onlar sadəcə özlərinə göstəriş veriləndə ezam olunaraq baxışa gedirlər.
12. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının aparıcı müfəttişi X9 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, "xxxx" ASC-nin Nəzarət İdarəsinin Satışa X11 X7 və Satışı İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-ci il tarixdə qeyd olunan ünvanda yerləşən elektron məlumat bazasında Qiyas Məmmədovun adına **********5 saylı abonent kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsinə məxsus komplekt transformator məntəqəsinin 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmış VİKO tipli, ******* zavod nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilmiş, sayğacın dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğacın qoşulma sxemində A və B fazalarında gərginliyin olmadığı, eləcə də dövlət möhürlərində müdaxilə izlərinin göründüyü və sayğac dövrəsində faktiki yükün 62 kVt olduğu barədə NİQ 003172 nömrəli akt tərtib edilmişdir. Qərb RETSİ-nin sayğac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2024-cü il tarixli 891162 nömrəli protokolu ilə soyuducu anbarın istismarda olan VİKO tipli elektrik sayğacı yeni SMS tipli sayğacla əvəz olunmuşdur. Tərtib olunmuş aktda elektrik sayğacının yenisi ilə əvəz edilməsi və çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilməsi tələbi qoyulmuş, lakin sayğaca laboratoriya şəraitində rəy verilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın (bundan sonra - Qaydalar) 7.6-cı bəndinin tələbləri pozulmuşdur. Belə ki, bu Qaydalara əsasən hesablaşma elektrik sayğacının laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Bundan sonra xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin akt komissiyası tərəfindən soyuducu anbara quraşdırılmış sayğacın nominal cərəyanına əsasən güc 170 kVt götürülməklə 75 gün müddət üçün dəyəri 20605,20 manat olmaqla 187320 kVts elektrik enerjisinin sərfiyyatının hesabatı aparılmışdır. Aktın hesabatı aparılarkən Qaydaların 8.17-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli NİQ 003172 nömrəli akta əsasən əlavə elektrik enerjisinin sərfiyyatının hesabatı istismardan çıxarılmış müasir tipli elektrik sayğacının yaddaşı laboratoriya şəraitində yoxlanıldıqdan sonra aparıla bilər. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin, həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində yerləşən 810 kv.m soyuducu anbarı üzrə cavabdeh tərəfindən hesablanmış 20605 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 1i ərazisində yerləşən 810 kv.m soyuducu anbarına X2yə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti əməkdaşları tərəfindən edilmiş (BİQ003172) akta əsasən 23454,13 manat borc hesablanmışdır. Bildirir ki, elektrik sayğacı obyektdən kənarda olmuş və ərizəçi tərəfindən sayğaca hər hansı bir müdaxilə olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən həmin sayğac götürülmüşdür, həmin vaxt sayğacın plombu üzərində olmuş və heç bir müdaxilə halı aşkar edilməmişdir. Əməkdaşlar tərəfindən sayğac aktla götürülərək möhürlənmiş və laboratoriyaya aparılmışdır. Bir müddət sonra bildirilmişdir ki, 23454,13 manat borc var. Bu isə o deməkdir ki, möhürlənib aparılmış sayğac ərizəçinin iştirakı olmadan laboratoriyada möhürü açılmış, ərizəçinin iştirakı təmin edilməmiş, birtərəfli qaydada sayğac açılaraq hansısa bir yoxlama aparılmışdır və nəticədə qeyd edilən borcu yazılmışdır. Qeyd edildiyi kimi sayğacın üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhrü olmuşdur. Bu isə o deməkdir ki, ərizəçinin həmin sayğaca hansısa bir müdaxilə etməsi mümkünsüzdür. Lakin buna baxmayaraq qanunsuz və əsassız borc yazılmışdır. Xəbərdarlıq məktubu ilə ona bildirilmişdir ki, borcun ödənilməyəcəyi təqdirdə xx.xx.2024-cü il tarixdə, saat 12:00-da elektrik enerjisinin verilişi dayandırılacaqdır. Hazırda məhkəməyə müraciət edilərək həmin aktın, rəyin, hesablanmış borcun ləğv edilməsi xahiş edilir. Hazırda anbarda vətəndaşlar tərəfindən yerləşdirimiş tonlarla məhsul vardır. "xxxx" ASC tərəfindən bildirilmişdir ki, 20 noyabr 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qərb Rayon Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında qeydiyyatda olan ünvan 2i ünvanında yerləşən İddiaçı məxsus soyuducu anbarda (abunə kodu**********5) sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 0,4 kv-luq tərəfində quraşdırılmış elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Əməkdaşları tərəfindən qeyd olunan pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005- ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın tələbinə uyğun olaraq 20 noyabr 2024-cü il tarixli, NİQ003172 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı obyektdə elektrik sayğacının sxeminə müdaxilə edilməklə 187320 kVt.s elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASC-yə 20605 manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti özü tərəfindən qeyd edilir ki, elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Təkcə bu cüələyə nəzər yetirdikdə görünür ki, ehtimallara əsaslanmışlar, əks halda “yapışdırılmışdır” sözündən istifadə edərdilər. Burdan da göründüyü kimi ehtimal etmişlər və bu səbəbdən də sayğacı aktla götürərək ekspertiza keçirmək üçün laboratoriya aparmışlar. Lakin laboratoriya rəyi alınarkən abonentin iştirakını təmin etməməklə kobud qanun pozuntusuna yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarının 7.2-ci bəndinə görə “İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır”. Bu isə o deməkdir ki, aktla götürülmüş sayğacın açılması zamanı abonent dəvət edilməli, abonent araşdırmadan imtina etdikdə və ya aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır”. Araşdırmada iştirak etmək üçün iddiaçı abonent olaraq dəvət edilməmiş, iştirakı təmin edilməmiş, birtərəfli qaydada aktla götürülmüş sayğac açılaraq araşdırma aparılmışdır ki, bu da birbaşa olaraq qanunsuzdur və aparılmış araşdırma şübhə altına alan məqamlardır. Bundan başqa tərtib edilmiş aktdan göründüyü kimi sayağac üzərində olan qoloqrama hər hansı bir müdaxilə olmamışdır. Abonent tərəfindən müdaxilə o zaman olmuş olardı ki, sağacın üzərində olan qalaqram, plomb qoparılsın, baxış şüşəsi sındırılsın, gövdəsi zədələnsin və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsimümkün olan digər hallardan biri olmuş olsun. Aktda isə qeyd edilmişdir ki, qoloqram yenidən yapışdırıma kimi görsənir. Sayğacın üzərində olan qoloqram, plomb qoparılmadan, baxış şüşəsi sındırılmadan, gövdəsi zədələnmədən abonent tərəfindən ona hər hansı bir müdaxiə edilməsi mümkün deyildir ki, bu da baş verməmişdir. Tərtib edilmiş aktın doğruluğu məhkəmə tərəfindən qəbul edilsə belə açıq-aydındır ki, həmin plomb və qoloqram dövlətə məxsusdur, vətəndaş tərəfindən o yenidən yapışıdırılması mümkün deyildir, bu imkan ancaq həmin plombu quraşdırmış şəxslərin imkanları daxilindədir
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən **********5 abonent kodu üzrə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kvluq hissəsindən quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qalaqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ003172 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən sayğacın nominal cərəyanına əsasən hesabat verilib. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixdə KY242257100 nömrəli Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X2yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4350/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı əsassız olaraq hesablanmış 17899,30 (on yeddi min səkkiz yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilmişdir. Cavabdeh "xxxx" ASC-dən 143,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 8,30 manat dövlət tüsumu İddiaçı özünə aid edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, həmin baxış nəticəsində iddiaçı barəsində NİQ 003172 saylı akt tərtib edilərək iddiaçıya 20605 manat borc hesablanmışdır. Aparılmış baxış reyestrdə qeydiyyata alınmış, baxış zamanı iddiaçıya məxsus sayğacın C fazasının işlədiyi, A və B fazalarının 75 gün işləmədiyi müəyyən edilmiş, sayğaca kənar müdaxilə edilməsi və işlək vəziyyətdə olmaması müəyyən edilmiş, sayğac çıxarılaraq laborator yoxlanmaya göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş elektrik sayğacının yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən (həmin tədqiqat prosesinin aparılması videyazıya alınmış, 01 ədəd diskdə materiallara əlavə edilmiş, məhkəmədə tədqiq edilmişdir) iddiaçıya məxsus rusiya istehsalı olan sayğacın alt qapaq möhürünün ştamp möhürlərinin pozulması müəyyən edilmiş, sayğacın daxilinə baxış zamanı uzaqdan idarə olunan qurğu yerləşdirildiyi müəyyənləşdirilmiş, bu səbəbdən sayğac xəta faizləri ilə işləmiş, az sərfiyyat hesablamışdır. Göründüyü kimi, iddiaçıya məxsus olan sayğacın kənar müdaxiləyə məruz qalması, bunun nəticəsində sayğacın iddiaçının təqsirli hərəkətləri nəticəsində (sayğaca müdaxilə edilərək daxilinə uzaqdan idarə edilən pult-qurğu yerləşdirilməsi) sərfiyyatı 75 gün müddətində tam qeydə almaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya sayğacın qüsurlu işlədiyi 75 gün üçün əlavə sərfiyyat hesablamaqla haqlı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən sayğacın nominal cərəyanına əsasən iddiaçıya ümumilikdə 20605 manat ((170 kvt * 0,7 *24 saat * 75 gün) – 26880 kvts = 187320 kvts. 187320 kvts * 0,11 manat (tarif) = 20605 manat) borc hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılmış həmin hesablama əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin əməkdaşlarının məhkəmə iclasında verdikləri izahatlarından məlum olmuşdur ki, həmin hesablama təxmini göstəricilər əsasında sayğacın nominal gücü nəzərə alınmaqla aparılmışdır. Materiallarda olan abonent saldosundan görünüb ki, iddiaçıya məxsus sahəyə yoxlamadan sonra quraşdırılmış yeni sayğacın göstəriciləri əsasında xx.xx.2025-ci il tarixli hesab faktura əsasında 2340,80 manat borc hesablanmışdır. İddiaçıya məxsus sahəyə quraşdırılmış yeni sayğacın hər hansı nöqsanının olmaması, onun sərfiyyatı tam qeydə almasını məhkəmə iclasında cavabdehin əməkdaşları təsdiq etmişlər. İddiaçıya 2024-cü ilin dekabr ayı üzrə sayğacın göstəriciləri nəzərə alınmaqla yazılmış 2340,80 manat borc əsas götürülməklə iddiaçının orta aylıq sərfiyyatının 75,50 manat (2340,80 manat / 31 gün) olması, 75 gün üçün (sayğacın qüsurlu işlədiyi günlərin sayı) orta sərfiyyatın 5662,50 manat (75 gün * 75,50 manat) olması müəyyən edilir. Göstərilən sərfiyyatdan çıxarılmış sayğacın noyabr ayı üzrə qeydə almış olduğu faktura əsasında hesablanmış 26680 kvts * 0,11 tarif = 2956,80 manat borc çıxılmaqla (həmin məbləğ cavabdeh tərəfindən yazılmış icra vərəqəsində də nəzərə alınmışdır) qeydə alınmamış sərfiyyatın təxminən 2705,70 manat olması müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab etmişdi ki, sayğacın qüsurlu işlədiyi 75 gün üçün orta aylıq sərfiyyatı 2705,70 manat müəyyən edilməlidir. Məhkəmə xərcləri hissəsində məhkəmə iddianın qismən təmin edilməsini əsas götürmüşdür.
13. Birinci isntanisya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən “X2 Qaydaları”nın 8.17-ci bəndinə məhkəmə xərcləri hissəsində isə MPM-in 119-cu maddəsinə istinad etmişdir.
14. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən **********5 abonent kodu üzrə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyekti qidalandıran gücü 400 kvA olan güc transformatorunun 04 kvluq hissəsindən tərəfindən quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmir. Sayğacın A və B fazalarının gərginlik dolaqları gərginliklə qidalanmır. Elektrik sayğacının AZS qoloqramı təkrar yapışdırma kimi və viko yuva ştampları müdaxilə olunması gözlə görünür. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ003172 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən sayğacın nominal cərəyanına əsasən hesabat verilib. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixdə KY242257100 nömrəli Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X2yə görə yaranmış və ödənilməmiş borc məbləğidir. Yoxlama aktı cavabdeh tərəfindən qanuni və əsaslı tərtib edilməyinə, iddiaçının təqsirinin müəyyən olunmağına baxmayaraq iddia rədd edilməmiş, əksinə qismən təmin edilmişdir. Hesab edir ki, qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, icra vərəqəsi üzrə hesablama tam olaraq cavabdeh tərəfindən düzgün, yəni laborator yoxlama zamanı əks olunan göstəricilərə uyğun hesablama aparılmışdır. Lakim hakim xüsusi bilik tələb edən hesablamanı özü hesablayaraq absurd bir sərfiyyat rəqəmi müəyyən etmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahidlər də detallı olaraq hesablama barədə izahat vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Əvvəlki məhkəmə iclasında işirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. “Elektroenergetika haqqında” AR Qanununun 19.16-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
23. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. -31.1-ci maddəsinə əsasən yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; 31.2.7. yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi; 31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat;
24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
25. MPM-in: -4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında iddianın təmin edilmiş mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən İddiaçı məxsus obyektdə xx.xx.2024-cü il tarixdə yoxlama keçirilmiş, həmin yoxlama nəticəsində iddiaçı barəsində NİQ 003172 saylı akt tərtib edilərək iddiaçıya 20605 manat əlavə borc hesablanmışdır. Aparılmış yoxlama reyestrdə qeydiyyata alınmış, yoxlama zamanı iddiaçıya məxsus sayğacın C fazasının işlədiyi, A və B fazalarının 75 gün işləmədiyi müəyyən edilmiş, sayğac çıxarılaraq laborator yoxlanmaya göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş elektrik sayğacının yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən (iddiaçıya məxsus rusiya istehsalı olan sayğacın alt qapaq möhürünün ştamp möhürlərinin pozulması müəyyən edilmiş, sayğacın daxilinə baxış zamanı uzaqdan idarə olunan qurğu yerləşdirildiyi müəyyənləşdirilmiş, bu səbəbdən sayğac xəta faizləri ilə işləmiş, az sərfiyyat hesablamışdır. Hazırda İddiaçı sözügedən akt əsasında hesablanmış 20605 manat borcun silinməsini tələb edir.
31. Kollegiya əvvəla qeyd edir ki, iddiaçıya məxsus olması iddia edilən obyektin (soyuducu anbarın) abonent kodu 2007-ci ildən Məmmədov Qiyas adlı şəxsin adına qeydiyyata alınsa da, iş materiallarına əsasən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, rayon icra başğısının ərazi nümayəndəsinin arayışı, texniki şərtin yerinə yetirilməsi barədə "xxxx" ASC tərəfindən verilmiş arayış) müəyyən edilir ki, 2023-cü ildən etibarən anbarın yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla torpaq sahəsində yerləşən soyuducu anbar iddiaçının sahibliyindədir. Göstərilən hal, yəni iddiaçının mübahisəli soyuducu anbardan elektrik enerjisindən faktiki istifadə edən şəxs olması cavabdeh "xxxx" ASC tərəfindən də mübahisələndirilmir (belə ki, yoxlamanın reyestrdə qeydiyyata alınması barədə çıxarışda yoxlanılan sahibkarın adı qrafasında da İddiaçı adı qeyd edilmişdir). Odur ki, İddiaçı “X2 qaydaları”nın 1.1-ci bəndinin tələbləri baxımından elektrik enerjisi istehlakçısı hesab edilməklə ona məxsus obyektə hesablanmış borcu mübahisələndirməyə dari subyektiv hüququna malikdir.
32. Mübahisəli borcun hesablanması üçün əsas olmuş yoxlamanın cavabdeh tərəfindən aparılması zamanı qanunun tələblərinə riayət edilib-edilməməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birincisi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışdan görünür ki, mübahisəli yoxlama elə aparıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Digər tərəfdən yoxlamanın nəticəsinə dair tərtib edilmiş aktda yoxlamaların vahid məlumat reyestrindən verilən kod, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi, eləcə də sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat göstərilmədiyindən həmin akt “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 31-ci maddəsinin tələblərinə cavab vermir. Bununla bağlı kollegiya həmçinin vurğulanır ki, aktda yoxlamaların vahid məlumat reyestrindən verilən koda, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsinə istinad edilməməsi özü-özlüyündə iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırmayan formal pozuntular kimi görünsə də mübahisəli yoxlamanın elə aparıldığı gün qeydiyyata alınmasını və yoxlamanın qeydiyyata alınma saatını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə aldıqda həmin hallar yoxlamanın aparıldıqdan sonra qeydiyyatına alınmasına dair əsaslı şübhələr yaradır.
33. İkincisi, qeyd edilir ki, sayğaca baxış aktı istehlakçı tərəfindən imzalansa da, sayğacın laboratoriyada yoxlaması aparılarkən istehlakçının iştirakı təmin edilməmiş, eləcə də istehlakçı yoxlamada iştirak etməkdən imtina etdiyi halda bu barədə aktda qeydiyyat aparılmamış, bununla da “X3 Qaydaları”nın 7.6-cı bəndinin tələbləri pozulmuşdur.
34. Göstərilənlərlə əlaqədar isə o da qeyd edilməlidir ki, yoxlamanın nəticəsi olaraq tərtib edilmiş AKT NİQ N003172 saylı xx.xx.2024-cü il tarixli aktla sayğacın yoxlanılması barədə "xxxx" MMC tərəfindən tərtib edilmiş protokolda ziddiyyətlərin mövcudluğu da nəzərə çarpır. Belə ki, aktda sayğacın dövlət möhürünün və alt möhürünün pozulmaması, üst qapaqda dəlik aşkar edilmədiyi(aktda həmin pozuntuların qarşısında mənfi (-) işarəsi qoyulub, digər pozuntu bölməsi “müsbət (+) işarələnib), yalnız qaloqramın yenidən yapışdırdığı göstərildiyi halda laboratoriyanın protokolunda isə sayğacın alt qapaq möhürü, AZS və zavod istehsalı olan ştamp möhürlərinin pozulduğu və sayğacın daxilində uzaqdan idarə olunan quraşdırıldığı qeyd edilmişdir. Halbuki sayğacın tam şəkildə açılaraq içərisinə kənar qurğu quraşdırıldığı halda baxış zamanı möhürlərin tamlığının pozulmasının aşkar edilməməsi inandırıcı və ağlabatan hesab edilmir.
35. Kollegiya xüsusilə vurğulayır ki, yoxlamaların keçirilməsi ilə bağlı qanunvericinin müəyyən etdiyi qaydalar təbii inhisar subyektinin bazarda üstün mövqedən yararlanaraq yol verə biləcəyi sui-istifadələrin qarşısının alınmasına yönəldilmişdir. Məhz bu baxımdan qanun təbii iinhisar subyektlərinin qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmədən keçirilən yoxlamaların, baxışların hüquqi nəticəsinin olmamasını təsbit etmişdir.
36. Odur ki, hazırkı halda cavabdeh tərəfindən aparılmış yoxlama yoxlanılan sahibkar üçün qanunda nəzərdə tutulmuş təminatların pozulması ilə müşayət olunduğundan hər hansı hüquqi nəticə yaratmır.
37. Nəhayət o da nəzərə alınmalıdır ki, “Elektroenergetika” haqqında AR Qanununun 19.16-ci maddəsinin tələblərinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallarında paylayıcı sistem operatorunun vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi talama faktı barədə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına məlumat verilməsi və istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi ilə şərtləndirilmişdir. Halbuki hazırkı halda iddiaçının elektrik enerjisinin talanmasında təqsirli olmasını təsdiq edən müvafiq orqanların və ya məhkəmənin qərarı iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə mübahisələndirilən borcun sayğaca müdaxilə nəticəsində elektrik enerjisi itkisi ilə bağlı enerjitəchizatı müəssisəsinə dəymiş zərərin əvəzi olaraq hesablandığını nəzərə alsaq həmin borcun istehlakçıdan tutulması yuxarıda göstərilən normanın tələbləri baxımından istisna olunur.
38. Məhkəmə həmçinin alınmış mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, rəydə aşkar edilmiş uyğunsuzluqlar (məsələn, iş materiallarına labotatoriya rəyi əlavə edildiyi halda rəydə sayğacın laboratoriya şəraitində yoxlanılmamasının pozuntu kimi qeyd edilməsi) həmin rəyə məhkəmə tərəfindən sübut qismində istinad edilməsi imkanını istisna edir.
39. Belə olan halda kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlnaılmalıdır.
40. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1329/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov