Məhkəmə qərarları › İş №2-2(103)-814/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-814/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-814/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2285/2023 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC-də Cavabdeh2 MMC-nin bank hesabı vardır. Cavabdehin səlahiyyətli şəxsi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə X13 filialına gələrək nağd pul almaq üçün çek təqdim etmiş, 30.000 manat ödənilməsini xahiş etmişdir. Bankın xəzinədarı X5 tərəfindən səhvə yol verilərək, 30.000 manat əvəzinə 38.000 manat pul vəsaiti ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 8000 manat, ödənilmiş 100 manat dövlət rüsumu və ödənilmiş 110 manat mediasiya məbləğinin, cəmi 8.210 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, hadisə ilə bağlı bank tərəfindən cinayət işinin başlanması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə şikayət verilmişdir. Nərimanov rayon Polis İdarəsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə bankın İdarə heyətinin sədri Selçuk Demirin müraciəti üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və "X15" MMC-nin mühasibi işləmiş Cavabdeh1 xx.xx.2022-ci il tarixdə "X16" MMC-nin hesabından nağd vəsaitin məxarici zamanı bankın "Əhməd Rəcəbli" filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə 38.000 manatın təhvil verilməsi öz təsdiqini tapdığı üçün banka həmin pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi məqsədi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Şərh edilənlərdən də göründüyü kimi Cavabdeh2 MMC işçisi və pul vəsaitlərini almağa səlahiyyətli olan şəxsi Cavabdeh1 İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə 38.000 manat almaqla əsassız varlanma halı baş vermişdir.

4. Cavabdeh2 MMC iddiaya etiraz edir və bildirir ki, hüquqi məsuliyyətin əsasında təqsir dayanır. Bəzi istisna hallar çıxılsa təqsiri olmadan heç bir şəxs məsuliyyət daşımır və ya məsuliyyətə cəlb oluna bilməz. Mülki qanunvericilik bəzi hallarda təqsiri olmadan da şəxsin məsuliyyət daşımasını nəzərdə tutur. Məsələn, MM-in 1099, 1103, 1105, 1108, 1110-cu və s. maddələri Bu tipli normaları birlikdə analiz etdikdə bu nəticəyə gəlmək olar ki, qanunun məqsədi ziyan dəymiş şəxsin ziyanının daha asan və tez yolla ödənilməsinə nail olmaqdır. Lakin bu hallar ancaq delikt halında mümkündür. Mülki Məcəllə əsassız varlanma ilə bağlı şəxsin işçisi və ya səlahiyyətli şəxsinin hərəkətlərinə görə məsuliyyət daşımasını nəzərdə tutmur. Belə olan halda iddiaçı onun tərəfindən verilən əlavə pul məbləğinin məhz şirkətin kassasına mədaxil edildiyini sübut etməlidir. Onların halında şirkətə 30.000 manat pul mədaxil edilib. Qalan 8000 manatın taleyinin necə olması isə cavabdehə aiddir. Şirkətin kassasına məhz 38.000 manat pulun mədaxil edilməsi ilə bağlı heç bir sübut yoxdur. İddiaçının xüsusilə üzərində dayandığı cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi X1 tərəfindən qəbul edilmiş qərarda da bununla bağlı heç bir qeyd yoxdur. Daha dəqiq, həmin qərarda 38.000 manat pulun şirkətin kassasına mədaxil edilməsi birbaşa göstərilməmişdir. Qərarın nəticə hissəsində əksinə, 38.000 manatın cavabdehə verildiyi birbaşa göstərilib. Bunu qeyd edərkən xüsusilə onu da vurğulamaq lazımdır ki, artıq verilmiş pul məbləğinin iddiaçının kassasından götürülməsi şəxsən cavabdehin öz iradəsi əsasında həyata keçirilmişdir. Artıq pulun götürülməsi ilə bağlı şirkətin rəhbərliyi məlumatlı olmamış və ya birbaşa belə bir göstəriş verməmiş, hətta bunu sonradan bəyənən hərəkətlər də etməmişdir. Əsassız varlanan şəxs cavabdehdir və şirkət əsassız varlanma halına görə onun hərəkətlərinə görə məsuliyyət daşımır.

5. Cavabdeh1 da iddiaya etiraz edir və bildirir ki, iddia ona aid hissədə rədd edilməlidir. Belə ki, iddiaçı özü də etiraf edir ki, cavabdeh seçimində yanlışlığa yol vermişdir. İddia ərizəsində görünür ki, İddiaçı ASC-yə zərər vuran şəxs elə həmin bankın öz xəzinədarı X5 olmuşdur. O, öz səriştəsizliyi və savadsızlığı nəticəsində MM-nin 1096cı maddəsində göstərilən və nəzərdə tutulan mülki hüquq pozuntusuna (deliktlər) yol verməklə iddiaçıya ziyan vurmuşdur. İddia ərizəsində göstərildiyi kimi, xx.xx.2022-ci il tarixdə o, mühasib kimi çalışdığı Cavabdeh2 MMC-nin məsul şəxsi Ali İhsanın göndərişi ilə 30.000 manatın nağdlaşdırılmasına dair müvafiq maliyyə sənədini İddiaçı ASC-nin Əhməd Rəcəbli ünvanındakı ofisinin xəzinədarı X3 təqdim etməklə ondan 30.000 manatın xəzinədən alınaraq ona verilməli olduğunu bildirir. Sonuncu kassa əməliyyatını texnologiyanın nasazlığı ucbatından tam həyata keçirə bilmədiyi üçün həmin əməliyyatın sona yetirilməsini öz həmkarı olan digər xəzinədara həvalə edir. O da öz növbəsində sayaraq ona qarışıq əskinaslarla (30 ədəd) ümumilikdə 38.000 manat pulu ötürür. O, həmin əskinasların qarışıq olması səbəbindən saya bilmədiyi üçün əskinasları geri qaytarıb uyğunsuzluğun aradan qaldırılmasını və pulların düzgün sayılmasına şərait yaradılmasını tələb etmişdir. Sonradan, yəni xəzinədarlıqdan qayıtdıqdan sonra öz iş otağında Cavabdeh2 MMC-nin ofisində gətirdiyi həmin pulları iş masasının üzərinə qoyaraq saymaq və əskinasları (gələcəkdə bir daha sayılmasını asanlaşdırmaq məqsədi ilə) ayırmaqla məşğul olduğu zaman onunla bir ofisdə mühasib işləyən Şahid adlı şəxs “sən gec sayırsan ver mən sayım” deyərək pulları ondan almışdır. Sonradan Şahid inamı və etibarı olduğu üçün onun həmin pulları necə saymasına nəzarət etməyərək (buna imkanı olmamışdır), həm də baş mühasib kimi güvənərək onun sayıb ona verdiyi 30.000 manat pulu təyinatı üzrə rəhbər şəxs Ali İhsan bəyə verib bu barədə imzalanmış qəbzi ondan götürmüşdür. Həmçinin, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin Bakı şəhəri Əhməd Rəcəbli ünvanındakı ofisində pulların xəzinədarlıqdan ona verilməsi prosesini anbaan özündə əks etdirən video müşahidə görüntülərini əsas götürən iddiaçı nədənsə həmin pulların tərəfindən təhvil verilmə anlarını qeydə alan görüntüləri tələb etməkdə maraqlı olmamışdır. Əvvəl gündən bu barədə aparılan danışıqlarda, verdiyi zahatlarda məhz həmin video müşahidə görüntülərinin də ortaya çıxmasını tələb etmişdir. Buna misal olaraq xx.xx.2022-ci il tarixdə saat 16:30-da “X17” MMC-nin rəhbəri kimi tanıdığı Ali İhsan bəy özünün mobil telefonu ilə ona votsapp səsli mesaj göndərərək onun ofisində baş verənlərin video görüntülərini lazım gəldiyi anda aidiyyəti qurumlara təqdim edəcəyini bildirməsi və nədənsə sonrakı araşdırmalarda isə Şahid ifadəsinə görə həmin ofisdəki video müşahidə materialları 5 günlük saxlanmadan sonra silinib getmiş kimi qələmə verilməsi, özü də əhəmiyyətsiz bir video material kimi qiymətləndirilərək yaddaşa salınmaması və yaxud sübut növü kimi əhəmiyyət daşımaması anlaşılan deyil. Buradan belə qənaətə gəlmək olar ki, digər Cavabdeh2 MMC həqiqətin ortaya çıxmasında ya maraqlı deyil, ya da ki qəsdən, düşünülmüş tərzdə mühüm əhəmiyyət kəsb edən sübut növünü, yəni xx.xx.2022-ci il tarixdə öz ofislərində baş verənləri sübut edən video müşahidə kameralarının qeydə aldığı faktları məhkəmədən gizlətməklə fikir çaşqınlığı yaratmaq, onun kimi gənc perspektivli bir kadrı ləkələməklə karyerasını korlamaq məqsədi güdülmüşdür. Hazırkı iddia ərizəsi üzrə sübutların tam təmin olunmaması, iddia tələbi üzrə cavabdehin düzgün seçilməməsi məhkəməyə əsas verir ki, iddiaya baxılmasını mümkünsüz saysın.

6. Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-2(113)-2285/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 8000 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 MMC-yə münasibətdə iddianın rədd edilməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmişdir.

7. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ona münasibətdə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə əmək münasibətlərində olmuşdur və bu, işin mübahisələndirilməyən halıdır. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: ... b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərtiilə qəbul etdikdə. Çekin “birdəfəlik hüquqmüəyyənedici sənəd” olduğunu sübut etməyə ehtiyac yoxdur. İşçi pul vəsaitlərini bankdan “birdəfəlik hüquqmüəyyənedici sənəd”lə - çeklə öz mənafeyi üçün deyil, işəgötürənin mənafeyi üçün almışdır. Bu baxımdan məhkəmə tərəfindən Mülki Məcəllənin 986-1-ci maddəsinə formal istinad düzgün olmamışdır. Həmin normanın, cavabdehlər arasında olan işəgötürən-işçi münasibətlərini nəzərə alınmadan tətbiqi düzgün hesab edilə bilməz. Mülki Məcəllədə (maddə 986-5.1.2.) təqdim edənə (adsız) növü nəzərdə tutulsa da, bank qanunvericiliyində, o cümlədən “Banklar haqqında” Qanunda, Azərbaycan Respublikasının Mərkəzi Bankının “14” sentyabr 2021-ci il tarixli, № 24/1 saylı qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nda təqdim edənə (adsız) çekdən istifadə ümumiyyətlə nəzərdə tutulmayıb, həmin növ çek tətbiq olunmur və belə çek üzrə hər hansı ödəniş aparılmır. İstinad edilən Qaydaların 2.1.25-ci bəndinə əsasən, pul çeki – müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan çekdir. Göründüyü kimi, istinad edilən normada da pul çeki müştərinin pul vəsaitlərinin hər hansı digər şəxsə ödənilməsinə dair sərəncamı deyil, yalnız müştərinin özünün pul vəsaitini özü üçün (və ya səlahiyyətləndirliyi şəxs vasitəsi ilə) nağd almaq üçün istifadə olunan birdəfəlik hüquqmüəyyənedici sənəddir. Müəssisənin mənafeyinə pul vəsaitlərinin məxaric edilməsi üçün verilən çek həmin pulları məxaric edən işçini çek sahibi etmir. Belə olan halda, MMC-nin verdiyi pul çeki heç bir halda həmin pul vəsaitlərinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair sərəncamı (iradə ifadəsi) kimi başa düşülə bilməz. Hazırkı iş üzrə yaranmış münasibətin subyektləri Bank, Cavabdeh2 MMC və həmin MMC-nin pul çekini təqdim etmiş (yəni MMC-yə veriləcək pul vəsaitlərini almaq üçün səlahiyyətləndirilmiş şəxs) işçisi Nihat Rəsulov olmuşlar. Pul vəsaitləri bankın xəzinədarı tərəfindən MMCnin sərəncamı əsasında çeki təqdim edən şəxsə verildiyindən, həmin andan MMC-yə təhvil verilmiş hesab edilməlidir. Həmin andan pul vəsaitlərinin çatdırılması, MMC-də təhvil verilməsi münasibətlərinin isə banka aidiyyatı olmur və bu münasibətlər MMC ilə onun çek əsasında pulu almış işçisi Cavabdeh1 arasında olan münasibətlər müstəvisinə keçir. Məhkəmənin yanaşmasına görə isə işçiyə verilmiş çek onu çek sahibinə çevirir. Mülki Məcəllənin 954.1, 986-1.7-ci maddələri və “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”-nın 14.6-cı bəndinin tələblərinə görə nağd pulu almaq hüququ olan Cavabdeh1 tərəfindən həmin hüquqların başqa şəxsə verilməsi də qadağan edilmişdir. Cavabdeh1 MMC-nin pul çeki əsasında nağd aldığı pulların hamısını yalnız özü alıb MMC-yə təhvil verməli idi. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nin pul çeki formasında verdiyi sərəncam əsasında onun səlahiyyətləndirdiyi Cavabdeh1 pul vəsaitlərinin ödənilməsi və artıq ödənilmiş pul vəsaitlərinin qaytarılması üzrə münasibətlərin subyekti ilk növbədə Cavabdeh2 MMC olduğu halda, məhkəmə tərəfindən sonuncunun məsuliyyətdən azad edilməsi və pul vəsaitlərinin qaytarılması vəzifəsinin yalnız Cavabdeh1 üzərinə qoyulması maddi hüquq normalarının tərəflərin münasibətinə və işin hallarına uyğun düzgün tətbiq edilmədiyinə dəlalət edir. Bu baxımdan artıq alınmış pul vəsaitlərinin MMC-nin xəzinəsinə mədaxil edilməsinin təsdiqi və ya inkarı üçün Bank sübutetmə vəzifəsi daşımır.

10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sonradan tam qanuni əsaslarla öz keçmiş işçisinə qarşı da iddia qaldırmaq hüququnun olduğunu, qanunvericilikdə belə bir iddianın qaldırılmasının yolverilməz olmasına dair heç bir müddəanın olmamasını (qeyd edilən iddia qaldırıldığı halda bu eyni tərəflər arasında eyni predmet barəsində mübahisə olmasını ehtiva etmir), həm hazırkı iddianın, həmdə həmin iddianın təmin ediləcəyi halda iddiaçının itirdiyi məbləğin 100 faizi miqdarında gəlir əldə etmək imkanını, bu halın iddiaçının öz hüquqlarından sui-istifadəsinə yol açdığını nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin iddiaçı Bankla X13 filialının xəzinədarı X6 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirməsinə baxmayaraq, məhkəmə həmin şəxslə müqaviləyə xitam verilərkən və ya xitam verilməmişdən əvvəl əmək haqqından və ya son haqq hesabdan iddiaçıya dəymiş 8000 manat məbləğində ziyanın tutulub-tutulmamasını araşdırmamış və formal mülahizələr əsasında iddianı Cavabdeh1 münasibətdə təmin etmişdir. İddiaçı bankın işçisinin (xəzinədar X6) səhvi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi, həmin şəxsin iddiaçıya vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıması haqqında müqaviləsinin olması işin halları ilə müəyyən edildiyindən hesab edir ki, hazırkı halda cavabdehlərin iddiaçı qarşısında öhdəliyini şərtləndirən hüquqi faktdan söhbət gedə bilməz. Həmçinin məhkəmə iclasında yazılı vəsatətlər verərək, Cavabdeh1 həm iddiaçı Bankdan aldığı pulların Cavabdeh2 MMC-nin baş mühasibi Şahid təhvil verilməsi anının video görüntülərinin Cavabdeh2 MMC-dən alınmasını, həm də həmin MMC-nin baş mühasibi Şahid qismində dindirilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd edilən halları araşdırmamış, əsassız olıaraq vəsatətlərini təmin etməmiş və MPM-in 77, 78, 85 və 87-ci maddələrinin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 isə hər iki apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 14.Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

15. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri Cavabdeh1 aid hissədə əsaslı, Cavabdeh2 MMC-yə aid hissədə isə əsassızdır.

20. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

22. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur.

23. Belə ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 30.000 manat məbləğinə dair çek əsasında 30.000 manat verilməli olduğu halda, səhvən 38.000 manat pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır (bütün tərəflər həmin faktı bildirirlər).

24. Eyni zamanda Cavabdeh1 38.000 manat pulun hamısını aldığı şəkildə Cavabdeh2 MMC-nin digər bir mühasibi olan Şahid verdiyini, Şahid isə pulu sayaraq 30.000 manat olduğunu deyib, ona qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

25. Hazırki apellyasiya baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid da ona 38.000 manat pulun verilməsini təsdiq etməmişdir.

26. Həmçinin Cavabdeh2 MMC-nin kassasına 38.000 manat pul vəsaitinin daxil olması da hər hansı sübutla öz təsdiqini tapmır.

27. Əksinə həm Cavabdeh1, həm də Cavabdeh2 MMC bildirir ki, kassaya 30000 manat pul mədaxil edilmiş və buna dair sonuncu tərəfindən mədaxil qəbzi verilmişdir.

28. Göründüyü kimi hazırda 38.000 manat pul vəsaitinin məhz Cavabdeh1 verilməsi mübahisəsizdir. Sonuncu da həmin məbləğdə pulu Cavabdeh2 MMC-nin digər bir mühasibi olan Şahid verdiyini bildirsə də, bunu heç nə ilə sübut edə bilməmiş, eyni zamanda Cavabdeh2 MMC-nin kassasına cəmi 30.000 manat pul verilmişdir.

29. Bu isə heç bir əsas olmadan iddiaçının hesabına 8000 manat məbləğində əsassız varlanan şəxsin məhz Cavabdeh1 olduğunun deməyə əsas verir.

30. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 8.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya qaytarılmalıdır.

31. Cavabdeh2 MMC-yə münasibətdə isə iddia tələbləri təmin edilə bilməz.

32. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 38000 manat vəsait Cavabdeh1 verilmiş, eyni zamanda Cavabdeh2 MMC-nin kassasına cəmi 30.000 manat pul vəsaiti daxil olmuşdur. Göründüyü kimi iddiaçının hesabına Cavabdeh2 MMC-nin 8000 manat məbləğdə əsassız varlanması halı mövcud deyil.

33. Eyni zamanda hazırda əsassız varlanma üzrə Cavabdeh1 Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıması da müəyyən edilə bilməz. Çünki bu ya qanunun tələbindən irəli gəlməli, ya da tərəflər arasında bununla bağlı hər hansı müqavilə olmalı və yaxud öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməlidir.

34. Hazırki işdə isə bu əsasların heç biri mövcüd deyil. Əksinə yuxarıda qeyd olunanlara əsasən qanunverici məhrum olana məhz varlanmış şəxsdən əldə etdiklərini qaytarmağı tələb etmək hüququ vermişdir.

35. Hazırki vəziyyətdə də əsassız varlanan yeganə şəxsin Cavabdeh1 olduğu aşkardır.

36. Ona görə də, Cavabdeh2 MMC-yə münasibətdə iddia tələbləri təmin edilə bilməz.

37. Həmin cavabdehə münsibətdə iddianın rədd edilməsi ilə bağlı iddiaçının dəlilləri isə əsassızdır. Belə ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olması, onun adından çıxış etməsi, 38000 manat vəsaitin hansı növdə çek üzrə verilməsi və həmin çekin hüquqi xarakteristikası, o cümlədən çekin kimin adına verilib-verilməməsinin hazırki mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur.

38. Çünki yuxarıda da qeyd olunduğu kimi bank tərəfindən 38000 manat vəsait Cavabdeh1 verilmişdir.

39. Eyni zamanda sonuncu Cavabdeh2 MMC-yə 38000 manat vəsaiti təqdim etdiyini bildirsə də, bunu hər hansı vasitə ilə sübut edə bilməmişdir.

40. Cavabdeh2 MMC də ona 38000 manat vəsaitin daxil olmadığını bildirir.

41. Göründüyü kimi hazırda yeganə sübutetmə yükü Cavabdeh1 üzərindədir. O isə öz vəzifəsini yerinə yetirə bilməmişdir.

42. Belə olan halda isə qəbul edilir ki, hazırki vəziyyətdə əsassız varlanan yeganə subyekt Cavabdeh1dur.

43. Qanunverici də məhrum olana məhz varlanmış şəxsdən əldə etdiklərini qaytarmağı tələb etmək hüququ vermişdir.

44. Ona görə də, iddia tələbi Cavabdeh2 MMC-yə münasibətdə tələb edilə bilməz.

45. Cavabdeh1 iddiaçının öz işçisinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia irəli sürməli olduğu halda hazırkı iddianı qaldırmaqla tələbi cavab verməli olmayan subyektlərə yönəldilməsi, o cümlədən iddiaçının işçisindən 8000 manat məbləğində ziyanın tutulub-tutulmaması məsələsinin araşdırılmaması barədə dəlilləri də əsassızdır.

46. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh1 iddiaçının hesabına 8000 manat məbləğində əsassız varlanmışdır. Göründüyü kimi işçisinin səhv edib-etməməsindən asılı olmayaraq hazırda çek əsasında Cavabdeh1 38000 manatı verən şəxs qismində İddiaçı ASC çıxış edir. Mülki Məcəllənin 1092.1-ci maddəsində də birbaşa təsbit olunmuşdur ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi iddia məhz buna cavab verməli olan şəxsə qarşı qaldırılmışdır. Həmçinin qeyd olunan maddənin məzmunundan da göründüyü kimi qanunverici əsassız varlanmanın baş verməsini əmlak əldə edən şəxsin hüquq əsas olmadan həmin əmlakı əldə etməsində təqsirinin mövcud olması ilə şərtləndirməmişdir.

47. Bundan əlavə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 4-cü maddəsinin məzmunu baxımından pozulmuş hüquqlarının müdafiə vasitəsini seçmək hüququ məhkəməyə müraciət edən şəxsə, yəni iddiaçıya məxsusdur. Odur ki, İddiaçı ASC-nin işəgötürən qismində işçisinin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı işçiyə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması pozulmuş hüquqlarının digər müdafiə vasitəsindən istifadə etməklə Cavabdeh1 qarşı əsassız varlanmadan irəli gələn hazırkı iddianı qaldırmaq imkanını məhdudlaşdırmır.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2285/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar