Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının direktoru Nümayəndə3, nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin həmin iddia üzrə cavabdeh “Total E&P Absheron B.V” şirkətinə qarşı pulun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “Total E&P Absheron B.V” şirkətinin həmin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zəzərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il tarixli e-2-2(113)-36/2021 saylı qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5.395.039 ABŞ dollar məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-36/2021 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsi və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan əvvəlki icraatlar: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli 2-2(103)-1030/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. İddiaçının 2021-ci il 27 avqust tarixində həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli qərarı ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli 2- 2(103)-1030/2021 saylı qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(103)-183/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tarixli e-2-2(113)-36/2021 saylı qətnaməsinin ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-522/2022 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2- 2(103)-183/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatları: Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş mаtеriаllаrını və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30-cu km ünvanda qeyri - yaşayış binasının yerləşdiyi 1036,7 kv.m dövlət mülkiyyətində olmaqla "xxxx" MMC-nin istifadəsində olan sahə kimi 2016-cı il 22 iyulda qeydiyyata alınmışdır. - “İcarəyə verən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “İcarəçi” "xxxx" LTD MMC arasında bağlanmış 2032-ci il 10 may tarixinədək qüvvədə olması müəyyən edilmiş 2017-ci il 10 may tarixli 306/97 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30- cu km ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 21.333,7 kv.m torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilir. Torpaq sahəsinin illik icarə haqqı 25.632 manat, aylıq icarə haqqı isə 2.136 manat təşkil edir. - “Sifarişçi” adlanan “Murphy Shipping & Commercial Services Azərbaycan MMC” ilə “İcraçı” adlanan İddiaçı MMC arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 2017-ci il 1 dekabr tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqaviləyə görə, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli 2(009)-1359/18 saylı qərardadı ilə cavabdeh "xxxx" Şirkətinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti qismən təmin edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" Şirkətinə, X2 və X4 qarşı “əsas borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh "xxxx" Şirkətinə aid hissədə xitam verilmiş, cavabdeh "xxxx" Şirkətinə qarşı tələbləri üzrə mübahisəni həmin hüquqi şəxslə bağladığı müqavilə şərtlərinə uyğun qaydada həll etmək hüququ olması iddiaçı "xxxx" MMC-yə izah edilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 22 may tarixli 2(103)- 6267/18 saylı qərardadı ilə iddiaçı “Murphy Shipping and Commercial Services Azerbaijan MMC-nin şikayəti təmin edilməmiş, cavabdehlər X1 və X3 şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli qərardadı qismən – cavabdehlər X5 və X4 dair hissədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də vəsatət təmin olunmuş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X5 və X4 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdehlər X5 və X4 dair hissədə də xitam verilmiş, qərardad qalan hissədə yəni, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X5 və X4 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdeh "xxxx" şirkətinə aid hissədə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2(102)-5666/18 saylı qərarı ilə iddiaçı “Murphy Shipping and Commercial Services Azerbaican“ MMC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2018-ci il 22 may tarixli 2(103)-6267/18 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr 2(103)- 11554/2018 saylı qərardadı ilə iddiaçı “Murphy Shipping and Commercial Services Azerbaican“ MMC-nin və cavabdelər X5 və X3 şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 mart tarixli 2(102)-1499/18 saylı qərarı ilə iddiaçı “Murphy Shipping and Commercial Services Azerbaican“ MMC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2(103)-11554/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli e-2-2(81)- 1024/2019 saylı qərardadına əsasən, cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 mübahisə predmeti üzrə arbitraj razılaşmasının mövcud olması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-2(103)-812/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli 2-2(81)-1024/2019 saylı qərardadının ləğv edilməsi, cavabdeh "xxxx" Şirkətinin şikayətinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə (üçüncü şəxs: “Murphy Shipping & Commercial Services“) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 11 mart tarixli, 2-2(102)-31/2020 saylı qərarı ilə İddiaçı MMC-nin və 3-cü şəxs "xxxx" MMCnin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli qərardadının ləğv edilməsi, işin mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 2020-ci il 30 sentyabr 435 tarixli nömrəli rəyinə əsasən, İddiaçı MMC-nin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması (bazarda olan qiymətlərdən yüksək, orta səviyyə və ya aşağı olması) sualı üzrə icarə, anbar saxlama, yük əməliyyatları, yük əməliyyatları texnikasının qiymətləri üzrə gəldiyi nəticədən görünür ki, Abşeron yarımadasında yerləşən anbar sahələrinin 1 kv.m-nin 1 aylıq orta icarə haqqı təxminən 3,70 manat müəyyən edilir. İcarə qiymətləri sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük sahələrinə dair aylıq icarə qiymətləri Abşeron yarımadasında mövcud olan icarə qiymətlərinə uyğundur (icarə qiymətləri). Abşeron yarımadasında yerləşən anbar xidmətləri təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən 1 kilonun gündəlik saxlanc qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlərdən aşağıdır (anbar saxlama xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları xidməti təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlər səviyyəsindədir (yük əməliyyatları xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları texnikasının işlədilməsinə dair qiymətləri təklif edən şirkətlərin tarifləri ilə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları texnikasının işlədilməsi qiymətləri səviyyəsi Abşeron yarımadasında mövcud olan qiymətlərə uyğundur (yük əməliyyatları texnikasının istifadə qiymətləri). - İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli invoysa əsasən, sonuncu onlara ödəməli olduğu məbləğ 6.683.117,35 manatdır. - İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli 64 saylı məktubunda qeyd olunmuşdur ki: “Bununla əlavədə nəzərinizə şirkətlərinin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 01/21 saylı 2021- ci il 1 fevral tarixli invoys 2020-ci il 1 sentyar tarixindən 2021-ci il 30 noyabr tarixlərinə aid Total şirkətinin avadanlığının 91 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc AZN 6,683, 117.35 təşkil edir. Beləliklə, Total şirkətinin 2020-ci il 1 dekabr tarixinə yığılmış ümumi borcun məbləği AZN 47.827. 498,60 çatıbdır. Yenədə xahiş edirlər CSVS idarə etdiyi X9 anbar və bizness kompleksində gündəlik mühafizəli saxlancda olan Total şirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə AZN 73.440,85 miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.” - İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 mart tarixli 65 saylı məktubda qeyd edilmişdir ki: “Bununla əlavədə nəzərinizə şirkətlərin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 02/21 saylı 2021-ci il 1 mart tarixli invoys 2020-ci il 1 dekabr tarixindən 2021-ci il 1 mart tarixlərinə aid Total şirkətinin avadanlığının 90 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc 6.609.676.50 AZN təşkil edir. Beləliklə Total şirkətinin 2020-ci il 1 mart tarixinə yığılmış ümumi borcun məbləği daha 54.437.175,10 manata çatıbdır. Yenə də xahiş edirlər, CSVS idarə etdiyi X9 anbar və biznes kompleksində gündəlik mühafizəli saxlancda olan Total şirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə 73.440,85 manat miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.” Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, sifarişçi "xxxx" Şirkəti ilə icraçı "xxxx" MMC arasında TEPAb-12-20-00 nömrəli 15 noyabr 2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi bağlanılmış və müqavilə əsasında Murphy şirkəti Total Abşeron şirkətinə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv.m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli icarəyə vermişdir. İş materiallarında olan sənədlər əsasında yalnız "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. Hazırki İddiaçı MMC ilə "xxxx" Şirkəti arasında isə hər hansı müqavilə mövcud olmayıb və iddiaçı özü də sonuncu ilə hər hansı müqavilənin bağlanmadığını bildirir. Həmçinin, iddiaçının mövqeyinə əsasən, üçüncü şəxs «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə bağladığı Təsərrüfat idarəçiliyi barədə müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir. İşdə olan «Sifarişçi» «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə «İcraçı» İddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş xx.xx.2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar. İddiaçı bildirir ki, üçüncü şəxs «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə bağladığı Təsərrüfat idarəçiliyi barədə müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir. İş materiallarında olan «Sifarişçi» «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə «İcraçı» İddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş xx.xx.2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar. Kollegiya hesab edir ki, həmin müqavilə sadəcə təsərrüfat idarəçiliyi haqqındadır və Mülki Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş tələbin güzəşti müqaviləsi deyildir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi kimi “Təsərrüfat idarəçiliyi barədə” müqavilənin tələbin güzəştini nəzərdə tutması qəbul edilsə belə, "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X6 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, Murphy TOTAL-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Göründüyü kimi İddiaçı MMC-nin "xxxx" LTD MMC-nin tələbetmə hüququnun keçməsi üçün "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin 6.18-ci bəndinə əsasən "xxxx" Şirkətinin müvafiq razılığı olmalı idi. Lakin, "xxxx" Şirkəti tərəfindən belə bir razılıq verilməmişdir. Kassasiya instansiya məhkəməsi tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərkən “Murhpy” şirkətinin icarəsində olan saxlanc yerinin təsərrüfat idarəçiliyini istənilən digər subyektə həvalə etməkdə və hətta həmin sahə üzərində icarə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada satmaqda tamamilə sərbəst olması, Ali Məhkəmənin 2-2(102)-31/2020 saylı qərarında cavabdehlə Murphy arasında bağlanılmış 2012-ci il 15 noyabr tarixli TEPAb-12-20-00 saylı müqaviləyə 2017-ci il 14 noyabr tarixindən xitam verilməsinin müəyyən edildiyi və həmin qərarın hazırkı iş üzrə MPM-in 82.3, 233.3 və 415-2-ci maddələrinin tələbləri baxımından preyudisial xarakter daşıması ilə əsaslandırmışdır. Kollegiyanın qənaətinə görə “Murphy” şirkətinin icarəsində olan saxlanc yerinin təsərrüfat idarəçiliyini istənilən digər subyektə həvalə etməkdə və hətta həmin sahə üzərində icarə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada satmaqda sərbsətlik hüququ olsa da, bu hüquq digər bir hüquqi şəxsin qanuni müqavilə ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarını da məhdudlaşdırmamalıdır. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli 2-2(102)-31/2020 saylı qərarı mübahisənin faktiki halları üzrə araşdırılma aparılaraq qəbul edilmiş yekun qərar olmamaqla, həmin qərarla aşağı instansiya məhkəmələrində edilmiş prosessual hərəkətlər yoxlanılmış və iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır ki, bu da yuxarıda qeyd edilən normaların tələbi baxımından hazırkı iş üzrə predyusal xarakter daşıya bilməz. Digər tərəfdən "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12- 20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistika Xidmətlərinin Göstərilməsi X6 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə və “Müqavilə Müddəti” anlayışına əsasən müqavilə TOTAL-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir. Hazırki işin mübahisəsiz halıdır ki, TOTAL-a məxsus avadanlıqlar hələ də "xxxx" LTD MMC-yə icarə müqaviləsi əsasında ayrılmış və hazırda İddiaçı MMC-nin sahibliyində olan saxlanc yerindədir. Beləliklə, TOTAL-a məxsus avadanlıqlar hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün müqavilə TOTAL-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. Belə olan halda, tərəflər arasında qanunvericiliyə uyğun müəyyənləşdirilmiş müqavilə şərtlərinə əsasən, TEPAB-12-20-00 saylı müqavilə hələ də qanuni qüvvədə olduğu təqdirdə cavabdeh tərəfindən “Murhpy”ə göndərilmiş 2017-ci il 13 oktyabr tarixli GM-DL 469/17 saylı, 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 saylı, 2018-ci il 23 oktyabr tarixli GM-DL 567/18 saylı məktubların mətnində ifadə olunmuş hüquqi əhəmiyyət kəsb etməyən mövqe müqavilə müddətinin bitməsi nəticəsinə gəlməyə əsas vermir. Qeyd edilənlərdən də aydın olduğu kimi, cavabdehə məxsus avadanlıqlar üçüncü şəxs "xxxx" MMC ilə bağlanmış və hal-hazırda da qüvvədə olan müqavilə əsasında sonuncunun saxlanc yerində yerləşdirilmişdir. Hazırki iddiaçı CSVS ilə cavabdeh TOTAL şirkəti arasında isə hər hansı müqavilə bağlanmadığından, iddiaçının cavabdehdən ödəniş kimi pul vəsaiti tələb etməsi əsassızdır, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin rədd edilməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” hissəsində əsaslı hesab etmiş, düzgün olaraq qeyd etmişdir ki, “... TOTAL ilə CSVS arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığına, TOTAL öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün CSVS şirkətinə hər hansı səlahiyyət vermədiyi və TOTALın müvafiq avadanlıqlar üzrə mülkiyyəti CSVS tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, həmin əmlaklar üzərində CSVS-in sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Buna görə də sahiblik qanunsuz həyata keçirildiyi üçün CSVS şirkəti ona məxsus olmayan əmlakı mülkiyyətçiyə, yəni, Total şirkətinə geri qaytarmalı olmasına dair qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslıdır.” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və qeyd edir ki, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, "xxxx" Şirkətinə məxsus avadanlıqların hazırda İddiaçı MMC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Eyni zamanda, həmin sahibliyin qanunsuz olması da işin faktiki halları ilə öz təsdiqini tapır. Belə ki, TOTAL-ın müvafiq avadanlıqlar üzrə mülkiyyəti iddiaçı şirkət CSVS tərəfindən şübhə altına alınmamış və ya mübahisələndirilməmişdir. Bununla birgə, iddiaçı və cavabdeh arasında hər hansı saxlanc, icarə və ya digər tipli müqavilə mövcud olmamış, "xxxx" Şirkəti öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün İddiaçı MMC-yə hər hansı qanuni razılıq və ya səlahiyyət verməmişdir. Ona görə də kollegiya hesab edir ki, "xxxx" Şirkəti TEPAB-12-20- 00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi qanunsuz saxlanılan əmlakın geri qaytarılması tələbinə dair hissədə qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-2(103)-80/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-80/2023
27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver