Məhkəmə qərarları › İş №2-2(103)-791/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-791/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-791/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-553/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2024-cü il tarixli 23-MCR-1-37- 24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə 12 ay müddətinə, aylıq 1,75 faiz dərəcəsi ilə cavabdeh Qanuni nümayəndə verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2025-ci il tarixinədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 8842,23 manat əsas, 630,46 manat faiz və 23,6 manat cərimə borcu olmaqla ümumilikdə 9496,29 manat məbləğində borcun və ödənilmiş 114,96 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-553/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə üzrə 8291,54 manat əsas borc cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,96 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

4. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-553/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən öz vəzifə öhdəliyi lazımi qaydada və tam şəkildə yerinə etirilmiş, cavabdeh Qanuni nümayəndə xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən illik 21% olmaqla 12 ay müddətinə 10000 manat kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. Belə ki, cavabdeh Qanuni nümayəndə xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə 8842.23 manat əsas borc, 630.46 manat faiz borcu və 47.19 manat cərimə borcu olmaqla cəmi 9519.88 manat borcu vardır. Qanuni nümayəndə xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ümumi cərimə borcu 47,19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləğ ikredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 23,60 manat məbləğində tələb olunur. İş üzrə qəbul edilən qətnamədən də görünür ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən ekspert rəyinə əsaslanılmışdır. Tərəfimizdən məhkəməyə təqdim olunan sübutlar nəzərə alınmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə tərəfindən iş üzrə qəbul edilən qətnamə işin hallarına uyğun olmayaraq qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarılarkən ekspert rəyinə əsaslanılmış, həmçinin cavabdeh tərəfindən edilmiş ödənişi öz mülahizəsinə əsasən borcdan silmişdir. Belə ki, məhkəmə xx.xx.2024-cü il tarixli kredit razılaşması müqaviləsi üzrə faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 325.71 manat olmaqla cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin əsas borc məbləğinə dair onu da qeyd edir ki, iş məhkəmədə baxılan zaman borclu tərəfindən 900 manat məbləğində ödəniş edildiyindən məhkəmə tutulmalı olan borc məbləğini əsas borc məbləğini 8291.54 manat, faiz borcu və cərimə borcunu 0 manat həddində (8842,23 manat əsas borc + 325,71 manat faiz borcu + 23,6 manat dəbbə pulu – 900 manat ödəniş) müəyyən edilməsini əsaslı hesab edir. Hesab edirik ki,məhkəmə sadəcə sübut qismində ekspert rəyinə əsaslanmaqla borcun müəyyənləşdirilməsində və edilmiş ödənişin ekspert rəyində göstərilmiş borcun məbləğindən çıxılmasında yanlış nəticəyə gəlmişdir. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından da görünür ki, cavabdeh Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 8842.23 manat əsas borc, 630.46 manat faiz borcu və 47.19 manat cərimə borcu olmaqla cəmi 9519.88 manat borcu vardır. Belə olan halda isə məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə əsas və faiz borcun əsassız olaraq ekspert rəyinə uyğun olaraq azaldılması, cərimə məbləğinin isə ümumiyyətlə nəzərə alınmaması birmənalı olaraq əsassız və işin hallarına uyğun olmayaraq qətnamə çıxarılmasını qeyd etməyə əsas verir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Digər tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.

20. İşin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə 12 ay müddətinə, aylıq 1,75 faiz dərəcəsi ilə cavabdeh Qanuni nümayəndə verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2025-ci il tarixinədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə iddiaçı arasında müvafiq olaraq xx.xx.2024-cü il tarixli Z/01027/24 nömrəli və Z/01026/24 nömrəli zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh Qanuni nümayəndə kredit məbləğini təşkil edən 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

21. xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24/1 nömrəli kredit verilməsinə dair razılaşmanın müvafiq olaraq 2.4 və 2.3-cü bəndi ilə cərimə nəzərdə tutulmuşdur.

22. xx.xx.2024-cü il tarixli Z/01027/24 nömrəli və Z/01026/24 nömrəli zaminlik müqavilələrinin 1.4.2-ci bəndinə əsasən zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd edilmiş müqavilə üzrə faizlərin, penyanın/gecikdirilmə faizləri və digər sanksiyanın nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi zaminin bank qarşısında məsuliyyətinin əsasını təşkil edir.

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7180/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 9/9355 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli 23-MCR-1-37 24/1 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 9153,35 manat, faiz borcu 325,71 manat müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli 23-MCR-1-37-24 nömrəli kredit müqaviləsi üzrə 21 yanvar 2025-ci il tarixli 9/9355 nömrəli ekspert rəyinə və iddiaçının təqdim etdiyi hesabdan çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdən sonra kredit müqaviləsi üzrə ödəniş edilmiş 900 manat haqlı olaraq məhkəmə tərəfindən əsas borc, faiz borcu və dəbbə puluna münasibətdə nəzərə alınaraq silinməsi qənaətinə gəlinmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə dəbbə pulu ilə bağlı mövcud məhkəmə təcrübəsini, işin hallarını, gecikmənin müddətini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla tənasübsüz sürətdə olan dəbbə pulunu azaldaraq ədalətli məbləğlərdə müəyyən etmişdir.

26. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, maliyyə arayışı, ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, ekspert rəyini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, faiz məbləği və dəbbə pulunun təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissələrdə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar