Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-798/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-68/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 03 iyun 2015-ci il tarixli №038 KM/015 saylı kredit xətti müqaviləsinə əsasən borc üzrə 2133680,39 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 747474,98 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış faiz 564002,69 ABŞ dolları, ümumilikdə isə 3447158,06 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq ləğv prosesində "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli e-2-2(113)-68/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2133522,39 ABŞ dolları məbləğində əsas borc, 747474,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2880997,37 ABŞ dolları pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin 335 manat məbləğində hissəsinin cavabdehdən, 65 manat məbləğində hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxıla bilməzdi və məhkəmə tərəfindən məhkəmə aidiyyəti pozulub. Belə ki, Rusiya Federasiyasında qeydiyyatda olan və fəaliyyət göstərən "xxxx" ASC-yə qarşı işə Bakı Kommersiya Məhkəməsində baxılması yolverilməzdir. Bundan başqa "xxxx" ASC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, kredit borcu kredit təşkilatına tam həcmdə qaytarılmışdır. Həmçinin iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi kredit borcunun məbləği düzgün hesablanmamış faiz borcu məbləği şişirdilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə ekspert rəyi alınsa da, həmin rəylə də müəyyən edilmiş borc reallığı əks etdirmir. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aparılmış ödənişlər nə ekspert tərəfindən, nə də işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Borcun düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmədə izahat versələr də, məhkəmə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, iş üzrə gəldiyi nəticəni düzgün olmayan rəyə istinad edərək əsaslanmışdır. Sonuncu məhkəmə iclasının təxirə salınması, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkləri barədə ərizə ilə məhkəməyə müraciət etsələr də, məhkəmə çəkişmə prinsipini pozaraq işə onların iştirakı olmadan baxmaqla prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında 03.06.2015-ci il tarixli, 038 KM/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən "xxxx" ASC-yə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2133680,39 ABŞ dolları, müqavilə müddətinə faiz borcu 747474,98 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış faiz borcu 564002,69 ABŞ dolları, cəmi borcu isə 3447158,06 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2020-ci il tarixli, 1056 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən müqavilənin müddətinin bitmə tarixinə yəni 03 iyun 2018-ci il tarixə və müqavilə bitdiyi tarixdən sonra ekspert rəyi verilən tarixə, yəni 27.01.2020-ci il tarixinə 5% dərəcəsi ilə hesablanmaqla cavabdeh "xxxx" ASC-nin iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcu əsas borcu 2133522,00 manat, faiz borcu 748866,22 manat, ekspert rəyi verilən tarixə əsas borcu 2133522,00 manat və faiz borcu 1171303,58 manat təşkil edir. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən yenidən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2021-ci il tarixli, 9/4849 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 03.06.2015-ci il tarixli 038 KM/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC-nin 03.06.2018-ci il tarixədək (illik 12%-lə) banka olan əsas və faiz borcu 2882388,75 ABŞ dolları məbləğində, 03.06.2018-ci il tarixdən 14.11.2019-cu il tarixədək (illik 5%-lə) banka olan əsas və faiz borcu 3036772,80 ABŞ dolları məbləğində borc müəyyən edilir, o cümlədən 03.06.2018-ci il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), 14.11.2019-cu il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 154384,05 ABŞ dolları (illik 5%-lə) və cavabdeh tərəfindən aparılmış ödənişlər təyinatı üzrə əsas faiz borcuna düzgün yönəldilməmişdir. Birinci instansiya məhkəməsi 08 fevral 2021-ci il tarixli, 9/4849 saylı ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış faiz borcun tutulması hissəsində iddianı rədd etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddianın qismən təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh "xxxx" ASC-nin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 03.06.2015-ci il tarixli, 038 KM/15 saylı kredit müqaviləsinin 5-ci bəndinə əsasən bu müqavilənin məqsədlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı əsasında, belə razılıq əldə edilmədikdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada aidiyyatı məhkəmələr tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 443.0, 443.0.1 və 443.0.7-ci maddələrinin tələblərinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. İddiaçının Azərbaycan Respublikasında qeydə alınmış hüquqi şəxs olduğunu və tərəflər arasında bağlanmış müqavilənin icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Kredit müqaviləsi üzrə iddiaçının istinad etdiyi hallar isə kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa məhkəmə iclas protokollarından görünür ki, sonuncu məhkəmə iclasından başqa digər iclasların hər birində cavabdehin nümayəndəsi iştirak etmiş və iddiaya dair öz mövqeyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsində də təsbit olunmuşdur ki, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzrlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm Hazırki işdə də məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iclasa gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-68/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-798/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver