Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-800/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: xidmət müqaviləsi üzrə pulun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-630/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı tərəfindən “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.
2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu maliyyəçi menecer kimi, aylıq əmək haqqı 500 manat olmaqla işə qəbul edilmişdir.
3. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh etibarnamə verilmişdir.
4. Buraxılmış prossesual müdddətin bərpası barədə ərizə İddiaçı maliyyəçi meneceri və nümayəndəsi kimi Cavabdeh tərəfindən imzalanmışdır.
5. Həmçinin buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilmədiyi 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından apellyasiya şikayəti də, İddiaçı maliyyəçi meneceri və nümayəndəsi kimi Cavabdeh tərəfindən imzalanmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və bununla da, iş yekunlaşmışdır.
7. Bundan başqa İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə elektron qaydada ünvanlanmış məktublardan görünür ki, iddiaçının özü tərəfindən hesablanmış vergi borcunun silinməsi ilə bağlı hərəkətlər edilmiş və sonunda vergi borcu üzrə müvafiq silinmələr aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat pulun, ödənilmiş 120 manat dövlət rüsumun, toplam olaraq 10.120 manat pul vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 5 ildir ki, tanıyır, Səmənd əvvəllər Vergilər Nazirliyində işləmişdir. Özünün deməsinə görə hal-hazırda vəkil kimi vergi işlərində köməklik göstərir. 2016-cı ildən 2020-ci ilədək fiziki şəxs kimi o Vergilər Nazirliyində qeydiyyatdan keçərək ölkəyə Türkiyə Respublikasından uşaq üçün butulkalar, diş rezinləri və s. gətizdirib apteklərə, mağazalara satış etmişdi. Həmin işlə bağlı Vergilər Nazirliyində malları səhv hesabladıqlarına görə 2019-cu ildə 52.000 manat vergi borcu hesablanmışdır. Əslində isə onun şirkətimin təxminən 6000-7000 manat borcu olmuşdur. Buna görə də bu barədə Cavabdeh məlumat vermişdir. Cavabdeh sənədlərə baxdıqdan sonra vergi borcunun həqiqətən də səhv hesablandığını, bu işi məhkəmə qaydasında həll edəcəyini bildirmişdir. Səmənd həmçinin bildirmişdir ki, bu işi Vergilər Nazirliyində yox, yalnız məhkəmə qaydasında həll edəcəkdir. Ona bu işin necə həll edəcəyini soruşduqda, Səmənd şirkətin borcunu təxminən 5000-7000 manat endirəcəyini və qalan pulu isə əziyyət haqqı kimi özünə götürəcəyini demişdir. Səməndlə 2019-cu ilin sentyabr ayında Nizami rayonu İcra Hakimiyyətini arxasında görüşdü. Səməndin yanında qardaşı oğlu Kənan da vardır. O isə görüşə tək getmişdir. Kənan əvvəllər şirkətin mühasibatlıq işlərini görmüşdü. Lakin sonradan Kənan işə gec-gec gəldiyi üçün həmin işləri Səmənd aparmışdır. Həmin yerdə Səməndə 10.000 manat pulu verdi və o pulu cibinə qoydu. Bundan sonra isə Səmənd 2-3 ay ərzində işi həll edəcəyini və şirkətin bütün borcunu ödyəcəyini bildirmişdir. Səmənd onun adından məhkəmədə çıxış etsin deyə ona etibarnamə vermişdir. Lakin pul verdiyi vaxtdan 2-3 ay müddət keçməsinə baxmayaraq Səmənd işi həll etməmişdir. Səməndən işin niyə gec həll olunduğunu soruşduqda o hər dəfə müxtəlif bəhanələr gətirərək işi həll etməmişdir. Borc silinmədiyi üçün şirkətin vergi borcuna faiz yığıldığı barədə ona bildiriş gəlmişdir. O da, bundan narahat olduğu üçün Səməndin ondan pul almağı barədə sənəd yazmağı tələb etmişdir. Səmənd də xx.xx.2020-ci il tarixdə aldığı 10.000 manat pulu əl yazması ilə yazmışdır. Bundan sonra isə o işin uzandığını görüb özü Vergilər Nazirliyinə rəsmi müraciət etdi, bir neçə instansiyalara şikayət ərizələri yazdı. Daha sonra isə təxminən 2022-ci ilin yaz aylarında Vergilər Nazirliyindən borcun səhv hesablandığını, 4000-5000 manat borc olduğunu bildirmişlər. O da, borcunu rəsmi olaraq ödəniş edib, şirkətin vergi borcunu ödədikdən sonra şirkətin fəaliyyətini dayandırmışdır. O Səməndə borcu bağladıqdan sonra işin hansı etapda olduğunu soruşduqda Səmənd yenə də, yalan danışaraq həll edəcəyini bildirdi. O da, Səməndin bu yalanlarına əsəbləşərək bütün sənədləri göstərib, şirkətin borcunu özü sildirdiyini dedi. Sonra isə Səməndə verdiyi 10000 manat pulu geri tələb etdi. Səmənd də pulu xərclədiyini və pulu olmadığı bildirmişdir. Bundan sonra isə onun barəsində şikayət ərizəsi ilə Nizami rayon Polis İdarəsinə müraciət etdi. Onun müraciətindən sonra şikayətinə baxılaraq Nizami rayon Polis İdarəsində HK-1/97 nömrəli material əsasında xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da Cavabdeh ondan aldığı 10000 manat pulu etiraf etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-630/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddianın rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf iddiaçıdan 2018-ci ilin avqust ayında vergi borcunun ləğv edilməsi ilə bağlı xidmətlərin göstərilməsi üçün 10.000 manat məbləğində pul almışdır. Qeyd olunan hal, həm tərəflərin özünün məhkəmə iclasında vermiş olduğu izahat və işdə olan (i.m. səh 16) “şifahi müqaviləyə əlavə” adlı xx.xx.2020-ci il tarixli yazıdan görünür.
12. Məhkəmə iddia müddətinin keçməsi səbəbinə görə iddianı rədd etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-630/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya 10000 manat pul vəsaitində borcunun olduğunu etiraf etdiyi andan iddia müddətinin axımı kəsilmiş hesab olunur. Həmin tarix özündə xx.xx.2023-cü il tarixi ehtiva edir. Bundan başqa Nizami rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh öz izahatında bildirmişdir ki, razılaşdırılmış məbləğə uyğun olaraq ilk dəfə 10000 manat, qalan 15000 isə vergi borcu silindikdən sonra verəcəkləri barədə tərəflər arasında razılıq olmuşdur. Buradan da müəyyən olunur ki, məhkəmə tərəfindən iddia müddətinin axınının hansı tarixdən başlanması formal olaraq araşdırılmışdır. Həmçinin, cavabdehin öz izahatında həmin pul vəsaitinin hansı tarixdə alınması ilə bağlı dəqiq məlumatının olmadığını qeyd etmişdir. Əlavə olaraq, iddiaçı ilə cavabdeh arasında 52000 manat məbləğində olan “Vergilərin hesablanması barədə” qərarın məhkəmə müstəvisində ləğv edilməsinə dair hüquqi xidmətlərin təşkil olunması, zərurət yarandığı halda hüquqlarının müdafiə edilməsi ilə bağlı şərtləri qeyri-müəyyən olaraq qalmışdır. Bu halın özüdə Birinci instansiya məhkəməsi tərəfindən ümumiyətlə araşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2-2(113)- 630/2024 nömrəli qətnaməsində qeyd olunduğu kimi, cavabdeh tərəfin iddiaçıdan 2018-ci ilin avqust ayında vergi borcunun ləğv edilməsi ilə bağlı xidmətlərin göstərilməsi üçün 10.000 manat məbləğində pul almasını həm tərəflərin özünün məhkəmə iclasında vermiş olduğu izahat və iş materiallarında olan şifahi müqaviləyə əlavə adlı yazıdan da müəyyən olunmuşdur. Lakin, ilkin olaraq Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e- 2(007)-1616/2023 nömrəli qərardadında qeyd olunmuşdur ki, cavabdeh iddia tələbini qəbul etməmişdir, amma o, 2022-ci ilə kimi fərdi sahibkar kimi fəaliyyət göstərmiş və fəaliyyətinin məqsədi hüquqi yardım göstərmək olmuşdur. Hazırki iş üzrə isə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə kifayətlənmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin məqsədi öhdəliyin icrasından boyun qaçırmaq və işin uzanmasından ibarətdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
16. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-630/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəf cavabdehə 2018-ci ilin avqust ayında vergi borclarının silinməsi ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün 10.000 manat pul verdiyini, ancaq cavabdehin isə hər hansı bir xidmət göstərmədiyini bildirərək, vermiş olduğu pulun tutulmasını xahiş etmişdir.
22. Cavabdeh tərəf isə, müvafiq olaraq 2018-ci ilin avqust ayında 10.000 manat məbləğində pul aldığını, 2 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi isə bağlı iddia ərizəsi yazdığını ancaq iddia ərizəsini iddiaçının özünün imzalayaraq Məhkəməyə təqdim etdiyini, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilmədiyini, qeyd edilmiş qərardaddan apellyasiya şikayəti verdiyini və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlandığını bildirmiş, yəni müvafiq olaraq hüquqi xidmətləri göstərdiyini bildirmişdir. Həmçinin də, iddia müddətinin keçməsini bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəf iddiaçıdan 2018-ci ilin avqust ayında vergi borcunun ləğv edilməsi ilə bağlı xidmətlərin göstərilməsi üçün 10.000 manat məbləğində pul almışdır. Qeyd olunan hal, həm tərəflərin özünün məhkəmə iclasında vermiş olduğu izahat və işdə olan (i.m. səh 16) “şifahi müqaviləyə əlavə” adlı xx.xx.2020-ci il tarixli yazıdan görünür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında şifahi olaraq bağlanmış xidmət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Ona görə də, tərəflər arasında bağlanmış şifahi müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
26. Göründüyü kimi, Cavabdeh qeyd edilmiş proseslərdə, maliyyəçi menecer kimi əmək funksiyasını icra etmişdir. Yəni ayrıca şifahi olaraq tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəliyini icra etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
29. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).
30. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
31. İşdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində pul 2018-ci ilin avqust ayında verilmiş və qeyd edilmiş pulun verilməsindən irəli gələn xidmət müqaviləsinin icrası ilə bağlı olan Məhkəmə prosesi xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə yekunlaşmışdır.
32. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 2 aydan da, çox ötürülmüşdür. Hazırkı iş üzrə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh pulu aldığını etiraf etsə də, həmin pulun qarşılığında hüquqi xidmətləri göstərdiyini bildirmişdir. Yəni qeyd edilən hal iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal hesab edilmir.
33. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-630/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.