Məhkəmə qərarları › İş №2-2(103)-81/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-81/2022

19.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-81/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin (əvvəlki adı İddiaçı MMC) Cavabdeh-ə qarşı “borcun ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli, 2(81)-3063/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC (əvvəlki adı İddiaçı MMC) Cavabdeh-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 31.07.2014-cü il tarixli protokolun ləğv edilməsi, 11973,18 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh-nin Binəqədi rayon Sukanal idarəsi arasında 01 iyun 2012-ci ildə “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün” 109023 saylı müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri onlar tərəfindən tam yerinə yetirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya sudan istifadəyə və kanalizasiya xidmətinə görə 01 yanvar 2014-cü il tarixə 11973,18 AZN cərimə hesablanmasına dair 31 iyul 2014-cü il tarixli 109023 saylı protokol tərtib edilmişdir. Protokol qanunsuz və əsassız hesab etməklə ləğv edilməli və həmin protokola əsasən hesablanmış 11973,18 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh protokolu İddiaçı MMC-ni xəbərdar etmədən tərtib etmişdir və protokol yalnız cavabdeh tərəfindən imzalanmışdır. Digər tərəfdən 01 iyun 2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəflə həmin məbləğin yaranmasının səbəbini aydınlaşdırarkən məlum olub ki, X1 idarəsindən əvvəl fəaliyyət göstərmiş Biləcəri su kanalı idarəsi ləğv edilərkən onun qalıq borcları idarə, müəssisə və şirkətlər arasında müəyyən məbləğ hesablanmaqla bölüşdürülmüşdür. Cavabdehlə sudan və kanalizasiya xidmətindən istifadə ilə əlaqədar 01 iyun 2012-ci ildə müqavilə bağlanmışdır. Məhz müqavilənin bağlanılmasından sonra tərəflərin qarşılıqlı öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(81)-3063/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(81)- 3063/2014 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı müqaviləyə əsasən xidmət haqları hər ay təqdim olunan hesab faktura əsasında ödənilir, lakin iddiaçı tərəfindən həmin borclar vaxtı-vaxtında ödənilmədiyi üçün borclar ötən illərdən yığılıb qalmışdır. Borcların ödənilməsi ilə əlaqədar dəfələrlə İddiaçı MMC-ə müraciət olunmuşdur, lakin ödənişlə əlaqədar müraciətlər müsbət nəticə verməmişdir. “Su təchizatı və tullantı sular haqqında” Qanunun 61.1-ci maddəsində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların birbaşa vəzifəsidir. Qanunun 60.1-ci maddəsində göstərilir ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəmələr, mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödənilməlidir. İddiaçı tərəf bizim tələb etdiyimiz borc məbləğinin ona aid olmadığını hesab edir. Məntiqlə həmin borc 2007-ci ilə kimi olan borc idisə, onda həmin borc sabit olaraq qalmalı, yəni dəyişməməli idi. Abonentin ödəniş cədvəlindən də görünür ki, borc dəyişkən olmuşdur. Bu hal bir daha onu sübut edir ki, iddiaçı hər il istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətinə görə ödəmələri etməklə yanaşı, yığılmış borc məbləğindən ödəmələr etmişdir ki, bununla həm borcun ona aid olmasını təsdiq etmiş, həm də bununla iddia müddətinin axımı kəsilmişdir. İşə apellyasiya qaydasında baxılması 08.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakının təmin edilməsi üçün 15.12.2021-ci il tarixə, 19.01.2022-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə iclaslarının vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh iclaslarda iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli 2 (81)-3063/2014 saylı qətnaməsi dəyişdirilərək, 11021,77 manat borcun iddiaçının abunə hesabından silinməsi Cavabdeh-nə həvalə edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC çevrilmə yolu ilə yenidən təşkil edilmişdir və hüquqi varisi "xxxx" QSC-dir. İddiaçı MMC-nin abunə haqqında saldosundan görünür ki, abunə haqqında saldosundan görünür ki, 22.09.2014-cü il tarixə iddiaçıya sudan istifadəyə görə 11973,18 manat borc hesablanmışdır. Saldodan görünür ki, borcun 11021,77 manatı 01.01.2012-ci il tarixədək yaranmışdır. Eyni zamanda saldodan görünür ki, iddiaçı 2006-cı ildən su və kanalizasiya xidmətindən istifadə etməyə başlamış, 2006-cı ildə sudan istifadəyə görə 337,71 manat sərfiyyt hesablandığı halda 01.01.2007-ci il tarixə qalıq borc 11271,07 manat qeyd edilmişdir. Cavabdeh məhkəmə araşdırmasında iştirak etmədiyindən qeyd edilən halı araşdırmaq mümkün olmamışdır. Saldoda qeyd edilən məlumatlara əsasən iddiaçının 2006-cı ilədək qalıq borcu olduğu müəyyən olunmur. 30 iyun 1998-ci il tarixdə qəbul edilmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə hesab edir ki, iddiaçıya 01.01.2007-ci il tarixə hesablanmış v saldoda qeyd edilmiş 11271,07 manat borcun sayğac göstəricisi əsasında hesablandığı müəyyən olunmur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının abonent saldosuna əsasən 01.01.2012-ci il tarixə olan 11021,77 manat qalıq borc üzrə tələb etmə müddəti 2009-cu il tarixdə bitdiyindən və öhdəlik xitam olunduğundan həmin borc məbləğinin abunə hesabında silinməsinə dair hissədə iddia əsaslıdır. 2012-ci ildən sonra iddiaçının sudan istifadəyə görə yaranmış borcunun silinməsi üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddianın tam rədd edilməsi üçün qanuni əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli 2 (81)-3063/2014 saylı qətnaməsi dəyişdirilərək, 11021,77 manat borcun iddiaçının abunə hesabından silinməsi Cavabdeh-nə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli 2 (81)-3063/2014 saylı qətnaməsi dəyişdirilərək 11021,77 manat borcun iddiaçı "xxxx" QSC abunə hesabından silinməsi Cavabdeh-nə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar