Məhkəmə qərarları › İş №2-2(103)-787/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-787/2023

18.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-787/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) manat pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqdan sonra rəsmi surətdə təqdim edilməmişdir. Belə ki, 2023-cü ilin mart ayının sonlarında icra məmuru tərəfindən bildiriş göndərilmiş və daha sonra mövcud məsələdən məlumatlı olmuşdur. Məhkəməyə müraciət edərək qətnamənin verilməsini xahiş etdikdə araşdırılma aparılması üçün müəyyən qədər vaxt tələb edilmiş və nəhayət 24 may 2023- cü il tarixində məhkəməyə getdikdə bildirilmişdir ki, qətnamə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Elektron kabinetdən istifadə etmədiyini və ümumiyyətlə ora daxil olmadığını, istifadə edə bilməsi üçün kod və parolu unutduğunu və qətnaməni almadığını bildirdikdə həmin məsələlər üzrə izahat yazılması tələb edilmiş və izahat yazıldıqdan sonra qətnamə fiziki olaraq xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2023 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən şikayət verilməsi ilə əlaqədar müddət buraxılmamış hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin icra mərhələsində xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası” müddəti keçdikdən sonra icra məmuru tərəfindən cavabdehlə əlaqə saxlanılmış və icra şöbəsinə dəvət edilmişdir. Müxtəlif bəhanələrlə icra şöbəsinə gəlməkdən yayınan cavabdeh xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gəlmiş, “icraata başlamaq haqqında” qərarlar, “tələbin könüllü icrası haqqında” bildirişlə tanış olmuş və izahatı alınmışdır. Bu da onu göstərir ki, cavabdeh ən gec halda xx.xx.2023-cü il tarixində barəsində belə bir qərarın və qətnamənin olduğundan məlumatlı olmuşdur. Cavabdehin şəxsən tanış olduğu və imzaladığı bu sənədlərin hər biri də icra şöbəsindən alınaraq məhkəməyə təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü ildə barəsində belə bir məhkəmə qətnaməsinin və icra qərarının olduğundan məlumatlı olduğu halda 3 aya yaxın müddət sonra xx.xx.2023-cü il tarixdə dəftərxanadan qətnaməni əldə etməsi ilə müddət buraxılmamış hesab edilə bilməz. Sabunçu İcra Şöbəsi ilə Bakı Kommersiya Məhkəməsinin eyni inzibati binada yerləşdiyi halda cavabdeh hansı üzrlü səbəbdən qətnaməni xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü ildə ərizə ilə dəftərxanadan təhvil alması məlum deyil. Məhkəmənin qətnamənin xx.xx.2023-də cavabdeh tərəfindən rəsmi qaydada alınmasını qəbul etməsi ilə belə başa düşmək olar ki, cavabdeh məlumatlı olduğu halda 3 ay sonra deyil, 6 sonra da alsa idi, yenə də qətnamənin rəsmi qaydada verilməsi həmin tarix götürüləcəkdi. Bu aşkar sübutdur ki, cavabdeh qəsdən və qərəzli olaraq qətnaməni dəftərxanadan gec əldə etmiş, məhkəmə də bu halı əsas kimi götürərərək iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə şəxsi kabinet vasitəsilə cavabdehə təqdim edilmişdir. Məhkəmə həmçinin şəxsi kabinetin mövcud olduğu halda bu halı nəzərə almamasını da əsaslandırmamışdır. Cavabdeh xx.xx.2022 və xx.xx.2022-ci il tarixli iclaslarda iştirak etmiş, məhkəməyə izahatlar vermişdir. İzahat verən zaman bildirmişdir ki, iclaslarla bağlı bildirişlər ona sms vasitəsilə çatdırılır və həmçinin elektron şəxsi kabineti mövcuddur. Bu bir daha sübut edir ki, şəxs məhkəmə iclasında iştirak etdiyi elektron kabinetinin mövcud olduğunu və bildirişləri aldığını etiraf etdiyi halda qətnaməni almaması və ümumiyyətlə belə bir qətnamənin mövcudluğundan xəbərsiz olması istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 129.1 və 133.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdehin “elektron kabinet”inə xx.xx.2023 tarixində yerləşdirlmişdir. Bununla belə verilmiş çıxarışdan məlum olur ki, cavabdehin təsdiq edilmiş “elektron ünvan”ı mövcud deyildir. Eyni zamanda iş materiallarından məlum olur ki, qeyd edilən qətnamə xx.xx.2023 tarixində qəbzlə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsinin cavabdehə çatdırılması xx.xx.2023-cü il tarixindən hesablanmalı və cavabdeh tərəfindən məhkəmə qətnaməsindən şikayət verilməsi üçün hər-hansı müddət ötürülmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin cavabdehə bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması müəyyən olunmur. Belə ki, həmin çıxarışda cavabdehin təsdiq edilmiş elektron ünvan (e-mail) qeyd edilməmişdir. Eyni zamanda həmin məlumatın cavabdehə SMS qaydasında göndərilməsi də hər hansı sənədlə təsdiq olunmur. Bununla yanaşı işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi 21 fevral 2023-cü il tarixdə Sabunçu Rayon İcra şöbəsinə icraya yönəldilmiş və sonuncunun 22 fevral 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Həmin icra sənədi üzrə icraat zamanı Cavabdeh xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gəlmiş, “icraata başlamaq haqqında” qərar, “tələbin könüllü icrası haqqında” bildirişlə tanış olmuş və ondan izahat alınmışdır. Göründüyü kimi cavabdeh hazırda mübahisələndirdiyi qətnamənin mövcudluğundan xx.xx.2023-cü il tarixdə artıq məlumatlı idi. Lakin o, həmin tarixdə deyil, bundan 2 ay 13 gün keçdikdən sonra, yəni xx.xx.2023cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə də qətnamə ona verilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin müraciətinə əsasən qətnamənin surətinin xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzi ilə cavabdehə təqdim edilməsi onun həmin qətnamənin mövcudluğundan xx.xx.2023-cü il tarixdən məlumatlı olması faktını aradan qaldırmır. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin başlanğıcı məhz xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda işdən görünür ki, cavabdeh tərəfindən prosessual qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2023-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının etirazını və yuxarıda qeyd olunanları nəzərə almamış və heç bir əsas olmadan qətnamədən cavabdeh tərəfindən şikayət verilməsi ilə əlaqədar müddəti buraxılmamış hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq və kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar