Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-79/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3974/2023 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DCL00421894-01 saylı və xx.xx.2022-ci il tarixli DCL00421894- 02 saylı maliyyələşdirmə üçün ərizələr (mahiyyəti üzrə kredit müqavilələri) bağlanmışdır. Ərizələrə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla 44131 manat və 44548 manat məbləğlərində əməliyyat xərclərinin ödənilməsi məqsədilə kredit xətləri ayrılmışdır.
2. Həmin kreditin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında xx.xx.2022ci il tarixli DG**********751 saylı və xx.xx.2022-ci il tarixli DG**********324 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zamin borclu "xxxx" MMCnin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCL00421894-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44110,16 manat əsas borc, 3749,34 manat faiz borcu, 5724,52 manat cərimə borcu olmaqla, cəmi 53584,02 manatın, DCL00421894-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44548 manat əsas borc, 3954,87 manat faiz borcu, 5266,56 manat cərimə borcu olmaqla, cəmi 53769,43 manatın, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, cavabdeh "xxxx" MMC maliyyələşdirmə üçün ərizələrə əsasən öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin DCL00421894- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44110,16 manat əsas borcu, 3749,34 manat faiz borcu, 5724,52 manat cərimə borcu olmaqla, 53584,02 manat cəmi borcu, DCL00421894-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44548 manat əsas borcu, 3954,87 manat faiz borcu, 5266,56 manat cərimə borcu olmaqla, 53769,43 manat cəmi borcu mövcuddur.
5. Cavabdeh, eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul edərək, izahatında bildirmişdir ki, şirkətin faktiki rəhbəri vəfat edib və şirkət zəiflədiyi üçün borcu ödəyə bilmirlər, mülkiyyətini satışa çıxarıblar. Həmin işlə vəfat edən şəxsin ailəsi məşğul olur. Tezliklə borc ödəniləcəkdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3974/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, DCL00421894-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44110,16 manat əsas borc, 3749,34 manat faiz borcu, 2200 manat cərimə, DCL00421894-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44548 manat əsas borc, 3954,87 manat faiz borcu, 2200 manat cərimə, cəmi 100762,37 manat, mediasiya xərcinə görə 375,6 manatın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 467-ci maddəsində cərimə məbləğinin azaldılması imperativ qaydada qeyd edilməmiş və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda, həmin maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, hüquqi düşüncəsinə və mülki qanunvericilikdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmə isə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da, qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə qətnaməsində isə bu normaya istinad edilməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəliklər düzgün müəyyən edilməmişdir.
10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə borcun ödənilməsi ilk növbədə "xxxx" MMC-nin üzərinə düşməli idi. Zaminlik müqavilələrində borclu və zaminin birgə məsuliyyəti nəzərdə tutulsa da, kreditor borclunun öhdəliyi icra etmədiyi halda kreditin təminatı kimi təqdim olunan hesabdakı pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olmub və ona görə də, iddiaçı kreditin, onun faizlərinin, cərimənin və s. kredit ödənişlərinin ödənilmədiyi halda zaminə qarşı iddia irəli sürə bilərdi. Bundan əlavə, məhkəmə tərəfindən hər müqavilə üzrə ayrı-ayrılıqda cərimənin 2200 manat, cəmi 4400 manat müəyyən edilməsi borclu və hazırkı şikayətə münasibətdə zamini həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olmuşdur. Eyni zamanda, məhkəmə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq edərək tərəflər arsında bağlanmış müqaviləni konsensual müqavilə kimi qiymətləndirib həmin müqavilənin tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunduğunu qeyd etsə də, həqiqətən qeyd olunan məbləğin borcluya təqdim olunub-olunmaması, bunu təsdiq edən kassa məxaric orderinin, bank hesabından çıxarışın və s. bank sənədlərinin mövcudluğunu araşdırmayıb. Həmçinin, iddiaçı ilə faktiki olaraq bütün əməliyyatların, kredit münasibətlərinin, danışıqların, razılaşmaların və ümumilikdə bütün kredit əməliyyatlarının şirkətin faktiki rəhbəri tərəfindən aparıldığı, onun isə sadəcə sənədləri imzaladığı, həmin kredit məbləğindən məlumatlı olmadığı bildirilmiş, lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
21. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
24. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.
25. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
26. Belə ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan məbləğdə borcun tutulması tələbi irəli sürülmüş, cavabdeh isə birinci instansiya məhkəməsində kredit müqaviləsi üzrə borcun məbləğini mübahisələndirməmiş, əksinə borcu etiraf etmişdir.
27. Qeyd olunanları, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışları araşdıraraq və Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilən və edilməyən hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
29. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
30. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, cavabdeh tərəfin birinci instansiya məhkəməsindəki mövqeyini, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilən və edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, həmin tələblə bağlı apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır.
31. Həmçinin Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan cavabdeh "xxxx" MMC ilə birgə məsuliyyət daşıyır.
32. Cavabdehin apellyasiya şikayətinin digər dəlillərinı dair qeyd edilir ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyi halda, apellyasiya şikayətində kredit borcunun məbləğinə və iddiaya etiraz etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Eyni zamanda, iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və kredit borcunun hesablanması barədə arayışlarla təsdiq olunur. Zaminliyə dair isə qeyd olunur ki, Mülki Məcəllənin 472.1-ci maddəsində birbaşa təsbit olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, maliyyələşdirmə üçün ərizələrdə həqiqətən də kreditin təminatı kimi "xxxx" MMC-nin İddiaçı ASC-də yerləşən cari hesablarında yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaiti girov qoyulmuşdur. Bununla belə bankın cari hesablarda yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaitini girov qismində akseptsiz qaydada silməsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, "xxxx" MMC-nin İddiaçı ASC-də yerləşən cari hesablarında yerləşən bütün pul vəsaiti silinmiş və onun hesablarında silinəcək başqa vəsait qalmamışdır.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn