Məhkəmə qərarları › İş №2-2(103)-792/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-792/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-792/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-855/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 28840 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 47900 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, - güzəşt vəsaiti olaraq ayrılmış 18360 manat məbləğində maddi zərərin, kredit vəsaiti olaraq ayrılmış 3259,02 manat məbləğində maddi zərərin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərcin, cəmi: 22319,02 (iyirmi iki min üç yüz on doqquz manat 02 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-dən müştərək qaydada tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-855/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbinin əsasının müqavilənin etibarsızlığı, etibarsızlığın əsasını isə tərəflər arasında bağlanmış müqavilənin formal olması təşkil etmişdir. Müqavilə ona görə etibarsızdır ki, müqavilənin predmeti olan suvarma sistemləri cavabdehə məxsus bağ sahəsində yoxdur. Məhkəmə bu faktı yalnız idxal və də bəyannamə sənədlərinə istinad edərək rədd etmişdir. Halbuki, həmin sənədlərin mövcud olması suvarma sistemlərinin də bağ sahəsində mövcud olmasını təsdiq etmir. Hesablama palatasının yerli baxışı zamanı uyğunsuzluq aşkar edilmişdir. Həmin yerində müəyyən edilən halı təkzib etmək üçün məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Ona görə də məhkəmə bu halı sübuta yetirmədən qəbul etdiyi üçün qəbul edilmiş qətnamə əsassız hesab olunmalıdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh3 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Müqavilə predmetinin mövcudluğu və uyğunluğu yoxlanılmadan məhkəmə əqdin uydurma olub-olmamasına hüquqi qiymət vermişdir.

12. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

13. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

15. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı məhəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 28840 məbləğində kredit və 18360 manat məbləğində güzəşt vəsaiti ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı Cavabdeh3 QSC vasitəsilə təchizatçıya ödənilmişdir.

23. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir.

24. İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07 və 08 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsızlığına (əhəmiyyətsizliyinə, uydurma əqd olmasına) istinad edir və Agentliyə dəymiş 18360 manat ziyanın və 3260 manat kreditin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Cavabdeh tərəflər isə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının, elektron qaimənin, gömrük bəyannamələrinə istinad edərək iddianın tamamilə əsasız olduğunu qeyd etmişlər.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədi. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair aktlar və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcüd suvarma sistemi satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri belə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiada qeyd olunan dəlillərdən biri kimi “elektron-qaimənin” mövcüd olmaması tamamilə əsassızdır (bir elektron-qaimə məhkəməyə təqdim edilmişdir, digər müqavilə üzrə elektron qaimənin təqdim edilməməsini isə məhkəmə müqavilələrin uydurma əqd olması üçün əsas deyil, vergi qanunvericiliyinin pozulması halı kimi giymətləndirilə bilər). İddiaçının (AR Hesablama Palatasının auditor hesabatına/baxış aktına istinadən Cavabdeh1 istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmaması arqumenti də tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş AR Hesablama Palatasının “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli baxış aktından müəyyən olunur ki, baxış zamanı sahibkar cavabdehlərin iştirakı təmin olunmamış, akt yalnız Hesablama Palatasının və AKİA-nın əməkdaşı tərəfindən tərtib olunmuşdur.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı (agentlik) ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış agentliyin vəsaitindən istifadəyə dair müqaviləyə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi borcalanın müraciətinə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır.

27. Məhkəmə hesab etmişdir ki, aktda qeyd edilən arqumenti də təsdiq edən heç bir sübut təqdim edilmədiyi, yalnız şifahi mülahizə və ehtimallara əsaslandığı üçün tamamilə əsassız hesab edilməlidir. Göründüyü kimi cavabdeh fiziki şəxslər arasında suvarma sisteminin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam riayət edilməklə aparılmış, əksini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə müqavilə tərəflərlərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqısatqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.

28. Göründüyü kimi, iddiaçı keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təşkilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalıdır. Belə olan halda, iddiaçının monitorinq nəticələrinə istinad etməməsi, monitorinq nəticələrinə istinad edərək lizinq obyektinin yerini dəqiq müəyyən edib audit yoxlamasına təqdim etməməsi, Hesablama Palatasının auditə dair hesabatına qanunla müəyyən olunmuş müddətdə qeyd, irad və rəyini bildirməməsinin (bununla bağlı məhkəməyə hər hansı sübut – monitorinqin keçirilməsi, onun nəticələri, qeyd, irad və rəyin məzmunu, təqdim olunan sənədlər, araşdırmanın nəticəsi və s. təqdim olunmamışdır) səbəbləri məhkəməyə aydın deyil. Yəni, əgər güzəştli vəsaitin və kredit məbləğinin ayrılması məhz iddiaçı qurumun hərtərəfli ekspertizaların, zəruri olduğu halda əlavə məlumat və sənədlərin təqdim edilməsinin tələb edilməsi və araşdırılmasından sonra mümkünlüyünü təsdiq etdiyi halda, bütün bu proseslərdən keçdikdən, pul ayrıldıqdan, avadanlıqlar alındıqdan üç il keçdikdən sonra, yalnız Hesablama Palatasının yoxlama nəticəsində torpağa basdırılan suvarma sistemlərinin paslanması səbəbindən 2020-ci ildə alınmış avadanlıqlara bənzəməməsi ehtimalına istinad edərək bu cür iddianın qaldırılması tamamilə əsassızdır. Belə ki, iddiaçı quruma ekspertizaların aparılması üçün təqdim olunan toplu sənədlərdə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və sair sənədlər təqdim edilmişdir. Alqı-satqı müqavilələrində alınacaq suvarma sistemlərinin hansı gömrük bəyannamələrinə (tarixi və nömrəsi göstərməklə) əsasən ölkəyə idxal olunmuş dəqiq suvarma sistemləri belə öz əksini tapmışdır.

29. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-855/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar