Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-815/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia tələbinin qanuni əsası, icarə müqaviləsi, icarə haqqının ödənilməsi, sübutetmə, iddia tələbinin əsaslandırıldığı faktiki hallar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC (icarəyə verən) və İddiaçı MMC (icarəçi) arasında “icarəyə verən”in mülkiyyətində olan texnikanı “icarəçi”yə 1 (bir) il müddətinə (27 iyun 2022-ci il tarixinədək) icarəyə verməsi barədə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə imzalanmışdır (İddiaçı MMC-nin direktoru qismində Tahir Alıyev göstərilmişdir).
2. "xxxx" MMC tərəfindən 40 ədəd yol vərəqəsi tərtib olunmuş, yol vərəqələrində texnikanın marşurutu “Respublika daxili (Cəbrayıl)” göstərilmiş, texnikaların hərəkətinə Tahir Alıyev tərəfindən icazə verilmişdir.
3. İddiaçı MMC (subpodratçı) və Cavabdeh MMC (sifarişçi) arasında 1 avqust 2021-ci il tarixdə xx/xx/2021 nömrəli icarə müqaviləsi bağlanmışdır.
4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Əhmədbəyli-Horadiz-Mincivan- Ağbənd avtomobil və dəmir yolunun tikintisi sahəsində istifadə üçün müxtəlif təyinatlı texnikaların icarəsi bu müqaviləyə əlavədə göstərilən qiymətlərlə müəyyən olunur.
5. Müqavilənin 2.2-ci bəndində tərəflər təsdiq etmişlər ki, sifarişçi, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi layihəsi üzrə lazım olan texnikaları 6 ay müddətində icarəyə götürmüşdür, ay ərzində icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir.
6. Müqavilənin 2.4-cü bəndinə əsasən, hər ay icarəyə götürülən texnikaların istifadə günlərinin sayı nəzərə alınmaqla aylıq xidmətlərin təhvili cədvəli hazırlanacaqdır; 2.5-ci bəndinə görə, ödənişlər ay ərzində faktiki yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən təsdiq edilən aylıq xidmətlərin təhvili cədvəli əsasında növbəti ayın 30 günü ərzində köçürmə yolu ilə yerinə yetiriləcəkdir; 2.6-cı bəndinə əsasən cədvəldə göstərilən texnikanın iş günləri, hər bir maşının cavabdehin tikinti sahəsində işə başladığı gündən hesablanacaq.
7. 25 avqust 2021-ci il tarixli qiymətlərin razılaşma protokolu ilə 17 ədəd özüboşaldan texnikanın icarə haqqı məbləği 1 ay üçün 4700 manat, 3 ədəd ekskavatorun icarə haqqı məbləği 1 ay üçün 9500 manat, 1 ədəd buldozerin bir ay üçün icarə haqqı məbləği 9500 manat razılaşdırılmışdır.
8. EBBN seriyalı 787465 nömrəli 08 dekabr 2021-ci il tarixli, dəyəri 23 262,83 manat olan elektron elektron qaimə Cavabdeh tərəfindən "xxxx" Firmasına; EBBV seriyalı 016293 nömrəli 26 may 2022-ci il tarixli, dəyəri 29 499,76 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə; EBBV seriyalı 016421 nömrəli 26 may 2022-ci il tarixli, dəyəri 17 699,86 manat olan elektron qaimə Cavabdeh tərəfindən "xxxx" MMC-yə; EBCB seriyalı 166518 nömrəli 02 avqust 2022-ci il tarixli, dəyəri 37 169,66 manat olan elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir.
Məhkəmə icraatları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən əsas borc kimi 78 000 manatın, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 manatın, vəkil xidməti üçün ödənilmiş 221 manatın, ümumilikdə isə 78 621 manat məbləğindəki pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 01 avqust 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus nəqliyyat vasitələri icarəyə verilmiş, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmiş və cavabdehin iddiaçıya 78 000 manat məbləğində borcu yaranmışdır. Müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, görülmüş işlərin dəyərinin bir qismi, yəni 78 000 manat məbləğindəki pul vəsaiti hələ də ödənilməmişdir.
11. Sonradan iddiaçının nümayəndəsi “iddianın dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, cavabdehdən əsas borc kimi 507 000 manatın, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 (dörd yüz) manatın, vəkil xidməti üçün ödənilmiş 221 manatın, ümumilikdə isə 507 621 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Həmin ərizə belə əsaslandırılmışdır ki, müqavilə icarə müqaviləsidir və tərəflər 25 avqust 2021-ci il tarixdə aşağıdakı texnikaların aylıq icarə haqqı barədə razılığa gəliblər. Belə ki, 17 ədəd özüboşaldan texnikanın birinin aylıq icarə haqqı 4700 manat, 3 ədəd ekskavatorun birinin aylıq icarə haqqı 9500 manat, 1 ədəd buldozerin aylıq icarə haqqı 9500 manat göstərilib. Göründüyü kimi, cavabdeh 25 avqust 2021-ci il tarixli razılaşma üzrə 707 400 (yeddi yüz yeddi min dörd yüz manat) manat məbləğində pulun ödənilməsini öz üzərinə öhdəlik götürüb. (Eskavator 1 ayı 9500, 3 ədəd, 3 × 9500 = 28 500 × 6 ay = 171 000 manat; buldozer 1 ayı 9500, 1 ədəd, 9500 x 6 ay = 5700 manat ; özüboşaldan 17 ədəd, 1 ayı 4700, 17 × 4700 = 79 900 × 6 ay = 479 400 manat; 57 000 + 171 000 + 479 400 = 707 400 manat). Həmçinin, cavabdeh tərəfindən həmin borc məbləğinin bir hissəsi, yəni 200 000 manat hissəsi qaytarılsa da, qalan 507 000 manat məbləği hələ də qaytarılmayıb.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “...kommersiya işinin materiallarına 4 ədəd elektron qaimə əlavə edilmişdir. Həmin qaimələrin üçü ümumiyyətlə hazırkı işə aid deyil. Yalnız 37 169 manat məbləğə dair 02 avqust 2022-ci il tarixli elektron qaimə iddiaçı tərəfindən cavabdehə verilmişdir, bu qaimədə isə əsas kimi torpaq işlərinin görülməsi göstərilir. Təqdim edilmiş sənədlədən müəyyən edildiyi kimi cavabdehin iddiaçıya borcu yoxdur, iddiaçı qeyri-səmimidir. İddaçının qeyri-səmimiliyinin növbəti göstəricisi iddia ərizəsinə əlavə verməsidir. Tutaq ki, 507 000 manat borc vardı, onda pretenziyada və iddia ərizəsində bu borc niyə 78 000 manat göstərilirdi?. Birdən-birə borcun necə şişməsi, borc var idisə iddianın daha əvvəldən niyə verilməməsi, iddia ərizəsində əlavədə cavabdeh tərəfindən iddiaçıya 200 000 manat vəsaitin ödənilməsi, bu ödənişin iddiaçının hazırkı vaxta kimi niyə gizlətməsi sual olunur.”.
14. 28 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsinin texnikaların yeri barədə sualına cavab olaraq iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, “...mən bu barədə suala cavab verməyə çətinlik çəkirəm” (i.v. 51).
15. Birinci instansiya məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, 01 avqust 2021-ci il tarixli müqavilə üzrə 37 169,66 manat pul vəsaitinin, mediasiya xərcinin əvəzi olaraq 400 manat pul vəsaitinin və hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 221 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlandırılsa da, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildikdə, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
17. Bu səbəblə məhkəmə mübahisəyə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun qiymət vermiş, belə qənaətə gəlmişdir ki, işin materiallarına əlavə olunmuş elektron qaimələrdən yalnız biri - 02 avqust 2022-ci il tarixli EBCB seriyalı 166518 nömrəli dəyəri 37 169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamış, bu da cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət etmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 37 169,66 manat olan xidmətlər göstərilmişdir və ona görə də cavabdehin göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsi yaranmışdır. İddiaçı tərəf cavabdehə 507 000 manat məbləğində xidmət göstərildiyini sübut edə bilməmişdir.
18. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 390.4-cü, 777.1-ci və 783.2-ci maddələrinə istinad etmişdir.
19. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, aşağıda göstərilən dəlilləri irəli sürmüşdür: “Tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində göstərilir ki, icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir. Buna baxmayaraq texnikalar Cavabdeh MMC-yə təhvil verilməmiş, bu səbəbdən də tərəflər arasında işə hər hansı təhvil-təslim sənədi imzalanmamışdır. İş üzrə 4 dəfə məhkəmə hazırlıq, 5 dəfə baxış iclası keçirilib. 4 hazırlıq və 2 baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində olanları təsdiq edərək cavabdehə icarəyə texnikaların verilməsini bildirmişdir. Məhkəmə sübutların təqdim edilməsi üçün iddiaçıya şərait yaradaraq hazırlıq və baxış iclaslarını təxirə salmış, iddiaçı isə sübut verməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi mənim sualıma cavab olaraq hazırlıq iclaslarında texnikaların cavabdehə Bakı şəhərində təhvil verilməsini bildirmişdir. Bununla bağlı sənədlər, yol vərəqləri tələb edilmişdir. 28 mart 2024-cü il tarixli məhkəmə iclasında hakim bildirmişdir ki, yol vərəqləri DYP-da qala bilər və iddiaçıya yol vərəqlərini oradan alıb, məhkəməyə verilməsi üçün şərait yaratmışdır. İddiaçı 22 aprel 2024-cü il tarixli iclasda DYP-da yol vərəqlərinin də olmadığını bildirmişdir. 17 may 2024-ü il tarixli 3-cü baxış iclasında iddiaçının direktoru tamamilə yeni dəlil irəli sürmüşdür ki, biz cavabdehə hər hansı texnika təhvil verməmişik, biz əslində torpaq işi görmüşük. İddaçı yeni düşünülmüş bu dəlili ona görə irəli sürdü ki, texnikaların təhvil verilməsinə dair sübutu yoxdur. İddiaçının torpaq işi barədə dəlilləri həqiqəti əks etdirmir və hazırkı işlə qətiyyən uzlaşmır. Ona görə ki, əgər torpaq işi görülmüşdüsə onda niyə pretenziyada, iddia ərizəsində, iddia ərizəsində əlavələrdə, hazırlıq və baxış iclaslarında bildirilirdi ki, cavabdehə icarəyə texnika vermişik. Belə çıxır ki, iddiaçının həmin dedikləri həqiqəti əks etdirmirmiş və iddiaçı həmin ana kimi məhkəməni aldadır, yalan məumat verirmiş? Əgər yalan idisə, biz tərəflər və məhkəmə niyə bu boyda müddət düşmüşdük yol qaiməsi axtarışına? Axı həmin qaimənin olmadığını iddiaçı bilirdi. Bütün bunlar iddiaçının məhkəmə ilə qeyri-səmimi olduğunu göstərir. Bu baxımdan məhkəmənin 01 avqust 2021ci il tarixli müqaviləyə əsasən cavabdehdən pul tutması əsassızdır. Belə çıxır torpaq işi görülməsi haqqında başqa bir müqavilə olub. Bu halda sual yaranır: hanı o müqavilə? Onun şərtlərini kim müəyyən edib? Harada yazılıb o şərtlər? Belə bir müqavilə olmadığı halda məhkəmə qiyməti necə müəyyən edib? Haradan götürülüb 37 169 manat vəsait? Belə çıxır ki, məhkəmə 01 avqust 2021-ci il tarixli müqavilənin qiymətlərini tətbiq edib? Əvvəla 37 169 manat qiymət heç 01 avqust 2021-ci il tarixli müqavilə ilə də uyğun gəlmir. Məhkəmə hansı qiyməti tətbiq edib? Bəlli deyil və qeyri-müəyyəndir. Qətnamədə göstərilir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının direktoru X2 nəqliyyat vasitələrinin, yanvar ayı ərzində 7 gün, fevral ayı ərzində 15 gün, mart ayı ərzində 20 gün xidmət göstərildiyini bildirmişdir. Tutaq ki, iddiaçının dedikləri həqiqətdir, axı xx.xx.2021-ci il tarixli müqavilənin qiymət razılaşması protokoluna görə 17 ədəd özüboşaldanın cəmi aylıq qiyməti 9500 manat təşkil edir. 10 ədədinin aylıq icarə qiyməti isə təxmini 5000 manat təşkil edir. 42 gün – 1 ay yarımdan azdır. Bu isə 7500 manatdan az edir. Məhkəmə 37 000 manatı necə tapdı? Digər tərəfdən isə icarə ilə xidmət arasında qiymət fərqi var, icarə daha bahadır, çünki əmlak bütün təhvil verilir və icarəçidə qalır. Digər tərəfdən isə iddiaçının direktoru 17 may 2024-cü il tarixli iclasda bildirib ki, texnikalar yanvar, mart, aprel aylarında işləyib. Sual yaranır: axı 01 avqust 2021-ci il tarixli müqavilənin müddəti ilin sonunda bitirdi və mart, aprel aylarında artıq qüvvədə deyildi, siz necə o müqaviləyə əsasən iş gördüz? Axı müqavilə avqust, sentyabr, oktyabr ayları üçün lazım idi, martda o müqavilə və texnika cavabdehə lazım deyildi, müqavilə mənasını itirmişdi. Qətnamədə məhkəmənin sübut kimi istinad etdiyi yeganə sənəd 166518 nömrəli, 02 avqust 2022-ci il tarixli, dəyəri 37 169,66 manat olan “torpaq işləri” adlı xidmətlə bağlı elektron qaimədir. Məhkəmə göstərir ki, qaimə İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş, cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir. Bununla belə, tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində göstərilir ki, icarəyə götürülən və geri qaytarılan texnikalar aylıq aktlara əsasən təhvil-təslim edilir. İşdə hər hansı təhvil təslim sənədi və ya işin real görülməsini təsdiq edən sənəd yoxdur. İddiaçı ilkin olaraq bu sənədlərə malik olduğunu göstərsə də, sonradan onun mövcud olmadığını bildirmişdir. Yəni elektron qaimə verilsə belə, onun qabaqcadan hər hansı qüvvəsi yoxdur, elektron qaimə müqavilədə nəzərdə tutulan başqa sənədlərlə təsdiq edilməli, bir-birini tamamlamalıdır. Verilən elektron qaimə ilə bağlı bildirmişlər ki, cavabdeh şirkətin sərbəst ayrıca mühasibi yoxdur, aylarla vergi kabineti açılıb baxılmır, yalnız vergi hesabatları zamanı mühasib tutulur. Ona görə də gələn qaiməyə 5 gün ərzində nəzarət etmək mümkün olmamışdır və cavabdeh bu qaiməni qəbul etməmişdir. Həmçinin məhkəmənin 17 may 2024-cü il tarixli iclasında iddiaçının direktoru etiraf etmişdir ki, cavabdehdən 200 000 manat alıb, bu hal məhkəmə iclasında tədqiq olunub. Onda niyə məhkəmə bu halı nəzərə almayıb? İddiaçının bu rəqəmləri iddiaya əlavədə hesablama aparmaqla göstərməsi və 17 may 2024 iclasda direktorunun etiraf etməsi bizim sübutumuzdur”.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları və iddianın təmin edilən hissəsində iş üzrə mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh müqavilənin təhvil-təslim aktları ilə bağlı şərtinə əsaslansa da, müqavilə üzrə borcun qaytarılmasını və borcunun olmamasını birinci instansiya məhkəməsində bildirmişdir. Elektron qaimənin ləğv olunmaması nəzərə alındıqda, borcun bağlanmasının bildirilməsi təhvil-təslimin qəbul edilməsi deməkdir. Cavabdehin ödənişləri məhz mübahisə predmeti olan müqavilə üzrə etməsi onun tərəfindən sübuta yetirilməmiş, iddiaçı 200 000 manat məbləğin başqa hüquqi şəxslə aralarında yaranmış hüquq münasibəti ilə bağlı olduğunu bildirmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1ci, 390.4-cü, 675-ci, 700.1-ci, 700.2-ci, 777.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 12 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 25.1. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. 25.2. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı hazırki tələbini tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixli icarə müqaviləsinə istinadla qaldırmışdır. Birinci instansiya məhkəməsi həmin müqavilənin məzmununa və tərəflər arasında formalaşmış işgüzar münasibətilərə əsaslanmaqla, sözügedən müqavilənin xidmət müqaviləsi olması qənaətinə gəlmişdir. 25.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, mübahisəli hüquq münasibətinin xarakteri və iddianın qanuni əsası ilə bağlı heç bir qiymətləndirmə aparmamış, qətnaməsində Mülki Məcəllənin icarə və tapşırıq müqavilələrini tənzimləyən normalarını sadalanmaqla kifayətlənmişdir. 25.4. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflər arasında bağlanmış 01 avqust 2021-ci il tarixli icarə müqaviləsinin məhz hansı bəndinin məzmunundan həmin müqavilənin əslində xidmət müqaviləsi olması qənaətinə gəlməsi aydın deyil. Digər tərəfdən məhkəmənin baxılan mübahisə çərçivəsində tərəflər arasında əslində formalaşmış işgüzar pratikanın nədən ibarət olması müəyyən edilməmişdir. Belə olan halda, tərəflər arasında formalaşmış hansı məzmunlu işgüzar praktikadan çıxış edərək məhkəmənin sözügedən icarə müqaviləsini xidmət müqaviləsi kimi qiymətləndirməsi ziddiyyətli olmuşdur. Nəticədə məhkəmə tərəfindən iddianın icarə haqqının tutulması üçün qaldırıldığı nəzərə alınmadan, iddianın qanuni əsasına düzgün qiymət verilməmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. 25.5. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404-cü maddəsi). Nəzərə alınmalıdır ki, məhkəmənin müqavilədən irəli gələn münasibətləri bu müqavilə ilə müəyyən olunan şərtlərdən fərqli qaydada həll edə bilməsi üçün ya müqavilənin şərtləri sonradan dəyişdirilmiş olmalı, ya da müqavilənin təsfiri nəticəsində tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın fərqli məzmunda formalaşması müəyyən edilməlidir. 25.6. Tərəflər arasında sözügedən müqavilə şərtlərindən fərqli işgüzar praktikanın olub-olmamasına gəldikdə, məhkəmə tərəfindən konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər. 25.7. İşin materiallarına, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, müqavilə şərtlərindən fərqli məzmunda praktikanın formalaşmasını təsdiq edən, hər iki tərəfin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar əlavə edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində də tərəflər arasında mövcud olmuş fərqli işgüzar pratikaya istinad da olunmamışdır. 25.8. Baxılan işdə iddiaçının icarə haqqının tutulması tələbi üzrə, 01 avqust 2021ci il tarixli icarə müqaviləsi üzrə texnikaların həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin icarəsinə verilməsinə və icarə haqqının köçürmə qaydasında ödənilməsinə dair hər hansı sübut əlavə edilməmişdir. 25.9. Müqavilə üzrə ödənişlərə dair iddiaçı tərəfindən ziddiyyətli mövqelər irəli sürülmüş, bir tərəfdən məhkəməyə ünvanlanmış, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh tərəfindən 200 000 manat icarə haqqı ödənişinin aparıldığı qeyd edilmiş, icraatın sonrakı mərhələlərində məhkəmə iclaslarında verilən izahatlarda zəruri sübutlar təqdim edilmədən bu hal təkzib edilmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətlərə lazımi hüquqi qiymət verməmiş, iddiaçının nümayəndəsinin izahatını mötəbər saymışdır.
Təkrar apellyasiya baxışı, izahatlar
26. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
29. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
39. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
42. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
43. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
44. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
45. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
46. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissədə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
56. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
a) Ümumi məsələlər
57. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
58. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir, bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
59. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
60. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
61. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 32, 33, 34).
b) Müqavilənin hüquqi statusu barədə
63. Yuxarıda göstərilən istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış 11 avqust 2021-ci il tarixli xx/xx/2021 nömrəli müqavilə icarə müqaviləsidir.
64. Belə ki, müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
65. 11 avqust 2021-ci il tarixli müqavilədə iddiaçının “subpodratçı”, cavabdehin isə “sifarişçi” kimi göstərilməsinə (§ 3) və tərəflərin bu cür fərqləndirilməsinə adətən podrat müqavilələrində rast gəlinməsinə baxmayaraq, müqavilənin mahiyyətindən və predmetindən aydın olur ki, tərəflər əslində icarə müqaviləsi bağlamışlar.
66. Nəzərə alınmalıdır ki, müqavilədə bir-birinə zidd olan ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (§ 34).
67. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilə strukturuna və ifadə qaydasına görə icarə müqaviləsidir.
68. Belə ki, müqavilədə onların hüquq və vəzifələri icarə münasibətlərinə uyğun olaraq müəyyən edilmişdir, eyni zamanda, həm müqavilədə, həm də tərəflər arasında bağlanmış qiymət razılaşdırma protokolunda tərəflər “icarə haqqı”, “icarəyə verilməsi” və digər oxşar ifadələrdən istifadə etmişlər; bu ifadələr isə icarə müqaviləsinə xas olan ifadələrdir (§ 4, 5, 6).
69. Digər tərəfdən müqavilədən aydın olur ki, cavabdehin məqsədi məhz sözügedən texnikaları icarəyə götürmək olmuşdur – çünkü tərəflər podrat və ya xidmət müqaviləsi bağlamaq niyyətində olsalar idi, onlar görüləcək işlərin həcmi, müddəti və təftiş edilməsi, habelə təhvil-təslim edilməsi ilə bağlı qaydaları da müəyyən edərdilər – hansı ki, 11 avqust 2021-ci il tarixli müqavilədə belə razılaşma müşahidə edilmir.
70. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı (icarəyə verən), icarə predmetini icarəçiyə təhvil verdiyini və icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini sübut etməlidir; cavabdeh (icarəçi) isə iddiaçıya (icarəyə verənə) borcunun qalmadığını sübut etmək vəzifəsi daşıyır.
c) İddia tələbi üzrə qiymətləndirmə
71. Kollegiya hesab edir ki, iddiaçı icarə predmetlərinin cavabdehə təhvil verilməsini sübuta yetirə bilməmişdir.
72. Belə ki, tərəflər bağladıqları müqavilədə icarə predmeti olan texnikaların təhvil verilməsi ilə bağlı qaydanı müəyyənləşdirmiş, texnikaların 6 ay müddətində icarəyə götürüldüyünü, ay ərzində icarəyə götürülən və geri qaytarılan texnikaların aylıq aktlara əsasən təhvil-təslim ediləcəyini (§ 5) razılaşdırmışlar; iddiaçı isə icarə predmetlərinin təhvil-təslim olunması ilə bağlı hər hansı akt təqdim etməmişdir.
73. İddiaçı tərəfindən cavabdehə 37 169,66 manat məbləğində elektron-qaimə təqdim edilsə də, aşağıdakı iki əsasa görə həmin qaimə texnikaların təhvil verildiyinə dair sübut kimi qiymətləndirilə bilməz:
74. İlk növbədə qeyd olunmalıdır ki, elektron qaimənin icarə predmetinin verilməsi baxımından sübutetmə vasitəsi kimi çıxış etməsi üçün bu, ya tərəflər arasında müqavilədə nəzərdə tutulmalıdır, ya da tərəflər arasında işgüzar münasibətlər bu formada təşəkkül tapmalıdır.
75. Tərəflər müqavilədə hər ay icarəyə götürülən texnikaların istifadə günlərinin sayı nəzərə alınmaqla aylıq xidmətlərin təhvili cədvəlinin hazırlanmasını nəzərdə tutmuşlar və məhz həmin təhvil cədvəlləri müqavilənin 2.5-ci bəndinə görə ödənişlər üçün əsas ola bilərdi.
76. Belə olan halda, elektron-qaimənin icarə predmetlərinin verilməsi baxımından sübutetmə vasitəsi kimi çıxış etməsi üçün tərəflər arasında işgüzar münasibətlər bu istiqamətdə formalaşmalıdır.
77. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərhi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
78. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 28).
79. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
80. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.
81. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
82. Hazırkı halda isə yalnız 1 ədəd elektron qaimənin təqdim edilməsi özlüyündə tərəflər arasında münasibətlərin bu müstəvidə formalaşmasına dəlalət edə bilməz, eyni zamanda, həmin elektron-qaimənin təyinatı qismində “görülmüş torpaq işləri”nin göstərilməsi də onun sübutetmə qüvvəsini şübhə altına qoyur.
83. Bu kontekstdə kollegiya onu da nəzərə alır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
84. Başqa sözlə, əgər iddiaçı iddia tələbini icarə münasibətlərinə əsaslanan faktlara istinadən irəli sürmüşsə, məhkəmə yalnız müvafiq faktlar üzrə qərar qəbul edə bilər – hansı ki, bu yanaşma, “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
85. Bu baxımdan qeyd olunmalıdır ki, təyinatı “görülmüş torpaq işləri” olan sözügedən elektron-qaimə icarə münasibətlərinə əsaslanan faktlara istinadən irəli sürülən iddia tələbi üzrə deyil, podrat və ya xidmət faktına istinadən irəli sürülən iddia çərçivəsində əhəmiyyət kəsb edə bilər.
86. Kollegiya müvafiq qənaətə gələrkən, iddiaçının zidiyyətli davranışlarını, habelə onun nümayəndələrinin iddia tələbinin əsaslılığına şübhə yaradan ifadələrini də nəzərə alır.
87. Belə ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə göndərdiyi pretenziyada və məhkəməyə ilkin olaraq təqdim etdiyi iddia ərizəsində cavabdehdən 78 000 manat tələb etsə də (§ 9), sonradan iddia tələbini 507 000 manat məbləğinə artırmış, iddia tələbi cəmi 37 169,66 manat həcmində təmin olunmasına baxmayaraq, qətnamə ilə razılaşmışdır – 507 000 manat borcun ödənilmədiyini iddia edən bir kommersiya subyektinin bu cür davranışının isə ağlabatan izahı mövcud deyildir. Nəzərə alınmalıdır ki, qətnamədən şikayət verib-verməmək tərəfin prosessual hüququ olsa da, iddia etdiyi borcun çox cüzi hissəsi təmin olunan tərəfin bununla razılaşması, özü-özlüyündə onun dürüst davranmadığı təəssüratını yaradır.
88. Digər tərəfdən iddiaçı, cavabdeh tərəfindən 200 000 manat məbləğində ödəniş olunduğunu bildirsə də, bununla bağlı hər hansı sübut (çıxarış, ödəniş tapşırığı və s.) təqdim etməmiş, cavabdeh isə iddiaçının konkret olaraq hansı ödəniş(lər)i nəzərdə tutduğunu bilmədiyini qeyd etmişdir.
89. Verdikləri ziddiyyətli izahatlarda tərəflərin nümayəndələri həmin ödənişin mövcudluğunu təsdiq etsələr də, onun nə vaxt və nəyə əsasən edildiyinin ağlabatan izahını verə bilməmişlər.
90. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin iddiaçıya 200 000 manat ödəniş etdiyi qəbul olunsa belə, bu halda həmin ödənişin 37 169,66 manatı da əhatə etdiyi nəticəsinə gəlinməlidir – çünkü iddiaçının məhkəməyə təqdim etdiyi yeganə mötəbər sübut
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 məhz 37 169,66 manat dəyərində olan 02 avuqst 2022-ci il tarixli elektron-qaimə olmuşdur – hansı ki, iddiaçı özü də tələbinin yalnız 37 169,66 manat hissəsinin əsaslı olduğunu qətnamədən şikayət verməməklə faktiki olaraq etiraf etmişdir.
91. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır.
92. Kollegiya, apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləğini apellyatorun özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-807/2024 saylı iş üzrə 24 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səməd Cəfərov
Tural Qocayev