Məhkəmə qərarları › İş №2-2(103)-80/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-80/2024

09.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-708/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. 06.01.2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus **-TS-*** dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh MMC-yə məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir.

2. Həmin hadisə nəticəsində İddiaçı MMC-yə məxsus **-TS-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir.

3. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Cavabdeh MMCyə məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Suraxanı RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.

4. “Azərsığorta” DSKŞ tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 4.498,02 manat məbləğində sığorta ödənişi İddiaçı MMC-yə ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə dəymiş ziyana görə 10.062,98 manat və əldən çıxmış faydaya görə 1800 manat olmaqla, cəmi 11.862,98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, ona məxsus avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı olan 14.561 manatdan 4.498,02 manat məbləğin sığortaçı tərəfindən ödənildiyi əsas tutularaq 10.062.98 manat vəsaitin 15 təqvim günü ərzində İddiaçı MMC-nin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.

7. Cavabdeh iddiaya etiraz etmiş və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-708/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia iddiası qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq 7.741,98 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işldə olan sənədləri araşdırarkən diqqətsizlik göstərmiş, nəticədə iş üzrə kifayət qədər texniki səhvlərə yol verərək düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə nəzərə almalı idi ki, material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” yol nəqliyyat hadisəsinin X3 tərəfindən törədilməsini və onun müvafiq məsuliyyətə cəlb edilməsini sübut edən yekun qərar deyildir. X3 tərəfindən deliktin törədilməsi onun İnzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməsi barədə qanuni qüvvəyə minmiş müvafiq qərarın olması ilə sübut oluna bilər. İş materiallarında olan sənədlər arasında isə X1 hər hansı məsuliyyətə cəlb edilməsini sübut edən sənəd yoxdur. Eyni zamanda “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayış əlavənin 2.4cü bəndində zərər dəyməsi aşkar görünən hissələr və elementlərin adı, onlara dəymiş zərərlərin xüsusiyyətləri qrafasında "xxxx" MMC-yə məxsus “Daewoo BS 90” markalı, **-TS-*** dövlət qeydiyyat nömrəli avtomobilə ön padpreslər, sağ ön qapı, stoykası, sürücü kabinəsi və oturacağı, əl tormozu, ön faralar qeyd olunmuşdur. Qüsur aktında isə əlavə avadanlıqlar olaraq kamera diviyarı (1400 manat), kamera (2 ədəd-100 manat), şit priboru 300 manat olmaqla kifayət qədər bahalı hissələr göstərilmişdir. Halbuki onlar yuxarıda qeyd edilmiş arayışda öz əksini tapmamışdır və avtomobildəki həmin avadanlıqlara qəza zamanı zərər dəyməsi sübut olunmur. Ona görə də, dəymiş zərərin həcmi düzgün hesablanmamış və məhkəmə tərəfindən həmin hissədə də düzgün olmayan qərar verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.

23. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

24. Kollegiya qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır.

25. Həmin hadisəyə görə Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsini idarə edən şəxsin təqsirli olması isə aşağdakılara əsasən müəyyən edilir.

26. Belə ki, Bakı şəhəri Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar və ona aid sənədlərdən müəyyən edilir ki, material üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli 8/397 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən X1 hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən olunmuşdur.

27. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı keçirilmiş məhkəmə ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanunun tələbləri pozulmuşdur.

28. Eyni zamanda, fiziki şəxs X4 (icarəyə verən) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsi və ona aid təhvil-təslim aktından müəyyən edilir ki, **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh MMC-yə icarəyə verilmişdir.

29. Göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən vaxt **-TP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icarə hüququ ilə Cavabdeh MMC-nin sahibliyində olmuşdur. Belə olan halda isə Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən məsuliyyəti cavabdeh daşıyır.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və delikti törətmiş cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir.

31. Həmin zərərin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir.

32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi verilmişdir. Həmin rəydən görünür ki, **-TS-*** dövlət nişanlı Daewoo markalı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12.240 manat müəyyən edilir.

33. Lakin rəydən müəyyən edilir ki, qiymətləndirilmə zamanı nəqliyyat vasitəsinin aşınma dərəcəsi nəzərə alınmamış, köhnəlmə faizi tətbiq edilməmiş və qiymətlər yeni ehtiyat hissələrinin bazar qiymətinə uyğun olaraq hesablanmışdır.

34. Halbuki, həmin nəqliyyat vasitəsi 2009-cu il buraxılışlıdır.

35. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 yanvar 2024-cü il tarixli 3-16-16/2- 9/10070/2023 saylı ekspert rəyi verilmişdir.

36. Həmin rəyə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan “Haval Azerbaijan” texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Daewoo” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10305,0 manat, təmir-bərpa işlərinin qiyməti 1500 manat müəyyən edilir.

37. Beləliklə, ekspert rəyi ilə müəyyən olunan məbləğdən (10305 + 1500 = 11805) sığorta şirkəti tərəfindən ödənilən məbləği (4498,02) çıxıldıqda müəyyən edilir ki, cavabdeh tərəfindən cəmi ödənilməli olan məbləğ 7306,98 manat təşkil edir (11805 – 4498,02 = 7306,98).

38. Bu baxımdan kollegiya hesab edir ki, zərərin məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı cavabdehin dəlilləri qismən əsaslı hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

39. Apellyasiya şikayətinin digər dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, cavabdəhə məxsus avtonəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta ilə bağlı məsuliyyətə cəlb edilməsi barədə qanuni qüvvəyə minmiş qərar olmasa da, baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı keçirilmiş məhkəmə ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” qanunun tələbləri pozulmuşdur. Cavabdeh isə həmin rəyi mübahisələndirməmiş, habelə Mülki Məcəllənin 1108.1-ci maddəsi ilə üzərinə düşən “zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi” halını sübuta yetirə bilməmişdir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-708/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 7306,98 manat məbləğində pul vəsaiti tutulsun. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apallyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar