Məhkəmə qərarları › İş №2-2(103)-807/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-807/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-807/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC Cavabdeh1, "xxxx" MMC, Cavabdeh3, "X4" MMC-ə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Acıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 MMC və Cavabdeh1 İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 manat əsas borc, 1.024,73 manat cərimə borcu olmaqla, cəmi 20.399,93 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh1 K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99.283,31 manat əsas borc, 17.791,24 manat faiz borcu, 4528 manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0.08 ha) fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 307,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh4 MMCnin və Cavabdeh1 İddiaçı ASC-yə olan K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilməsi, Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC , Cavabdeh4 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 MMC həmin qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsini, iş üzrə araşdırılma aparılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnamə çıxararkən gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halları sübut etməmişdir. Həmçinin qərar qəbul edərkən maddi hüquq normalarının tələblərini də pozmuşdur Məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçı tərəfindən təqdim olunmuş materiallar və izahatlara əsaslanmış və cavabdehlərin izahatlarına baxmayaraq ona heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız Bank tərəfindən hesablanmış mexanizmə əsaslanaraq qanunsuz qərar çıxarmış və bununla da hüquqlarını pozmuşdur. Ödənişlər nəzərə alınmamış, maliyyə ekspertizasının keçirilməsi haqqında vəsatət təmin edilməli olduğu halda məhkəmə faizlərin düzgün hesablanması haqqında heç bir araşdırma aparmamışdır. Bundan başqa tərəflər arasında ipoteka müqaviləsi bağlanılarkən ipoteka predmeti olan Abşeron rayonu Fatmayı qəsəbəsində 0,08 ha torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evinə ilkin satış qiyməti dəyərindən iki qat aşağı 307 000 manat məbləğində müəyyən edilmişdir. Hazırda fərdi yaşayış evinin dəyəri 700 000 - 800 000 manatdır (villa, hovuz, manqalxana, besedka daxil olmaqla), həmçinin ötən il ərzində torpağın öz dəyəri də 20% əvvəlki qiymətinə münasibətdə artmışdır. Belə olan halda, faktiki olaraq 800 000 manata yaxın olan ipoteka predmetinin ilkin satış qiymətinin 307000 manat müəyyən edilməsi Cavabdeh1 hüquqlarının pozulması deməkdir. İşə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən müştəriyə 09.01.2030-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 manat məbləğində krеdit limiti açılmış, müqavilə çərçivəsində 09.01.2020-ci il tarixli K3746 saylı maliyyələşdirmə üçün ərizə əsasında bank tərəfindən müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 09.01.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, 100.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir. 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə müştərinin bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Abşeron rayonu Fatmayi kəndində yerləşən (0,08 ha) fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 09 yanvar 2020-ci il tarixli İ3278 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri 307000 manat göstərilmişdir. İpoteka müqaviləsinin, o cümlədən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. 09.01.2020-ci il tarixli GL3746 saylı kredit limiti müqaviləsi üzrə müştərinin bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 arasında 09.01.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinə 16.0.2019-cu il tarixdə 1 saylı əlavəyə görə müştəri Cavabdeh2 MMC-nin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələblərinin invorslarının maliyyələşdirilməsi məqsədi ilə bu müqaviləyə müəyyən olunmuş şərtlər əsasında müştəriyə müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan invoysların diskontaşdılması üzrə kredit limiti açılmışdır. Bank ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 16.04.2019-cu il tarixli, 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən Cavabdeh4 MMC-nin müqavilə üzrə kredit alan və birgə borcalan qismində çıxış etdiyi müəyyən edilmişdir. Sonradan tərəflər arasında 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 19.07.2019-cu il tarixli, 3 saylı və 11.12.2019-cu il tarixli 4 saylı əlavəlr imzalanaraq, limitdən borclu qismində yalnız "xxxx" MMC və "xxxx" MMC-nin çıxış etdiyi invoysların maliyyələşdirilməsi, limitin məbləğinin 55.000 manat, limitdən istifadə müddətinin isə 03.03.2021-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. 03.09.2018-ci il tarixli İDK0116 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində 11.12.2019-cu il tarixli İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə əsasında satıcı Cavabdeh4 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında olan 05.11.2019-cu il tarixli 2331/MT-0684 saylı alış sifarişi və 04.12.2019-cu il tarixli ******* saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh4 MMC-yə Bank tərəfindən 09.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13% olmaqla, 54.143,55 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında 03.09.2018-ci il tarixli, Z2808 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 16.04.2019-cu il tarixli 1 saylı əlavə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 01.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 MMC-nin K3746 saylı maliyyələşdirmə üçün ərizə üzrə 99.283,31 manat əsas borc, 17.791,24 manat faiz borcu, 4528 manat cərimə borcu olmaqla, cəmi 121.602,62 manat borcu, İDK0116/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.375,20 manat əsas borc, 1.024,73 manat cərimə borcu olmaqla, cəmi 20.399,93 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış münasibətlər və bağlanmış müqavilənin şərtləri faktorinq müqaviləsinin şərtlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Birinci instansiya məhkəməsi iddianın cavabdeh tərəfindən qismən qəbul edildiyini, tələbin əsaslı olduğuna dair işdə sübutlar olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 470, 472.1, 472.2, 462.1, 269.5, 317.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə istinad edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh "xxxx" MMC apelyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu göstərsə də, borcun hansı hissəsinin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına düzgün hesablanmadığını əsaslandırmadığından, mühasibatıq ekspertizasının keçirilməsi üçün zəruri olan kredit ödənişlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən məhkəmə iş üzrə mühasibatıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir. Apelyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, faktiki olaraq 800 000 manata yaxın olan ipoteka predmetinin ilkin satış qiymətinin 307.000 manat müəyyən edilməsi Cavabdeh1 hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən apelyasiya şikayəti üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən ipoteka predmetinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələndirilməmiş, ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin 800.000 manat olması barədə nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə ipoteka müqaviləsinin 5.3-cü bəndindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 230.250 manat müəyyən edildiyi halda məhkəmə tərəfindən iddiaçının tələbinə əsasən ilkin satış qiyməti əmlakın bazar dəyərinə uyğun olaraq 307000 manat müəyyən edilmişdir ki, bu da nəinki cavabdehlərin hüquqlarını pozmuş, əmlakın ilkin satış qiymətinin likvid dəyər əsasında deyil, əmlakın bazar dəyəri əsasında müəyyən edilməsi onların mənafeyinə uyğun olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli, e-2-2(113)-1586/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar