Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-798/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Qoşanalı oğlunun və nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-778/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 467.000 ABŞ dolları əsas borcun, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faizin, cəmi 482.000 ABŞ dollarının və 1.111 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-778/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd edərkən nəzərə almayıb ki, iddiaçının bina tikintisi üçün yatırdığı vəsait investisiya şəklində iddiaçının mülkiyyətidir, buna görə də borc hesab oluna bilməz. İnvestisiya Fəaliyyəti haqqında Qanunun1.1.2-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri borc yox, investisiya adlanır.İnvestisiya qanunla qorunur. İddiaçı öz mülkiyyətindəki əmlakını(qoyduğum investisiyanı) geri tələb edir. Bu tələb üçün iddia müddəti təbiq edilə bilməz. Məhkəmə qətnamə çıxararkən qanunun həmin müddəasını tətbiq etməyib. Qətnamənin 33-cü bəndində məhkəmə göstərib k, əgər həqiqətən də, pul əmlakın alınması ilə bağlı olsa idi, MTK-ilə mülki hüquqi müqavilə (podrat, alqı-satqı) bağlanmış olardı. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə qiymət verilərkən tərəflər arasında borc müqaviləsindən irəli gələn mülki hüquq münasibətinin olması nəzərə alınmalıdır. Lakin tərəflər arasında borc münasibətlərini təsdiq edən hər hansı müqavilə mövcud deyil. Tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən yeganə sənəd cavabdehin iltizamıdır. Həmin sənəddə də birmənalı olaraq göstərilib ki, iddiaçı cavabdehə 492 000 ABŞ dolları pulu məhz Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (azadlıq metro stansiyasının ətrafında) verilib. Bu sənəd mövcud olduğu halda məhkəmənin iddiaçı ilə cavabdeh arasındakı münasibətləri borc müqaviləsindən irəli gələn münasibət olması nəticəsinə gəlməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi qanunsuz olaraq Mülki Məcəllənin 377.1-ci maddəsini də tətbiq etməyib. Məhkəmə nəzərə almayıb ki, iddiaçı hüquqlarının pozulduğunu 2023-cü ilin mart ayında bilib. Belə ki, həmin vaxta qədər cavabdeh ona qalan investisiya vəsaitinə uyğun “Red Plaza”adlı binadan qeyi-yaşayış sahəsi verəcəyini söz verib, iddiaçı da həmin binanın tikintisinin başa çatmasını və istismara qəbul olunmasını gözləyib. Lakin 2023-cü ilin martında cavabdeh iddiaçıya həmin binadan da sahə verməyəcəyini bildirib. Həmin vaxtdan heç bir il keçməmiş iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquq qiyməti verməyib, cavabdeh tərəfin ziddiyyətli mövqeyini, əvvəlcə iddiaçıdan pul alınmaması, sonradan alınan pulun tamamilə geri qaytarılması, daha sonra isə iddiaçının həqiqətən pulunun bir hissəsinin geri qaytarılmaması, lakin iddiaçı tərəfindən iddia müddətinin buraxılması barədə bir-birini təkzib edən izahatlarını nəzərə almayıb. Məhkəmə qətnaməsində yanlışlığa yol verilərək göstərilib ki, guya iddiaçı tərəf cavabdehin 482.000 ABŞ dolları borcunun qaldığını bildirib.Lakin iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmədə ardıcıl verdiyi izahatlarında göstərib ki, iddiaçının cavabdehdə 467 000 ABŞ dolları vəsaiti qalıb.(Qətnamənin 9-cu bəndi) Məhkəmə iddiaçının cavabdehə 492 000 ABŞ dolları pulu Binəqədi rayonu S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (azadlıq metro stansiyasının ətrafında) verməsi barədə iltizama da düzgün hüquq qiyməti verməyib.(qətnamənin 30-cu bəndi) İltizamda pulun açıqaşkar nə üçün verildiyi göstərilsə də məhkəmə qanunsuz olaraq hesab edib ki, guya iltizamda verilmiş pulun əvəzində hər hansı bir əmlakın verilməsi ilə bağlı qeyd mövcud deyil. Məhkəmə öz qətnaməsini tədqiq edilmiş sübutlarla (investisiyanın yatırlması barədə qəbzlə, binaların tikintisini təsdiq edən fotoşəkillərlə, verilmiş vəsaitin bir hissəsinin geri qaytarılması barədə cavabdehin özünün təqdim etdiyi qəbzlərlə) deyil, öz əsassız mülahizələri ilə əsaslandırıb.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
9. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
10. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
11. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
12. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
13. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. İnvestisiya fəaliyyəti haqqında qanunun 1.1.2-ci maddəsinə əsasən investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlardır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, “Cavabdeh MTKnın satış üzrə meneceri X6, İddiaçı Qoşunəli oğlundan Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün (Azadlıq metro stansiyasının ətrafında) xx.xx.2008-ci il tarixdə 246.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 246.000 ABŞ dolları aldım” məzmunlu iltizam tərtib edilmişdir. Qeyd edilmiş iltizam “Bağırov E.K” tərəfindən imzalanmış və Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından iddaçı tərəfindən cavabdehə istinad olunan iltizamda göstərilmiş məbləğdə pulun verilməsi müəyyən edilməlidir. Bu halla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iltizamda qeyd edilən məbləğdə pulun verildiyini qəbul etmişdir. Bundan sonra müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə verilmiş pulun qaytarılıbqaytarılmamasıdır. İddiaçı tərəf bu halla bağlı qeyd edir ki, cəmi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğində pul qaytarılmışdır. Cavabdeh tərəf isə qeyd edilmiş pulu tam olaraq qaytarıldığını bildirərək, “Rəşidə verilən pullar” başlıqlı dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surəti təqdim etmişdir. Qeyd edilən dəftərin əslinə məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında baxış keçirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş ksero surət iddiaçının özünə göstərilmiş və iddiaçı tərəf də, onun adı əks olunan hissələrdə imzanın ona aid olduğunu və orada göstərilən pulların qaytarıldığını bildirmişdir. Həmçinin də, qeyd etmişdir ki, qeyd edilən pullar sonuncu istinad olunan iltizamda göstərilən məbləğə deyil, ondan öncəki verilmiş pulların qaytarılmasına aiddir. Qeyd edilmiş əslinə baxış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçı tərəfin özünün qəbul etdiyi məbləğin cəmi 140.000 ABŞ dolları təşkil edir. Cavabdeh tərəf isə, qeyd edilmiş kağızda “Şahbaz”, “Akif”, “Xaliq”, “Urfani” adlı şəxslərə pulun verildiyini və həmin şəxslərin də, pulu iddiaçıya qaytardıqlarını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 qeyd edilmiş bütün pulların iddiaçıya qaytarıldığını bildirmişdir.
24. Qeyd olunanlardan məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qaytarılmış iddiaçının özünün qəbul etdiyi 140.000 ABŞ dolları məbləğində pul, sonuncu iltizamda qeyd edilmiş məbləğdən deyil, hər iki tərəfin qəbul etdiyi, əvvəllər mövcud olmuş və hər iki tərəfin məhv etmiş olduğu iltiamlarda qeyd edilmiş məbləğ üzrə qaytarılmış pul olmuşdur.
25. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır: Məhkəmə iclasında iddiaçı tərəfdən qeyd edilən məbləğdə pulun nə üçün, cavadehə verdiyi soruşulmuş, iddiaçı tərəf də, investsisiya qoyulduğunu; birgə fəaliyyətlə məşğul olduğunu; vermiş olduğu pulun əvəzində əmlak verilməli olduğunu bildirdi. Bundan başqa iddiaçı tərəf: əgər verilmiş pulların əvəzində əmlak verilməli idisə, nəyə görə əvvəlki iltizamlarda qeyd edilmiş pulları əmlak deyil, nağd pul şəklində almısınız? Sualına cavab olaraq qeyd etmişdir ki, əmlakın verilməyəcəni bildikdən sonra pulumuzu tələb etmişik. İş materillarına əlavə edlmiş əslinə baxış keçirilmiş dəftər vərəqindən edilmiş 1 səhifəlik ksero surətdən görünür ki, iddiaçının özünün məhkəmə iclasında qəbul etmiş olduğu pullar ona xx.xx.2009-cu il, 06.0.2010-c il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixlərdə ödənilmişdir. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, əgər əvvəlki iltizamlarda olan pullar 2009-2010-cu illərdə, nağd şəkildə qayatarılıbsa həm əvvəlki, həm də, hazırda istinad olunan iltizamda qeyd edilmiş pul vəsaiti cavavdehə borc olaraq verilmişdir. Həmçinin qeyd edilməlidir ki, iltizamda “Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün” ifadəsi qeyd edilmişdir, yəni verilmiş pulun əvəzində hər hansı bir əmlakın verilməsi ilə bağlı qeyd mövcud deyildir. Cavabdeh tərəf də, pulun əmlakın allınması ilə bağlı verilmədiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əgər həqiqətən də, pul əmlakın alınması ilə bağlı olsa idi, MTK-ilə mülki hüquqi müqavilə (podrat, alqı-satqı) bağlanmış olardı.
26. Məhkəmə 482.000 ABŞ dolları məbləğində cavabdehin iddiaçıya borclu olmasını, tərəf arasında borc müqaviləsi üzrə münasibətlərinin yaranmasını, iddiaçının borc müqaviləsi üzrə 3 illik iddia müddətinin ötürülməsini müəyyən etmişdir.
27. Göründüyü kimi işdən tərəflər arasında investisiya münasibətlərinin yaranması müəyyən edilməmişdir. Məhkəmə maddi hüquq normasını düzgün müəyyən etmişdir və tətbiq etmişdir.
28. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
30. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
31. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
32. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2008-ci il tarixdə 146.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 246.000 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta iddiaçının bildirdiyi 2022-ci il aprel ayında 25.000 ABŞ dolları məbləğinin qaytarılması halı da, iddia müddətinin keçməsindən sonra baş vermişdir. Yəni, iddia müddətinin keçməsindən sonra edilmiş etirafedici hərəkət, iddia müddətinin kəsilməsinə səbəb olmur. Çünki bu hərəkətlər iddia müddəti ərzində edilməli olduğu halda, nəzərə alınır.
33. İddiaçı apellyasiya şikayətində hüququnun pozulmasını iddia qaldırmamışdan 1 il əvvəl bilməsini qeyd etsə də, tərəflər arasında əvvəlki pulun verilib-qaytarılması baxımından iddiaçının hüququnun pozulmasını bilməməsi inandırıcı deyildir. İddiaçı şikayətdə qeyd etdiyi bu dəlili sübut edə bilmir.
34. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddia müddəti ötdüyündən düzgün olaraq rədd edilməlidir.
36. Apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq etməsinə maneə yaratmır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-778/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.