Məhkəmə qərarları › İş №2-2(103)-803/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-803/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-803/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-715/2025 nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. “İcarəyə verən” X3 ilə (etibarnamə əsasında İddiaçı adından) “İcarəyə götürən” Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5092 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 70,92 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-715/2025 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsi üzrə 5092 (beş min doxsan iki) manat məbləğində pul vəsaiti, habelə vəkil xidmətlərinə görə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17 (on yeddi) manat, 25 (iyirmi beş) qəpiyin və ödənilmiş 70 (yetmiş) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-715/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh “RAVON NEXİAR3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsinin bağlandığı xx.xx.2024-cü il tarixindən öncə, 09 may 2023-cü il tarixdə iddiaçının yanında çalışan Elton və Ruslan adlı şəxslərdən aramızda olmuş şifahi razılaşma əsasında öncədən 800 manat pulu depozit qoyaraq, yəni iddiaçının yanında çalışan şəxslərə verməklə günü 20 manat olmaqla taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə götürüb. Həmin vaxt aralarında hər hansı müqavilə bağlanmamış, yalnız avtomobil cavabdehə təhvil verilmiş və ona avtomobili idarə edə bilməyi üçün etibarnamə verilmişdir. Danışığa uyğun olaraq cavabdeh həftəlik pulu Eltona verirdi. Avtomobil elə öncədən köhnə (daha düzgün isə bərbad) vəziyyətdə icarəyə verilmişdir. Belə ki, avtomobil 2017-ci ilin maşını olmaqla daim taksi kimi işləndiyi üçün köhnə vəziyyətdə idi. Və avtomobili icarəyə götürülən günü iddiaçıya məxsus, Bakı səhər Səbail rayonu ərazisində yerləşən qarajda mobil telefonun kamerası vasitəsilə çəkiliş aparılaraq avtomobilin xarici görünüşündə olan bütün qüsurları qeydə alınmışdır. Avtomobili icarəyə götürdükdən sonra cavabdeh iddiaçının yanında çalışan Elton və Ruslan adlı şəxslərin (iddiaçının özünü heç vaxt görməmişəm) tələbinə əsasən hər ayın sonu ümumi baxışdan keçməsi üçün iddiaçıya məxsus, Bakı səhər Səbail rayonu ərazisində yerləşən qaraja aparıb. Avtomobil hər dəfə 7.000 km sürüldükdən sonra motorunun yağı və eləcədə köhnəlmiş ehtiyyat hissələri yalnız həmin qarajda özlərinin satdığı yağla və ehtiyyat hissələri ilə dəyişilmişdir. 2024-cü ilin noyabr ayında qarşı tərəfin təqsiri ucbatından qəza baş vermiş və avtomobilə zərər dəymişdir. İddiaçının yanında çalışan şəxslərin özlərinin tələbi ilə avtomobil "xxxx" ASC tərəfindən təmir olunaraq təhvil verilmiş və Ruslanla Elton təmirdən sonra avtomobilə baxış keçirərək görülən işlərdən razı qalaraq avtomobili qəbul etmişlər. Avtomobil təmir olunduqdan və yenidən taksi kimi fəaliyyətə başladıqdan sonra günlük icarə haqqı 20 manat yox, 23 manat olmaqla cavabdehə icarəyə verilmişdir. 2024-cü ilin iyun ayında avtomobilin ötürücüsü (karobkası) xarab oldu və cavabdeh iddiaçının yanında çalışan Ruslan adlı şəxsə zəng edərək bu barədə ona bildirib. O, cavabdehə avtomobili evakuatorla Bakı səhər Səbail rayonu ərazisində yerləşən qaraja göndərməyi dedi və cavabdeh də onun dediyini etdi. Səhəri günü cavabdeh dostu X4 ilə birlikdə qaraja getdi. Elton və Ruslan bildirdilər ki, avtomobilin ötürücüsü 09 may 2023-cü il tarixdə avtomobili götürən zaman depozit olaraq qoyduğu 800 manat pulun hesabına təmir olunacaqdır. Cavabdeh də razılaşıb. O, həmin şəxslərdən dostu Orxanın yanında avtomobillə bağlı hər hansı narazılıqlarının olubolmadığını soruşub, onlar isə heç narazılıqlarının olmadığını və gedə biləcəyini dedilər. İddiaçı iddia ərizəsində özü də geyd etdiyi kimi, cavabdeh həmin avtomobili qısa müddət ərzində istifadə etmişdir (təxminən 1 il yarım). Bununla bağlı, bir elementar sual yaranır: avtomobil nə halda olmalıdır ki, belə qısa müddət ərzində, heç bir qəzaya uğramadan, bu günə düşsün? Avtoservis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli aktda qeyd olunanlar ümumiyyətlə yalandır. İşin hallarından açıqaşkar məlum olur ki, iddiaçı sanki qəsdən avtomobili belə vəziyyətdə icarəyə verib sonra da gələcəkdə “zərərin əvəzinin ödənilməsi” bəhanəsi ilə mümkün gədər pul vəsaiti əldə etsin və təəssüflər olsun ki, Məhkəmə heç bir araşdırma aparmadan həmin kağız parçasına əsaslanaraq iddia tam şəkildə təmin olunması barədə absurd qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə tam, obyektiv və hər tərəfli araşdırma apararaq qeyd edilən qüsurların ümumiyyətlə mövcud olub-olmadığını və mövcud olduğu halda həmin qüsurların cavabdeh tərəfindən, yoxsa avtomobilin köhnəlməsi nəticəsində baş verdiyini araşdırmalı idi. Həmçinin onu da vurğulamaq lazımdır ki, avtoservis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair aktında qeyd olunan avtomobilin bütün zədələnmiş hissələrinin icarəyə götürülməmişdən əvvəl bütov, yəni yararlı olmasına dair sübut iddiaçı tərəfindən təqdim olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, avtomobilin karobkasında problem yox idi, lakin mən istifadə etdiyim müddətin sonunda xarab oldu məndə təmir olunması üçün müraciət etdim.

8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Həmin Məcəllənin Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Həmin Məcəllənin Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

12. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

14. Həmin Məcəllənin Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.

16. Həmin Məcəllənin Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

17. Həmin Məcəllənin Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin Məcəllənin Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Həmin Məcəllənin Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Həmin Məcəllənin Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın tam hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

25. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsinə əsasən X3 etibarnamə əsasında İddiaçı adından Cavabdeh “RAVON NEXİA R3 MİNİK” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir.

26. Tərəflər arasında bağlnamış xx.xx.2024-cü il tarixli, 30ST XA416 saylı İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən, icarəçi 800 manat depozit məbləğini icarəyə verənə ödəməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeyd olunan, dəymiş zərərin hesablanmasına dair aktda qeyd olunan təmir olunmuş avtomobil ehtiyat hissələrinin məhz cavabdeh tərəfindən avtomobilin istifadəsi zamanı yarandığına dair hər hansı sübut təqdim olunmamış, yalnız avtoserviz tərəfindən tərtib olunmuş akt təqdim olunmuşdur.

28. M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konsitutsiya Məhkəməsinin xx.xx.2019-cu i9l tarixli qərarına əsasən, Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Göründüyü kimi, iddiaçı qüsurların ümumiyyətlə mövcud olub-olmadığınına dair foto şəkilllər, video və.s. təqdim etməmiş, mövcud olduğu halda həmin qüsurların cavabdeh tərəfin istifadəsi nəticəsində yaranmasına dair hər hansi sübut təqdim etməmişdir.

30. Həmçinin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim olunan diskdə olan video və fotoşəkillərə baxış keçirilən zaman avtomobilin müəyyən ehtiyat hissələrinin cavabdeh tərəfindən təhvil alınan zaman nöqsanları olduğu müəyyən olunur.

31. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfin etirafına əsasən, maşının karobka hissəsi xarab olduğundan təmirlə bağlı avtomobil sahibinə müraciət olunmuşdur. Bu səbəbdən avtomobil təmir üçün servisə aparılmış bundan başqa avtomobilin hər hansı xarab hissəsi ilə bağlı məlumat qeyd edilməmişdir. Aktda qeyd olunan təmir olunan ehtiyat hissələrinin hansı səbəbdən, yəni cavabdehin istifadəsi, təqsiri və ya avtomobilin köhnəlməsi nəticəsində yaranması işin halları ilə sübut olunmur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən 800 manat maşının karobksının təmiri ilə bağlı xərc və işçilik haqqı 400 manat pul iddiaçının xeyrinə tutulmalıdır.

33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-715/2025 nömrəli qiyabi qətnaməsi qismən ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 1200 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumun əvəzi olaraq 15.20 manat iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar