Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, e-2-2(113)-2731/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 28.742,05 manat məbləğində əsas borc və 3.422,53 manat məbləğində faiz borcu olmaqla, cəmi 32.164,58 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC "xxxx" QSC ilə bağladığı 17.09.2019-cu il tarixli 001N**********77 saylı bank hesabının kreditləşməsi barədə müqaviləyə əsasən 01.09.2020-ci il tarixədək (overdraft müddəti) illik faiz dərəcəsi 18% оlmaqla, 30.000 manat məbləğində overdraft açılmışdır. Hesab sahibi bu müqavilə üzrə borcunu ödədikcə overdraft müddətində overdraft limiti bərpa olunur. Cavabdeh3 MMC bank hesabının kreditləşməsi barədə müqavilənin 1.3-cü bəndinin tələbini pоzaraq müqavilə üzrə ödəmələri dəfələrlə vəsaitləri 27.05.2020-ci il tarixdən banka istifadə etdiyi overdraft limitindən 1.246,17 manat ödəmiş, onun 28.742,05 manat məbləğində əsas borcu qalmışdır. Müqavilənin 2.4-cü və 2.5-ci bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən (daxil olmaqla) başlayaraq borcun banka tam qaytarılması tarixinədək (daxil olmaqla) hesablanır. Bir gün üçün faiz illik faiz dərəcəsinin 1/360 kimi müəyyən edilir. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh3 MMC overdraft borcundan və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.04.2021-ci il tarixə 329 gün üçün hesablanmış faiz borcu 3.422,53 manat təşkil edir. Bank hesabının kreditləşməsi barədə müqavilənin 4.4.1-ci bəndindən əsasən bank hesab sahibinə bildiriş göndərməklə overdraft borcunun dərhal banka qaytarılmasını və bu müqavilə əsasında hesablanmış faizlərin banka dərhal ödənilməsini tələb etməklə bu müqaviləni birtərəfli qaydada ləğv еtmək hüququna malikdir. Bank hesabının kreditləşməsi barədə müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 MMC ilə birgə məsuliyyət daşıyır və müqavilə üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2731/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.742,05 manat məbləğində əsas borc, 3422,53 manat məbləğində faiz borcu, cəmi 32.164,58 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq AccessbankQSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2731/2021, 10.09.2021-ci il qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya dövründə faizlərin hesablanmasında dövlət tərəfindən qanuni güzəştlər tətbiq edilməsinə baxmayaraq buna riayət edilməmişdir. Pandemiya dövründə dövlət tərəfindən ziyan çəkən sahibkarların əməkdaşlarına əmək haqqı ödənilməsi üçün vəsaitlər ayrılsa da bank şirkətdən qanuni formada əmək haqqı alan əməkdaşlarının əmək haqlarını verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 1950 nömrəli Sərəncam imzalamışdır. Qeyd edilən Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı “Tədbirlər Planı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin “Tədbirlər Planı”nda iqtisadiyyata və sahibkarlığa dövlətin kreditzəmanət dəstəyinin verilməsi istiqamətində bir sıra tədbirlər əks olunmuşdur. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı “Tədbirlər Planı”nın İİİ hissəsinin 3-cü bəndinə uyğun olaraq Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi X3 24 aprel 2020-ci il tarixdə “Koronavirus (COVİD - 19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nı təsdiq etmişdir. Qeyd edilən Qərar və Qaydaların qəbul edilməsinə baxmayaraq, güzəştlərin tətbiq edilmə barədə müraciətlər edilməsinə baxmayaraq bank tərəfindən heç bir hərəkət edilməyərək onsuzda fəaliyyəti iflic vəziyyətə düşən şirkətin vəziyyətini süni olaraq daha da ağırlaşdırmışdır. Bundan başqa pandemiyadan əziyyət çəkən muzdlu işçilərə əmək haqlar hesablanmasına baxmayaraq ilk əvvəl bank tərəfindən bu ödənişlər edilmiş, ilkin sonradan “kredit borcun var” adı altında əmək haqlarının ödənilməsindən bu günədək imtina etməklə nəinki şirkətin, şirkətin əməkdaşlarının da maddi vəziyyətini ağır vəziyyətə salmaqla qanunsuzluğa davam etmişdir. Bank tərəfindən əmək haqları təqdim edilməli olduğu halda həmin məbləği kredit borcunun silinməsinə istifadə etmişdir. Hesablanmış faizlər reallığı əks eldirmir, bununla əlaqədar ekspertiza keçirilməsi tələb olunsa da təmin edilməmişdir. Məhkəmə tərəfindən borc məbləği tam müəyyən edilməmişdir. İşə apellyasiya qaydasında baxılması 12.01.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, e-2-2(113)- 2731/2021 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə 28114,01 manat əsas borc, 2825,36 manat faiz borcu tutulmalıdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh3 MMC arasında 001N**********77 saylı, 17.09.2019-cu il tarixli Bank hesabının kreditləşməsi barədə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 MMC-nin cari hesabında pul vəsaiti hesab sahibinin ödəniş tapşırıqlarını yerinə yetirməyə kifayət etmədikdə, yaxud cari hesabda pul vəsaiti olmadıqda bank hazırkı müqavilədə müəyyən olunmuş şərtlərlə hesab sahibinin ödəniş tapşırıqlarını icra etməyi öz öhdəsinə götürür və həmin ödəniş tapşırıqlarını icra etdiyi hallarda bank bu müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə kredit vermiş sayılır. 1.2-ci bəndinə əsasən bank bu müqavilə üzrə hesab sahibinə 01 sentyabr 2020-ci il tarixədək illik faiz dərəcəsi 18% olmaqla 30.000 manat məbləğində overdraft açır. Overdraft limiti overdraft müddətində istənilən ana hesab sahibinin bank qarşısında hesablanmış faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Hesab sahibi bu müqavilə üzrə borcunu ödədikcə overdraft müddətində overdraft limiti bərpa olunur. 1.3-cü bəndinə əsasən hesab sahibi overdraft müddətində overdraftdan istifadə etməyi, overdraftı borclarını, overdraftdan istifadə etdiyi üçün hesablanmış faizləri bu müqaviləyə uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən overdraft faizləri hər bir overdraft borc ayrılıqda hesablanır. 2.4-cü bəndinə əsasən faizlər overdraft borcu yarandığı tarixdən başlayaraq overdraft borcunun banka tam qaytarılması tarixinədək hesablanır. 2.5-ci bəndinə əsasən bir gün üçün faiz illik faiz dərəcəsinin 1/360 kimi müəyyən olunur. 2.7-ci bəndinə əsasən hesab sahibi bu müqavilənin şərtlərinə əməl etmədikdə möhlət dövründən sonra və ya overdraft müddəti bitdikdən sonra bu müqavilədə nəzərdə tutulmuş müvafiq faiz dərəcəsinin 2 mislində faiz dərəcəsi tətbiq olunur. 3.1-ci bəndinə əsasən overdraft borcu overdraft müddətinin son tarixindən gec olmayaraq banka ödənilməlidir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" QSC (bank) ilə Cavabdeh1 arasında 17 sentyabr 2019-cu il tarixli, 001S**********01 saylı, Cavabdeh2 arasında 17 sentyabr 2021-ci il tarixli, 001S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. "xxxx" QSC tərəfindən borclulara borcun ödənilməsi barədə 05.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Borc ödənilmədiyindən iddiaçı 20.05.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 442, 443.1 və 448.1-ci, 739-cu, 743-cü, 470.1-ci, 472.1-ci, 472.2-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunmuşdur ki, kredit öhdəliyi üzrə 23.06.2021-ci il tarixdə 1225,21 manat ödəniş edilmiş, bu məbləğin 628,04 manatı əsas borcdan silinərək əsas borc qalığı 28114,01 manat təşkil etmiş, lakin iddiaçı tərəfindən bu barədə birinci instansiya məhkəməsinə məlumat verilməmişdir. Ödənilmiş 1225,21 manat məbləğin 628,04 manatı əsas borcdan silindiyi nəzərə alınaraq, həmin məbləğin 597,21 manatının faiz borcundan silindiyi, buna görə də qalıq faiz borcunun 2825,32 manat təşkil etdiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə əsas və faiz borcu hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 28114,01 manat, faiz borcunun məbləği 2825,32 manat müəyyən edilməlidir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğuna dair apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən məhkəməyə ödəniş sənədləri təqdim edilmədiyindən və iş materiallarında xüsusi bilik tələb edən hesablama aparılması zəruri olan sənədlər olmadığından cavabdehlərin bu barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin digər bir dəlili bundan ibarətdir ki, pandemiyaya görə hüquqi şəxsə işçilərin əmək haqlarının ödənilməsi üçün köçürülmüş vəsait kredit borcuna görə təqdim edilməmişdir. İş materiallarındakı İddiaçı QSC-nin 17.07.2021-ci il tarixli məktubundan görünür ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar işçilərə ödənilməsi üçün 1853,25 manat pul vəsaiti Cavabdeh3 MMC-nin bankdakı hesabına köçürülmüş, həmin vəsaitin səlahiyyətli şəxs vasitəsi ilə məxaric edilməsinin mümkün olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya olan kredit borcunun cavabdehlər tərəfindən tam ödənilməsi barədə işdə sübutlar olmadığından iddia tələbinin tam rədd edilməli olduğuna dair apellyasiya şikayəti əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, e- 2-2(113)- 2731/2021 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə 28114,01 manat əsas borc, 2825,36 manat faiz borcu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 MMC-nin, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, e-2-2(113)- 2731/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 28114,01 manat əsas borc, 2825,36 manat faiz borcu, cəmi 30939,37 manat tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-80/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-80/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver