Məhkəmə qərarları › İş №2-2(103)-80/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-80/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi K.X3, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC-nin cavabdeh “Cavabdeh” şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsindən (hakim Zaur Tağıyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC cavabdeh “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixli KP/TB/GUAR- 1/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci, cəmi 8.122,26 avro, 400 manat borcun, xx.xx.2012-ci il tarixli KP/TB/GUAR/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə 125.850 avro əsas borc, 48.201,99 avro faiz borcu, cəmi 174.051,99 avro borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən qarantiya müqavilələri üzrə vəsaitdən istifadə etmiş, lakin müqavilələrin tələblərinə zidd olaraq borcu ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdehə müqavilə üzrə borcun ödənilməsi haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər borcun ödənilməsi təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-1/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz borcunun, xx.xx.2012-ci il tarixli KP/TB/GUAR/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə 125.850 avro əsas borcun, 48.201,99 avro faiz borcunun, cəmi 181.933,9 avro borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxs deyil. O, yalnız filial kimi fəaliyyət göstərir. MM-in 53.3-cü maddəsində açıq-aşkar göstərilib ki, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-250/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-468/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin həmin qətnamədən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-250/2019 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi K.X5 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi qismən-xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə faiz borcu tutulması hissəsində dəyişdirilməli, həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 37050,28 AVRO faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə KP/TB/GUAR- 1/15-05- 2012 saylı və xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi qarantiya müqavilələri bağlanmışdır. xx.xx.2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə görə Qarant (iddiaçı) Prinsipalın (cavabdeh) tapşırığı ilə Benefisiar (“X9 GmbH” şirkətinə) müqavilə üzrə öhdəlik götürmüşdür ki, kənd təsərrüfatına aid ağır texnikanın alınması üçün 126,850 avrodan artıq olmayan məbləğin bu müqavilə ilə nəzərdə tutulan şərtlərlə və hüdudlarda Benefisiara ödənilməsi haqqında yazılı öhdəlik - qarantiya verir. Müqavilənin: 1.2-ci bəndinə əsasən Qarantiya verilməsinə görə Prinsipal Qarantiya məbləğinin xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinə kimi illik 6% miqdarında haqq ödəməlidir (minimum 1.000 AZN); 2.1-ci bəndinə görə Almaniyanın “X9 GmbH” şirkətindən kənd təsərrüfatına aid ağır texnikanın alınmasından sonra ödənişlərdə şərtləri pozduğu halda Qarant Benefisiarın yazılı tələbi ilə 126.850 avrodan artıq olmayan məbləği Benefisiara ödəməlidir; 4.4-cü bəndinə əsasən Qarant tərəfindən Benefisiara qarantiya üzrə hər hansı məbləğin ödənildiyi gün Prinsipialın Qarant qarşısında həmin məbləğdə kredit öhdəliyinin yarandığı gün hesab edilir və yaranmış borc illik 20% ilə faiz hesablanmaqla 90 bank gün müddətində müvafiq ssuda hesabında uçota alınır. Kredit üzrə borc məbləği yaranmış gündən 90 gün ərzində qaytarılmadıqda Prinsipial əsas borc məbləğindən və faizlərdən əlavə Qaranta vaxtında qaytarılmayan məbləğin illik 30% miqdarında cərimə faizləri ödəyir. xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi eyni şərtlərlə bağlanmış, qarantiya öhdəliyinin məbləği 475.925 avro təşkil etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli 255/13 nömrəli arayışlarına görə xx.xx.2012-ci il tarixli qarantiya müqaviləsi üzrə əsas borc 126850 AVRO ödənilmiş, cavabdehin xx.xx.2013-cü il tarixə 7.881,91 avro ödənilməmiş faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci qalmışdır. xx.xx.2012-ci il tarixli qarantiya müqaviləsi üzrə 350.075 AVRO ödənilmiş, xx.xx.2013-cü il tarixə 125.850 avro ödənilməmiş əsas borcu, 48.201,99 avro ödənilməmiş faiz olmaqla, cəmi 174.051,99 avro borcu qalmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə MM-nin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 739.1 maddələrinə istinad edərək iddianı xx.xx.2012-ci il tarixli qarantiya müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində, xx.xx.2012-ci il tarixli qarantiya müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin etmiş, swift xərci, ödənilməmiş düzəliş xərci, ödənilməmiş benefisiar xərci, ödənilməmiş ödəniş xərci hissələrində iddia tələbləri sübut edilmədiyindən həmin hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə həmin hissədə apelyasiya şikayətinin dəlillərini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır. Cavabdehin iş üzrə icraata xitam verilməli olduğuna dair apelyasiya şikayətinin dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. MPM-in 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsasları müəyyən edilmişdir. Hazırkı iş üzrə həmin əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasında qeydə alınmış hüquqi şəxs olmaması isə həmin hüquqi şəxsə qarşı iddia qaldırılmasını istisna etmir. MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Almaniya Federativ Respublikasının hüquqi şəxsi olan “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasında xx.xx.2008-ci il tarixdə filialı qeydiyyata alınmışdır. Buna görə də, müəyyən olunur ki, Azərbaycan məhkəmələri Azərbaycanda filialı olan cavabdehə qarşı qaldırılmış iddiaya baxmaqda səlahiyyətli olmuşlar. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisənin obyektiv həlli üçün cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçıya olan borcun tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli müstəqil auditor rəyini məhkəmə digər sübutlarla yanaşı yoxlayaraq hüquqi qiymət verməlidir. MPM-in 88-ci maddəsinə əsasən ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarının 2-ci cildinin 35-ci vərəqinə əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli audit rəyində qeyd edilmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərə əsasən audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, 2012-ci ilin oktyabr və dekabr aylarında “Cavabdeh” şirkətindən onun Azərbaycan Respublikasındakı filialının “xxxxxxxxxxx” ASC-dəki hesabına ümumilikdə 469619,6 Avro vəsait daxil olmuşdur ki, bu da bank zəmanətlərinin və bank xidmət haqqının və faizlərin tam ödənilməsinə yönəldilmişdir. “Auditor xidməti haqqında” Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi hər hansı halı qəti müəyyən edən sübutetmə vasitəsi deyil, hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Cavabdeh tərəfindən təqdim edilmiş audit rəyində cavabdehin banka olan əsas və faiz borcunun tam ödənildiyi qeyd edilsə də, rəydə hansı müqavilə üzrə borcun tam ödənilməsinin nəzərdə tutulduğu, hər bir müqavilə üzrə faiz borcunun auditor tərəfindən hansı məbləğdə müəyyən edildiyi qeyd edilməmişdir. Bundan əlavə rəydə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişin cəmi 469619,6 Avro təşkil etdiyi qeyd edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarına əsasən hər iki müqavilə üzrə ödənişlərin məbləğinin 476925 Avro olduğu müəyyən olunur. Göründüyü kimi, auditor cavabdehin həyata keçirdiyi ödənişlərin məbləğini belə düzgün hesablamamış və ödənişləri bankın arayışlarındakı məbləğlərdən az göstərmişdir. Eyni zamanda hər iki qarantiya müqaviləsi üzrə cavabdeh tərəfindən banka ödənilməli olan əsas borcun məbləği ümumilikdə 602775 Avro təşkil etdiyi halda, cavabdehin cəmi 469619,6 Avro ödəniş etməklə bütün borcu ödədiyinə dair auditor rəyində qeyd edilənlərin əsassız olduğu müəyyən olunur. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən audit rəyi işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən cavabdehin iddiaçıya olan qalıq borcunun məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/994 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə cavabdeh tərəfindən 350075 Avro ödəniş həyata keçirilmiş, bu məbləğ əsas borca silinmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan 37050,28 Avro faiz borcu ödənilməmişdir. xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-1/15-05- 2012 saylı müqavilə üzrə hesabdan çıxarış tam təqdim edilmədiyindən həmin müqavilə üzrə borcu hesablamaq mümkün olmamışdır. Cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə xx.xx.2012-ci il tarixdə KP/TB/GUAR-1/15-05- 2012 saylı müqavilə üzrə faiz ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, həmin müqavilə üzrə cavabdehdən faiz borcu tutulması hissəsində qətnamə qənuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən qətnamə həmin hissədə dəyişdirilərək qeyd edilən müqavilə üzrə cavabdehin ödəməli olduğu faiz borcu 37050,28 Avro məbləğində müəyyən edilməli, apelyasiya şikayətinin dəlilləri qalan hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi qismən-xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx- 2012 saylı qarantiya müqaviləsi üzrə faiz borcu tutulması hissəsində dəyişdirilməli, həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 37050,28 Avro faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Cavabdeh” şirkətinin apelyasiya şikayəti qismən edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi qismən-xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə faiz borcu tutulması hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il tarixli KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə cavabdeh “Cavabdeh” şirkətindən iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 37050,28 Avro faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “Cavabdeh” şirkətindən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 200 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar