Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-809/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(113)-530/2023 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, H.Cavid pr 56 (İcarə müqaviləsi bağlandıqdan sonra verilən çıxarış üzrə ünvan: Bakı şəhəri, H.Cavid pr 54B, 558-556 məhəllə) ünvanında yerləşən icarə obyektini boşaldaraq iddiaçıya təhvil verməsi və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(113)-530/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələblərinə dair iddianın İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Cavabdeh şikayət verərək, həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Həmin Qərarda nümayiş etdirilən hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.” Hazırki iş üzrə iddianın əsasını Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar (müqavilənin əhəmiyyətli dərəcədə pozulması) təşkil edir və İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı (icarəyə verən) cavabdehə (icarəçi) icarə müqaviləsinin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə çatdırmışdır. Bu baxımdan kollegiya qeyd edir ki, icarə müqaviləsinin ləğv edilməsi tələblərinə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, müqavilənin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəilləri isə əsaslı hesab edilə bilməz. Çünki məhkəmə qaydasında Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinə yol verilmir. Bu əsasa görə həmin hissədə iş üzrə icraata xitam verilməsi isə müqavilənin məhkəmədən kənar (MM-nin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi bildirilməklə) qaydada ləğvinin qanuna uyğun olub-olmamasına qiymət verilməsi kimi qiymətləndirilə bilməz. Çünki həmin məsələyə müqavilənin ləğvindən irəli gələn tələblərə (hazırki işdə də iddiaçı tərəfindən icarə obyektinin boşaldılması tələbi irəli sürülmüşdür) mahiyyəti üzrə baxıldığı zaman qiymət veriləcək. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli e-2-2(113)-530/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-2(103)-809/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-809/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver