Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-800/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 və məruzəsi ilə, hakimlər Ziya Allahverdi oğlu Şirinov və X4 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-3383 /2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 Cavabdeh qarşı “kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2025-ci il tarixli ƏİX 28695696 seriya və nömrəli girov bileti əsasında götürülən kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-3383/2025 saylı qərardadı ilə İddiaçı2 Cavabdeh “kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun İddiaçı2 qaytarılmasını qərara almışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-3383/2025 saylı qərardadının ləğv edilməsi, ərizəyə baxılması üçün sonrakı prosessual hərəkətin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532-ci maddəsinə istinadən iş üzrə icraata xitam vermişdir. Amma diqqət etmək lazımdır ki, həmin maddə Mülki Məcəllənin 27-ci fəslində - “Öhdəliyə xitam verilməsi” fəslində əks olunan normadır. Yəni iddiaçı öhdəliyini tam icra etmək üçün icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Bundan sonra iddiaçı öhdəliyini icra etmiş sayılır və bununla da öhdəliyə xitam verilmiş sayılır. Lakin iş materiallarından göründüyü kimi, kreditor sadəcə vaxtı çatmış aylıq ödənişləri (qrafik üzrə aylıq kredit ödənişini) qəbul etməkdən imtina edir. Notariusun üzərinə öhdəlik qoyulması barədə iddia tələbi təmin edilsə də, o, bir aylıq ödənişin qəbulu üzrə baş vermiş olacaq və nəticədə vətəndaş olaraq iddiaçının əsassız süründürməçiliklə üzləşməyinə səbəb olacaqdır. – Eyni zamanda ölkədə fəaliyyət göstərən (öhdəliyin icra yeri üzrə) notariuslar xüsusi notarius sayılır. Dolayı yolla, fərdi sahibkar kimi VÖEN-ni və şəxsi depozit hesabı mövcuddur. Tutaq ki, öhdəlik predmeti depozitə qəbul edildi. Həmin depozit sahibi olan notarius məzuniyyətdə olarsa və ya həmin gün iş günü olmazsa, onu əvəz edən notarius tələbkara depozitdən ödənişi qaytara bilmir – Bundan başqa işdən göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Müqavilə münasibətlərindən irəli gələn hər bir tərəfin öhdəlikləri mövcuddur. Borclu (kredit götürən şəxs) olaraq iddiaçının öhdəliyi müqavilə üzrə ödənişləri qarafik üzrə vaxtlı-vaxtında ödəmək vəzifəsi, öhdəlik başqa çatdıqdan sonra öhdəliyin tam icra edilməsi barədə sənəd verilməsini tələb etmək kimi hüququ var. Tələbkar (kredit verən şəxs) tərəfin müqavilə üzrə iddiaçıya kredit vermək, ödənişləri həyata keçirmədiyi təqdirdə, məhkəməyə müraciət etmək kimi hüquqları və ödənişlərin qəbul etmək kimi vəzifəsi vardır. Bu gün iddiaçı borclu şəxs olaraq müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi halda, tələbkarın vəzifəsi nə olacaqdır? Məhkəməyə müraciət etmək, girov predmetinin açıq hərracda satışının təşkili üzrə hərəkətlər etmək. Tələbkar belə bir vəziyyətdə məhkəməyə müraciət edərsə, iş üzrə icraata baxılmayacaqdmı?. Əlbəttə, baxılacaqdır. Eyni vəziyyət iddiaçıya da aiddir. Bu gün iddiaçının hüququ pozulursa, hara müraciət etməlidir?. Hüquqlarının bərpası üzrə məhkəməyə. Məhz bu kimi əsaslardan yanaşaraq iddiaçı hüquqlarının bərpası üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. – İş üzrə icraata xitam verilməsi nəticəsində iddiaçının ödənişləri qəbul edilməyəcək və tələbkar (cavabdeh) tərəf girov predmetini açıq hərracda realizə edə (sata) bilər. Göründüyü kimi, cavabdeh tərəfin məqsədi də budur. Düzdür, açıq hərracda iddiaçıya iştirak üçün məlumat veriləcəkdir. Lakin götürülmüş kredit məbləği bu gün sahibkarlıq məqsədilə tikilmiş qeyri-yaşayış sahəsinin təmirinə xərcləndiyindən hərracda iştirak səmərəsiz olacaqdır. Cavabdeh lombard bu məsələri kredit veriləndən iki ay sonra, götürülmüş kredit məbləği xərcləndikdən sonra iddiaçıya bildirmişdir. Nəticədə tələbkarın tələbi tam təmin edilə bilmir. Ərizədən göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri baş vermişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərinə əməl etmir. Nəticədə iddiaçı da cavabdehin hərəkətsizliyi nəticəsində öhdəliklərini yerinə yetirə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532-ci maddəsinin tələbləri öhdəlikləri tam icra etməklə öhdəliyə xitam verilməsini nəzərdə tutur. İş materialarından göründüyü kimi, kredit müqaviləsi üzrə cəmi 1 ayın ödənişi həyata keçirilə bilmişdir. Geri qalan 59 ayın ödənişinin edilməsinin qarşısı cavabdeh tərəfindən qərəzli şəkildə alınmaqdadır. Buna görə də məhkəmənin xitamla bağlı gəldiyi nəticə ləğv edilməli və iş üzrə araşdırma aparılaraq yekun qətnamə çıxarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3383/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-3383/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: Belə ki, iddiaçının məhkəməyə müraciətinin faktiki əsasları ondan ibarət olmuşdur ki, iddiaçının lombarddan götürdüyü 100.000 manatlıq kredit üzrə aylıq ödənişlərini vaxtında və tam şəkildə həyata keçirməsinə baxmayaraq, cavabdeh (lombard) aylıq ödənişləri qəbul etməkdən imtina edir. Bunun səbəbi isə cavabdehin, kredit şərtlərində (aylıq ödəniş məbləği və müddət) səhvə yol verildiyini əsas gətirərək girov biletinin geri alınmasını və kredit şərtlərinə yenidən baxılmasının tələb etməsidir. Bu imtina nəticəsində iddiaçı aylıq ödənişlərini həyata keçirə bilmir. Beləliklə, mübahisə “kredit müqaviləsi üzrə ödənişlərin kreditor tərəfindən qəbul edilməməsi"ndən irəli gəlir. Hüquqi əsaslar: Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.1-ci maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi prinsipinə əsasən hüquq və azadlıqların məhkəmə müdafiəsi o halda həyata keçirilir ki, məhkəmə müdafiəsi üçün müraciət etmiş şəxsin hüquqları və azadlıqları pozulmuş və mübahisələndirilmiş olsun və həmin hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilməsin.261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mövqe: İş materiallarından görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış lombard girovu müqaviləsi üzrə ödənişlər etmək istədiyini, lakin mübahisəli hüquq münasibətində kredit verən və girov saxlayan olan cavabdehin həmin ödənişləri qəbul etməkdən imtina etdiyini əsas göstərərək müqavilə üzrə ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi borclunun cavabdeh kimi göstərdiyi şəxs mübahisəli hüquq münasibətində kreditordur və iddia ərizəsinin dəlillərə görə borclunun icrasını qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, kreditor tərəfindən icranın gecikdirilməsini tənzimləyən Mülki Məcəllənin 446.1-ci maddəsinə görə kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. 446.2-ci maddəsinə əsasən kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. 446.5-ci maddəsinə əsasən gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. Göstərilən normaların məzmunundan da göründüyü kimi borclu tərəfindən təklif edilmiş icra kreditor tərəfindən qəbul edilmədikdə icra kreditor tərəfindən gecikdirmiş sayılır. İcranın kreditor tərəfindən gecikdirilməsi halında borclunun öhdəliyin vaxtında icra edilməsinə görə məsuliyyət daşımır, əksinə kreditor müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir, eləcə də əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi iddiaçı tərəfindən təklif edilmiş lazimi icranın cavabdeh tərəfindən gecikdirilməsi ehtimal edilsə belə göstərilən hal cavabdeh üçün hər hansı mənfi nəticələr yaratmır və belə olan halda qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmur. Odur ki, hazırkı mübahisəyə məhkəmədə baxılmasını zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunmur. Bundan əlavə Mülki Məcəllənin: 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir. Göründüyü kimi, hazırkı halda iddiaçı öhdəliyə xitam verilməsinə icra predmetini depozitə qoymaq yolu ilə nail ola bilər. Başqa sözlə desək, iddiaçının məhkəməyə müraciət edilməsi yolu ilə nail olmaq istədiyi nəticəni cavabdehin iradəsindən asılı olmayaraq məhkəmədənkənar qaydada əldə etmək imkanı mövcuddur. Göstərilən hal isə hazırkı işə məhkəmədə baxılmasını məhkəmə müdafiəsi hüququnun məqsədləri baxımından lüzumsuz edir. Arqumentlər: Digər tərəfdən, şikayətdə irəli sürülən arqumentlərlə bağlı bildirilir ki, Mülki Məcəllənin 527-ci maddəsinə əsasən öhdəliyinin predmeti olan əşyanı depozitə qoyma öhdəliyə tam və ya qismən xitam verilməsinin əsaslarından biri olaraq müəyyən edilmişdir. Yəni, qanunverici depozitə qoyma yolu ilə öhdəliyin bir hissəsinə xitam verilməsi imkanını məhdudlaşdırmamışdır. Odur ki, depozitə qoyulmanın yalnız öhdəlik tam şəkildə icra edildiyi halda mümkün olması barədə iddiaçının dəlilləri əsassızdır. Nəticə: Beləliklə, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-3383/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Ziya Şirinov Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2-2(103)-800/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-800/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver