Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-808/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Company Limited" Şirkətinin Azərbaycandakı filialı) “əmlakın geri qaytarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Company Limited" Şirkətinin Azərbaycandakı filialı) əmlakın geri qaytarılması və əldən çıxmış faydanın tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “Zena Drilling Limited Şirkəti Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, (uzunluğu 24453,00 metr, 1 metrinin dəyəri $13,11, toplam dəyəri $320578,83), 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli Nasos Kompressor borusu (uzunluğu 2574,00 metr,1 metrinin dəyəri $10,04, toplam dəyəri $25842,96) və qazma borusunun (göstəriciləri: 73mm düym uzunluğu 4200,00 metr, 1 metrinin dəyəri $77,60, toplam dəyəri $325920,00) Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təhvil verilməsi və 650.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin borular 2018-ci il ərzində Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində və “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. Hal-hazırda yaranmış zərurətlə əlaqədar olaraq iddiaçı mülkiyyətində olan həmin boruları ölkədən ixrac etmək niyyətindədir. Lakin cavabdeh həmin boruların ərazidən çıxarılmasına mane olaraq iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozur, iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik edir. Bu barədə tərəflər arasında dəfələrlə yazılı və şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf öz qanunsuz əməllərini davam etdirir. Belə ki, qeyd edilən boruların ərazidən götürülməsi ilə əlaqədar olaraq cavabdeh tərəfə ünvanlanmış məktuba cavabdeh tərəfindən özü ilə “X3” şirkəti arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə qətnaməsinin qəbul edildiyi və iddiaçıya məxsus həmin boruların “X3” şirkətinin borcu ilə əvəzləşdirilməsi barədə “X3” şirkətinə müraciət edildiyi və boruların mülkiyyət hüququnun iddiaçıda olduğunu təsdiq edən sənədlərin mövcud olmadığını bildirən əsassız cavab verilmişdir. Cavabdehlə hər hansı digər üçüncü şəxs arasında olan münasibət, mübahisə və s. cavabdehə onların hüquqlarını pozma səlahiyyəti vermir. Cavabdehlə “X3” şirkəti arasında olan mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə üzrə qəbul edilmiş icra vərəqi Xətai rayon İcra və probasiya şöbəsinin icraatındadır. Tərəflər arasında olan həmin mübahisənin predmetinə iddiaçının mülkiyyətində olan borular daxil deyil. Eyni zamanda nə məhkəmə, nə də icra orqanı tərəfindən həmin boruların “X3” şirkətinə məxsus olması, üzərinə həbs qoyulması və s. barədə bir rəsmi məlumat və ya qərar mövcud deyildir. Cavabdeh “X3” şirkəti ilə arasında olan mübahisəni qanun çərçivəsində həll etmək əvəzinə mübahisəyə aidiyyəti olmayan boruları qanunsuz olaraq özündə saxlayır.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmədə tərəf ola bilməz. Ona görə də, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə təmin edilməməlidir. İddiaçının təqdim etdiyi sənədlər arasında istinad etdiyi bəyannamələr yoxdur. İddiaçının istinad etdiyi 06 yanvar 2021-ci il tarixli qərardadda isə boruların kimə məxsus olması barədə araşdırılma aparılması və sübuta yetirilməsi göstərilməmiş və iddiada qeyd edilən borularla qərardadda göstərilən borular eynilik təşkil etmir. Beləliklə, iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilmir. Həmin borular isə “Aran Oil” Operating Company Limited şirkətinin Azərbaycan Respublikasında olan filialı tərəfindən “Azneft” İB-yə təhvil verilmişdir. Belə ki, “SOCAR-ın “Azneft” İB ilə “Aran Oil” Operating Company Limited şirkətinin Azərbaycan Respublikasında olan filialı arasında Dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirinə dair xx.xx.2016-ci il tarixli 52/10/XM nömrəli və xx.xx.2019-cu il tarixli 11/09/XM nömrəli xidmət müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr çərçivəsində “Azneft” İB öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, “Aran Oil” Operating Company Limited şirkəti öz öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar “Azneft” İB tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-2(113)-1049/2020 nömrəli qətnaməsinə əsasən 1.035.341,57 manat pul vəsaitinin “Aran Oil” Operating Company Limited şirkəti tərəfindən “Azneft” İB-yə ödənilməsi qət edilmişdir. Həmçinin “Aran Oil” Operating Company Limited şirkətinin Azərbaycan Respublikasında olan filialının direktoru, həm də “Zena Driling Limited” şirkətinin təsisçisi və direktoru eyni şəxsdir. “Aran Oil” Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə SOCAR arasında imzalanmış xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən, bir çox avadanlıqlar, inzibatı bina və s. SOCAR “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilib və onların arasında “Aran Oil” Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən alınmış “2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli və 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları mövcuddur.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixl e-2-2(113)-5099/2021 saylı qərardadı ilə “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikası Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-285/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21591 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2558,9 metr olan 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4197,9 metr olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin alınaraq iddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına verilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 800 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 100 (yüz) manat hissəsinin cavabdehdən, 100 (yüz) manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
6. İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh iddiaçının apelyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.
10. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
12. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
16. Həmin Məcəllənin 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
17. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
18. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
19. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
20. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
22. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
25. Belə ki, mübahisəli əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
26. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
27. Zərərin ödənilməsi üçün isə aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
28. Hazırkı işdə isə qeyd olunan şərtlərin və əsasların mövcud olması təsdiq olunmur.
29. Belə ki, hazırki işdə iddiaçı kimi “Zena Drilling Limited Şirkəti deyil, onun Azərbaycan Respublikasındakı Filialı çıxış edir, iddia tələbləri isə ona məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və əldən çıxmış faydanın tutulmasından ibarətdir.
30. Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının mənasından isə aydın olur ki, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Filial və nümayəndəliyin fəaliyyət göstərmələri üçün hüquqi şəxs onlara müəyyən əmlak verir. Filial və nümayəndəliklər hüquqi şəxs olmadıqlarından həmin nemətlər üzərində mülkiyyət hüququ əldə etmirlər. Hüquqi şəxs həmin əmlakın vahid mülkiyyətçisi olaraq qalır. Öz əmlakına malik olmayan filial müstəqil olaraq mülki dövriyyədə iştirak edə bilməz.
31. Bu baxımdan qeyd olunur ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik deyildir. Çünki mübahisə predmeti olan əmlaklar onun mülkiyyəti hesab edilə bilməz. Eyni zamanda, onun fəaliyyəti nəticəsində əldə oluna biləcək gəlir ona deyil, hüquqi şəxsə məxsusdur.
32. Məhkəmə iclasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsi müzakirə olunmuş, lakin iddiaçı tərəf əvəz edilməsinə etiraz etmişdir.
33. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmadan rədd olunmalıdır.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova