Məhkəmə qərarları › İş №2-2(103)-811/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-811/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-811/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, nümayəndələri X3, X4, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "X25 Təsərrüfatı" MMC-nin cavabdeh X9 qarşı (X5 və oğlu X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi”tələbinə dair ilk iddiası, iddiaçı X7 cavabdeh "X25 Təsərrüfatı" MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 07.04.2021- ci il tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsindən "X25 Təsərrüfatı" MMC (hakim Aytən Əliyeva) tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "X25 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X25 Təsərrüfatı" MMC ilə X15 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə dəymiş 110.000 manat maddi zərərin və Cəmiyyətə əldən çıxmış fayda şəklində vurulmuş 150.000 manat maddi zərər olmaqla ümumilikdə 260.000 manat pul vəsaitinin cavabdehdən “X25 Təsərrüfatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X25 Təsərrüfatı” MMC ilə X15 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X15 ona məxsus Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən 6891.61 kvm sahədən ibarət olan quşçuluq obyektini 3 (il) müddətinə yəni 16.05.2022-ci il tarixinədək “X25 Təsərrüfatı” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi Bakı şəhərinin 11 saylı notariat kontorunun notariusu X16 tərəfindən təsdiq edilmişdir. İcarə haqqı olaraq müqavilənin 4-cü bəndinə əsasən aylıq 2500.00 manat müəyyən edilmiş və ödənişin ilkin tarixi kimi 16.05.2019-cu il tarixi göstərilmişdir. “X25 Təsərrüfatı” MMC həmin icarəyə götürdüyü sahədə quşçuluq təsərrüfatı ilə məşğul olmaq məqsədilə 25.10.2019-cu il tarixdə Öhdəlik Müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən X19, X10 və X11 arasında üçtərəfli müqavilə bağlanaraq aralarında təsərrüfat ilə bağlı vəzifə bölgüsü edilmişdir. Müqaviləyə əsasən müəssisə quş əti istehsalı ilə məşğul olmalı idi. Bütün bu fəaliyyətin həyata keçirilməsi və müqavilənin 3 illik olmasına güvənərək maddi imkan olmadığından müxtəlif banklardan kreditlər götürərək gəlir əldə etmək məqsədilə təsərrüfata investisiya qoyulmuşdur. Lakin 2020-ci ilin yanvar ayında icarədarın həyat yoldaşı X5 və X6 təsərrüfat yerləşən yerə gələrək həmin yeri boşaltmağı tələb etmiş, səbəbini soruşduqda bildirmişlər ki, həmin obyekti 8500 manata ayrı bir şəxsə icarəyə vermək niyyətindədirlər. İddiaçı hal-hazırda icarədarla aralarında bağlanmış müqavilənin qüvvədə olduğunu bildirdikdə 2 gün vaxt verərək həmin ərazinin boşaldılmasını tələb etmişdir. Daha sonra iddiaçı mübahisənin həlli üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Aralarında uzun gedən söhbətlərdən sonra 01.05.2020-ci il tarixdə X6 yanında bir neçə şəxslə əraziyə hücum edərək odlu və soyuq silahlardan istifadə etməklə ərazidəki işçiləri qorxutmuş və ərazini boşaltmağı tələb etmişdir. Bu qanunsuz hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Hazırki mübahisə mülki xarakterli olduğundan yerli məhkəmədə mübahisələndirilməlidir. Bundan başqa, cavabdehin və üçüncü şəxslərin icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmaqla mane olduğundan iddiaçıya 110.000 (bir yüz on min) manat zərər dəymişdir. Fəaliyyətinin yenidən bərpa etməyi üçün külli miqdarda maddi vəsait tələb olunur. Həmçinin cavabdeh X15 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X25 Təsərrüfatı” MMC-dən 16.05.2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38.333 manat, qazdan istifadəyə görə 14.497.2 manat, işıqdan istifadəyə görə isə 3762 manat və dəymiş zərərə görə 1330 manat borcun, cəmi 57.922 manat borcun tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icarəçi tərəfindən mütəmadi olaraq müqavilə üzrə öhdəliklərin icrası pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışdan da göründüyü kimi icarəçi cəmi 2 dəfə icarə haqqını ödəmişdir. Bununla bağlı olaraq müqaviləyə xitam verilməsi, ərazinin boşaldılması və icarə haqqının ödənilməsi ilə bağlı olaraq tərəfindən 30 yanvar 2020-ci il tarixində icarəçiyə teleqram vurularaq xəbərdarlıq edilmişdir. Eyni zamanda cavabdeh müqavilənin 6-cı bəndinin tələblərini pozaraq, ona məxsus olan sözügedən əmlakı digər şəxslərə də icarəyə vermişdir. Ancaq bütün səylərinə baxmayaraq icarəçi ona müqavilə əsasında təhvil verdiyi obyekti 1 il sonra , 2020-ci ilin may ayında hüquq mühafizə orqanlarına edilmiş müraciəti əsasında daxili işlər orqanlarının əməkdaşlarının iştirakı ilə boşaltmışdır. Lakin “X26 Təsərüffatı” MMC-nin əməkdaşları yenidən son 2 ayda X9 məxsus olan qeyri-yaşayış obyektinə daxil olmuşdur. Tərəfindən 05.08.2020-ci il tarixində 3 gün ərzində icarə müqaviləsinin ləğv edilməsi və “X26 Təsərüffatı” MMC-nin əməkdaşlarının, onların icarə verdiyi 3-cü şəxslərin ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün bildiriş göndərilsə də, cavabdeh nə həmin ərazini boşaltmamış, nə də bildirişə rəsmi münasibət bildirməmişdir. İcarəçi və onun işə cəlb etdiyi şəxslər X9 məxsus olan icarəyə verilmiş əmlakdan istifadə etmiş, orada cücə və toyuq yetişdirərək onları sataraq gəlir əldə etsələr də, bütün 1 il ərzində kommunal xidmətləri, konkret olaraq qaz və işıqdan istifadə etdiklərinə görə də yaranmış borcu tam ödəməmişdir. Nəticədə qazdan istifadəyə görə 8949,20 manat, işıqdan istifadəyə görə isə 1796,31 manat borc yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş arayışlar bunu sübut edir. Bundan başqa icarəçi və onun işə cəlb etdiyi şəxslər bütün bu müddət ərzində quşçuluq obyektində olan icarəyə verənə məxsus olan avadanlıqları da istismar edərək yararsız vəziyyətə salmışdır, nəticədə icarəyə verənə 1330 manat maddi ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021- ci il tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək “X25 Təsərrüfatı” MMC ilə X15 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, "X25 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə haqqı üzrə 15.000 manatın tutularaq X7 xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “X25 Təsərrüfatı” MMC həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.05.2020-ci il tarixdə iddiaçı icarə obyektindən qanunsuz çıxarılmış, məhkəmə bu hala qiymət verməmişdir. Məhkəmə baxış iclasında iddiaçı tərəfindən təqdim edilmiş 25.10.2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən müəyyən edilir ki, “Candahar” X8 direktoru X19 digər tərəfdən X12 və X11 aralarında yem öhdəliyini Rövşən Heydərov, quşçuluq fabrikinin, işçilərin və digər xərclərin öhdəliyini Elxan Şixəliyev, ətlik broyler toyuqların alınması, becərilməsi və satışı öhdəliyini isə V.Babayevin üzərinə götürməsi ilə bağlı müqavilə bağlayırlar. Bu hal əslində, cavabdeh tərəfin 16.05.2019-cu il tarixli icarə Müqaviləsinin 6-cı maddəsində qeyd edildiyi kimi ikinci əldən icarəyə verilmə kimi qiymətləndirilə bilməz. Həmin icarə müqaviləsinə əsasən iddiaçı həmin fabriki işlədə bilməsi üçün əməkdaşlıq etməsi məqsədilə öhdəlik müqaviləsi bağlayır. Bundan başqa, icarə müqaviləsi “X25 Təsərrüfatı” MMC ilə X15 arasında bağlansa da, faktiki münasibətlər X7 əri X5 və oğlu X6 ilə “X25 Təsərrüfatı” MMC-nin direktoru və Elxan Şixəliyev və Rövşən Heydərov arasında olmuşdur. Belə ki, danışıqların ilk anlarından İmanov M.M xahiş edir ki, ona bir il ərzində müqavilədə göstərilən 2500 manat deyil, ayda 6.500 manat ödənilsin. Qarşı tərəf buna etiraz etməmiş və artıq ödənişlərin gələcəkdə icarə haqlarından əvəzləşdirilməsi ilə bağlı razılığa gəlmişdirlər. Bununla da, Elxan Şixəliyev ilə İmanov Məhəbbət arasında qəbz imzalanmış və 10.05.2019, 14.06.2019, 16.07.2019, 17.08.2019, 16.09.2019, 16.10.2019, 15.11.2019, 18.12.2019, 16.01.2020, 15.02.2020, 18.03.2020-ci il tarixlərdə olmaqla 11 dəfə 6500 manatdan cəmi 71.500 manat pul ödəmişdir. Bu barədə yazılı qəbz və bundan başqa, bir ay üçün 14.02.2020-ci il tarixli 6500 manat pulu qəbul etməsi barədə X2 verdiyi qəbz hakim Aytən Əliyevaya təqdim edilsə də, hakim məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi və üçüncü şəxslərin iştirakını təmin etmək məqsədilə məhkəmə iclasını təxirə salmış, növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsinin üzürlü səbəbdən iştirak etməməsinə baxmayaraq tez tələsik qətnamə qəbul etmiş və həmin halları araşdırmamışdır. Lakin hakim qətnamədə qeyd edir ki, 04.06.2020-ci il tarixli hesabatdan görünür ki, “X25 Təsərrüfatı” MMC tərəfindən X7 hesabına 13.12.2019-cu il tarixdə 2500 AZN, 14.02.2020-ci il tarixdə 2500 AZN məbləğində vəsait ödənilmişdir. Lakin hakim həmin halı araşdırmamışdır ki, əgər cəmiyyət 11 ay işlədiyi təqdirdə cəmi 2 ay icarə haqqını ödəyirsə, qarşı tərəf 9 ay ərzində ödəmədən Cəmiyyətə niyə işləməyə imkan vermiş və ya bu barədə hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. İlk iddia üzrə iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, nümayəndələri X13, X11 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.04.2021- ci il tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan görünür ki, qətnamə qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirilmir. Məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. X1 ilə “X25 Təsərrüfatı” MMC adından X19 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X15 ona məxsus Bakı şəhəri 1 nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən, sahəsi 6891,61 kv. metr olan quşçuluq obyekti “X25 Təsərrüfatı” MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsi 3 il müddətinə bağlanmış, 16.05.2022-ci ilə qədər qüvvədə olması , aylıq icarə haqqının isə 2500(iki min beş yüz) manat olması müəyyən edilmişdir. Həmin müqavilənin 6-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmin müqavilənin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “icarəçi” tərəfindən həyata keçirilir. - Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Müqavilənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbində müqavilənin 6-cı, 10-cu bəndlərinin pozulduğu, icarə haqlarının ödənilmədiyi qeyd edilmişdir. Müqavilənin 6-cı bəndinin pozuntusu, yəni iddiaçı tərəfindən ikinci əldən icarəyə verildiyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. İşdəki 25.10.2019-cu il tarixli öhdəlik müqaviləsindən görünür ki, icarəçi “X25 Təsərrüfatı” MMC adından X19, X14, X11 öz aralarında, X9 məxsus Bakı şəhəri 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən quşçuluq obyektində quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün razılığa gəlmişlər. Həmin müqavilənin məzmunundan aydın olur ki, X14, X11 adında şəxslər icarəyə götürülmüş obyektdə “X25 Təsərrüfatı” MMC ilə birgə fəaliyyət göstərəcəkləri barədə razılıq əldə etmişlər. Bu isə müqavilənin 6-cı bəndinin pozulması kimi qiymətləndirilə bilməz. İcarə haqlarının və razılaşdırılmış qaydada kommunal ödənişlərin icarəçi tərəfindən tam həyata keçirildiyi “X25 Təsərrüfatı” MMC tərəfindən sübut edilməmişdir. İşdəki bank hesabındab çıxarışdan görünür ki, “X25 Təsərrüfatı” MMC tərəfindən X7 hesabına 13.12.2019-cu il tarixdə 2500 AZN, 14.02.2020-ci il tarixdə 2500 AZN məbləğində, cəmi 5000 manat vəsait ödənilmişdir. “X25 Təsərrüfatı” MMC-nin nümayəndəsi məhkəmə iclasında icarə haqqı ödənişlərinin icarəyəverən Z.İmanovanın həyat yoldaşı və oğluna nağd olaraq ödənildiyini göstərsə də, ödənişlər barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İşdən görünür ki, “X25 Təsərrüfatı” MMC-yə 05.08.2020-ci il tarixdə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, icarəçi 2020-ci ilin may ayında faktiki olaraq icarəyə verilmiş obyektdən çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilən normaların tələblərinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin icarəçinin faktiki istifadəsində olduğu 6 ay üçün 15.000 manat icarə haqqı borcunun cavabdehdən tutulması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. İlk iddia üzrə irəli sürülmüş 110.000 manat maddi zərər və əldən çıxmış fayda şəklində vurulmuş 150.000 manat maddi zərərlə bağlı işdə mötəbər sübutlar olmadığından ilk iddianın rədd edildiyi hissədə qətnamənin ləğvi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.04.2021- ci il tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: "X25 Təsərrüfatı" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021- ci il tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar