Məhkəmə qərarları › İş №2-2(103)-797/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-797/2021

20.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-797/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun olmaması faktının müəyyən edilməsi və müdaxilənin qadağan hesab edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1304/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 yanvar 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və 29 yanvar 2021-ci il tarixli, 213853 nömrəli Aktlarının, 02 fevral 2021-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin və 03 fevral 2021-ci il tarixli xəbərdarlığının İddiaçı sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, 17 fevral 2021-ci ildə saat 10:30-dan 16:30dək; 11 mart 2021-ci ildə saat 14:30-dan-18:40-dək; 12 mart 2021-ci il saat 21:15-dək; 19 mart 2021-ci il saat 17:00-dək cavabdehin ünvan 1 ünvanında yerləşən müəssisəyə (binaya) enerji təchizatını dayandırmasının qanunsuz hesab edilməsi, eyni zamanda iddiaçının enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1304/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə NDQ № 008693 nömrəli akt əsasında yaranmış borcunun olmaması müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1304/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsinin qismən iddianın rədd edildiyi ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları qiymətləndirməmiş, iddia tələbini hansı hissədə və hansı səbəbdən əsaslı saymadığını qeyd etməmiş, iş üzrə gəldiyi nəticəni əsaslandırmamış, heç bir maddi hüquq normasına istinad etmədən qeyri-müəyyən qərar çıxarmışdır. İddiaçının iddia tələbləri kifayət qədər aydın və anlaşılan olmaqla, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 yanvar 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və 29 yanvar 2021-ci il tarixli, 213853 nömrəli aktlarının, 02 fevral 2021-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin və 03 fevral 2021-ci il tarixli xəbərdarlığının, İddiaçı sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, 17 fevral 2021-ci ildə saat 10:30-dan 16:30-dək, 11 mart 2021-ci ildə saat 14:30-dan – 18:40-dək, 12 mart 2021-ci il saat 21:15-dən 19 mart 2021-ci il saat 17:00dək cavabdehin ünvan 1 ünvanında yerləşən müəssisəyə (binaya) enerji təchizatını dayandırmasının qanunsuz hesab edilməsi və iddiaçının enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsindən ibarət olmuşdur. Lakin məhkəmə cavabdehin 008693 nömrəli aktının tarixini belə qeyd etməyə ehtiyac görmədən bu akt əsasında borcun olmadığını müəyyən etsə də, borc olmadığı halda tərtib olunmuş həmin akta və onun əsasında təqdim olunmuş hesab vərəqəsinə və cavabdehin nümayəndələrinin qanunsuz hərəkətlərinə qiymət verməməklə müəmmalı nəticəyə gəlmişdir. Halbuki, cavabdeh tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və 29 yanvar 2021-ci il tarixli, 213853 nömrəli Aktlar, 02 fevral 2021-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsi və 03 fevral 2021-ci il tarixli xəbərdarlıq cavabdehin öz hərəkətləri səbəbindən yaranmış (əgər həqiqətən belə hal varsa) sərfiyyata görə tərtib olunduğundan cəmiyyətdən pul tələbinə əsas ola, hər hansı məhdudlaşdırıcı tədbirə məruz qoyula bilməzdi. Cavabdehin əlavə sərfiyyata görə iddiaçı - Cəmiyyətdən ödəniş tələb etməsinin heç bir hüquqi əsası yoxdur, yəni onun tələbi qanunsuzluq, özbaşınalıq və inhisar mövqeyindən sui-istifadə kimi qiymətləndirilməli, qanunsuz hesab edilməli idi. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar iddiaçı tərəfindən təqdim olunmuş aktlar da sübut qismində öz hüquqi qiymətini almamış, iddiaçının borcu olmadığı halda cavabdeh tərəfindən elektrik enerjisinin qəflətən və dəfələrlə kəsilməsinə münasibət bildirməmişdir. İddia tələbinin təmin olunmaması hissəsində işin konkret hallarına istinad edilməmiş, təqdim edilmiş sübutlar qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına və maddi hüquq normasına istinad olunmadan, təsviri-əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun olmayan qətnamə qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1304/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən aşağıdakı iddia tələbləri irəli sürülmüşdür:

1. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 yanvar 2021-ci il tarixli, NDQ № 008693 nömrəli və 29 yanvar 2021-ci il tarixli, 213853 nömrəli aktlarının, 02 fevral 2021-ci il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin və 03 fevral 2021ci il tarixli xəbərdarlığının İddiaçı sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, 17 fevral 2021-ci ildə saat 10:30-dan 16:30-dək; 11 mart 2021-ci ildə saat 14:30-dan-18:40-dək; 12 mart 2021-ci il saat 21:15-dək; 19 mart 2021ci il saat 17:00-dək cavabdehin ünvan 1 ünvanında yerləşən müəssisəyə (binaya) enerji təchizatını dayandırmasının qanunsuz hesab edilməsi

2. İddiaçının enerji istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 306.4-cı maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Fiziki və hüquqi şəxslər tərəfindən məhkəmədə yalnız şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə iddia qaldırıla bilər. Bu iddialar ilk öncə xüsusi icraat qaydasında qaldırılmalı, hüquq haqqında mübahisə olduğu müəyyən edilərsə işə iddia icraatı qaydasında baxılmalıdır. Hazırda iddiaçının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etdiyi fakt (cavabdehə borcunun olmaması faktı) şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyətli fakt deyil. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya göndərilmiş hesab ödəniş vərəqəsindən görünür ki, iddiaçının 16.02.2021-ci il tarixə 47178,42 manat borcu yaranmışdır. İddiaçı əsassız hesablandığını iddia etdiyi borun ləğv edilməsi və ya abunə hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırmaq hüququna malik olduğu halda, borcunun olmaması faktının müəyyən edilməsi barəsində iddia qaldırmışdır ki, məhkəmə kollegiyası bu tələbə məhkəmə qaydasında baxılmasını mümkün hesab etmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, İddiaçı MMC-nin borcunun olmaması barədə tələbinin təmin edilməsi ilə onun pozulmuş hüquqlarının bərpası təmin edilmir və mübahisələndirilən borclar iddiaçının abunə hesabında qalmaqda davam edir. Bundan əlavə iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş aktlar, borc məbləğləri barədə iddiaçıya göndərilmiş hesab ödəniş vərəqləri, xəbərdarlıq məktubları müəyyən məlumatları əks etdirən sənədlər olmaqla iddiaçı üçün müstəqil olaraq hüquqi məsuliyyət müəyyən etmədiyindən, o cümlədən həmin sənədlərin ləğvi və ya qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticə doğurmadığından həmin iddia tələblərinə məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda müəyyən olunur ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə qeyd edilmiş tarixlərdə və saatlarda elektrik enerjisi təchizatının cavabdeh tərəfindən dayandırılması, iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrin qanunsuz hesab edilməsi barədə tələbləri iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə deyil, cavabdehi gələcəkdə belə hərəkətlərdən çəkindirmək məqsədi ilə qaldırıldığından bu tələblərə də məhkəmə qaydasında baxılması mümkün sayıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək iddiaçının məhkəmə qaydasında baxılmalı olmayan tələbləri üzrə qətnamə qəbul etdiyindən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1853/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1304/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar