Məhkəmə qərarları › İş №2-2(103)-785/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-785/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-785/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2452/2020 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və “X1-1” ASC-yə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh2 MMCnin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə İddiaçı ASC-nin mübahisənin qabaqcadan məhkəmədən kənar, yəni pretenziya qaydasında həll edilməsi barəsində bu kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyini əsas göstərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (protokola qeyd edilməklə qəbul edilmiş) qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh2 MMC həmin qərardaddan şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh2 MMC həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından şikayət verilə bilər. Həmin qərardadlarından isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Lakin hazırki işdə şikayət verilən qərardad ayrıca akt şəklində qəbul edilməmiş, yalnız protokolda qeyd olunmuşdur. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi də nəzərdə tutulmamışdır. Hətta həmin qərardad ayrıca akt şəklində qəbul edilsəydi belə ondan şikayət verilə bilməzdi. Çünki Mülki Prosessual Məcəllədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. Cavabdeh2 MMC isə iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət vermiş və birinci instansiya məhkəməsi düzgün olaraq şikayətin geri qaytarması barədə qərardad qəbul etmişdir. Bundan sonra cavabdeh şikayətin geri qaytarılması barədə qərardaddan da şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmış və sonradan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki həmin qərardaddan verilən şikayətə baxmalı deyil idi. Belə ki, Mülki Prosessual Məcəllənin 363.3-cü maddəsində apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulsa da, həmin maddə şikayət verilməsi mümkün olan, lakin qanunla müəyyən olunmuş qaydaya və formaya riayət edilmədən verilmiş şikayətlərə aiddir. Şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayət geri qaytarıldığı halda isə həmin qərardaddan şikayət verilə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin şərh olunan müddəalarını əhəmiyyətsiz edir. Ona görə də, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilən şikayət geri qaytarıldığı halda, həmin şikayətin geri qaytarılması barədə qərardaddan şikayət verilə bilməz. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən şikayətin mümkünlüyü üçün prosessual əsaslar olmadığına görə şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda yuxarıda göstərilən əsaslara görə hazırkı qərardaddan da şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2452/2020 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar