Məhkəmə qərarları › İş №2-2(103)-798/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-798/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-798/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-509/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı, ona məxsus olan bir ədəd “Hyundai Tucson” markalı nəqliyyat vasitəsilə (tip: universal, D.N.N: ** OR ***, Buraxılış ili: 2008) nəqliyyat xidmətlərini icra etməyi və sifarişçi isə xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 1.000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X9” MMC-dən 4.500 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, onun tərəfindən avtomobil Körpü Tunel Tikinti” MMC-nin istifadəsinə verilmiş və xx.xx.2022-ci il tarixə kimi cavabdehin istifadəsində qalmışdır. Lakin MMC tərəfindən ilk olaraq may ayı üçün müvafiq ödəniş edilməsinə baxmayaraq, sonradan heç bir ödəniş edilməmiş və bununla bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, həmin ödəniş edilməmiş, nəticədə məcbur qalıb nəqliyyat vasitəsini icarədən çıxarmış və bununla bağlı X6 tərəfindən müvafiq şikayət edilmişdir. Hazırda cavabdehin ona ödəməli 5.500 manat icarə haqqı vardır. Yəni, 01 may 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə kimi olan icarə haqqının ümumi məbləği 6.500 manat edir ki, ondan cavabdeh cəmi 1.000 manat ödəniş etmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı hər hansı iş görməyib və işlərin görülməsini təsdiq edən hər hansı sübutlar yoxdur. 1000 manat məbləği avans kimi ödəmişlər. 1000 manat məbləği geri tələb etməmələrinin səbəbi işçilərinin olmaması, şirkətin isə faktiki fəaliyyət göstərməməsi ilə bağlı olmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-509/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə xx.xx.2023-cü il tarixli qətnaməsindəki mövqeyinin tamamilə birbirinə zidd olaraq dəyişməsi, yəni eyni sübutlara fərqli cür qiymət verməsi anlaşılmaz olmuşdur. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasının yalnız birində iştirak etmiş, bu zaman izahatında müvafiq olaraq məhz iddiaçının hesabına şirkət tərəfindən həqiqətən məhz qeyd edilən xidmət müqaviləsi əsasında 1000 manat pul köçürüldüyünü bildirmiş, bu zaman həmin pulun avans kimi olduğunu bildirsə də, məhkəmə iclası gedişində bu fakt hakim tərəfindən dəfələrlə səsləndirilməyinə baxmayaraq, həmin hala qiymət verilməmişdir. Bundan əlavə təqdim edilmiş elektron qaimə və fakturalara da düzgün qiymət verilməmişdir. Halbuki, qiyabi qətnamə zamanı həmin elektron qaimə və faktura sübut kimi qəbul etdiyi halda, mahiyyəti üzrə qətnamə qəbul edilərkən heç bir əsaslı səbəb olmadan onlar sübut kimi qəbul edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

14. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

15. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

19. Belə ki, tərəflər arasında 01 may 2021-ci il tarixli, 19/0521 saylı xidmət müqaviləsinin imzalanması işin mübahisəsiz halını təşkil edir.

20. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

21. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin icarə müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

23. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

24. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

25. Belə ki, iddiaçı iddianın əsası kimi onun tərəfindən cavabdehə göndərilmiş 5 ədəd elektron qaiməni məhkəməyə təqdim etmişdir.

26. Həmin qaimələr aşağıdakı kimidir:

27. EBBF seriyalı, 313381 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən may ayı üçün 900 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

28. EBBF seriyalı, 314231 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən iyun ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

29. EBBL seriyalı, 712904 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən iyul ayı üçün 900 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

30. EBBL seriyalı, 712904 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 avqust 2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə əsasən avqust ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

31. EBBL seriyalı, 713628 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 avqust 2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə əsasən sentyabr ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

32. Göründüyü kimi təqdim edilmiş elektron qaimələrdən yalnız üçü - may, iyun, iyul ayları üzrə xx.xx.2021-ci il tarixli EBBF seriyalı, 313381 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 314231 saylı və xx.xx.2021-ci il tarixli EBBL seriyalı 712904 saylı elektron qaimələr 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı mübahisəli xidmət müqaviləsi əsasında tərtib edilmişdir. Digər iki qaimədə elektron qaimənin tərtib edilməsi əsası kimi xx.xx.2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə istinad edilmişdir.

33. Hazırki müqavilə üzrə cavabdehə göndərilən 3 ədəd elektron qaimənin ümumi dəyəri isə 2800 manat təşkil .

34. Məhkəmə iclasının audio-video yazısından isə müəyyən edilir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi müqavilə üzrə iddiaçıya 1000 manat ödəniş etdiyini, lakin bunun avans olduğunu bildirmişdir.

35. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə avansın ödənilməli olması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.

36. Eyni zamanda cavabdeh də həmin məbləğin məhz avans olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

37. Bu baxımdan kollegiya hesab edir ki, həmin məbləğin xidmət haqqı kimi ödənilməsi qəbul edilməlidir.

38. Həmçinin kollegiya qeyd edir ki, əgər cavabdehin və birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi həqiqətən iddiaçı cavabdehə heç bir xidmət göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Əksinə cavabdeh cəmi 1000 manat məbləğində ödəniş etmişdir.

39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

40. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5.1-ci bəndində işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhviltəslim aktına əsasən həyata keçirildiyi müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə xidmətlərin görülməsi (avtomobilin icarəyə verilməsi) elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

41. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə üzrə xidmətlərin həyata keçirilməsi (avtomobilin icarəyə verilməsi) birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin əməkdaşı olmuş X4 da təsdiq etmişdir.

42. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəf iddiaçıya müqavilə üzrə 1000 manat verdiyini etiraf etmişdir.

43. Bu baxımdan kollegiya hesab edir ki, ödənilən həmin məbləğ də nəzərə alınmalı və cavabdehdən iddiaçının xeyrinə cəmi 1800 manat tutulmalıdır (2800 – 1000 = 1800).

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir.

45. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-509/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar