Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-815/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-155/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 21.810 manat əsas borcun, əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla ümumi dəyəri 3.271,5 manat məbləğində əlavə borcun, iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manatın, ümumilikdə 25.281,5 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında şifahi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən müəyyən işlərin və xidmətlərin görülməsi nəzərdə tutulmuş və görülmüş, lakin bunun qarşılığında görülmüş işlərin və xidmətlərin dəyəri olan pul vəsaiti "xxxx" MMC tərəfindən hesaba ödənilməmişdir. Belə ki, "xxxx" MMC-nin hazırda xx.xx.2019-cu il tarixli üzləşmə aktına müvafiq olaraq sözügedən iş və xidmətlərin dəyəri olaraq 21.810 manat məbləğində həmin tarixə olan əsas borcu mövcuddur. Eyni zamanda "xxxx" MMC-nin Mülki Məcəllənin tələbinə əsasən illik 5 faiz cərimə borcu yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdehin gecikdirilmiş 03 il müddət üçün əlavə 3271,5 manat borcu yaranmışdır.
3. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddianın "xxxx" MMC-yə qarşı verilməsinə səbəb və əsas üzləşmə aktında "xxxx" MMC-nin direktoru qismində Nümayəndə2 imza çəkməsi olmuşdur. Eyni zamanda ilkin mediasiya sessiyası zamanı Nümayəndə2 məxsus ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və bu barədə müvafiq qeydlər müvafiq arayışda öz əksini tapmışdır. Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı iddia qaldırıldıqdan sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən iddia ərizəsinə etiraz olaraq bildirilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri olmamış və üzləşmə aktında qeyd olunan Nümayəndə2 adlı şəxsin "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Bununla bağlı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında arada olan anlaşılmazlığı aydınlaşdırmaq məqsədilə üzləşmə aktını imzalayan Nümayəndə2 məhkəmədə şahid qismində dindirilməsi barədə şifahi vəsatət verilsə də, bu vəsatət təmin olunmamışdır. Sözügedən məhkəmə iclasından sonra Nümayəndə2 məxsus ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və bu zaman ona məhkəmə iclasında şahid qismində dindirilməsinin zəruriliyi eləcə də, xx.xx.2019-cu il tarixli üzləşmə aktında ona heç bir aidiyyatı olmayan bir şirkətin direktoru qismində aktı imzaladığı bildirilmişdir. Bu zaman isə o, direktoru olduğu şirkətin "xxxx" MMC olduğu deyil, Cavabdeh MMC olduğu bildirilmişdir. Yalnız bundan sonra məlum olmuşdur ki, borcu olan cavabdeh "xxxx" MMC deyil, Cavabdeh MMC-dir. Göründüyü kimi iddia ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-155/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
12. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 15.Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
16. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 17.Həmin Məcəllənin 445.7-ci maddəsinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
18. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
21. Belə ki, iddiaçı onunla cavabdeh arasında şifahi xidmət müqaviləsinin bağlandığına istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
22. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
23. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
24. Qeyd olunanlara əsaslanaraq və işin hallarını (iddiaçının nümayəndəsinin izahatına əsasən cavabdehə ağır texnikalar icarəyə verilmişdir) nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin icarə müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
25. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
26. Lakin hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur.
27. Belə ki, tərəflər arasında müqavilə bağlandığını və ümumiyyətlə tərəflərin müqavilə münasibətlərində olmasını təsdiq edən hər hansı sənəd (müqavilə, təhvil-təslim aktı, elektron qaimə, elektron və ya digər şəkildə yazışma və s.) məhkəməyə təqdim edilməmişdir.
28. İddiaçı iddiasının əsasını təsdiq edən sübut qismində yalnız xx.xx.2019-cu il tarixli üzləşmə aktının kserosurətini məhkəməyə təqdim etmişdir.
29. Məhkəmə iclasında həmin aktın əslinə baxış keçirilməsi üçün təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi tərəfindən onun əsli təqdim edilməmişdir.
30. Ona görə də, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz.
31. Bundan əlavə, həmin sübutun hazırki mübahisəyə aidiyyati də təsdiq olunmur və ona görə də, həmin akt özü-özlüyündə tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
32. Çünki həmin aktda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixinə "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu 21.810 manat təşkil edir. Üzləşmə aktı "xxxx" MMC-nin direktoru olaraq Nümayəndə2 qeyd edilmiş və imza edilmişdir.
33. Göründüyü kimi hazırki iddia Cavabdeh MMC-yə qarşı irəli sürülsə də, üzləşmə aktında onun adı qeyd olunmamış və onun möhürü ilə təsdiq edilməmişdir (akt yalnız İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir).
34. Aktın "xxxx" MMC-nin direktoru olaraq Nümayəndə2 (Kommersiya qurumlarının dövlət reyestr məlumatlarının verilməsi çıxarışına əsasən Nümayəndə2 "xxxx" MMCnin qanuni təmsilçisidir) qeyd edilməklə imzalanması isə Cavabdeh MMC-yə münasibətdə hər hansı hüquqi nəticə yarada bilməz.
35. Çünki yuxarıda da qeyd olunduğu kimi həmin aktda Cavabdeh MMC-nin adı qeyd olunmamış və onun möhürü ilə təsdiq edilməmişdir.
36. Göründüyü kimi iddiaçı tərəflər arasında müqavilə münasibətlərinin yarandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
37. Eyni zamanda, hazırki məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC və onun qanuni təmsilçisi Nümayəndə2 elektron qaydada göndərilmiş məktublarda iddiaya və xx.xx.2019-cu il tarixli üzləşmə aktına aydınlıq gətirilməsi, yəni həmin üzləşmə aktındakı imzanın Nümayəndə2 məxsus olub-olmaması, İddiaçı MMC ilə Cavabdeh MMC arasında hər hansı müqavilənin bağlanıb-bağlanmaması, müqavilə bağlandığı təqdirdə yuxarıda qeyd olunan üzləşmə aktının həmin müqaviləyə aidiyyatının olubolmaması ilə bağlı hallara aydınlıq gətirilməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən həmin məktublar cavablandırılmamışdır.
38. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaya və təqdim olunan akta münasibət bildirilməməsi Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.
39. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı ümumiyyətlə tərəflərin müqavilə münasibətlərində olmasını sübut edə bilməmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi baxımından cavabdehin iddiaya münasibət bildirilməməsi sübutetmə vəzifəsinin ona keçməsi anlamına gəlmir və həmin Məcəllənin 106.2-ci maddəsinin tətbiq edilməsi əsaslarını yaratmır.
40. İddiaçının nümayəndəsinin audio yazıya istinad edilməsinə dair isə qeyd edilir ki, həmin yazıda iddiaçının nümayəndəsinin bildirdiyinə əsasən iştirak edən digər şəxs məhkəmə iclasında iştirak etmədiyinə görə Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinə əsasən həmin yazı dinlənilə və sübut kimi tədqiq edilə bilməz.
41. Bu baxımdan kollegiya hesab edir ki, əsas borcun tutulması barədə tələblər rədd edilməlidir.
42. İddiada irəli sürülmüş əsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbinə dair qeyd olunur ki, həmin tələb əsas borcun tutulması ilə bağlı tələbdən irəli gələn (törəmə) tələbdir və Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından həmin iddianın təmin edilməsi üçün cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olması tələb olunur.
43. Əsas borcun tutulması ilə bağlı tələblər isə rədd edildiyinə görə, yəni pul öhdəliyinin mövcüd olması öz təsdiqini tapmadığına görə iddiada irəli sürülmüş əsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbləri də təmin edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-155/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn