Məhkəmə qərarları › İş №2-2(103)-794/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-794/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-794/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3298/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (sahibkar) və Cavabdeh MMC (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0303 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 3 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

3. İddiaçı (sahibkar) və Cavabdeh MMC (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0304 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 4 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürmüşdür.

4. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

5. İddiaçı (sahibkar) və Cavabdeh MMC (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0302 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 2 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən AT/Prestij 01- 0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə), AT/Prestij 01-0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) və AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən 9000 manat pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 110 manat pul məbləğinin, ümumilikdə 9110 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında “Qeyriyaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) imzalanmışdır. AT/Prestij 01-0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 2 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimiçıxış edən İddiaçı şirkətə 3.000 manat pul ödəmişdir. AT/Prestij 01-0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 3 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimi çıxış edən İddiaçı şirkətə 3000 manat pul ödəmişdir. AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 4 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimi çıxış edən İddiaçı şirkətə 3000 manat pul ödəmişdir. Beləliklə, İddiaçı tərəfindən "xxxx" MMC-yə 9000 manat pul ödəmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) cavadeh tərəfindən icra olunmamışdır. xx.xx.2024-cü il tarixdə pretenziya ilə cavabdeh "xxxx" MMC-yə müraciət olunmuş və 10 gün ərzində üzərlərinə düşən 9000 manat pul öhdəliyin icrası tələb edilmiş, müddətin bitməsinə baxmayaraq onlar 9000 manat pul məbləğini iddiaçıya qaytarmamışlar.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3298/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu əvəzi iddiaçının özünə aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə üç ilkin müqavilə bağlanmışdır. İddiaçı həmin müqavilələrin hər biri üzrə iddiaçıya 3000 manat olmaqla, ümumilikdə 9000 manat ödənildiyini iddia edir. Cavabdeh iddiaya qarşı etirazında ona həmin müqavilələr üzrə iddiaçının hər hansı vəsait ödəmədiyini bildirir. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir.

11. Buna görə də iddiaçın iddiasının əsası kimi istinad etdiyi bu halı, yəni 9000 manat pulun ödənilməsini iddiaçı sübut etməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsinə göstərdi ki, iddiaçını 2020-ci ildən tanıyır, demək olar ki, şərikidir. Özünün əsas işi torpaq-tikinti işləridir. Cavabdeh şirkəti tanıyır. Səməd adlı şəxsə üç mağaza ilə bağlı yaxınlaşmışdı. O çılçıraq işi ilə məşğul olacaqdı. Müqavilələrin hamısı Aynurə xanımın adına idi. Üç mağazanı icarəyə götürmüşlər. Lökbatan ərazisində ofisə yaxınlaşmışlar. Səməd adlı şəxsi orada görmüşlər. O, özünü rəhbər kimi təqdim etmişdir. İlk öncə qəbul bölməsində onları qəbul etmişdi. O zaman gözləmədə 20 nəfər adam da var idi. Hər mağaza üçün 3000 manat olmaqla ümumi 9000 manat ödəniş etmişlər. Mağazaya gedənə qədər mağazanın icarə haqqının 3000 manat olmasını bilmirdilər. Orada onlara məbləğ bildirilmiş, onlar isə razılaşmışlar. Onlar ofisə gedəndə orada tikinti-təmir işləri aparılırdı. Səməd bəy onlara əyani olaraq tikilməkdə olan obyektlərin yerini göstərərək, onlara veriləcəyini bildirdi. Daha sonra o, iddiaçı ilə birlikdə maşına əyləşmiş, Aynurə xanım 9000 manat pulu maşında onun yanında saymış, özü təködəniş etməyə getmişdir. Aynurə xanım özü otaqda pulu Səməd bəyə vermiş, o, həmin vaxt maşında iddiaçını gözləmişdir. Aynurə xanım pulu əlbəəl verdikdə onun yanında olmamışdır. Aynurə xanımın pulu götürüb hara getdiyini bilmir, pulu Səməd bəyə veribverməməsini görməmişdir. İddiaçı daha sonra özü gəlib, müqavilə göstərdi, dedi ki, “pulu verdim müqaviləni aldım”. Bu hadisələrin hansı tarixdə olmasını xatırlamır, 3-4 il öncə yazyaz ayları idi. Müqavilədə möhür olub-olmamasını görməmişdir. Bundan 3 il sonra ofisə getdikdən sonra Aynurə dedi ki, Səməd orada yoxdur, orada Bəhruz adlı şəxsin olduğunu bildirdi. Obyektin başqa şəxsə icarəyə verildiyini öyrənmişlər. Bundan sonra pulu geri istəmişlər. Bəhruz müəllimin yanında bir dəfə, keçən il olmuşlar. Həmin ofisdə onları qəbul etdmişdir. Onu daha əvvəl görməmişdir. O bildirdi ki, “siz pulu mənə verməmisiniz” lakin müqavilənin onlara aid olduğunu bildirdi. Əlavə olaraq “biz artıq müqavilə bağlayanda pul almırıq” deyə bildirdi. Aynurə xanımdan cavabdeh pul almaqlarını dandıqları üçün iddiaçı onların səsini yazmışdır. Səsyazı qeydə alındığını Bəhruz müəllimə bildirmişlər. Açıq deməsələr də, stolun üstündə telefon olmasını görürdü. Aynurə xanımın telefonu ilə səsyazı qeydə alınırdı. Bəhruz müəllim ilk əvvəl pulun verilməsini qəbul etmirdi. Səməd bəyin dövründə məsələnin olduğunu bildirmişdi. Araz müəllimi tanımır. Orada onlara heç bir ərizə yazdırmadılar. Onlara dedilər ki, “başqa obyekt verək, lakin pulu qaytara bilmərik”. Bəhruz müəllim səsi yazmaqla bağlı onlara razılıq, icazə verməmişdir. Ancaq danışıq əsnasında telefonu görəndə bildirdilər ki, səsi yazırlar. Onlar səsi yazdıqdan sonra çıxıb getmişlər. Oradan çıxdıqdan sonra Niyazi bəyin yanına yaxınlaşmamışlar. Niyazini hazırda ilk dəfədir görür. Şahid ona ünvanlanmış suallara cavab olaraq pulun ödənilməsinin şahidi olmadığını, iddiaçı vəsaiti ödəyən zaman yanında olmadığını, 9000 manat pulun ödənilməsinin ona iddiaçının özünün dediyini bildirmişdir. Bundan əlavə, şahid məhkəməyə müqavilələrin hansı tarixdə bağlanması, pulun hansı tarixdə və kimə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişdir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidin ifadəsi kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadə 9000 manat pulun ödənilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilməmişdir. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səsyazmanı ümumiyyətlə sübut qismində qəbul etməmişdir. Belə ki, həmin səsyazma iddiaçı tərəfindən ona məxsus telefon vasitəsilə cavabdehin direktor müavini vəzifəsində işləyən Bəhruz Həsənov adlı şəxsin xəbəri və razılığı olmadan qeydə alınmışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 402.1, 433.1, 433.3-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına (paraq.68) və “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında (paraq.93) göstərdiyi məqamlara, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmaları (ilkin müqavilələr) cavabdeh tərəfindən icra olunmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar araşdırılmamışdır. Müqavilələrin bağlandığı gün iddiaçı 9.000 manat pulu nağd qaydada direktorun özünə ödəmişdir. Bu fakt hər üç müqavilənin cavabdeh tərəfindən imzalanması ilə təsdiqlənir. Lakin bu fakt birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış və nəzərə alınmamışdır. İşə baxan məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət vermədən, mülki-prossesual qanunvericiliyinin normalarını yanlış təqtbiq etməklə iddia tələbini təmin etməmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə 9000 manat pul ödəmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) cavadeh tərəfindən icra olunmamışdır. Sözügedən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsini tərəflər arasında bağlanmış hər üç müqavilə, şahid ifadəsi və birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilməyən səs yazıları təsdiq edir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. İş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar (izahatlar) birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunmuşdur. Lakın birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və nəzərə alınmamışdır

15. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi hüquq normaları kimi AR Mülki Məcəlləsinin 442, 441.2-ci maddələrini, pozulmuş prosessual hüquq normaları kimi 76, 77-ci maddələrini göstərmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Bildirdi ki, pul vəsaitini ondan depozit kimi alıblar. Ona icarəyə verilməli olan sahəni başqa şəxsə veriblər. Təqdim etdiyi səs yazılarında danışan şəxs cavabdeh şirkətdə direktor müavini vəzifədə çalışır, adı Bəhruzdur.

18. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi. Bildirdi ki, 3 000 manat məbləğində pul vəsaiti nağd şəkildə ödənilib, lakin qəbz təqdim olunmayıb. İddiaçıya şirkət özü ərizə ilə müraciət edərək pulun qaytarılmasını tələb etməyi təklif edib, lakin məhkəmədə həmin ərizənin onlara aid olmadığı bildirilib.

19. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Nümayəndəsi ərizə ilə müraciət edərək məzuniyyətdə olması səbəbilə iclasın başqa vaxta təyin edilməsini xahiş etdi. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehon iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. -402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. -402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən sassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 25 may 2022-ci il tarixli üç ayrı “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolu 57 ünvanında inşa edilən tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra orada yerləşən 3 ədəd qeyriyaşayış sahələrini icarə müqaviləsi ilə iddiaçının istifadəsinə verməyi, iddiaçı isə həmin obyektləri hazır olduqdan sonra icarəyə götürməyi və bunun təminatı olaraq müəyyən edilmiş maddi vəsait ödməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı hər bir müqavilə üzrə ümumi sahəsi 51.5 m² olan obyektin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq 3.000 manat olmaqla, ümumilikdə 9.000 manat pul ödədiyini, lakin cavabdehin tikinti materialları mətkəzinin tikintisi başa çatdıqdan sonra müvafiq obyektlərin onun icarəsinə vermədiyini, ilkin müqavilə üzrə ödədiyi məbləğlərin isə geri qaytarılmadığını iddia edir və 9000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir.

27. Kollegiya, mübahisəyə qiymət verilməsi üçün ilkin olaraq tələbin qanuni əsasını müəyyən etməyi zəruri sayır. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında ilkin müqavilələr bağlansa da, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin müqavilələrə əsasən gələcəkdə bağlanması nəzərdə tutulmuş tikinti bazarı mərkəzində ticarət obyektlərinə dair icarə müqavilələri ilkin müqavilələrdə nəzərdə tutulmuş müddətdə bağlanmamış, bununla da Mülki Məcəllənin 402.5-ci maddəsinin tələbləri baxımından ilkin müqavilələrə xitam verilmişdir. Odur ki, hazırda iddiaçı cavabdeh tərəfindən sonradan aradan çıxmış əsasa (xitam veirlmiş ilkin müqavilələrə) əsasən əldə etdiyi pulun geri qaytarılmasıını tələb etdiyindən, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələri təşkil edir.

28. İddia tələbinin əsaslılığına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlara əsasən iddiaçı tərəfindən 9000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi müəyyən edilmir. Belə ki, ilkin müqavilələrdə(2.3-cü bəndi) sahibkar tərəfindən təminat vəsaitinin ödənilməli olması barədə şərtin olması 9000 manat (hər bir müqavilə üzrə 3000 manat) məbləğində pul vəsaitinin cavabdeh cəmiyyətin xeyrinə ödənilməsi barədə nəticəyə gəlmək üçün əsas vermir.

29. İddiaçı tərəfindən təqdim edilmiş səs yazısına gəldikdə qeyd edilməlidir ki, həmin səsyazısından pulun hansı əsasla, hansı məbləğdə və kimə ödənilməsi aydın şəkildə müəyyən edilmir. Odur ki, həmin səs yazısı mübahisəli ilkin müqavilələr üzrə pulun verilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.

30. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3298/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar