Məhkəmə qərarları › İş №2-2(103)-804/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-804/2021

20.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-804/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh “Kərim-O” firmasının direktoru Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər “Kərim-O” firmasına və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər “Kərim-O” firmasına və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Kərim-O” firmasından və Cavabdeh2 cəmi 21.470,39 manat (əsas borc 14.218,80 manat; faiz borcu 7.251,59 manat) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015- ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin “Kərim-O” firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 30.11.2017-ci il tarixli. S-100 saylı təhvil-təslim aktı əsasında “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən “Kərim-O” firmasının təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə cəmi 21470,39 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış 03.11.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, 11.12.2019-cu il tarixə cavabdeh “Kərim-O” firmasının qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 21470,39 manat təşkil edir. Cavabdeh “Kərim-O” firması ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki. cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, jməhkəmə verilmiş iddianı təmin etməyərək qətnaməsini yalnız onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə “Kərim-O” firması arasında kredit müqaviləsi 03 noyabr 1998-ci il tarixdə 12 ay müddətinə bağlanmış, həmin müqavilənin müddəti 03 noyabr 1999-cu il tarixdə bitdiyindən iddiaçı- İddiaçı QSC tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "xxxx" ASC-nin “Kərim-O” firmasına qarşı problemli borcu üzrə tələb hüququ S-100 saylı təhvil-təslim aktı əsasında 30 noyabr 2017-ci il tarixdə İddiaçı QSC-yə keçdiyindən hesab edirik ki, iddia müddəti həmin tarixdən hesablanmalıdır və bu baxımdan iddia müddəti ötürülməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh “Kərim-O” firmasının direktoru Cavabdeh2 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 Fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC BOKT, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. "xxxx" ASC-nin “Kərim-O” firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş 30.11.2017-ci il tarixli, S-100 saylı aktdan görünür ki, cavabdeh “Kərim-O” firmasının təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 21470,39 manat (əsas borc 14.218,80 manat; faiz borcu 7.251,59 manat) borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 03.11.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə “Kərim-O” firması arasında idxal ixrac əməliyyatlarının və respublika daxili müqavilələrin icrasına yönəltmək məqsədi ilə istifadə etmək üçün ********* manat məbləğində 12 ay (03.11.1999-cu il tarixədək) müddətində kreditin verilməsi və verilmiş kreditin qəbul edilməsi və göstərilən müddətdə geri qaytarılması razılaşdırılmışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Məhkəmə iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda cavabdehdən 03 noyabr 1998-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc tələb olunduğundan qanunun tələbinə əsasən mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməklə baxılmalıdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş (1964-cü il 11 sentyabrda qəbul olunmuş) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin birbirinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Həmin Məcəllənin 78-ci maddəsində qeyd edilmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Hazırkı halda iddianın əsası kimi istinad edilən kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 03.11.1999-cu il tarixədək müəyyən edildiyindən, bank həmin tarixdə hüququnun pozulduğunu bildiyi halda bir il ərzində kredit borcunun tutulması üçün iddia qaldırmamış, iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cümaddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında izah olunur ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin hallarından göründüyü kimi, 30.11.2017-ci il tarixli, S-100 saylı akt əsasında "xxxx" ASC tərəfindən iddiaçıya “Kərim-O” firmasının iddia müddəti keçmiş borcu üzrə tələb ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1445/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar