Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-80/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2019-cu il tarixli, 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsinin:
2. 1.1-ci bəndinə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana ********.00 (on milyon) ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Xətti açır.
3. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətində, 27 dekabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.
4. 1.6-cı bəndinə əsasən Kredit Alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.
5. İddiaçı QSC ilə Cavabdeh1 arasında Uzunmüddətli kredit müqaviləsi əsasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən Bank məbləği 130000.00 (yüz otuz min) manat olan krediti aylıq faiz dərəcəsi 1.3333 (bir tam on mində üç min yüz otuz üç) faiz olmaqla 36 (otuz altı) ay müddətinə Kredit Alana verir.
6. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuşaylıq faizin 1/30 hissəsi kimi hesablanır.
7. 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməyə borcludur.
8. . İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli 022S**********01 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır.
9. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.
10. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli 022S**********02 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.
11. İddiaçı QSC tərəfindən kreditin verilməsinə dair 14 yanvar 2020-ci il tarixli çıxarışa əsasən, verilmiş kreditin məbləği 130000.00 (yüz otuz min) manat təşkil edir. 12. İddiaçı QSC tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 55566.86 manat, faiz üzrə borcu 4580.39 manat, cərimə borcu 23407.92 manat olmaqla, cəmi borcu 82287.23 manat təşkil edir.
12. İpoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2019-cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İpoteka qoyan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində olan ümumi sahəsi 705 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binasını Uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir
13. 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 910000.00 manat təşkil edir. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc, -faizlər, -dəbbə pulu, -vurulmuş zərərin əvəzinin ödənilməsi, -ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi.
14. 12.1-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan 3 mərtəbəli qeyriyaşayış binası xüsusi mülkiyyət əsasında tam pay hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır.
16. . Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binası 28 dekabr 2019-cu il tarixdə İddiaçı QSC-nin xeyrinə 120 (yüz iyirmi) ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
17. İddiaçı QSC tərəfindən Cavabdeh1 26 yanvar 2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvanlanmışdır. 17. İddiaçı QSC tərəfindən 5 fevral 2024-cü il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ünvanlanaraq, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
18. İddiaçı QSC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 46501.07 manat, faiz üzrə 3980.75 manat, cərimə borcu 23458.88 manat olmaqla, cəmi borcu 73940.70 manat təşkil edir.
19. Bakı 12 X4 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 yanvar 2024-cü il tarixli MŞB/12/2024-0002 nömrəli Arayışdan görünür ki, Accessbank QSC tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 410 manat ödəniş həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 55566.86 manat kredit borcu, 4580.39 manat faiz borcu, 23407.92 manat cərimə olmaqla cəmi 82287 (səksən iki min iki yüz səksən yeddi) manat 23 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 82287 manat 23 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 130000 (yüz otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 022R**********S saylı, xx.xx.2021-ci il tarixli 022R**********SA saylı, xx.xx.2021-ci il tarixli 022R**********SB saylı, xx.xx.2022-ci il tarixli 022R**********SC, xx.xx.2023-cü il tarixli 022R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 57334.50 manat ödəmiş, onun 72665.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 139 gün üçün hesablanmış faiz borcu 4580.39 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 139 gün üçün hеsablanmış cərimə 23407.92 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019- cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 66 №-li reyestr kitabının 6256 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 410 manat haqq ödənilmişdir.22 avqust 2024-cü il tarixdə iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 46501.07 manat kredit borcu, 3980.75 manat faiz borcu, 23458.88 manat cərimə olmaqla cəmi 73940 (yetmiş üç min doqquz yüz qırx) manat 70 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və üzərində yerləşən 705 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 73940 (yetmiş üç min doqquz yüz qırx) manat 70 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun miqdarının müəyyənləşdirilməsi məqsədilə 16 aprel 2024-cü il tarixli qərardad əsasında məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyun 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği 46501.07 manat, faiz borcu 3980.75 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza xərclərinə dair məhkəməyə təqdim edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100.0 (yüz) manat təşkil edir
23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1636/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 46501.07 manat kredit borcu, 3980.75 manat faiz borcu, 2325.05 manat cərimə olmaqla ümumilikdə, 52806.87 (əlli iki min səkkiz yüz altı manat səksən yeddi qəpik) manat məbləğində borc, mediasiya xərci olaraq ödənilmiş 410 (dörd yüz on) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi, Həmin əmlak ilkin satış qiyməti 910 000 (doqquz yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması,həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən ümumilikdə 52806.87 (əlli iki min səkkiz yüz altı manat səksən yeddi qəpik) məbləğində borc, mediasiya xərci olaraq ödənilmiş 410 (dörd yüz on) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməsi,iddia qalan hissədə təmin edilməməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir.
24. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1636/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib ödədiyim pulları düzgün hesablamaqla, girov qoydugum əmlaka real qiymət qoymaqla (qiymətləndirilsin mütləq), borc pulun hamısının birdəfəlik ödənilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birincisi, bank onun ödədiyi pulların hamısını nəzərə almayıb və azı 80 000 manat ödəniş etmiş, amma cəmi 57334.50 manatını nəzərə alıblar, o dollarnan kredit açır amma necəsə sora manatla krediti verib. 10 illik 10 milyon dollarlıq kredit xətti var və bank indi heç bir şərtə və ya qanuna əsaslanıb ondan krediti tam şəkildə hamısını tələb edə bilməz. Ödənişi pozsa kreditin ondan tam tələb edilməsi ilə bağlı şərt yoxdur. O krediti, işi məhkəmədə ola-ola ödəmiş və hər zaman imkanı düşəndə ödəyir. O girov qoyduğu əmlak 2019-da 910 000 manata qiymətləndirilib və bu gün ora özəl tibbi fəaliyyət üçün lisenziyası olan qeyriyaşayış sahəsidir və o vaxtan bura qiyməti azı 4-5 dəfə artıb ki azalmayıbdır. Zaminlərə qarşı olan tələbin vaxtı keçib çünki bank 1 il müddətində onlara qarşı tələbini irəli sürə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini etiraz edərək təmin olunmamasını xahiş etdi.
28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
29. Digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
35. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
36. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
“İpoteka haqqında” Qanun
41. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
42. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
43. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
44. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
45. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
46. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
47. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
48. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı
49. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
50. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
51. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
52. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
59. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisləndirilən hissələrində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti (ipoteka predmetinin ilkin satış qiyməti ) qismən təmin edilməlidir.
65. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
66. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
67. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 022L**********75 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaq şərti ilə 120 ay müddətinə 10.000000 ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Xətti açılmış, həmin müqaviləyə əsasən tərəflər arasında bağlanılmış 14 yanvar 2020-ci il tarixli, 022R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla 36 ay müddətinə 130000.00 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının təminatı olaraq bankla digər cavabdehlər Cavabdeh2 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********01 saylı, Cavabdeh3 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********02 saylı zaminlik müqavilələri bağlanılmışdır. Əlavə olaraq kredit müqaviləsinin digər təminatı qismində Bankla Cavabdeh1 arasında 27 dekabr 2019-cu il tarixli 022M**********01 saylı ipoteka müqaviləsi bağlanılmış və sözügedən müqaviləyə əsasən Cavabdeh1 məxsus Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 22 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
68. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza əsasında verilmiş 14 iyun 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği 46501.07 manat, faiz borcu 3980.75 manat məbləğində müəyyən edilmişdir.
69. Əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut( ödəniş qəbzləri və s.) təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) məbləğləri dəqiqləşdirilmişdir.
70. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.
71. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
72. Məhkəmə kollegiya apellyasiya şikayətinin kreditorun zaminlərə qarşı tələb hüququnun 1 il olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlər Cavabdeh2 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********01 saylı, Cavabdeh3 arasında 14 yanvar 2020-ci il tarixli 022S**********02 saylı zaminlik müqaviləsinin 1.1 -ci bəndinə əsasən,zamin bank qarşısında məsuliyyəti tam öz üzərinə götürür, borcli ilə birgə məsuliyyət daşıyır; 4.1 -ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir.
73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
74. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir.
75. Belə ki, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasının və fərdi yaşayış evinin ilkin satış qiyməti 910000.00 (doqquz yüz on min) (likvid qiyməti) manat müəyyən edilmişdir.
76. Ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyasının hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertiza təyin edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, xx.xx.2025-ci il tarixli ekspertiza aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur.
77. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə,iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Ekspertizası Mərkəzi MMC-yə həvalə olunmuşdur.
78. Əmlak Ekspertizası Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasının xx.xx.2025-ci il tarixə bazar dəyəri 2.638.000, 0(iki milyon altı yüz otuz səkkiz min), likvid dəyəri 2.203.000,0 manat(iki milyon iki yüz üç min) təşkil edir.
79. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir (§ 53).
80. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
81. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
82. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır.
83. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş əmtəəşünaslıq ekspertizanın dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh1 tutularaq Əmlak Ekspertizası Mərkəzi MMC-nin hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
84. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
85. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1636/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 705 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 2.203.000 (iki milyon iki yüz üç min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilıməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Əmtəəşünaslıq ekspertizanın dəyəri olan 500 ( beş yüz) manat pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49