Məhkəmə qərarları › İş №2-2(103)-788/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-788/2025

06.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-788/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin hüquqi şəxsin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2572/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. 26.06.1994-cü il tarixli, 13467 nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin məzmunundan müəyyən olunur ki, "xxxx" Kiçik müəssisəsi xeyriyyə fəaliyyətinin təşkili və aparılması, mədəni-kütləvi tədbirlərin hazırlanması, xalq istehlakı və texniki təyinatlı məhsualların istehsalı, alqı-satqı, vasitəçilik, ticarət, avtomobillərə texniki xidmətin göstərilməsi, maşın təmir sexlərinin təşkili və saxlanması və s. fəaliyyət növü üzrə dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış, təsisçilər Cavabdeh, X8 və İddiaçı tərəfindən təsdiq edilmiş "xxxx" X1 1.1-ci bəndinə əsasən "xxxx" Kiçik Müəssisəsinin təsisçiləri və əmlakının mülkiyyətçiləri Cavabdeh, X8 və İddiaçıdur; 5.1-ci bəndinə əsasən müəssisənin əsas və dövriyyə fondunu onun avadanlığı və materialları, maliyyə ehtiyatları təşkil edir. Bütün bunlar müəssisənin sərbəst balansında əks olunur.

3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, 3 (üç) təqvim günü müddətində "xxxx" Kiçik Müəssisəsinə müəssisənin təsisçiliyindən çıxma barədə ərizə ilə müraciət edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı, bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı üçün Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2572/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı, X8 və Cavabdeh 1994-cü il tarixdə "xxxx" Kiçik Müəssisəsini təsis etmişdir. Təsisçilərin hər biri "xxxx" KM-də ("Şərikli tam ortaqlı müəssisə"də) təsisçi olmaqla 1/3 hissədə pay hüququna malikdir. "xxxx" Kiçik Müəssisəsi təsis olunduqdan sonra mebel istehsalını həyata keçirirdi. Təsisçilər öz fəaliyyətlərini həyata keçirmək üçün X7 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncamı əsasında 5050 m torpaq sahəsini alqı-satqı yolu ilə alaraq müəssisənin mülkiyyətinə keçirmişdir. Torpaq sahəsini alan zaman orada bir neçə tikili olmuşdur. Təxminən 2004-2005-ci illərdə Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olan 5050 m torpaq sahəsini satmaq üçün Ağasəlim Rəhimova və iddiaçıya təkliflər etməyə başlamış, lakin həmin təkliflərlə razılaşma olmamışdır. Bundan sonra İsrafil ehtiyacı olduğunu bildirməklə müxtəlif vaxtlarda ərazidə olan kiçik tikililəri sökməyə başlamış, digər təsisçilər isə buna etiraz etməmişdirlər. 2005-ci il tarixdə maddi imkanlar zəif olduğundan sexin fəaliyyəti dayandırılmışdır. Bundan sonra həmin ərazidə bərpa işləri aparılmış, yeni sexlər inşa edilmiş, təxminən 80000 (səksən min) manat pul xərclənmişdir. Lakin cavabdeh onlarla işləmək istəyən şəxslərə kənardan təsir edərək mane olduğundan yenidən fəaliyyət göstərə bilməmişlər. Qeyd edilmişdir ki, 2014-cü il tarixdə olan mülki mübahisələri ilə əlaqədar keçirilən məhkəmə iclası əsnasında məlum olmuşdur ki, təxminən 2005-ci ilin noyabr ayında X5 sədri Elman Salmanova müraciət edrək, "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 5050kvm m torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Lakin onun həmin torpaq sahəsinin iki hissəyə ayrılmasına dair sərəncam vermək hüququ olmadığından Elman Salmanov həmin torpaq sahəsinə dair verilmiş sərəncamı dəyişdirmişdir. X17 Əliyevə torpaq sahəsini kim almaq istəyirsə həmin şəxsin adına yenidən sərəncam verəcəyini bildirmiş, Cavabdeh onunla razılaşmışdır. 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamla "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 5050 kvm torpaq sahəsi dair sərəncamı dəyişərək, yerinə eyni tarixli eyni sərəncamda 4650 kcm torpaq sahəsinin ayrılmasını göstərmişdir. Elman Salmanov torpaq sahəsinin Cavabdeh məxsus olduğundan heç bir problemin olmayacağını düşünmüşdür. Çünki İsrafil ona torpaq sahəsini tanışı hacı Vidadi adlı şəxsə satdığını, sonuncunun da adına sərəncam almalı olmasından məlumatlı olduğunu bildirmişdir. Bundan sonra 2 aprel 2005-ci il tarixli 794/1 saylı sərəncamla 400 kv m torpaq sahəsinin X2 adına qeydə alınmasına dair sərəncam vermişdir. Cavabdeh isə ümumi sahəsi 400 m olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260 m olan ofis binasını 200000 (iki yüz min) ABŞ dolları məbləği müqabilində müəssisənin əmlakını qanunsuz satmışdır. Yuxarıda göstərilən hallar Binəqədi Rayon Prokurorluğunun müstəntiqi Xəyal Şamxayzadə tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı və bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı sübut olunur. Məhkəmə qətnamələri və qərarları ilə tam sübüt olunmuşdur ki, məhkəmənin xususi qərardı əsasında araşdırma aparılmış və sözü gedən 04 noyabr 2004-cü il tarixli 1250 saylı sərəncamının saxtalaşdırıldığı tam müəyyən olunduğu halda cavabdeh sonrakı məhkəmə mübahisələrində də həmin saxta sərənncamı bir daha məhkəməyə təqdim etmişdir. Bu isə onu sübut edir ki, həmin sərəncamın saxtalaşdırılması cavabdehin istəyi ilə həyata keçirilmiş, satışdan əldə olunan vəsait cavabdehə çatmışdır. Qanunverici hüquqi şəxsin sahibkarlıq fəaliyyətinə xələl gəlməməsi üçün, artırılan təsisçiyə payının dəyərinin ödənilməsi qaydasını müəyyən etmişdir. Cavabdeh kiçik müəssisənin balansındakı ona düşən əmlak hissəsini satdığın a görə müəssisənin nizamnamə kapitalında cavabdehin payına uyğun əmlak hissəsi ona ödənilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin normalarının tələblərinə əsasən Cavabdeh təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsini satdığına görə onun, müəssisənin balansındakı əmlaka pay hüququ qalmamışdır. Bu səbəbdən Sazi kiçik müəssisəsinin təsisçiliyindən çıxmış hesab edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanun

13. Qanunun 8-ci maddəsinə əsasən şərikli (tam ortaqlı) müəssisə azı iki fiziki və (və ya) hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Fəaliyyət göstərən müəssisəyə sonradan daxil olan şərik həm də müəssisənin əvvəlki borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Şərik müəssisədən çıxdıqda öz payını geri alır. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin. şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir. Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir. Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır.

14. Qanunun 9-cu maddəsinə əsasən müəssisənin əmlakı onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, habelə müəssisənin müstəqil balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarına, müəssisənin nizamnaməsinə uyğun olaraq onun əmlakı müəssisənin mülkiyyətində, operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində ola bilər. Müəssisənin əmlakının əmələ gəlməsi mənbələri aşağıdakılardır: a) təsisçilərin pul və maddi payları; b) məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər; v) qiymətli kağızların satışından əldə edilən gəlirlər; q) bank kreditləri və digər kreditlər; ğ) kapital qoyuluşu və büdcədən dotasiyalar; d) hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələri; e) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.

15. Azərbaycan Respublikasının qanunvericilik aktları və müəssisənin nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan binaları, qurğuları, avadanlığı, nəqliyyat vasitələrini, inventarı və digər maddi sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək, dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da borc vermək, habelə onları balansdan silmək hüququna malikdir. Nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, müəssisə Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq vətəndaşların mülkiyyətində və ya istifadəsində ola bilməyən istehsal vasitələri və maddi sərvətlər istisna edilməklə, istehsal vasitələrini və maddi sərvətləri vətəndaşlara satmaq, icarəyə vermək hüququna malikdir. Müəssisə maddi sərvətləri vətəndaşlara mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın icazəsi ilə o hallarda əvəzsiz verə və təqdim edə bilər ki, bu, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan edilməsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

16. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Həmin Məcəllənin maddə 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin maddə 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Həmin Məcəllənin maddə 76.2-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" Kiçik Müəssisəsi 1994-cü il tarixdə yenidən təsis edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 13467” saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə müəssisəsnin təşkilati-hüquqi forması kimi “Şərikli tam ortaqlı müəssisə” göstərilmişdir. Təşkilati-hüquqi forma əvvəlcədən kiçik müəssisə olmuşdur. İddiaçı və cavabdeh müəssisənin təsisçiləri olmuşlar. xx.xx.1994-cü il tarixli Nizamnamədə təsisçilərin payları müəyyən olunmamışdır. Nizamnaməyə əsasən Nizamnamədə, təsis müqavilələrində dəyişikliklərin edilməsi, müəssisənin ləğv olunması və digər məsələlər müəssisənin idarəedici ali orqanı olan müəssisə şurasının səlahiyyətinə aid olmuşdur. 2024-cü ildə "xxxx" Kiçik Müəssisəsi təsisçilərinin ümumi yığıncağının çağırılması ilə bağlı cavabdehə bildirişlər göndərilmiş, lakin cavabdehin iştirak etmədiyi iddia olunmuşdur.

28. Bakı şəhəri, Binəqədi rayonu, X11 tərəfindən imzalanmış 0 4.11.2004-cü il tarixli, 1250 nömrəli "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamın məzmunundan müəyyən olunur ki, Binəqədi Rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istehsalat sahəsi kimi istifadəsində olan 5050 m2 torpaq sahəsi "xxxx" Kiçik Müəssisəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir.

29. Bakı şəhəri, Binəqədi rayonu, X11 tərəfindən 2005-ci ilin may ayında tərtib edilmiş 674727 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən X9 20200000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi X11 tərəfindən "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməsi göstərilmişdir.

30. Binəqədi Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan müəyyən olunur ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən X15 barəsində Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Cavabdeh əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 3263/2015 nömrəli xüsusi qərardadının məzmunundan müəyyən olunur ki, X7 xx.xx.2004-cü il tarixli, 1250 saylı sərəncamının verilməsi və ya hazırlanmasında, habelə istifadə etməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320-ci maddələrinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Prokurorluğuma məlumat verilməsi qərara alınmışdır.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 6(001) 43/2018 nömrəli cinayət prosesini həyata keçirən orqanın prosessual qərarının qanunsuz hesab edilməsi haqqında qərarın surətinin məzmunundan müəyyən olunur ki, şikayətçilər İddiaçı və X8 şikayət ərizəsi üzrə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 qəbul etdiyi xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanunsuz və əsassız olmasına dair şikayət qismən təmin edilmiş, İddiaçı və X3 şikayət ərizəsi ilə əlaqədar toplanmış HK-1/26 saylı material üzrə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 qəbul etdiyi xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qanunsuz hesab olunaraq ləğv edilməsi və həmin hissədə cinayət təqibi davam etdirilməsi, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində İddiaçı və X3 şikayəti üzrə başlanılmış HK- 1/26 saylı material üzrə ibtidai istintaqın davam etdirilməsi üçün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunması qərara alınmışdır.

33. Cavabdeh tərəfindən Binəqədi Rayon Prokurorluğuna verilmiş izahatında qeyd etmişdir ki, X8 və İddiaçı tanıyır, onlarla qohumdurlar. 1991-ci ildə qohum İddiaçı ilə birgə "xxxx" Kiçik Müəssisəsini təsis etmişdir. Fəaliyyət göstərmək üçün “Binəqədineft neft və qaz çıxarma” idarəsinin balansında olan Bakı şəhəri, Binəqəd rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən, Hərbi Komissarlığın yaxınlığında yerləşən keçmiş “Vərəm dispanserinin” istifadəsiz qalmış inzibatı binası alqı-satqı yolu ilə almışdır. Həmin müəssisəni isə xx.xx.1994-cü il tarixdə X8 və İddiaçı ilə birgə yenidən təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 13467” saylı şəhadətnamə verilmişdir. xx.xx.1997-ci il tarixdə həmin müəssisə Statistika Komitəsi tərəfindən Dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə müəssisəsnin təşkilati-hüquqi forması kimi “Şərikli tam ortaqlı müəssisə” göstərilmişdir. "xxxx" Kiçik Müəssisəsinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən. Hərbi Komissarlığının yanıdır. Təsisçilər arasında "xxxx" Kiçik Müəssisəsində nizamnaməyə uyğun olaraq paylar bərabər şəkildə bölünmüşdür. "xxxx" Kiçik Müəssisəsi həmin vaxtlarda mebel istehsalı ilə məşğul olurdu. 2004-cü ildə X6 tələb olundu ki, "Sazi” Kiçik Müəssisəsinə məxsus olan torpaq sahəsinə alqı-satqı aparılsın. Buna görə də, Müəssisə fəaliyyətini həyata keçirmək üçün X7 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə 4650 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə alaraq müəssisənin mülkiyyətinə keçirmiş və rəsmi olaraq dövlət rüsumu ödəmişlər. Bundan sonra orda tikinti işləri aparmağa davam etmişdir. 2002-ci il Məmmədağanın atası, Cavabdeh isə dayısı Rövşən İsmayılov vəfat etdikdən sonra Məmmədağa ilə Müəssisənni idarə olunmasına görə fikir ayrılığı yarandı. 2006-cı ildən etibarən Məmmədağa və Ağasəlim ilə “Sazi" Kiçik Müəssisəsinin idarə olunmasına görə mübahisələr yaranmağa başladı, buna görə Cavabdeh "xxxx" Kiçik Müəssisəsndən ayrılmaq qərarına gəlmişdir. 2007-cı ildə işlə bağlı Rusiya Federasiyana getmişdir. Azərbaycana qayıtdıqdan sonra məlum oldu ki, "xxxx" Kiçik Müəssisəsinə məxsus torpaq sahəsində tikililər müxtəlif şəxslərə icarəyə verilmiş, lakin ona təsisçi olsa da heç bir pul verilməmişdir. X7 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə "Sazi” Kiçik Müəssisəsinə 5050 m2 torpaq sahəsini deyil, 4650 m2 torpaq səhəsi ayrılmışdır. Həmin sərəncamın əsli Cavabdehdır. Başqa bir sərəncam onda olmamışdır. Həmçinin "xxxx" Kiçik Müəssisəsinin ilk vaxtdan direktoru Ağasəlim olmuş və möhür də həmişə onda olmuşdur. Qeyd edilmişdir ki, o heç vaxt istər sərəncamın alınmasına, istər dövlət qurumlana rəsmi məlumatların verilməsində iştirak etməmişdir. Sənədləşmə işlərini də Ağasəlim həyata keçirmişdir. X7 xx.xx.2004-cü il tarixli, 1250 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə 4650 m2 torpaq sahəsinin ayrılmasına dair sərəncamı da Ağasəlim ona təqdim etmişdir. Məhkəmə araşdırması zamanı X8 və İddiaçı tərəfindən X7 04.11 2004-cü il tarixli, 1250 nömrəli sərəncam ilə "xxxx" Kiçik Müəssisəsinə 5050 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncam təqdim etdilər və iddia etdilər ki, 400 m2 torpaq sahəsində yerləşən 260 m2 tikilini o öz adına özəlləşdirərək üçüncü bir şəxsə satmışdır. Amma bunlar tamamilə yalandır. Məhkəmə tərəfindən ekspertizalar təyin edildi və məlum oldu ki, Qəsəbə Bələdiyyəsinin 1250 nömrəli, xx.xx.2004-cü il tarixli 4650 m2 torpaq sahəsinə dair sərəncamdakı sədr sözün qarşındakı imza sabiq X7 sədri Elman Salmanova məxsus olmaması barədə məlumatı yoxdur. Həmin sərəncamı ona Ağasəlim təqdim etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən müəssisənin əmlakının cavabdehə düşən pay hissəsinin nədən ibarət olması, həmin hissənin cavabdeh tərəfindən satılması, müəssisənin balansında olan əmlaklara dair cavabdehin pay hüququ və nizamnamə kapitalında payının olmamasına dair sübutları, həmçinin müəssisənin əmlaklarının (torpağın və üzərindəki tikililərin) mülkiyyət və balansda olma sənədlərini məhkəməyə təqdim etməmişdir.

35. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

36. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

37. Bu baxımdan məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

38. İddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmənin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.

39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2572/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar