Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-796/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3918/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 136odrftUBM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 17885,92 AZN, faiz üzrə 1772,41 AZN, cərimə üzrə 715,68 AZN, cəmi 20374,01 AZN və mediasiya xərci kimi ödənilmiş 200 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli e-2-2(113)-3918/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda iş üzrə bütün cavabdehlərin mediasiya cəlb edilməsi barədə birbaşa göstəriş yoxdur. Bundan başqa, hazırki iş üzrə mübahisənin Kommersiya Məhkəməsinə verilməsinə əsas olan hal digər cavabdehdən fərqli olaraq kredit alan Cavabdeh2 MMC-nin hüquqi şəxs olması və kreditin məqsədli təyinatının əmək haqqının ödənilməsi ilə bağlı olmasıdır. Mübahisənin yaranmasına əsas səbəb isə hüquqi şəxs olan kredit alan Cavabdeh2 MMC tərəfindən kredit borcu üzrə öhdəliyin yerinə yetirilməməsidir. Digər Cavabdeh1 iş üzrə zamindir, eyni zamanda isə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi direktorudur. Hazırkı mübahisəni barışıq sazişi bağlamaqla həll etmək hüququ da məhz kredit götürən Cavabdeh2 MMC-yə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə, cavabdehlə mübahisənin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrinə dair məlumatı təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə Mülki Prosessual Məcəllənin 4.6, 150.0.8, 151.1, 152.1.6-1ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı “12 saylı” Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/xx/xx-0556 nömrəli arayışından məlum olur ki, mediasiya sessiyası "xxxx" ASC və Cavabdeh2 MMC arasında keçirilmişdir. Bununla belə iddia ərizəsində isə kredit müqaviləsi üzrə borcun tutulması Cavabdeh2 MMC və Cavabdeh1 tutulması tələb edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, işin hallarından görünür ki, digər Cavabdeh1 iş üzrə zamin, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni təmsilçisi - direktorudur. İddia ərizəsinə əlavə edilmiş Bakı “12 saylı” Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/xx/xx-0556 nömrəli arayışından da məlum olur ki, mediasiya sessiyası zamanı Cavabdeh2 MMC-ni məhz qanuni təmsilçisi – direktoru Cavabdeh1 təmsil etmişdir. Göründüyü kimi mediasiya sessiyasında həm cavabdeh, həm də digər Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi olan Cavabdeh1 iştirak etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsinin istinad etdiyi formal əsaslarla geri qaytarıla bilməz. Kollegiya hesab edir ki, əks yanaşma iddiaçının məhkəməyə müraciət hüququnun formal əsaslara görə həddindən artıq məhdudlaşdırılması ilə nəticələnə bilər. Eyni yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında, o cümlədən Dattel Lüksemburqa qarşı işində də göstərilmişdir. Belə ki, həmin qərarda Məhkəmə qeyd etmişdir ki, daxili qanunvericilikdə əks olunmuş prosessual normalar məhkəmə iddiasının və ya apellyasiya şikayətinin, o cümlədən şikayətin faktoloji və hüquqi aspektlərinin ərizəçi tərəfindən müəyyən formada yazılmasını tələb edə bilər. Lakin bu tələb həddən artıq formalizmə gətirib çıxarmamalıdır (36-47-ci bəndlər). Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3918/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-2(103)-796/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-796/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver