Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-81/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşdəki sübutlardan görünür ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh2 arasında 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin cavabdeh tərəfindən icrası təmin edilmədiyindən (İddiaçı ASC kredit borcunun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114.299,62 ABŞ dolları məbləğində borc tutulması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15.389,26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 nömrəli qərarı ilə təmin edilməmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
4. ddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda üzrə borcun və 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf 07 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda borcunun tutulmasını xahiş etmişdir. İddiaçının hazırkı iddia tələbi məhz Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsinin nəticəsi ilə bağlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-149/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 nömrəli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 2- 2(103)-203/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova hakimlər R.Qurbanov və A.Hüseyn).
8. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qətnamə qəbul edildikdən sonra kreditorun qətnaməni icra etməmiş borcludan MM-nin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın tutulması tələbi o zaman təmin edilə bilər ki, borclunun təqsirli olduğu müəyyən edilmiş olsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-149/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Nizami rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh2 barəsində məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməyə görə inzibati xəta törədilməsi barədə protokol tərtib etmiş, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 540/2018 nömrəli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir. Məhkəmə MM-nin 445.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, qətnamənin icra edilməməsinə görə cavabdehin təqsiri sübut olunmadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
9. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-408/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 mart tarixli 2-2(103)-203/2024 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
11. Kassasiya instansiyasının mövqeyinə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əldən çıxmış fayda olaraq 28557 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etsə də, iddia ərizəsində həmin məbləğin hansı qaydada hesablanmasını konkret olaraq göstərməmişdir. İddianın məzmunundan belə nəticəyə gəlmək olur ki, həmin borc məhkəmə qətnaməsi ilə müəyyən bütün məbləğə - 105297,66 ABŞ dollarına uyğun 2018ci ilin 26 fevral tarixindən 2023-cü ilin 03 avqust tarixədək hesablanmışdır. Halbuki, qeyd olunan məbləğə əsas borcla yanaşı, faiz və cərimə borcu da daxil olmuşdur. İddianın əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin ikinci cümləsinə görə isə faizdən faiz ödənilməsi yolverilməzdir. 40. Odur ki, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına dair sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı:
12. Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək , şikayətin təmin olunmamasını xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
Tətbiq edilən hüquq:
Mülki Məcəllə:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
24. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Mülki Prosessual Məcəllə:
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
31. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. 405-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
35. 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi:
36. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
37. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4841/2023 nömrəli qətnaməsin ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
39. İş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci i! tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114299.62 ABŞ dolları məbləğində borc tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15389.26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 saylı qərarı ilə təmin edilməmişdir. Ümumilikdə cavabdeh tərəfindən tutulan borcun məbləği 105297.66 ABŞ dolları olmuşdur. Qeyd olunan məbləğə əsas borcla yanaşı, faiz və cərimə borcu da daxil olmuşdur.
40. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
41. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
42. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
43. . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
46. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.
47. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5% məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
48. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2018-ci il tarixli. 2(103)- 540/2018saylı qətnaməsinə əsasən, Cavabdeh2 iddiaçı “Nikoyl" İKB ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 88408Ş4 ABŞ dolları əsas, 15389,26 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə (həmin məbləğin tutulması ödəniş gününə manata olan məzənnə ilə həyata keçirilsin) və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
49. İddianın əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin ikinci cümləsinə görə isə faizdən faiz ödənilməsi yolverilməzdir.
50. Məhkəmə kollegiyası iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi sübutla kifayətlənməyərək, həmçinin kasassiya instansiya məhkəməsinin göstərişinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə 88408$ əsasə borca münasibətdə gecikirilmiş vaxt üçün illik 5% faizin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2025-ci il tarixli, 9/2128 № ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 88408,4 ABŞ dolları əsas borca dair xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanan məbləğ 24.029,89 ABŞ dolları təşkil edir.
52. Məhkəmə yuxarıdakılara əsasən işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
53. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək (tələb etdiyi) dövrü üzrə illik 5% dərəcə ilə hesablanmış faiz məbləği, əsas borc üzrə edilmiş ödənişlər nəzərə alınmaqla 24.029,89 AZN hissəsində təmin edilməlidir.
54. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsmunun 138 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsmunun 14 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4841/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 24.029,89 ABŞ dolları tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 152 manat pul Cavabdeh2 tutularaq iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh2 tutularaq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.