Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-784/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-397/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarəyə verən Cavabdeh ilə icarəyə götürən İddiaçı MMC arasında 12 mart 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3500 m2 olan qeyriyaşayış sahəsinin 3000 m2 hissəsini hər ay 6000 manat ödəmək şərti ilə 2 il müddətinə İddiaçı MMC-yə icarəyə vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı MMC-nin xeyrinə 36000 manat məbləğində pulun tutulması və əşyaların (cədvəldə göstərilən) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və icarə müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin ləğv edilməsinə dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti eyni şərtlərlə daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay qabaqcadan xəbərdar edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq edilməklə həyata keçirilir. Müqavilə xx.xx.2020-ci il tarixində bağlandıqdan sonra xx.xx.2021-ci il tarixində müqavilə müddəti bitsə də, tərəflər müqavilənin 3-cü bəndinə əsasən müqaviləni ləğv etməmiş, müqavilə münasibətləri davam etmişdir. Daha sonra müqavilə münasibətlərinin müddəti xx.xx.2022-ci il tarixində bitsə də, yenə müqavilənin 3-cü bəndinə əsasən müqaviləyə xitam verilməmiş, müqavilə daha 1 il müddətinə uzadılmışdır. Bu dəfə isə icarəyə verən müqavilənin 8-ci bəndinə əməl etməmiş, müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, icarə müqaviləsini birtərəfli ləğv etmiş, başqa şəxslərlə icarə müqaviləsi bağlamış, hal-hazırda həmin şəxslərlə də icarə müqaviləsi davam edir. Bu səbəblə də, icarəyə verən 6 aylıq icarə haqqı məbləğini yəni 36000 manat məbləğini ödəməlidir. İcarə müqaviləsi bağlanarkən icarə obyektində olan əşyalar əvvəlki icarədarlar tərəfindən iddiaçıya satılmış, lakin cavabdeh müqaviləyə xitam verərkən həmin əşyaları iddiaçıya qaytarmaqdan imtina etmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC 2022-ci ilin mart ayı üzrə icarə haqqını Cavabdehnə tam həcmdə ödəmişdir. Lakin 2022-ci ilin mart ayının son günü heç bir xəbərdarlıq etmədən İddiaçı MMC-nin işçi heyəti özlərinə məxsus daşınması mümkün olan əmlakları götürərək Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etmişlər. Hətta onlar mehmanxananı tərk edərkən yataqxana xidməti göstərdikləri 57 nəfər Türkiyə Respublikasının vətəndaşlarını onların öhdəsinə buraxmışlar. Bundan sonra 2022-ci ilin aprel ayının 10-na kimi həmin 57 nəfərə Cavabdeh tərəfindən haqqı ödənilmədən yataqxana xidməti göstərilməkdə davam etdirilmişdir. İddiaçı MMC-nin işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etdikdən sonra 2022-ci ilin mart ayı üzrə 2417 manat həcmində təbii qazı istifadə edilməsinə və 57 nəfərin gündə iki dəfə qidalanmaq şərti ilə yataqxana xidmətinin göstərilməsinə görə 5000 manat həcmində xərclər İddiaçı MMC tərəfindən bu günə kimi ödənilməmişdir. İcarə müqaviləsinin 8-ci bəndinə görə “İcarəyə götürən” təhvil-təslim aktı ilə icarəyə götürdüyü icarə predmetini olduğu şəkildə “İcarəyə verən”ə təhvil verməlidir. Göründüyü kimi iddiaçı icarə predmetini təhvil-təslim aktı əsasında Cavabdehnə təhvil verməmiş və sonuncu tərəfindən 16 mart 2020-ci il tarixli, 3M-412 reyestr nömrəli icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsini sübut edə bilmədiyi halda, ondan 6 aylıq icarə haqqı həcmində 36000 manat kompensasiya tələb edir. İddiaçı MMC-nin iddia ərizəsində göstərilmiş mebel və digər avadanlıqların siyahısı 2020-ci ilin mart ayında onlar tərəfindən Cavabdeh mülkiyyətində olan mehmanxana icarəyə götürülərkən, onlara qədər həmin mehmanxananı idarə etmiş Nizami Həsənovdan öz aralarında qiymətləndirmə apararaq qəbul etdikləri avadanlıqların siyahısı əsasında tərtib edilmişdir. Yəni İddiaçı MMC tərəfindən Cavabdeh mülkiyyətində olan mehmanxanada icarə əsasında istifadə edildiyi 2 (iki) il müddətində həmin avadanlıqlardan istifadə edilmişdir. Digər tərəfdən İddiaçı MMC-nin işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk edərkən həmin avadanlıqların bir hissəsini özləri ilə aparmışdırlar. İddiaçı MMC-nin işçi heyəti "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olan mehmanxananı tərk etdikdən sonra mehmanxanada saxlanılmış mebel və digər avadanlıqları istənilən vaxt onlara təhvil verməyə hazırdırlar.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-397/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 1) Simsiz telefon aparatı-2 ədəd; 2) Künc divanı-1 ədəd; 3) Soyuducu-1 ədəd; 4) Mebel dəsti-1 ədəd; 5) Ofis mebeli-1 ədəd; 6) Gecə işığı lampası-1 ədəd; 7) Tozsoran-4 ədəd; 8) Stul-70 ədəd; 9) Kondisioner-2 ədəd; 10) Faks terminalı-1 ədəd; 11) Restoran avadanlığı-2 ədəd; 12) Seyf-30 ədəd; 13) Restoran mebeli (yumru stol)-4 ədəd alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması və iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfin tələb haqqından nə vaxt istifadə etməsi ilə bağlı qanunvericilikdə yalnız iddia müddətləri ilə məhdudiyyət qoyulmuşdur. Yəni tərəfin tələb haqqı varsa o, yalnız iddia müddətini ötürüb iddia tələbi ilə məhkəməyə müraciət etsə və cavabdeh də iddia müddətinin tətbiq edilməsi səbəbi ilə iddianı rədd edə bilər. Əks halda tərəfin iddia tələbi ilə məhkəməyə gec müraciət etməsi şəxsin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqlarının pozulması deməkdir. İşin faktiki halları ilə də aydındır ki, cavabdehin təsisçisi və direktoru icarə müqaviləsinin cavabdeh tərəfindən ləğv edildiyi ərəfədə vəfat etmişdir. Məhkəmə isə bu halı dəyərləndirməmişdir. Həmçinin cavabdeh özü bildirir ki, iddiaçı bəzi əşyaları aparmış, bəzi əşyaları isə icarə obyektində saxlamışdır. Birincisi, əgər iddiaçı icarə müqaviləsini özü ləğv etsəydi əşyaların bəzilərini icarə obyektində saxlayıb, bəzilərini özü ilə aparmazdı. Həmçinin cavabdeh tərəf müqavilənin iddiaçı tərəfindən pozulması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən hal, yəni cavabdehin etirafı onu sübut edir ki, iddiaçı heç bir əşyasını icarə obyektindən aparmamış, çünki cavabdeh iddiaçının özü ilə apardığı əşyalara dair hər hansı sübut təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia rədd edilməlidir.
16. Belə ki, iddiaçı tərəfindən irəli sürülən birinci tələb 36000 manat məbləğində pulun tutulması ilə bağlıdır.
17. İddiaçı həmin tələbi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə istinad edərək, cavabdehin müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, müqaviləni birtərəfli qaydada ləğv etməsi və bunun nəticəsində ona zərər dəyməsi ilə əsaslandırmışdır.
18. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay qabaqcadan xəbərdar edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq edilməklə həyata keçirilir.
19. Eyni zamanda zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən (cavabdehin icarə müqaviləsinin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, icarə müqaviləsini birtərəfli ləğv etməsi nəticəsində zərər dəyməsi) hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
20. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir.
21. Belə ki, iddiaçı icarə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edildiyini və onların cavabdeh tərəfindən məcburi qaydada mehmanxanadan çıxarıldığını bildirsə də, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
22. Göründüyü kimi icarə müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi və bununla bağlı sonuncu tərəfindən müqavilə şərtlərinin pozulması hər hansı sübutla müəyyən olunmur.
23. Əksinə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mehmanxanada nəzarətçi kimi fəaliyyət göstərən X2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəlində mehmanxanada qalan şəxslərin sayı kəskin azaldığına, artıq mehmanxananın istifadə edilməsi icarəçiyə icarə haqqı ödəməkdə çətinlik yaratdığına görə, İddiaçı MMC 2022-ci ilin mart ayında özlərinə məxsus əşyaların bir qismini götürərək mehmanxananı tərk etmişlər.
24. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillər, yəni öhdəliyin cavabdeh tərəfindən pozulması halı sübut olunmur. Belə olan halda isə həmin iddia tələbi rədd edilməlidir.
25. Əşyaların geri qaytarılması barədə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
27. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir.
28. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan əşyaların (cavabdeh tərərfindən etiraf olunan əşyalar istisna olmaqla iddia ərizəsində sadalanan digər əşyaların) cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddia tələblərini rədd etmişdir.
30. Apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, icarə müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsinə istinad edərək, hazırki iddianı qaldıran tərəf iddiaçı olduğuna görə həmin halları da sübutetmə yükü Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından məhz iddiaçının üzərinə düşür. Lakin yuxarıda da qeyd olunduğu kimi o, bu halları, o cümlədən əşyaların cavabdehin sahibliyində olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin təsisçisi və direktorunun vəfat edib-etməməsinin isə hazırki işin həlli baxımında hər hansı əhəmiyyəti yoxdur.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-397/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn