Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-787/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1913/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosessində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cavabdeh X4 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin cinayət əməlləri nəticəsində 7.219.939,6 manat məbləğində dəymiş ziyanın, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 4399,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh X6 ləğv prosessində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 adına hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1913/2024 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh X6 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmü ilə müəyyən edilən banka dəymiş zərər, hökmdən əvvəl qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş borc məbləğindən tamamilə fərqlidir. Həmin qətnamə ilə X6 və yaxın qohumlarından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündə əks olunan zərər məbləği (orada rəqəmlər fərqli göstərilmişdir) kredit borcu kimi tutulmuşdur. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)- 320/2018 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cəlilov Çingiz Asim oğlunun yaxın qohumları – X7, X5 və X3 adına yazılmış müqavilələr mötəbər olmamış (əhəmiyyətsiz əqdlər) və həmin müqavilələr üzrə sonunculara hər hansı pul vəsaiti verilməmişdir. Məhz bu səbəbdən cinayət işi üzrə yalnız Cəlilov Çingiz Asim oğlu təqsirləndirilən şəxs qismində işə cəlb edilmiş və onun barəsində hökm çıxarılmışdır. Odur ki, qeyd edilən məbləğlərin müqayisəli tədqiqi aparılmalı və artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmü olduğundan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş borc məbləği silinməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2091/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 adına hesablanmış borc məbləğinin silinməsi tələbi irəli sürülmüşdür. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş borcu, yəni qətnaməni mübahisələndirir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ayrıca iddia icraatı qaydasında deyil, Mülki Prosessual Məcəllənin “Apellyasiya instansiyası məhkəməsində icraat” adlı 41-ci fəsilində müəyyən edilmiş qaydada mübahisələndirilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də kollegiya hesab edir ki, iddianın yolverilməzliyinə görə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1913/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-787/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-787/2024
19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver