Məhkəmə qərarları › İş №2-2(103)-805/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-805/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-805/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması Açar söz: borc üzrə pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən kredit borcunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1730/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1 nömrəli krеdit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh3 MMC-yə illik 23% ödənilməsi şərtilə 18 ay müddətinə 10.000 manat kredit vermişdir. 2.İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tarixli 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh3 MMC ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 3.İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tarixli 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh3 MMC ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 4.Birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışında Cavabdeh3 MMC-nin 27 sentyabr 2019- cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsinə əsasən krеditlər üzrə əsas məbləğ borcunun 7008.73 manat, bu məbləğə hesablanmış faiz borcunun 2089.99 manat təşkil etdiyi qeyd edilmişdir. 5.İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixə borcalanın banka 7524,01 əsas, 960,36 manat faiz borcu olmuşdur. Öhdəliyin icra müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə 1000 manat ödəniş edilmiş, həmin ödənişdən 515,28 manat əsas borc, 373,76 manat faiz borcu və 110,96 manat cərimə borcu üzrə silinmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək borcalanın 7008,73 manat əsas borc, 586,6 manat faiz borcu, Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla 351,71 manat faiz borcu (94 gün üçün), cəmi 7947,04 manat kredit borcu olmuşdur. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7008,73 manat məbləğində əsas bоrc və 2089,99 manat faiz borcu оlmaqla, cəmi 9098,72 manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcinin və 11,4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borcalan Cavabdeh3 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 10000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh2 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli və Cavabdeh1 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 27 sentyabr 2019 il tariхli, 101842-774804/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 10 mart 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 7008,73 manat məbləğində əsas bоrcu və 2089,99 manat faiz borcu оlmaqla, ümumilikdə 9098,72 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. 8.Cavabdeh3 nümayəndəsi (direktoru) Cavabdeh1 yazılı şəkildə məhkəmə iclasında iddianı etiraf etmişdir. 9.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1730/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir. 10.Müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdehlər Cavabdeh1 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1/2 nömrəli və Cavabdeh2 isə 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli zaminlik müqavilələri ilə Cavabdeh3 MMC-nin bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşlər. 11.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan 7008.73 manat məbləğində əsas borc, 2089.99 manat faiz borcu olduğu iş materialları ilə təsdiq olunduğundan cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1730/2022 saylı qətnaməsinin əsas və faiz borcunun tutulması hissələrində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən MMC-yə18 ay müddətinə illik 23% ödənilməsi şərti ilə 10000 manat kredit verilmişdir. Pandemiya ilə əlaqədar olaraq turizm sahəsi ilə məşğul olan MMC zərər gördüyündən kredit borcunu ödəyə bilməmişdir. Bank iddia ilə məhkəməyə müraciət edərkən müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə olan borcu əsas, faiz borcu deyil, xx.xx.2022-ci ilə olan əsas və faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bankın iddiasını tam təmin etmişdir. Baxmayaraq ki, qanunvericiliyə görə bank müqavilə müddətinin sonuna olan borcu tələb edə bilərdi. Cavabdeh bankın iddiasının düzgün verildiyini zənn edib borcu etiraf etmişdir. Sonradan bunun yanlış olduğunu bilmişəm. İddiaya və etirafa düzgün qiymət vermək üçün məhkəmə bu halı - borcun müqavilə müddətinin sonuna olub-olmaması məsələsini araşdırmalı idi. Lakin belə bir araşdırma aparmamışdır. Bundan başqa iddiaçı digər cavabdehlərə, o, cümlədən də mənə xx.xx.2021-ci il tarixli göndərdiyi xəbərdarlıq məktubunda cəmi 9519,18 manat bocun olduğu qeyd edilmişdir. Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda ödədiyi sonuncu ödənişlər əks olunmamışdır. İddia ərizəsində cavabdehlərdən 9098,72 manat pul tələb edilmişdir. Məhkəmə bu halı - borcun dəqiq məbləğini araşdırmamışdır. Mediasiya prosesi zamanı bankın tələb etdiyi məbləğlər fərqli olmuşdur. Mediasiya prosesinə xitam verilməsi barədə protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Lakin iddiaçı iddia ərizəsində bizdən xx.xx.2022-ci il tarixə olan borcu tələb etmişdir. İddiaçının iddia ərizəsindəki qeyd etdiyi məbləğlər mediasiya prosesi zamanı olan məbləğdən çoxdur. Yuxarıdakı cümlədən də göründüyü kimi maliyyə arayışının tarixi mediasiya prosesinə xitam verilməsi barədə protokoldan sonrakı günədir. Bu hal məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, eyni zamanda məhkəməyə vəsatət verərək pretenziya məktubu MPM-nin 150.1.6-cı bəndində nəzərdə tutulmuş qaydada cavabdehin Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə elektron qaydada göndərilmədiyindən iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. 15.İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 16.Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. 17.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsi- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddə- məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddə- məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3-cü maddə- qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə- məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri 18.Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi 19.Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1730/2022 saylı qətnaməsi dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 7.947,04 manat kredit üzrə borcu, 100 manat mediasiya xərci, 11,4 manat dövlət rüsumu tutulmalıdır. 20.İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli krеdit müqaviləsi əsasında Cavabdeh3 MMC-yə illik 23% ödənilməsi şərtilə 18 ay müddətinə 10.000 manat kredit verilmiş, kredit vəsaitindən istifadə edilmişdir. 21.Cavabdeh apellyasiya şikayətində onun tərəfindən müqavilə üzrə həyata keçirilmiş 1000 manat ödənişin nəzərə alınmadığını qeyd etsə də işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edildi ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş 1000 manat ödəniş bank tərəfindən nəzərə alınmış və ümumi borcdan çıxılmışdır. 22.Eyni zamanda maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək borcalanın banka 7008,73 manat əsas, 586,6 manat faiz , Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla 351,71 manat faiz olmaqla (94 gün üçün), cəmi 7947,04 manat kredit borcu olmuşdur. Bank tərəfindən isə iddia ərizəsində 2089,99 manat faiz borcu оlmaqla, cəmi 9098,72 manat borc tələb olunmuş, öhdəliyin icra müddəti bitənədək olan dövr üçün faizlər düzgün hesablanmamışdır. 23.Məhkəmə qeyd edilən maliyyə arayışını nəzərə alaraq hesab edir ki, cavabdehlərin kredit borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1730/2022 saylı qətnaməsi dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 7.947,04 manat ((7008,73 manat əsas, 586,6 manat faiz, 351,71 manat illik 5%lə faiz borcu) kredit üzrə borc tutulmalıdır. 24.Cavabdeh3 MMC tərəfindən iddia etiraf edilsə də, borc eyni zamanda digər cavabdehlərdən-yəni zaminlərdən tələb olunduğundan bu etiraf MPM-nin 52.5-ci maddəsinin tələbinə əsasən (hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa) məhkəmə tərəfindən qəbul edilmir. 25.Cavabdehin nümayəndəsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışındakı məbləğlərlə hansı əsasla razılaşmadığını əsaslandıra bilmədiyindən vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. 26.Məhkəmə eyni zamanda hesab edir ki, pretenziya məktubunun cavabdehin elektron kabinetinə göndərilməməsi MPM-nin 259-cu maddəsində iddianın baxılmamış saxlanılması üçün əsas kimi nəzərdə tutulmadığından bu əsasla iddianın baxılmamış saxlanılmasına dair cavabdehin vəsatəti məhkəmə tərəfindən təmin edilmir. 27.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1730/2022 saylı qətnaməsi dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 7.947,04 manat ((7008,73 manat əsas, 586,6 manat faiz, 351,71 manat illik 5%lə faiz borcu) kredit üzrə borc, 100 manat mediasiya xərci, 11,4 manat dövlət rüsumu tutulmalıdır. 28.Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1730/2022 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh3ndən, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 7.947,04 manat kredit üzrə borc (7008,73 manat əsas, 586,6 manat faiz, 351,71 manat illik 5%-lə faiz borcu), 100 manat mediasiya xərci, 11,4 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar