Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-8/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması barədə ilk iddia, həmçinin iddiaçı Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin cavabdeh İddiaçı MMC-yə qarşı borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia barədə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-437/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və cavabdeh X2 və Ticaret Anonim Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC ilə Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən dizayner (Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti) sahibkarın ("xxxx" MMC) sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində 14 ay (420 gün) müddətinə Kontakt Şəbəkə Layihələrini hazırlamalı, sahibkar isə bunun müqaqbilində görülən işlərin haqqını ödəməli idi. Müqavilənin ümumi dəyəri 600000 Avro müəyyən olunmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş işin ümumi həcmi 481,40 km məsafəni əhatə edir. Müqavilə üzrə "xxxx" MMC tərəfindən "xxxx" Şirkətinin hesabına ümumilikdə 456000 Avro məbləğində pul vəsaiti ödənilmişdir.
2. Həmçinin İddiaçı MMC ilə "xxxx" Şirkəti arasında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Böyük Kəsik-Gəncə arasında sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün Layihələr hazırlamalı, sahibkar isə bunun müqabilində görülən işlərin haqqını ödəməlidir. Müqavilə üzrə "xxxx" MMC tərəfindən "xxxx" Şirkətinin hesabına cəmi 90000 Avro məbləğində pul ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəlikləri vaxtında yetirmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş pulların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin ümumi dəyərinin 91%-nin ödənilməsinə baxmayaraq, dizayner tərəfindən müqavilənin şərtləri tam şəkildə icra edilməmişdir. Belə ki, müqavilənin 6-cı bəndinə əsasən işlər 14 ay (420 gün) müddətinə, yəni 16 iyun 2019-cu il tarixinə yekunlaşmalı idi. Dizayner tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin cəmi 320,80 km-i, yəni ümumi iş həcminin 66,6 % üzrə layihələndirmə işi aparılmışdır. Hətta həmin 320,80 km məsafənin cəmi 232,05 km-i üzrə layihə lazımi formada, möhürlə təsdiq edilərək sahibkara təqdim edilmişdir. Qalan 88,75 km məsafə üzrə isə layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. Təqdim edilmiş layihələrdə qüsurlar olduğundan Pico test nəticələrinə əsasən As-Builts standartlarına uyğun gəlmir. 38,55 km məsafə üzrə Pico sınaqlar vaxtında başa çatdırılmamışdır. Qeyd olunanlardan əlavə həmin müqavilənin 5.9-cu bəndinə əsasən dizayner tərəfindən hazırlanmalı olan bütün plan və layihələr sahibkar ilə razılaşdırıldıqdan sonra 3 dəst çap edilməli və sahibkara təhvil verilməli olduğu halda, vaxtında dizayner tərəfindən təqdim edilməmişdir. Təqdim olunan hazır plan və layihələr sahibkarı qane etmir və tam həcmdə deyildir. Eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sahibkara təqdim ediləcək bütün plan və layihələr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olur. Göstərilənlərlə yanaşı müqavilə şərtlərinə uyğun olaraq xidmət və layihələrin vaxtında təsdiqlənməməsi ucbatından sahibkar işçilərin və texnikanın boş dayanmasına görə ciddi ziyana məruz qalmaqdadır. Eyni zamanda müqavilənin dizayner tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən sahibkar üçüncü şəxs, yəni sifarişçi olan "xxxx" QSC qarşısında götürdüyü öhdəliklərini vaxtinda icra edə bilməmiş və bunun nəticəsində maliyyə itkiləri ilə üzləşmiş, eləcə də illər boyu qazandığı işgüzar nüfuzuna xələl gətirmişdir. Sadalananlar barəsində cavabdehə pretenziya qaydasında iradlar bildirilsə də, onun tərəfindən heç bir iş görülməmişdir.
5. Həmçinin İddiaçı MMC cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün İddiaçı MMC tərəfindən avans kimi ödənilmiş 90000 avro pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə uyğun olaraq sahibkar dizaynerin hesabına müqavilənin ümumi dəyəri olan 180000 Avronun əlli faizini, yəni 90000 Avronu dizaynerin hesabına köçürmüşdür. Lakin müqavilə imzalandığı gündən indiyədək dizayner tərəfindən konkret olaraq real vəziyyəti əks etdirən layihə və planlama işləri təqdim edilməmiş, hazırlanmış layihə və planlar isə tələblərə müvafiq hazırlanmamışdır. Ümumiyyətlə, dizaynerin mütəxəssisləri tərəfindən bununla əlaqədar aparılan layihələndirmə işləri düzgün istiqamətdə aparılmamış, bu da sahibkarı bir sifarişçi kimi qane etməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq xidmət və layihələrin vaxtında təsdiqlənməməsi ucbatından sahibkar işçilərin və texnikanın boş dayanmasına görə ciddi ziyana məruz qalmaqdadır. Eyni zamanda, müqavilənin dizayner tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən sahibkar üçüncü şəxs, yəni "xxxx" QSC qarşısında götürdüyü öhdəliklərini vaxtında icra edə bilməmiş və bunun nəticəsində maliyyə itkiləri ilə üzləşmiş, eləcə də illər boyu qazandığı işgüzar nüfuzuna xələl gətirmişdir. Sadalananlar barəsində dizaynerə pretenziya qaydasında iradlarını bildirsələr də, onun tərəfindən heç bir iş görülməmişdir.
7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(82)- 1114/2019 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması tələbinə dair e-2-2(82)- 1114/19 saylı iqtisadi mübahisəyə dair iş həmin məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması tələbinə dair 2-2(82)- 1086/2019 saylı iqtisadi mübahisəyə dair işlə bir icraatda birləşdirilmişdir.
8. İddiaçı "xxxx" MMC birləşdirilmiş iddialara dair dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış müqavilələr üzrə cəmi 363000 (273000+90000) Avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Eyni zamanda Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti cavabdeh İddiaçı MMC-yə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış 196000 avro məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 90000 avro məbləğində borc, 14300 Avro məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 300300 avro məbləğində pulun ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli müqavilə tam və layiqincə icra edilmiş, İddiaçı MMC isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, müqavilə üzrə hazırlanmış layihələrin, görülmüş işlərin 164000 Avro məbləğində dəyəri İddiaçı MMC tərəfindən ödənilməmişdir. Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən onların verdiyi topoqrafik layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmışdır. Proray Mühəndislik Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin, yəni ümumi iş həcminin 100 % üzrə layihələndirmə işi aparılmışdır, 320,8 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartoçkası hazırlanıb, İddiaçı MMC-yə təhvil verilmişdir, 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartoçkası hazırlanmış, həmin hissələrin ikisi, Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı «ATEF Şirkətlər Qrupu” MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün Dizayn planının təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə hər hansı qüsurlar olmamışdır, Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinin işləyib hazırladığı layihələr qeydşərtsiz İddiaçı MMC tərəfindən qəbul edilmiş və sifarişçi Azərbaycan Dəmir Yolları QSC-yə təhvil verilmişdir. Lakin sonuncu layihələrin hesab fakturaları (hakedişlər) İddiaçı MMC-yə göndərilsə də, İddiaçı MMC tərəfindən həmin ödənişlər ödənilməmişdir. Bundan əlavə, İddiaçı MMC tərəfindən müqavilənin şərtləri pozulmuş, Pico testləri yerinə yetirilməmiş, onlara təqdim edilməmişdir, ona görə də As-Builtslərin bəziləri İddiaçı MMC-nin təqsiri üzündən, piko testləri yerinə yetirməməsi və onlara təqdim etməməsi üzündən yerinə yetirilməmişdir. Halbuki, müqavilənin şərtinə əsasən əvvəlcə İddiaçı MMC tərəfindən Pico testlər yerinə yetirilməli, onlara təqdim edilməli idi, ondan sonra şirkət As-Builtsləri hazırlayıb, İddiaçı MMC-yə təhvil verməli idi. İlkin iddia ərizəsində göstərilən İddiaçı MMC təqdim olunan hazır plan və layihələrin onları qane etmədiyi və tam həcmdə olmadığı həqiqətə uyğun deyil. Eyni zamanda, müqavilədə İddiaçı MMC-yə təqdim ediləcək bütün plan və layihələrin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinin heç bir öhdəliyi yoxdur. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC-yə təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul edilməsindən imtina edilməsi nəticəsində "xxxx" Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. Sadalananlar barəsində İddiaçı MMC-yə pretenziya qaydasında dəfələrlə iradlar bildirilməsinə baxmayaraq, qarşı tərəf ödənişləri həyata keçirməmişdir.
11. Əlavə olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilənin 4-cü bəndinə görə Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti dizayner kimi İddiaçı MMC-yə yalnız kontakt şəbəkə sistemlərini layihələndirmə işləri və kontakt şəbəkə sistemləri ilə əlaqəli mövzular ücün məlumat verilməsi üzrə məsuliyyət daşıyacaqdır. İş çərçivəsində lazımi bütün infrastruktur və üstqurum planları (marşrut planı, profil planı və s.) İddiaçı MMC tərəfindən rəqəmsal şəraitdə alınaraq Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinə veriləcəkdir və bunların əsasında elektrikləşdirmə sistemlərinin kontakt şəbəkələrindən istifadə layihələri hazırlanacaqdır. Lakin bu bəndin tələblərini İddiaçı MMC pozmuş, baş plandakı dəyişiklikləri və planları onlara verməmiş, piko test həyata keçirməmişdir. İşlərin müqavilədə nəzərdə tutulmuş müddətdə görülməməsinin, gecikmənin səbəbi İddiaçı MMC-nin müqavilədə adıçəkilən planları Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinə verməməsidir, buna görə məsuliyyət də İddiaçı MMC-nin üzərindədir. Müqavilənin 4cü bəndinə əsasən sahibkar tərəfindən verilmiş ümumi prinsip dosyaları ilə bağlı olaraq təxminən 500 kilometr xətt marşrutu üçün sahə çalışmaları layihələri hazırlanacaqdır. Müqavilənin 5.4-cü bəndinə əsasən sahibkar («ATEF Şirkətlər Qrupu” MMC) tərəfdən işin sürətli gedişini təmin etmək üçün layihələr marşrutun müxtəlif məntəqələrindən başladılmaqla hissələrlə hazırlanacaqdır. Layihələr eyni anda birdən çox bölgə üçün hazırlanacaqdır və kompleks şəkildə tamamlanması gözlənməyərək mərhələlərlə hazırlanıb sahibkara təqdim ediləcəkdir. Müqavilənin 5.7-ci bəndinə görə sahibkar tərəfindən alınaraq dizaynerə verilən planlarda səhv olduqda, sahibkara məlumat veriləcək, lakin yaranan çatışmazlıqlara görə dizayner (Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti) məsuliyyət daşımayacaqdır. Müqavilənin 5.8-ci bəndinə görə kartoqrafiya işləri görülərkən yol verilən səhvdən irəli gələn problemlərə görə tamamilə sahibkar məsuliyyət daşıyacaqdır. Müqavilənin 5.10-cu bəndinə görə iş başa çatdıqda yekun layihələr (As-Build) hazırlanacaqdır. Yekun layihələrə salınması üçün sahə işlərində edilən dəyişikliklər həmişə dizaynerə bildirilməlidir. Yekun layihələr CD olaraq hazırlanacaq və sahibkara təhvil veriləcəkdir. Bunların çap edilməsi üçün sahibkar cavabdehdir. Layihəçi bu şərtlərə əməl etmişdir. Müqavilənin 5.17-ci bəndinə görə layihə çərçivəsindəki iş ümumilikdə 500 kilometrlik qoşa əsas xətt hissəsindən ibarətdir. Dizayner işə başladıqdan sonra idarə və ya sahibkar tərəfindən istənilən səbəbdən iş tamamilə dayandırıldıqda sahibkar müqavilə dəyərinin minimum 50%-ni (əlli faizini) dizaynerə ödəməlidir. Müqavilənin 6cı bəndinə görə ATEF Şirkətlər Qrupu ilə İdarə arasında imzalanan layihənin başa çatdırılma müddəti 18 aydır və imzalandığı gündən etibarən bu müddətin bir hissəsi istifadə edilmişdir. Kontakt şəbəkəsi sistemlərinin layihələndirilməsi işləri ilə bağlı infrastruktur, üst quruluş planlaşdırılmaları və sahə tətbiqləri ilə əlaqədar olaraq həyata keçirilən layihədir. Müqavilədə nəzərdə tutulmuş kontakt şəbəkəsi sistemlərinə dair işçi layihələrin 500 km cüt əsas qoşa xəttin içində hazırlanması işinin 14 ay ərzində başa çatdırılması nəzərdə tutulur və dizayner tərəfindən icra ediləcək işin müddəti idarə və podratçı arasında bağlanmış əsas müqavilənin müddətinə bağlıdır. Sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8000 avro ödəniləcək. Müqavilənin müddəti 14 ay, yəni 420 gündür, bu müddətdən sonra da iş davam edəcəksə, dizaynerə aylıq əlavə maaş ödəniləcək. İş tamamilə başa çatdırılmadan yekun layihələr (as-build) hazırlanmayacaq. Müqavilənin 7-ci bəndinə görə dizayner işə başladıqdan sonra görülən işin həcmi sahibkar tərəfindən 500 kilometrlik qoşa əsas xətt miqdarından azaldılarsa; başa çatdırılan hissənin neçə kilometr olmasından asılı olmayaraq sahibkar işin həcminin 400 kilometrə qədər olan hissəsi üçün nəzərdə tutulmuş 550000,00 €-nu (beş yüz əlli min Avro) layihə mütəxəssisinə ödəyəcək. Sahibkar və dizayner arasında bağlanan müvafiq müqavilənin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, hər ay üçün nəzərdə tutulmuş əlavə haqq 8000,00 €/ay (səkkiz min Avro/ay) təşkil edəcək. Göründüyü kimi, müqavilənin bu bəndinə əsasən İddiaçı MMC müqavilənin icrasını dayandırdığına görə lahiyəçi 550000 avro pul ödəməli idi. Sahibkar tərəfindən dizaynerə ödəniləcək ödənişlər sahibkarın idarədən alacağı ödənişlərdən asılı olmayacaq. Sahibkar ödənişlərlə bağlı hər hansı bir gecikmə baş versə belə, dizaynerə ediləcək müvafiq ödənişi gecikdirməyəcək. Sahibkar, əgər dizaynerə ödəniləcək haqqı müqavilədə nəzərdə tutulmuş tarixlərdə həyata keçirtməzsə, bu halda dizayner lahiyə işlərinin ödəniş edilənə qədər təxirə salacaq və bu müddətin uzadılmasından qaynaqlana biləcək xoşagəlməz hallara görə dizayner məsuliyyət daşımayacaq. Sahibkar işin ləğv olunmasını əsas gətirərək layihə (dizayn) haqqını ödəməkdən imtina edə bilməz. Müqavilənin 8-ci bəndinə görə ödənişlər müqavilə ilə nəzərdə tutulmuş BQ-yə əsasən həyata keçiriləcək. Sonrakı fakturalar (hakedişlər) aylıq olaraq kəsiləcəkdir. Hər aylıq faktura ((hakediş) həmin ayın 5-ci (beşinci) günü sahibkarla razılaşdıqdan sonra kəsiləcək və sahibkara təqdim olunacaq. Bu fakturalar əvvəlki ay ərzində hazırlanan və sahibkara təqdim olunmuş layihələrə aid məbləğləri əhatə edəcək. “Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti” tərəfindən sonuncu görülmüş işlərin aylıq fakturası İddiaçı MMC-yə təqdim olunsa da, İddiaçı MMC heç bir əsas göstərmədən layihəçinin xidmət haqqını ödəməkdən imtina etmişdir. Bundan başqa, İddiaçı MMC layihəçinin işçilərinin sahəyə daxil olmasına icazə verməmişdir. Müqaviləyə əsasən bütün işlərə rəqəmsal şəraitdə nəzarət ediləcək və sahibkar müvafiq ödənişləri faktura tarixindən etibarən 10 gün ərzində aşağıdakı bankın AVRO (€) İBAN hesabına nağd olaraq köçürəcək. Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən dəfələrlə internet vasitəsilə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu ildə e-mail vasitəsilə, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə isə həm emaillə, həm də karqo vasitəsi ilə yazılı pretenziya məktubları ilə İddiaçı MMC-yə və "xxxx" QSC-yə müraciət edərək, "xxxx" Şirkətinə olan borcun ödənilməsini və müqavilə şərtlərinə əməl edilməsi xahiş edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixində İddiaçı MMC ilə Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti arasında ikinci Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi Böyük Kəsik- Gəncə arasındakı mövcud asma kontakt sistemin mümkün dərəcədə qorunaraq birbaşa cərəyanın alternativ cərəyana çevrilməsinin həyata keçirilə bilməsi üçün lazımi “Sahə araşdırması-Hesabat vermə Layihələndirmə-Planlaşdırma” İşi müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən layihəçi İddiaçı MMC-nin sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi Böyük Kəsik-Gəncə arasındakı birbaşa cərəyan-alternativ cərəyan çevrilməsinin xətdəki mövcud asma kontakt sistemlərinin mümkün dərəcədə qorunaraq həyata keçirilməsi işinə aid “Sahə araşdırması-Hesabat vermə-Layihələndirmə Planlaşdırma” işlərini hazırlamalı, İddiaçı MMC isə bunun müqabilində görülən işlərin haqqını ödəməli idi. Müqavilə layihəçi tərəfindən tam və layiqincə icra edilmiş, İddiaçı MMC isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, müqavilənin 7-ci maddəsində onun ümumi dəyərinin 180000 Avro təşkil etdiyi qeyd olunmuşdur. Bu Müqavilə üzrə ödəniş şərtlərinə əsasən İddiaçı MMC tərəfindən cəmi 90000 Avro avans olaraq "xxxx" Şirkətinin hesabına köçürülmüşdür. Müqavilə üzrə hazırlanmış layihələrin, görülmüş işlərin 90000 avro məbləğində dəyəri isə İddiaçı MMC tərəfindən ödənilməmişdir. Layihəçiyə sifariş verilən layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmışdır. Bundan əlavə, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə layihəçinin əməkdaşları sahədən qovularaq çıxarılmışdır. Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən isə müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş layihələr 100 faiz hazırlanmış, layihələrin bir hissəsi İddiaçı MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün sonrakı layihələrin təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə hər hansı qüsurlar olmamışdır. Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinin işləyib hazırladığı layihə qeyd-şərtsiz İddiaçı MMC tərəfindən qəbul edilmiş və Sifarişçi Azərbaycan Dəmir Yolları QSC-yə təhvil verilmişdir. Lakin sonuncu layihənin hesab fakturası (hakediş) İddiaçı MMC-yə göndərilsə də, İddiaçı MMC tərəfindən həmin ödənişlər ödənilməmişdir. Göstərilənlərlə yanaşı, müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC-yə təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul edilməsindən imtina edilməsi nəticəsində Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir.
12. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixində bağlanmış subpodrat müqaviləsi üzrə layihəçi, izolyasiya edilmiş hava aralıqlarının dizaynını edərkən, layihəçi tərəfindən elektrik bəsləmələri Goran – Mingəçevir mənzili 225+328 km-ində, Mingəçevir – Yevlax mənzili 238+160 km-ində, Mingəçevir – Yevlax mənzili 239+460 – 239+671 km-lər və Yevlax – Malay mənzili 254+437 – 460 – 254+642 km-lər səhv dizayn edilmişdir. Layihəçi 10 kV xəttin dizayında keçişini göstərərkən, neçə ədəd naqilin keçdiyini Goran – Mingəçevir, Mingəçevir – Yevlax və Yevlax – Malay mənzillərində göstərməmişdir. Layihəçi hava aralığı orta anker və ya yoldəyişən zonaları xaricində 12,8 metrlik dayaqlar istifadə etməli idi, Mingəçevir – Yevlax mənzili 246/234 və 246/236 dayaqlarında 13,6 metrlik dayaqlar istifadə edilərək layihədə səhv edilmişdir. Layihəçi əksik məlumatlar olmadan layihə təhvil–təslimini etməli idi, Yevlax – Malay mənzilində əksik layihə təhvil verilmişdir. 252/61 – 252/63 nömrəli dayaqların çəkimi layihədə yer almayıb. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalı olduğu halda, Layihəçinin Yevlax – Malay mənzili 253/78 nömrəli dayaqda məlumatları bir – birindən fərqlidir. Layihəçi izolyasiya edilməmiş hava aralıqlarının detal dizaynını edərkən Yevlax – Malay mənzili 253+379 – 253+589 km-lər arası izolyatorları əlavə etməmişdir. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalıdır. Yevlax – Malay mənzili 253/102 – 253/104 nömrəli, Malay – Ləki mənzili 264/2 nömrəli, Əlikənd – Ucar mənzili 287/19 – 20 nömrəli və Malay – Ləki mənzili 273/257 – 258 – 259 – 260 – 261 – 262 nömrəli dayaqların dayaq tipləri məlumatları səhvdir. Layihəçinin Yevlax – Malay mənzili 256/212 dayaq nömrəsi məlumatları bir-birindən fərqlidir. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalıdır. Layihədə Əlikənd – Ucar mənzili 287/13 nömrəli dayağın dayaq nömrəsi məlumatları birbirindən fərqlidir, səhvdir. Tərəflər arasında bağlanmış ikinci xx.xx.2019-cu il tarixli müqavilə üzrə layihəçi tərəfindən hər-hansı bir iş görülməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-437/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) cavabdeh X2 və Ticaret Anonim Şirkətinə qarşı pulun qaytarılması barədə birləşdirilmiş ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətindən 72000 avro məbləğində pulun ilk iddia üzrə İddiaçı MMC-nin xeyrinə tutulması, iddiaçı X2 və Ticaret Anonim Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
14. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddia üzrə cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətindən 72000 avro məbləğində pul ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun” cümləsinin “72000 avro məbləği” hissəsinin dəyişdirilərək, 326208 avro məbləğində yazılmaqla, qalan hissəsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti də apellyasiya şikayəti verərək, həmin qətnamənin “ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi” hissəsində ləğv edərək, ilkin iddia tələbinin tam rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
19. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
22. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun
24. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
25. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
26. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
27. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
28. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası rədd edilməli, Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinin iddiası isə qismən təmin edilməlidir.
31. Belə ki, tərəflər arasında 2 ədəd podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.
32. İddiaçı MMC həmin müqavilələr üzrə işlərin qüsurlu olmasına istinad edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 273000 Avro, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 90000 Avro olmaqla cəmi 363000 Avro məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılması tələbini irəli sürmüşdür.
33. Kollegiya qeyd edir ki, ilk olaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə heç bir işin görülmədiyi bildirilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, həmin müqavilə üzrə müəyyən işlər görülmüş, lakin həmin işlər düzgün yerinə yetirilməmişdir.
34. Bu əsasla həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
35. Həmin Məcəllənin 762.2 və 762.3-cü maddələrində isə göstərilmişdir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3).
36. Qeyd olunan maddələrdən müəyyən edilir ki, podrat müqavilə üzrə işlərin qüsurlu olması podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyi, podratçının başqa podrat nəticəsini təqdim etdiyi və ya podratı kəmiyyətcə yerinə yetirmədiyi hallarda hesab edilir.
37. İddiaçı MMC bildirir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin cəmi 320,80 km-i, yəni ümumi iş həcminin 66,6 % üzrə layihələndirmə işi aparılmışdır. Hətta həmin 320,80 km məsafənin də cəmi 232,05 km-i üzrə layihə lazımi formada, möhürlə təsdiq edilərək sahibkara təqdim edilmişdir. Qalan 88,75 km məsafə üzrə isə layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə də işlər qüsurlu görülmüşdür.
38. Göründüyü kimi İddiaçı MMC işlərin bir qisminin görülməsini mübahisələndirmir, lakin bildirir ki, işlər qüsurlu görüldüyünə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 273000 Avro, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 90000 Avro podratçı tərəfindən ona geri qaytarılmalıdır.
39. Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti isə bildirir ki, görülmüş işlərdə heç bir qüsur olmamışdır.
40. Göründüyü kimi işlərin bir qisminin görülməsi mübahisəsizdir. Hazırda müəyyən olunmalı mübahisəli məsələ görülmüş işlərdə qüsurların olub-olmaması ilə bağlıdır.
41. Eyni zamanda qüsurun mövcud olduğuna istinad etdiyi üçün həmin halı sübutetmə yükü məhz iddiaçının üzərinə düşür.
42. İddiaçı MMC görülmüş işlərdə qüsurların mövcud olmasını təsdiq edən sübut qismində 30 iyun 2020-ci il tarixli “Auxitec” şirkətinin hesabatlarını (raportlarını) və İddiaçı MMC ilə icraçı “İnter-Enerqo” müəssisəsi arasında bağlanmış dəmir yollarında kontakt şəbəkəsi üzrə layihə işlərinin yerinə yetirilməsi üzrə 08 avqust 2019-cu il tarixli DY/02 saylı müqaviləni məhkəməyə təqdim etmişdir. Sonuncu ilə bağlı iddiaçı bildirir ki, cavabdeh işləri qüsurlu gördüyünə görə “İnter-Enerqo” müəssisəsi ilə müqavilə bağlanmış və bütün işləri həmin müəssisə yerinə yetirmişdir.
43. Kollegiya hesab edir ki, həmin sənədlər əsasında qüsurların olması müəyyən oluna bilməz.
44. Belə ki, əvvəla tarixlərindən də göründüyü kimi qüsurlara dair “Auxitec” şirkətinin raportları işlərin görülməsinə dair “İnter-Enerqo” müəssisəsi ilə bağlanan müqavilədən təxminən 1 il sonrakı tarixə tərtib edilmişdir.
45. Halbuki, məntiqi olaraq qüsurlar əvvəlcə aşkarlanmalı, daha sonra isə onların aradan qaldırılması istiqamətində işlər görülməli (müqavilə bağlanmalı və s.) idi.
46. Bundan əlavə İddiaçı MMC tərəfindən həmin müqavilə üzrə “İnter-Enerqo” müəssisəsinə ödənişlərin həyata keçirilməsi də müəyyən olunmur. Çünki bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
47. Həmçinin Mülki Məcəllənin 765-ci maddəsinin məzmunundan da aydın olur ki, əgər məmulatda qüsur mövcuddursa, bu zaman sifarişçi ilk növbədə həmin qüsurun aradan qaldırılması üçün əlavə icra müddəti müəyyənləşdirə, yalnız həmin müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda isə podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
48. Hazırki işdə isə iddiaçının görülmüş işlərdəki qüsurlarla bağlı cavabdehə nəinki tələb irəli sürməsi, adi qaydada məlumat verməsi belə müəyyən olunmur.
49. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırlanmış layihələrin elektron poçt vasitəsi ilə sifarişçiyə göndərilməsi razılaşdırılmışdır.
50. Hazırki işdə də tərəflər arasında baş tutan və işin 2, 3, 4, 6, 7, 8, 9, 10-cu cildlərində olan çoxsaylı e-mail yazışmaları məhkəməyə təqdim edilmiş, lakin onların heç birində İddiaçı MMC tərəfindən Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin gördüyü işlərdə hər hansı qüsurun olmasına istinad edilməmişdir.
51. Yalnız hazırki iddia qaldırılmamışdan əvvəl cavabdehə ünvanlanmış pretenziyada bir cümlə ilə dizayner tərəfindən təqdim olunmuş plan və layihələrin sahibkarı “qane etmədiyi və tam həcmdə olmadığı” qeyd edilmişdir. Həmçinin həmin pretenziyada hazırda istinad olunan “Auxitec” şirkətinin rəyinə də istinad olunmamışdır (cild 1, i/v 28).
52. Bunun əksinə, mübahisəli işlər üzrə baş layihəçi olan "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" QSC tərəfindən Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin layihələndirmə işlərində hər hansı nöqsanın olması barədə "xxxx" MMC-yə müraciət edilməmişdir.
53. Həmçinin iddiaçının qüsur kimi istinad etdiyi digər bir hal ondan ibarətdir ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sahibkara təqdim ediləcək bütün plan və layihələr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olur.
54. Kollegiya hesab edir ki, iddiaçının həmin hala istinad etməsi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə İddiaçı MMC-yə təqdim ediləcək bütün plan və layihələrin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkətinin heç bir öhdəliyi nəzərdə tutulmamışdır.
55. Bundan əlavə, iddiaçının qüsur kimi istinad etdiyi digər bir hal ondan ibarətdir ki, cavabdeh tərəfindən layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır.
56. Kollegiya iddiaçının həmin dəlillərini də əsassız hesab edir. Belə ki, Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə bu şərt nəzərdə tutulmamışdır. xx.xx.2018-ci il tarixli müqavilənin 5.9-cu bəndində isə qeyd olunmuşdur ki, bütün plan və layihələr elektron şətatdə və iki dildə (İngilis – Azərbaycan dili) hazırlanacaqdır. Hazırlanan sənədlər yoxlanılması üçün sahibkara rəqəmsal şəraitdə göndəriləcəkdir (CD və/və ya e-mail ilə). Sahibkarın razılığından sonra idarənin təsdiqi üçün 3 (üç) dəst çap ediləcəkdir və sahibkara təhvil veriləcəkdir. Bunların İdarəyə təqdimatı dizaynerin köməyi ilə sahibkar tərəfindən aparılacaqdır. Təqdimatdan sonra idarənin tələbinə əsasən lazımi düzəlişlər edilə biləcəkdir.
57. İş materiallarından da müəyyən edilir ki, cavabdeh tərəfindən hazırlanmış kayihələr elektron qaydada e-mail məktubları vasitəsi ilə iddiaçıya göndərilmişdir.
58. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən görülmüş işlərdə qüsurların olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
59. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının Mülki Məcəllənin 765-ci maddəsinin tələbləri baxımından cavabdehdən ödənilən muzdun yarısını geri tələb etməsi əsassızdır.
60. Bununla yanaşı kollegiya hesab edir ki, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti tərəfindən irəli sürülmüş podrat müqavilələri üzrə muzdun tutulması barədə tələblər qismən əsaslıdır.
61. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
62. Həmin maddənin tələblərinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
63. Hazırki işdə də Proray Mühendislik Sanayi və Ticaret Anonim Şirkəti bildirir ki, o, hər iki müqavilə üzrə bütün işləri görüb İddiaçı MMC-yə təhvil vermiş, lakin sonuncu muzdun bir qismini ödəməmişdir. Ona görə də sifarişçi xx.xx.2018-ci il tarixli müqavilə üzrə 164000 avro, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə ödənilməmiş 90000 avronu ona ödəməlidir.
64. Həmin tələblərə dair kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir.
65. Belə ki, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə 164000 avro məbləğində muzdun sifarişçidən tutulması tələbini irəli sürmüş, həmin tələbi məhz görülmüş işlərin dəyəri kimi əsaslandırmışdır.
66. Kollegiya hesab edir ki, İddiaçı MMC-dən həmin məbləğdə muzdun tutulması üçün əsaslar mövcud deyildir.
67. Belə ki, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti özü bildirmişdir ki, onun tərəfindən 481,40 km məsafədən 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı və quraşdırma kartoçkası hazırlanmış, həmin hissələrin ikisi, Yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, Dizayn planı «ATEF Şirkətlər Qrupu” MMC-yə təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün Dizayn planının təhvil verilməsi dayandırılmışdır.
68. Göründüyü kimi podratçı özü ödənişlərin ödənilməsinin dayandırılması səbəbi ilə qalan Dizayn planını təhvil vermədiyini etiraf etmişdir.
69. Bu mənada kollegiya qeyd etməyi zəruri hesab edir ki, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti həmin tələbi zərər kimi deyil, məhz müqavilə üzrə görülmüş işlərin dəyəri kimi tələb etdiyi üçün sifarişçinin ödənişləri həqiqətən dayandırıbdayandırmaması, bunun hansı tarixdən baş verməsi kimi halların əlavə araşdırılmasına zərurət yoxdur.
70. Bu baxımdan kollegiya hesab edir ki, 164000 avro məbləğində işləri təhvil vermədiyinə görə sifarişçidən həmin məbləğdə muzdun tutulması üçün də əsaslar mövcud deyildir. Ona görə də, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir.
71. Bununla yanaşı kollegiya hesab edir ki, xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə münasibətdə muzdun tutulması hissəsində iddia qismən əsaslıdır.
72. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin müqavilə üzrə İddiaçı MMC-nin işlərin qüsurlu görülməsinə dair dəlilləri əsassız hesab edilmişdir.
73. Bununla yanaşı, xx.xx.2019-xx.xx.2019-cu il arasındakı yazışmaların dəyərləndirilməsi ilə bağlı Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin özü tərəfindən təqdim edilmiş yazılı izahatda qeyd edilmişdir ki, həmin müqavilə çərçivəsində 180.000 Avro dəyərində işin 165.000 Avro hissəsi tamamlanmış və əksəriyyəti ATEF-ə göndərilmişdir (cild 6, i/17).
74. Göründüyü kimi, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti özü etiraf edir ki, həmin işlər tam deyil, qismən icra olunmuşdur.
75. Bu baxımdan kollegiya hesab edir ki, Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən yerinə yetirilmiş, lakin dəyəri ödənilməmiş podrat işlərinə görə 75000 avro muzdun İddiaçı MMC tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır (165000-90000 = 75000).
76. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməlidir.
77. Bununla yanaşı kollegiya hesab edir ki, 32000 Avro məbləğində pulun tutulması hissəsində qarşılıqlı iddia əsassızdır.
78. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 6-cı maddəsinə istinad edərək, həmin tələbi irəli sürmüşdür.
79. Həmin maddədə qeyd edilmişdir ki, sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8000 Avro ödəniləcək.
80. Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti bildirir ki, o, müqavilə müddətindən əlavə 4 ay işləmişdir.
81. İddiaçı isə bildirir ki, onlar cavabdehdən xidmət almaya davam etməmişlər, hətta dizayner tərəfindən göstərilmiş yarımçıq xidmətdən belə yararlanmamışlar.
82. Göründüyü kimi həmin halı sübutetmə yükü Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
83. Əksinə, cavabdeh özü bildirmişdir ki, iddiaçı tərəfindən ödənişlərin edilməsi dayandırıldığına görə onlar da işi dayandırmışlar.
84. Qeyd olunan fakt isə həmin tələbin təmin olunmasını istisna edir. Ona görə də həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir.
85. Həmçinin kollegiya hesab edir ki, 14300 Avro məbləğində əldən çıxmış faydanın tutulması hissəsində qarşılıqlı iddia təmin edilə bilməz.
86. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.
87. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
88. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
89. X3 Sanayi ve Ticaret Anonim Şirkəti fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.
90. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.
91. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın qismən rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə ilk iddia rədd edilməli və qarşılıqlı iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
92. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-437/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə 90000 Avro məbləğində pulun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı MMC-dən cavabdeh Proray Mühendislik Sanayi ve Ticaret Anonim Şirkətinin xeyrinə 75000 Avro məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə həmin iddia təmin edilməsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 və Ticaret Anonim Şirkətinə qarşı xx.xx.2019cu il tarixdə bağlanmış müqavilə üzrə 90000 Avro məbləğində pulun tutulması barədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn