Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-783/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və Cavabdeh2 qarşı sığorta ödənişi və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-74/2024 nömrəli qətnaməsindən Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AİDHR MMCyə dəymiş 11.073 manat məbləğində ziyanı cavabdehlərdən – "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq AİDHR MMC–nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-74/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 3161 manat məbləğində sığorta ödənişi və dəymiş ziyanın əvəzi olaraq 1485 manat pul vəsaiti, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh1 Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-74/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh1 Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. “İcbari sığortalar haqqında” qanunun 20.3-cü maddəsinə görə, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Bundan əlavə iddiaçı ərizəsində icarə haqqı kimi 6480 manatın və digər xərclərin ona ödənilməsini tələb edir. Hadisə baş verdikdən hazırkı vaxta qədər cavabdehin addımları qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdeh xx.xx.2022-ci ilədək (müstəqil ekspertiza keçirilənədək) zərər məbləğinin razılaşdırılması və ödənilməsi üçün addımlar atmış, müstəqil ekspertiza keçirildikdən sonra da bu cəhdlər edilmiş lakin iddiaçı adekvat olmayan və qanunvericiliyə zidd tələblər irəli sürməklə, müəyyən edilmiş zərər məbləği ilə razılaşmayaraq ona sığorta ödənişi verilməsinə özü maneə yaratmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları müəyyən edilmiş, ekspert tərəfindən avtonəqliyyat vasitəsinə texniki baxış keçirmədən, hansı hissənin təmirlə bərpası mümkün olub-olmayacağı aydınlaşdırılmadan 2 qüsur aktına əsasən, qiymətləndirmə aparılmış və zərər məbləği dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2595 AZN və 2-ci qüsur aktına əsasən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3161 AZN müəyyən edilmişdir. Baxılan halda hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə- əmtəəşünaslıq ekspertizası tərəfindən verilən ekspert rəyi işin həqiqi hallarına uyğun olmamış, real zərər məbləğini müəyyən etməmişdir. Məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, ekspertin qiymətləndirdiyi 2 qüsur aktı üzrə ən yüksək məbləğ təmin edilmişdir. Bundan əlavə məhkəmə sığorta ödənişinin vaxtında ödənilməməsinə görə iddiaçıya dəymiş zərərin gündəlik 55 manat olmaqla 1 aylıq (elektron qaimələrdə 1 ayda avtomobildən istifadə olunan günlərin sayı 27 gün göstərilmişdir) müddət üçün hesablanmış eyni sinifdən olan avtomobilin icarə haqqı həddində, yəni 1485 manat məbləğində maddi zərərin ödənilməsini məqsədəuyğun hesab etmişdir. İcbari sığortalar haqqında qanunun 4.2-ci maddəsinə əsasən, sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir. AR Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi ödənilir. Qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. İddiaçı müqavilə şərtlərinə əsasən ona ödənilməli olan məbləğ ilə razılaşmadığı üçün sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Belə olan halda sığortaçının əlavə ödəniş vermək öhdəliyi də yaranmır. Ödədiyi icarə haqqına görə maddi ziyanın sığortaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən olması sübut olunmur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Həmin Məcəllənin 458.1-ci maddəsinə görə kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
14. Həmin Məcəllənin 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
16. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
17. Həmin Məcəllənin 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
18. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
19. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
20. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
21. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
22. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
23. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun:
24. Həmin qanunun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
25. Həmin qanunun 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
26. Həmin qanunun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
27. Həmin qanunun 53.4-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
28. Həmin qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
29. Həmin qanunun 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
30. Həmin qanunun 18.1-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
31. Həmin qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
38. İş materiallarından müəyyən olunur ki, sahibinin mülki məsuliyyəti Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış Hyundai Accent minik markalı 99EH-879 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsinə İddiaçı MMC-yə məxsus Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.
39. İddiaçı MMC avtomobilə dəymiş zərərin, evakuator, mobil rabitə, müayinə və taksi xidmətinə çəkilən xərclərin əvəzinin, eləcə də avtomobilinə vurulmuş zərərin əvəzinin ödəmək öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin delikti törətmiş şəxs olduğu qeyd edilən Cavabdeh2 və nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini sığotalamış Cavabdeh1 Sığorta Şirkəti ASCdən müştərək qaydada tutulmasını tələb etmişdir. İddiaçı maddi ziyanın əvəzi kimi ümumilikdə 11073 manat tələb etmişdir.
40. Cavabdeh sığorta ödənişinin 1900 manat olmasını qəbul etmişdir. Tərəflər arasında bu məbləğlə bağlı mübahisə yaranmışdır. Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı yönəldilmiş tələb üzrə işin mübahisəli halı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və belə olan halda sığortaçı tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır.
41. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin sifarişi əsasında müstəqil ekspert (Talıblı Əhməd) tərəfindən verilmiş AS301101 nömrəli xx.xx.2022-ci il tarixli rəyə əsasən Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyat hissələri üzrə cəmi 1.050 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 805 manat olmaqla ümumilikdə dəymiş ziyan 1.855 manat məbləğində qiymətləndirilmişdir.
42. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X2 tərəfindən verilmiş 585 nömrəli xx.xx.2023-cü il tarixli arayışa və əlavəsinə əsasən avtoyol nəqliyyat qəzasına uğramış Nissan Sunny markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ehtiyyat hissələri üzrə cəmi 1.640 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 855 manat olmaqla ümumİlikdə dəymiş ziyan 2.495 manat məbləğində qiymətləndirilmişdir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 9/6472 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2.770 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.520 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.595 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.345 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.345 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.595 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.161 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.411 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpacı məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2- 2(113)-1921/2023 №-li mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materialında olan qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə, həmin iş üzrə verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6472 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2.770 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.520 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.595 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.345 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.250 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.345 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.595 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3.161 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1.411 manat; Təmir- bərpa işlərinin qiyməti – 1.750 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpacı məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2-2(113)-1921/2023 №-li mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır. İş materiallarında olan qüsur aktlarından hansının mötəbər olmasının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.
45. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/9683 saylı ekspert rəyini iş üzrə mötəbər sübut kimi qəbul etmişdir.
46. Məhkəmə qeyd etmişdir ki, istinad edilən ekspert rəyindəki qiymətlər iki fərqli qüsur aktları əsasında - Cavabdeh1 SŞ ASC tərəfindən tərtib edilmiş (xx.xx.2022-ci il tarixli zərər aktı əsasında və ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş 585 nömrəli arayış əsasında - müəyyən edilmişdir. Göstərilən qüsur aktları üzrə dəyişdirilməli ehtiyat hissələrinin qiymətləri arasında ciddi bir fərq müşahidə edilməsə də (belə ki, ekspert rəyində aşınma tətbiq edilməklə Cavabdeh1 SŞ ASC-nin zərər aktına uyğun olaraq dəyişdirilməli olan hissələrin qiyməti 1345 manat, ekspert Ə.Əhmədovun arayışa uyğun olaraq dəyişdirilməli olan hissələrin qiyməti isə 1411 manat müəyyən edilmişdir), təmirbərpa işlərin dəyərləri arasındakı fərq nəzərə çarpır. Belə ki, avtomobilin təmir-bərpa işlərinin dəyəri zərər aktı əsasında 1250 manat (o cümlədən dəmirçi 300 manat, rəngsaz 500 manat), arayış əsasında isə 1750 manat (o cümlədən dəmirçi 400 manat və rəngsaz 750 manat) məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının dəmirçi işlərinə 400, rəngsaz işlərinə isə 750 manat məbləğində məbləğində vəsait xərcləməsini təsdiq edən sübutları (işlərin görülməsi barədə aktlar və ödəniş sənədləri) məhkəməyə təqdim etdiyini nəzərə alaraq ekspert Ə.Əhmədovun arayışına uyğun hesablanmış zərər məbləğinin reallığa daha yaxın olması qənaətinə gəlir və dəymiş zərərin məhz ekspert Ə.Əhmədovun arayışa uyğun hesablanmış qiymətlərlə müəyyən edilməsini iddiaçının pozulmuş hüquqlarının bəpra edilməsinə nail olmaq baxımından məqsədəmüvafiq və ədalətli hesab etmişdir.
47. Ehtiyat hissələrinin qiymətlərinin təzə hissələrinin qiymətləri ilə və ya qiymətlərə aşınma tətbiq edilməklə müəyyən edilməli olması məsələsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli avtomobil 2019-cu il buraxılışlı olmaqla yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixə (xx.xx.2022-ci il tarixə) artıq 3 il ərzində istifadədə olmuş, yəni avtomobilin hadisə nəticəsində zədələnən ehtiyat hissələri təzə olmamışdır. Odur ki, həmin avtomobilə dəymiş zərərin təzə ehtiyat hissələrin qiymətinə müvafiq müəyyən edilməsi üçün əsaslar mövcud deyil.
48. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-yə məxsus 2019-cu il buraxılışlı “Nissan” markalı, Sunny model, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 3.161 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti – 1.411 manat; təmirbərpa işlərinin qiyməti – 1.750 manat) məbləğində maddi zərər dəyməsi müəyyən edildiyindən iddiaçı həmin məbləği zərər vuran şəxsin mülki məsuliyyətini sığortalamış sığortaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tələb etməkdə haqlıdır.
49. İddia tələbinin 6480 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi hissəsinə gəldikdə iddiaçı həmin tələbi avtomobilə dəymiş zərərin sığortaçı və zərər vuran şəxs tərəfindən vaxtında ödənilməməsi nəticəsində avtomobil icarəyə götürməyə məcbur olması, bununla ona ödədiyi icarə haqqı, yəni 6480 manat məbləğində maddi zərər vurulması ilə əsaslandırmışdır.
50. Tələbin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, həqiqətən də yol-nəqliyyat hadisəsində 3 gün sonra -xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanaraq iddiaçı tərəfindən “Chevrolet colorado” markalı minik avtomobili icarəyə götürülmüş və həmin avtomobilin icarəsinə görə 3 aylıq (hər ay üçün 27 gün, cəmi 81 gün) müddət üçün iddiaçı tərəfindən 6480 manat məbləğində icarə haqqı ödənilmişdir.
51. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı halda sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən birinci dəfə xx.xx.2022-ci ildə 1900 manat və sonradan xx.xx.2022-ci il tarixdə müstəqil ekspert tərəfindən 1855 manat məbləğində qiymətləndirilsə də, iddiaçı ödəniləcək sığorta ödənişi ilə razılaşmadığından sığorta ödənişi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməmişdir. Hazırkı qətnamə ilə isə avtomobilə faktiki dəymiş zərərin sığortaçının təklif etdiyi məbləğdən yüksək olması müəyyən edildiyindən sığorta ödənişin vaxtında verilməməsinin məhz sığortaçının təqsiri – dəymiş zərərin düzgün qiymətləndirməməsi üzündən – baş verdiyi öz təsdiqini tapır. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti ASC sığorta müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşımalıdır.
52. Apellyator şikayətdə qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” qanunun 20.3cü maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişi zərər məbləği barədə tərəflər razılıq əldə etdikdən sonra və sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
53. Halbuki həmin qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
54. Maddənin məzmunundan göründüyü kimi sığorta ödənişinin tərəflər razılıq əldə etdikdən sora verilməsi nəzərdə tutulmamışdır. Sığorta şirkəti təmir etməyə razı olmadığına görə razı olduğu məbləğdə sığorta ödənişini iddiaçıya ödəyə bilərdi. Mülki Məcəllənin 927.2-ci maddəsinə apellyator əsaslansa da sahəvi qanun olan “İcbari sığortalar haqqında” qanunun 20.3-cü maddəsi tətbiq olunmalıdır. Sığorta ödənişinin ödənilməməsi iddiaçını əldən çıxmış fayda formasında zərərə məruz qoymuşdur. Məhkəmə bu zərərin məbləğini ağlabatan şəkildə azaltmışdır.
55. Cavabdeh sığorta şirkəti “İcbari sığortalar haqqında” qanunun 4.2-ci maddəsinə (Sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir.) istinad edərək zərərin əvəzinin onun tərəfindən ödənilməsinin sığorta təminatına daxil edilməsini bildirmişdir. Halbuki zərərin ödənilməsinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi çıxış etmişdir. Məhkəmə “İcbari sığortalar haqqında” qanunun 4.2-ci maddəsinə əsaslanmamışdır.
56. Məhkəmə yuxarıda qeyd edildiyi kimi sığorta ödənişinin məbləğini müəyyən edərkən gəldiyi qənaətini işin halları, ekspert rəylərini, qüsur aktları ilə əsaslandırmışdır.
57. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.
58. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
59. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
60. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-74/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.