Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-805/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Əsgər oğluna qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2548/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Əsgər oğluna (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsini, cavabdehdən xx.xx.2023 xx.xx.2024-cü il dövr üzrə ödənilməli olan 16146.79 (on altı min yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ **********0000003944 saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 19035.22 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2548/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh Əsgər oğlu arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi Cavabdeh Əsgər oğluna həvalə edilməsi, Cavabdeh Əsgər oğlundan 19035,22 (on doqquz min otuz beş manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh Əsgər oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2548/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Tofiq Bəhramov adına stadionun rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüşdür. Hazırda adı çəkilən stadionun keçmiş rəhbərliyi barəsində cinayət təqibi aparılır. Həmin sökülən daşınmaz əmlakın əvəzinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Nərimanov rayonu, F.X.Xoyski prospekti 98a ünvanında yeni əmlak inşasına qeyri-rəsmi icazə verildi. İnşaat işlərinin aparılması məqsədi ilə tərəfimdən "xxxx" MMC ilə müqavilə imzalandı və müvafiq daşınmaz əmlak tikildi. Bildirim ki, inşaat işlərinin aparılmasına çəkilən xərclər şəxsi vəsaitim hesabına aparılmışdır. Bundan sonra mənimlə Əmlak Məsələləri Dövlət Xidməti ilə 11251 saylı icarə müqaviləsi bağlandı və aylıq icarə haqqı 700 manat müəyyən edildi. Bildirim ki, elə həmin dövrdə də mən şəxsi vəsaitim hesabına inşa edilmiş tikiliyə icarə haqqı vermənin əleyhinə idim. Lakin müqavilə imzalamadan fəaliyyətə başlamağa icazə vermədikləri üçün məcbur olaraq imzaladım. Lakin üzərindən bir müddət keçdikdən sonra iddiaçı təşkilat obyektin icarə haqqını əsassız yerə dəfələrlə qaldırdı və kommunal xidmətlərdən obyektin ayrılacağı hədəsi ilə yeni müqaviləni imzalatdırdı. Hesab edirəm ki, mənim mübahisəli tikiliyə sahiblik və istifadə hüququm mövcuddur. Bu halda isə öz hesabıma tikilmiş əmlaka görə mən hər hansı bir icarə haqqı ödəməli deyiləm. Şikayətin işin halları bölümündə geniş qeyd edildiyi üçün qısaca bildirim ki, iş materiallarına əlavə etdiyim müqavilə, təhviltəslim aktlarından görünür ki, qeyri-yaşayış sahəsi mənim vəsaitim hesabına inşa edilmişdir. Həmin torpaq sahəsi mənə sökülmüş obyektimin əvəzinə təmənnasız verilmişdir. Mənim adıçəkilən tikiliyə istifadə və sahiblik hüququm mövcuddur. Bu halda hədə-qorxu altında imzalanmış müqavilə üzrə mənim abstrakt məbləğdə icarə haqqı tələb edilməsi ədalətsizlikdir. Belə ki iş materialına "xxxx" MMC ilə imzalanmış müqavilə və təhvil aktları təqdim edilmişdir. Məhkəmə nəinki onlara düzgün qiymət verməmiş hətta qətnamədə hər hansı bir münasibət belə bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
10. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
11. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
14. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
15. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Əsgər oğluna (bundan sonra – cavabdeh) qarşı “icarə müqaviləsinin ləğvi, icarə pulunun tutulması və icarə sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2153 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 36667,79 manat təşkil edir.
26. Daşınmaz əmlakın dövlət registrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A (registr ***-*******3-008) ünvanında 1 mərtəbəli tikililər və mansardda yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2 – mansard) ümumi sahəsi 253,6 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyriyaşayış sahəsi dövlətin mülkiyyətindədir.
27. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən hər hansı ödəniş edilməmiş, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən qeyri-yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsindədir.
28. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. İddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
29. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 36667,79 manat təşkil edir. Həmin borcun xx.xx.2023-cü il tarixə qədər olan hissəsinin (17632,57 manat) Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, icarə haqqı borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ümumilikdə 19035,20 manat tələb edilməsi hissəsində də iddia əsaslıdır və təmin edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı).
31. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iş materiallarına əlavə etdiyi müqavilə, təhvil-təslim aktlarından görünür ki, qeyri-yaşayış sahəsi onun vəsaiti hesabına inşa edilmişdir. Həmin torpaq sahəsi ona sökülmüş obyektinin əvəzinə təmənnasız verilmişdir. Onun adıçəkilən tikiliyə istifadə və sahiblik hüququ mövcuddur. Bu halda hədəqorxu altında imzalanmış müqavilə üzrə onun abstrakt məbləğdə icarə haqqı tələb edilməsi ədalətsizlikdir. Belə ki, iş materialına "xxxx" MMC ilə imzalanmış müqavilə və təhvil aktları təqdim edilmişdir.
33. Cavabdehin bu mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehin qarşılıqlı iddiasından görünür ki, mübahisə predmeti olan icarə müqaviləsinin icarə haqqı hissəsinin etibarsız hesab edilməsi mübahisələndirilmişdir. Həmin mübahisə üzrə cavabdeh hazırkı işdə qeyd etdiyi dəlilləri irəli sürməmiş və əsaslanmamışdır. Eyni zamanda apellyasiya şikayətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən onun vəsaiti hesabına inşa edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, onun qeyri-yaşayış sahəsinə hüququnun olması iş materialları ilə müəyyən edilmir.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Əsgər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2548/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.