Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-789/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3335/2025 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 ədəd “Hattat B 3080 DT” markalı traktora cavabdeh tərəfindən vurulmuş 79049,16 manat maddi zərərin ödənilməsi və 330 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3335/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş 330 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" QSC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3335/2025 nömrəli qərardadının ləğv edilməsi, icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki hüquq pozuntusunun yenidən baş verməsi əsasında verilmiş yeni iddia nəzərə alınmamışdır. Hazırkı iddia icrası tam başa çatmış bir qətnamənin nəticəsində deyil, onun icrasından sonra yaranmış yeni bir hüquq pozuntusu – yəni iddiaçıya təhvil verilmiş əmlaka vurulmuş zərər faktı əsasında qaldırılmışdır. Konkret olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-161/2023 nömrəli qətnaməsi əsasında 5 ədəd “Hattat B 3080 DT” markalı traktor xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə İddiaçı ASC-yə faktiki olaraq təhvil verilmişdir. Bu təhvil nəticəsində əvvəlki məhkəmə qətnaməsinin icrası başa çatmışdır. Lakin təhvil verilmiş traktorların yararsız, yəni qətnamədə nəzərdə tutulduğu “saz və işlək” vəziyyətdə olmaması səbəbilə yeni hüquqi vəziyyət və mübahisə yaranmışdır. Bu isə artıq “İcra haqqında” Qanunun deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1 və 8.1-ci maddələri ilə tənzimlənən müstəqil mülki hüquq mübahisəsidir. Əvvəlki qətnamənin nəticə hissəsində zərərin kompensasiyası nəzərdə tutulmamışdır. MPM-in 222.1-ci maddəsinə əsasən, əmlak natura qaydasında tələb olunursa, məhkəmə qətnaməsinin nəticə hissəsində alınmalı əmlakın adı, əgər əmlak mövcud deyilsə – dəyəri, dəyərin hansı bank hesabından tutulacağı və digər zəruri detallar qeyd olunmalıdır. Ancaq xx.xx.2023-cü il tarixli qətnamədə yalnız traktorların saz və işlək vəziyyətdə təhvil verilməsi tələb olunmuşdur. Əgər onlar həmin vəziyyətdə verilməzsə, hansı məbləğdə maddi zərərin ödənilməsi, yaxud zərərin necə hesablanacağı, alternativ kompensasiya mexanizmi göstərilməmişdir. Bu isə o deməkdir ki, traktorlar saz vəziyyətdə verilmədikdə, bu qətnamənin icrası məsələsi deyil, yeni hüquqi məsuliyyət – maddi zərərin ödənilməsi məsələsini yaradır və bu, yeni iddia predmeti olmalıdır. İcra qanunvericiliyində belə halların həlli nəzərdə tutulmayıb. “İcra haqqında” Qanunun 43.1.4-cü maddəsi icra sənədində göstərilən əşyanın borcludan götürülüb tələbkara verilməsini, 55-ci maddəsi isə əgər tələbkar əşyadan imtina edərsə, əşyanın borcluya qaytarılmasını və icra sənədinin müvafiq orqana yönəldilməsini tənzimləyir. Lakin bu qanunvericilik aktlarında təhvil verilmiş əşyanın yararsız və ya zədələnmiş vəziyyətdə olması halında, həmin zərərin kompensasiya mexanizmi və ya proseduru barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bu isə onu göstərir ki, belə hallar icra orqanının deyil, məhkəmənin yurisdiksiyasına aiddir və müstəqil mülki iddia formasında həll edilməlidir. Konstitusiya Məhkəməsinin qərarlarına uyğun olmayan istinadlar edilmişdir. Qərardadın əsaslandırılmasında istinad edilən Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il və xx.xx.2015-ci il tarixli qərarları, əsasən, icra sənədlərinin icra mexanizmlərini və icra icraatında tərəflərin hüquq və vəzifələrini izah edir. Lakin həmin qərarlarda qətnamənin icrası nəticəsində təhvil verilmiş əşyanın yararsız və ya zədələnmiş olması səbəbilə yaranan zərərin kompensasiyası icra mübahisəsi kimi göstərilmir. Əksinə, belə hallar yeni hüquq pozuntusu kimi, məhkəmənin mülki işlər üzrə yurisdiksiyasına aid məsələ kimi qiymətləndirilməlidir. Deməli, Konstitusiya Məhkəməsinin qərarlarına istinad edilərək məsələnin yalnız icra icraatı çərçivəsində həll oluna bilməsi mövqeyi uyğunsuz və hüquqi əsasdan məhrumdur. Konstitusiya Məhkəməsi öz qərarında qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Lakin həmin müddəalarda təhvil verilmiş əşyanın yararsız və ya zədələnmiş vəziyyətdə olması halında, həmin zərərin kompensasiya mexanizmi və ya proseduru barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardad aşağıdakı səbəblərə görə qanunsuzdur: 1. Məhkəmə mülki hüquq mübahisəsini icra icraatı ilə qarışdırmışdır. 2. Yeni və müstəqil hüquq pozuntusuna (əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi) hüquqi qiymət verməmişdir. 3. Qərardad həm MPM-in, həm də “İcra haqqında” Qanunun tələblərinə ziddir. 4. Konstitusiya Məhkəməsinin qərarlarına istinad yanlış olmaqla kontekstdən kənara çıxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3335/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Belə ki, şikayətin dəlilləri mahiyyəti etibarilə ondan ibarətdir ki, hazırda müstəqil hüquq pozuntusunun nəticəsində əmlaka vurulan zərər tələb edilir, bu isə müstəqil olaraq iddia icraatı qaydasında həll edilməli məsələdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia tələbinin faktiki əsasını Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-161/2023 nömrəli qətnaməsi ilə verilməsi qət edilmiş 5 ədəd “Hattat B 3080 DT” markalı traktorun həmin qətnamənin məcburi icrası qaydasında verildiyi, traktorlara baxış keçirilərkən onların saz və işlək vəziyyətdə olmadığı, traktorlara 79049,16 manat maddi zərərin dəydiyi təşkil edir. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh (bundan sonra Cavabdeh MMC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında bağlanmış X6 və zaminlik müqaviləsinə əsasən yaranmış 8670,99 manat gecikdirilmiş əsas borc, 596,75 manat cərimə borcu olmaqla, ümumilikdə 9267,74 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5877 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə xitam verilməsi və 5 ədəd “HATTAT B 3080 DT” markalı traktorun Cavabdeh MMC-dən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-161/2023 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “D.X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh) arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5877 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” müqaviləsinin ləğv edilməsi, Cavabdehndən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8073 manat əsas borc, 400 manat cərimə olmaqla, ümumilikdə 8473 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, “Hattat B 3080 DT” markalı NRSB3080JMC036012, HHM80S02109, NRSB3080JMC102021, NR5B3080JMC033002, NRSB30S0JMC102022 şassi nömrələrinə malik 5 ədəd traktorun Cavabdehndən alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, dövlət rüsumunun əvəzi olaraq 11,90 manat məbləğində pulun müştərək qaydada Cavabdehndən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə 07 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hazırkı mübahisə bilavasitə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-161/2023 nömrəli qətnaməsinə əsasən, qətnamə üzrə saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilən “Hattat B 3080 DT” markalı NRSB3080JMC036012, HHM80S02109, NRSB3080JMC102021, NR5B3080JMC033002, NRSB30S0JMC102022 şassi nömrələrinə malik 5 ədəd traktorun cavabdeh tərəfindən yararsız vəziyyətdə verilməsindən irəli gəlmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında" Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz, müvafiq icra sənədində tələbkara qaytarılmasına göstəriş verilmiş 5 ədəd traktorun saz və işlək vəziyyətinin" necə olmalı olduğu göstərilmədiyindən, artıq tələbkar tərəfindən təhvil alınmış traktorların “saz və işlək vəziyyətdə" olmadığının iddia olunması icra məmuruna, yaxud tələbkara əsas vermir ki, onlar icra üsulunun dəyişdirilməsi adı ilə traktorların təkrarən borcludan alınması, yaxud onların mücərrəd anlayış olan “saz və işlək vəziyyətə gətirilməsi barədə məhkəmə aktı çıxarılmasını tələb etsinlər. Hazırkı iddia icrası tam başa çatmış bir qətnamənin nəticəsində deyil, onun icrasından sonra yaranmış yeni bir hüquq pozuntusu – yəni iddiaçıya təhvil verilmiş əmlaka vurulmuş zərər faktı əsasında qaldırılmışdır. Konkret olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-161/2023 nömrəli qətnaməsi əsasında 5 ədəd “Hattat B 3080 DT” markalı traktor xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə İddiaçı ASC-yə faktiki olaraq təhvil verilmişdir. Bu təhvil nəticəsində əvvəlki məhkəmə qətnaməsinin icrası başa çatmışdır. Lakin təhvil verilmiş traktorların yararsız, yəni qətnamədə nəzərdə tutulduğu “saz və işlək” vəziyyətdə olmaması səbəbilə yeni hüquqi vəziyyət və mübahisə yaranmışdır. Bu isə artıq “İcra haqqında” Qanunun deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1 və 8.1-ci maddələri ilə tənzimlənən müstəqil mülki hüquq mübahisəsidir. Əvvəlki qətnamənin nəticə hissəsində zərərin kompensasiyası nəzərdə tutulmamışdır. MPM-in 222.1-ci maddəsinə əsasən, əmlak natura qaydasında tələb olunursa, məhkəmə qətnaməsinin nəticə hissəsində alınmalı əmlakın adı, əgər əmlak mövcud deyilsə – dəyəri, dəyərin hansı bank hesabından tutulacağı və digər zəruri detallar qeyd olunmalıdır. Ancaq xx.xx.2023-cü il tarixli qətnamədə yalnız traktorların saz və işlək vəziyyətdə təhvil verilməsi tələb olunmuşdur. Əgər onlar həmin vəziyyətdə verilməzsə, hansı məbləğdə maddi zərərin ödənilməsi, yaxud zərərin necə hesablanacağı, alternativ kompensasiya mexanizmi göstərilməmişdir. Bu isə o deməkdir ki, traktorlar saz vəziyyətdə verilmədikdə, bu qətnamənin icrası məsələsi deyil, yeni hüquqi məsuliyyət – maddi zərərin ödənilməsi məsələsini yaradır və bu, yeni iddia predmeti olmalıdır. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin, 21.2-ci maddəisnə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21.3-cü maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar). Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirməsi nəticəsində yaranan zərəri də ehtiva edir və zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir; Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilib baxılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3335/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə dair qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-789/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-789/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver