Məhkəmə qərarları › İş №2-2(103)-801/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-801/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-801/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh1 Əli oğluna qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2404/2023 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ilə X7 arasında 15 sentyabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 21,5 faiz olmaqla 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zamin Cavabdeh1 Əli oğlu arasında 370007300/ZM nömrəli 15 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin borclu X4 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

3. "xxxx" QSC ilə X7 arasında 15 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.338,04 ABŞ dolları təşkil edir. Borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 11.092,5 ABŞ dolları əsas borc, 3.348,05 ABŞ dolları faiz borcu və 897,49 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir.

4. Əlavə sazişə uyğun olaraq "xxxx" ASC, X7 və Cavabdeh1 Əli oğlu arasında zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş bağlanmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı LPO "xxxx" ASC cavabdehlər X5 və Cavabdeh1 Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.842,35 ABŞ dolları əsas, 904,58 ABŞ dolları faiz, 4.970,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529,47 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.247,31 ABŞ dolları məbləğində borcun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun iddia ərizəsində qeyd edilən məbləğdə ödənilməyən borcu mövcuddur.

8. Cavabdeh1 Əli oğlu iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirir ki, iddia tələbinin bütövlükdə və xüsusilə zaminə qarşı olan hissəsini əsassız hesab edir. İddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsi Əmanətlərin Sığortalanması Fondunun (“Ləğvedici”) Hüquq departamentinin direktoru Nümayəndə3 tərəfindən imzalanmışdır. Həmin şəxs isə iddiaçının deyil, ləğvedicinin işçisidir və Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən iddiaçı bankın nümayəndəsi ola bilməz. Bundan əlavə, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötmüşdür. Belə ki, kredit müqaviləsinə əsasən onun müddəti 19 fevral 2020-ci ilədək olmuşdur. Mediasiya üzrə təqdim edilmiş sənədlərdən görünür ki, həmin prosesə (Ləğvedicinin müraciəti) 22 fevral 2023-cü il tarixdə başlanılmışdır. Buna görə də, iddia tələbinə iddia müddəti tətbiq edilərək o rədd olunmalıdır. Zaminliyə isə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir.

9. Cavabdeh X7 da iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2404/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

11. İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə 11 yanvar 2023-cü il tarixli **********062 saylı mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə göndərməklə iddia müddətinin axımı “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən dayanmışdır. İddia müddətinin axımının bərpası isə “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın Banka xx.xx.2023-cü il tarixdə daxil olduğu tarixdən başlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi nəzərə alındığında, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin xx.xx.2023-cü il tarixdə bitməsi ehtimal olunur. Odur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklifin göndərilməsi və arayışın xx.xx.2023cü il tarixdə banka daxil olması ilə iddia müddətinin axımı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək dayanmışdır. Yalnız bundan sonra iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərə mediasiyanın tətbiqi barədə təklifi göndərən zaman (xx.xx.2023-cü il tarix) iddia müddəti üzrə təxmini 34 ehtiyat günü qalmışdır. xx.xx.2023-cü il tarixdə isə “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış almaqla iddia müddətinin axımı bərpa edilmişdir. Yəni iddia müddəti təxmini xx.xx.2023-cü ilədək davam etmişdir. İddiaçı LPO İddiaçı ASC isə xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etməklə qeyd edilmiş müddəti ötürməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 Əli oğlunun nümayəndəsi və vəkili Vəkil və cavabdeh X4 nümayəndəsi X1 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

16. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.

19. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

20. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

21. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

22. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

24. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

28. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

29. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

32. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462 və 445.7-ci maddələri təşkil edir.

33. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuşdur.

34. Odur ki, cavabdeh X2 həmin kredit müqaviləsi üzrə 3.842,35 ABŞ dolları məbləğində əsas və 904,58 ABŞ dolları məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır.

35. Həmçinin iddiaçı kredit razılaşmaları üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə X5 hesablanmış 4.970,91 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

36. Kollegiya hesab edir ki, cavabdeh X4 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsi tələbi də əsaslıdır.

37. Həmçinin, cavabdeh iddiaçıdan alqığı kredit məbləğindən qalıq qalan 3.842,35 ABŞ dolları əsas borcu xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün geri qaytarmamışdır.

38. Qeyd olunanları və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə cəmi 529,47 ABŞ dolları faiz borcunun cavabdeh X2 tutulması hissəsində də iddia əsaslıdır.

39. Bununla yanaşı kollegiyası hesab edir ki, Cavabdeh1 Əli oğluna aid hissədə iddia əsassızdır.

40. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

41. Tərəflər arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən tərəflər zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməsi barədə razılığa gəlmişlər.

42. Daha sonra xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişlə 15 sentyabr 2015-ci il tarixli, 370007300/ZM saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının xx.xx.2020-ci ilədək uzadılması razılaşdırılmışdır.

43. Beləliklə, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının kredit müqaviləsi və ona 01 saylı əlavə sazişə münasibətdə xx.xx.2020-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində (xx.xx.2021-ci ilədək) iddiaçının zamin Cavabdeh1 Əli oğluna qarşı iddia irəli sürmədiyini (hazırki iddia xx.xx.2023-cü il tarixdə verilmişdir) nəzərə alaraq kollegiya hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh1 Əli oğluna qarşı tələb irəli sürməsi əsassızdır.

44. Odur ki, iddia zamin Cavabdeh1 Əli oğluna münasibətdə rədd olunmalıdır.

45. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

47. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavə sazişin şərtlərinə görə kreditdən istifadə müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış və xx.xx.2020-ci il tarixdən iddia müddətinin axımı başlamışdır.

48. Hazırkı iddia ərizəsi isə 13 aprel 2023-ci il tarixdə, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla 3 il 1 ay 25 gün keçdikdən sonra verilmişdir.

49. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş zərfdən görünür ki, iddiaçı mediasiya barədə təklifi xx.xx.2023-cü il tarixdə cavabdehlərə göndərmişdir.

50. Cavabdehlər iddiaçının xx.xx.2023-cü il tarixdə göndərilmiş mediasiya barədə təklifinə 10 gün ərzində cavab vermədiklərindən “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən təklifin göndərilməsindən 30 gün keçdikdən sonra mediasiya prosesinə xitam verilmiş, yəni mediasiya təklifinin göndərilməsi ilə bağlı iddia müddəti 30 gün müddətinə dayandırılmışdır.

51. Daha sonra iddia müddətinin axımı mediasiyaya müraciət edilməsi barədə ərizənin mediasiya təşkilatına göndərilməsi (xx.xx.2023) ilə yenidən dayandırılmış və 20 gün sonra - xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın iddiaçıya təqdim edilməsindən sonra yenidən davam etmişdir.

52. Göründüyü kimi, iddia müddəti axımı mediasiya təklifinin göndərilməsindən mediasiya prosesinə xitam verilənədək olan müddətdə - 30 gün və mediasiya təşkilatına müraciət edilməsindən arayışın alınmasına qədər olan müddətdə 20 gün, cəmi 50 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı iddia iddia müddətinin axımı başladığı vaxtdan 3 il 1 ay 25 gün müddət keçdikdən sonra qaldırıldığından iddia müddətinin axımının dayandırıldığı 50 gün nəzərə alındığı halda da iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

53. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2404/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar