Məhkəmə qərarları › İş №2-2(103)-806/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-806/2022

27.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-806/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Baklift-1” İxtisaslaşdılırılmış İstehsalat İdarəsinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi iddiaçı “Baklift-1” İxtisaslaşdılırılmış İstehsalat İdarəsinin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1632/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. xx.xx.2021-ci il tarixli ********* nömrəli hesab fakturaya görə, iddiaçının cavabdehə su təchizatı sistemindən su və tullantı suyunun axıdılması xidmətləri üzrə xx.xx.2021-ci il tarixə olan borcu 5.253,18 manat təşkil edir.

2. İddiaçıya məxsus Abonent haqqında məlumata (kod 050082) əsasən, iddiaçının sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 5.253,18 borcu xx.xx.2017-ci il tarixədək yaranmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* nömrəli xx.xx.2021-ci il tarixli hesab faktura ilə iddiaçıya (VÖEN **********, kod 050082) hesablanmış 5.253,18 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə iddia təmin edilmişdir.

5. Qətnamənin əsaslarına görə, “Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış 5.253,18 manat borc məbləği xx.xx.2017-ci il tarixədək olan borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 5.253,18 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir.”

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 551.1, 551.2.1, 552.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 36,27 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən də göründüyü kimi, hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. İddiaçı 2008-ci il üzrə 136 manat, 2009-cu il üzrə 103 manat, 2010-cu il üzrə 84 manat, 2013-cü il üzrə 48,80 manat, 2017-ci il üzrə 210 manat, 2021-ci il üzrə 841 manat məbləğdə göstərilən xidmətlərdən artıq ödəmələr etmişdir. Məhkəmə prosesi dövründə iddiaçının borcu 5.053,18 manat təşkil etmişdir. Qeyd olunan faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində də öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəf artıq ödəmələr etməklə müddət axımını kəsmiş, lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, Bakı Kommersiya Məhkəməsi haqlı olaraq düzgün nəticəyə gəmişdir ki, 5.253,18 manat borc üzrə tələb müddəti MM-in 551.2 və 551.2.1-ci maddələrinə əsasən keçmişdir, buna görə də cavabdehin xx.xx.2017-ci il tarixədək olan 5.253,18 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən göstərilən borc məbləği silinməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir; Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır; Maddə 552.2. Aşağıdakı hallarda müddətin axımı başlanmır və müddət dayandırılır: 552.2.1. öhdəliyin icrasına möhlət verildikdə və ya öhdəlik götürən başqa halla əlaqədar onun icrasından müvəqqəti imtina etmək hüququna malik olduqda; 552.2.2. müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur; Maddə 552.3. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır; Maddə 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Maddə 553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir; Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

12. “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu: Maddə 26.

1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək; 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər; 7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən aşkar olunmur, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı olaraq iddiaçının bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, qanunvericiliklə müəyyən edilən 1 aylıq müddətdə icra etmədiyi işin mübahisəsiz halı olsa da, iddiaçının hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi nəzərə alınmaqla, cavabdehin xx.xx.2017-ci il tarixədək olan dövrə aid ödənişlər haqqında tələbləri xx.xx.2022-ci il tarixədək 5 il keçdiyi üçün, qüvvəsini itirmişdir. Belə ki, həmin müddətin dayandırılması yaxud axımının kəsilməsi ilə bağlı Mülki Məcəllənin 552.2 və 553.1-ci maddələrində təsbit olunan əsaslar iş üzrə müəyyən olunmur.

18. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli dövrdə cari borclardan artıq ödənişlər həyata keçirdiyinə istinad etsə də, Abonent haqqında məlumata əsasən xx.xx.2015-ci il tarixdə quraşdırılan smart-kart tipli suölçən cihazla su istehlak edən iddiaçının hansı qaydada artıq ödəniş edə biləcəyi şikayətdə əsaslandırılmamış, cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında bu faktın necə mümkün biləcəyini izah edə bilməmişdir. Fərz olunsa ki, iddiaçının smart-karta yüklədiyi məbləğin bir hissəsi cavabdeh tərəfindən əvvəlki illərin borclarına silinmişdir, o halda belə məcburi qaydada tutulan borclar Mülki Məcəllənin 553.1.1-ci maddəsində təsbit olunmuş müddətin axımının kəsilməsinə əsas verən “mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə ... icra edirsə” tələbinə cavab vermir.

19. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin yeganə dəlili ilə razılaşmır və onu əsassız sayır.

20. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1632/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar