Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-784/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3443/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (icarəyəverən) Cavabdeh (icarəçi) arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 206.9 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh xx.xx.2034-cü il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 3-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 400 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
4. Qeyd edilmiş müqavilənin 6-cı bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
5. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə cavabdehə 1 ay qabaqcadan müqavilənin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə bildiriş göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206.9 kv/m olan qeyri-yaşayış sahəsininin icarəsinə dair bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh tərəfindən sahənin boşaldıldılıb təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206.9 kv/m olan qeyri-yaşayış sahəsininin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3cü bəndində icarəyə verilən sahənin istifadəsinə görə: "İcarəyə götürən" Cavabdeh "İcarəyə verən" İddiaçı aylıq 400 manat icarə haqqı ödəyir», 6-cı bəndində «Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir» nəzərdə tutulmuşdur. Müqavilənin bağlandığı ilk vaxtlardan "İcarəyə götürən" tərəfindən sahədən istifadəyə görə icarə haqqının vaxtında ödənilməsində geçikmələrə yol verilmiş, bunun səbəbi kimi isə "İcarəyə götürən” obyektin işləmədiyini, heç bir gəlir əldə edə bilmədiyini göstərmişdir. Bütün bunların nəticəsində isə tərəflər arasında mübahisələr yaranmışdır. Göstərilənlərə əsasən də cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş, icarə sahəsinin 1 ay qabaqcadan xəbərdarlıq edilməklə ləğv edilməsi və həmin tarixədək yaranmış icarə haqqı məbləğinin tam ödənilməsi, obyektin boşaldılaraq təhvil verilməsi nəzərinə çatdırılmışdır. Ancaq, hazırkı vaxtadək cavabdeh pretenziya məktubuna heç bir münasibət bildirməmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1274/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və icarə sahəsinin boşaldılması” tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3443/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206.9 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh tərəf xx.xx.2024-cü il tarixli bildirişin alındığını qəbul etmişdir. Göründüyü kimi tərəflər icarə müqaviləsinin ləğv edilməsini müqavilədə tənzimləmişlər və iddiaçı tərəf də, müqavilənin şərtinə uyğun olaraq 1 ay qabaqcadan cavabdehə bu barədə bildiriş göndərməklə, müqavilənin ləğvi ilə bağlı şərtə əməl etməklə, müqaviləni ləğv etmə ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, icarə obyekti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh oğli tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməlidir.
12. Bundan başqa məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 421.1, 675, 700.1,700.2, 700.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3443/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması, iddianın qismən təmin olunması, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi, təmir xərclərinin və avadanlıqların dəyərinin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvandakı binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 206,9 kv.m olan qeyri-yaşayış sahəsini iaşə obyekti kimi (çayxana) işlətmək üçün aylıq 400 (dörd yüz) manata icarəyə götürmüşdür. Mübahisə predmeti olan həmin qeyri-yaşayış sahəsni icarəyə götürərkən iaşə obyekti kimi istifadəyə yararsız olmuşdur, təmirə ehtiyacı olmuşdur. Bu səbəbdən də cavabdeh qeyri-yaşayış sahəsini təmir etdirmək istəmişdir. Müqavilə də icarəyə verənin icazəsi ilə təmir işlərinin aparılması nəzərdə tutulduğundan mülkiyyətçiyə təmir işləri aparılması üçün müraciət etmişdir. İlk vaxtlar tərəflər arasında yaxşı münasibət olduğundan iddiaçıya inanaraq , onun şifahi razılığı ilə həmin obyektdə təmir işləri aparmış, kafe — çayxana kimi işlətmək üçün avadanlıqlar, stol, stul və sair almışdır. Təqribən bir müddət sonra təmir işlərini yekunlaşdırıb VÖEN əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlamış və fəaliyyət göstərdikcə icarə haqqı ödənişləri etmişdir. İlk aylar yeni obyekt kimi obyekt zəif fəaliyyət göstərirdi, lakin cavabdeh öz vəsaiti ilə icarə haqqını ödəyirdi və hesab edirdi ki, getdikcə dövriyyə yüksələcəkdir. Təqribən bir müddət sonra dövriyyə yüksəldi və normal fəaliyyətə başladı. Sonra mülkiyyəçının cavabdehin sahibkarlıq fəaliyyətinə müdaxilələri başladı, iddiaçı tez -tez obyektə gələrək cavabdehdən icarə haqqının artırmağı tələb etdi. Bu səbəbdən də tərəflər arasında münasibətlər pozuldu və şifahi olaraq iddiaçı cavabdehdən obyekti boşaltmağı tələb etdi. Sonradan cavabdehə məlum oldu ki, onu aldadaraq onun vəsaitilə obyekti təmir etdirib işlək vəziyyətə götirdikdən sonra həmin obyekti digər şəxslərə daha baha qiymətə icarəyə vermək istəyir, bu səbəbdən də cavabdehin sahibkarlıq fəaliyyətinə maneələr yaradır. Növbəti dəfə iddiaçı obyekti icarəyə götürmək istəyənləri obyektə gətirərək onlara obyekti göstərdi və onlarla obyektin daha yüksək qiymətə icarəyə verilməsini sövdələşmişdir. Cavabdeh iddiaçıya onun şifahi razılığı ilə obyektin təmirinə, avadanlıqların alınmasına vəsait xərclədiyini bildirmiş və ona bir müddət vaxt verilməsini ondan xahiş etmişdir. Lakin mülkiyyətçi təkidlə obyekti boşaltmağı tələb etdi və hətta bir dəfə obyektə gələrək orada işçinin və müştərilərin yanında cavabdehlə dava-dalaş saldı. Cavabdeh bir müddət (heç olmasa müqavilə müddətinə kimi) vaxt verməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdehin sahibkarlıq fəaliyyətinə müdaxilələrini dayandırmamış və sonra qeyd olunan iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi mövcuddur, iddiaçı cavabdehə obyekti boşaldıb təhvil verilməsi barədə iş materiallarında bildiriş vardır və sair. Qeyd edilməlidir ki, iddiaçı cavabdehə rəsmi olaraq obyektin boşaldılması barədə bildiriş göndərməmiş və belə bir bildirişi cavabdeh imzalamamışdır. Göründüyü kimi müqavilənin iddiaçı tərəfindən birtərəfli qayda da ləğvi nəticəsində cavabdehə xeyli miqdarda zərər vurulmuşdur. Məhkəmə obyektə baxış keçirməmiş və təmir xərclərinin müəyyənləşdirilməsi üçün məhkəmə texniki mühasibatlıq ekspertizası keçirmədən, obyektin təmir xərclərini müəyyən etmədən, cavabdehə iddiaçı tərəfindən vurulmuş zərəri müəyyən etmədən əsasız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyim sübutları ( səs yazılarını, məndən alınmış əlavə icrə haqqlarını və sair) araşdırmamış subutlara hüquqi qiymət verməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan iddiaçının ifadələrini möhtəbər sübut kimi qəbul edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
22. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
23. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin tələbinə və şikayətin məzmununa əsasən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı (icarəyəverən) Cavabdeh (icarəçi) arasında bağlanan xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 206.9 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh xx.xx.2034-cü il tarixədək icarəyə vermişdir.
41. Tərəflər arasında bağlanmış müqavilənin 6-c bəndində icarəyəverənin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan müəyyən olunur ki, müqavilənin ləğvi MM-nin 421.1-ci maddəsinin tələbinə uyğundur.
42. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 1 ay qabaqcadan müqavilənin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə bildiriş göndərilmişdir.
43. Apellyator şikayətində bildirişi almadığına istinad etsə də, iş materiallarına xx.xx.2024-cü il tarixində bildirişin Cavabdeh verilməsi barədə xəbərnamə əlavə edilmişdir (iş materialları: 14-cü vərəqə). Həmçinin cavabdeh birinci instansiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sədrlik edən hakimin sualına cavab olaraq bildirmişdir ki, noyabr ayında İddiaçı qeyri-yaşayış sahəsindən çıxmasını xahiş etmişdir. (xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısı: 10-cu dəqiqə, 34-cü saniyə)
44. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun təmir xərclərinin və avadanlıqların dəyərinin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə apellyasiya şikayətinin tələbi hazırki mübahisənin baxış predmeti deyildir.
45. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər.
46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hazırki icraatda təmir xərclərinin və avadanlıqların dəyərinin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qarşılıqlı iddiası olmadığından, apellyatorun müvafiq tələbinə baxıla və hüquqi qiymət verilə bilməz.
47. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh qeyri-yaşayış sahəsində aparılan yaxşılaşdırma işlərinin dəyərinin ödənilməsi ilə bağlı iddia tələbilə ayrıca icraat qaydasında məhkəməyə müraciət edə bilər.
48. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
49. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3443/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.