Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-818/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin təqdim edilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2-2 (113)-1897/2021 saylı qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən onun 22 sentyabr 2020-ci il tarixli teleqramının qəbul edilməsindən imtinasının qanuna zidd sayılması, "xxxx" ASCnin emissiya prospektinin, torpaq sahəsinin şəhadətnaməsinin, son 10 ilə dair ümumi yığıncaqlarının protokolları və audit aktlarının, son 5 ildə bağlanan icarə müqavilələrinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə teleqramla müraciət edərək cəmiyyətin emissiya prospektinin, torpaq sahəsinin şəhadətnaməsinin, son 10 ilə dair ümumi yığıncaqlarının protokolları və audit aktlarının, son 5 ildə bağlanan icarə müqavilələrinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətləri təqdim edilməsini xahiş etmiş, lakin cəmiyyət 22.09.2020-ci il tarixli teleqramı qəbul etməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2-2 (113)-1897/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin qismən -”Bakı Ofset Kombinatı” ASC-nin emissiya prospektinin, torpaq sahəsinin şahadətnaməsinin, audit aktlarının, son 5 ildə bağlanan icarə müqavilələrinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin ”Bakı Ofset Kombinatı” ASC tərəfindən İddiaçı təqdim edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsinə əsasən Açıq Səhmdar Cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. hesabat dövrü üzrə maliyyə göstəriciləri; aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; cəlb edilmiş maliyyə vəsaitləri; idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; idarəetmə strukturu;. inkişaf siyasəti; səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; investisiyaların həcmi və mənbəyi; cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; ictimai layihələr. Mülki Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Həmin Məcəllənin 106-2.3.-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Qeyd edilən normadan aydın olur ki, həmin hüquqdan səhmdar il ərzində bir dəfə istifadə edə bilər. İl başa çatdıqda isə artıq həmin kəsici müddət bitmiş olur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid məsələlər MM-nin 107-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilən sənədlər istisna olmaqla iddiaçının başqa sənədlər tələb etmək hüququ qanunla müəyyən edilməmişdir. Beləliklə iddiaçının ”Bakı Ofset Kombinatı” ASC-nin emissiya prospektinin, torpaq sahəsinin şəhadətnaməsinin, audit aktlarının, son 5 ildə bağlanan icarə müqavilələrinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərini tələb etməsi müvafiq qanunvericilkdə təsbit edilməmişdir. Cavabdeh ”Bakı Ofset Kombinatı” ASC-nin nümayəndəsi və vəkili X1 27.08.2021ci il tarixdə keçirilmiş məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2-2 (113)-1897/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia "xxxx" ASC-nin torpaq sahəsinin şəhadətnaməsinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsinin "xxxx" ASC-yə həvalə edilməsinə dair hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş 17.06.2020-ci il tarixli X3 Məlumat və X4 görünür ki, İddiaçı emitent "xxxx" ASC-nin buraxmış olduğu qiymətli kağızlardan 890 ədəd adi adlı səhmi vardır. İddia ərizəsinə əlavə edilmiş teleqramdan görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə emissiya prospektinin, torpaq sahəsinin şəhadətnaməsinin, son 10 ilə dair ümumi yığıncaqlarının protokolları və audit aktlarının, son 5 ildə bağlanan icarə müqavilələrinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə müraciət olunmuş, sonuncu isə müraciəti qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh iddia tələbinin "xxxx" ASC-nin son on ilə dair ümumi yığıncaqlarının protokollarının təqdim edilməsinin cavabdehə həvalə edilməsinə dair hissəsi ilə razılaşaraq iş üzrə qəbul edilmiş qətnaməni qalan hissədə mübahisələndirir. Məhkəmə cavabdehin apelyasiya şikayətinin dəliləri ilə bağlı araşdırma apararaq şikayəti qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-nin torpaq sahəsinin şəhadətnaməsinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi irəli sürsə də cavabdehin mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olması, habelə cavabdehə tikinti işləri aparılması üçün torpaq sahəsi ayrılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili işə apelyasiya qaydasında baxılarkən "xxxx" ASC-nin tikinti işləri ilə məşğul olmadığını və ona bu məqsədlə hər hansı torpaq sahəsi ayrılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının qeyd edilən tələbləri ilə bağlı işdə sübutlar olmadığı halda mövcudluğu məhkəmə araşdırılması zamanı təsdiq edilməmiş sənədlərin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəldiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qismən ləğv edilərək iddia "xxxx" ASC-nin torpaq sahəsinin şəhadətnaməsinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsinin "xxxx" ASC-yə həvalə edilməsinə dair hissədə təmin edilməməlidir. Qalan hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3 və 106-1.3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüquqları vardır. Qeyd edilən normaya əsasən iddiaçı səhmdar kimi cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, yəni cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları özündə əks etdirən sənədlərin ona təqdim edilməsini cavabdehdən tələb etmək hüququna malikdir. Hazırkı halda iddiaçı tərəfindən tələb edilən audit aktları, icarə müqavilələri, cəmiyyətin emissiya prospekti səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları özündə əks etdirən sənədlər olduğundan cavabdeh bu sənədləri əqdim etməkdən imtina etməyə haqlı deyil. Cavabdehin nümayəndəsi və vəkili işə apelyasiya qaydasında baxılarkən göstərmişdir ki, audit rəyləri ümumi yığıncağın protokollarına əlavə edildiyindən həmin sənədlərin ayrıca tələb edilməsi zəruri deyil. Bundan əlavə cavabdeh son 5 ildə icarə müqavilələri bağlasa da kiçik həcmli olduğundan həmin müqavilələr də səhmdara təqdim edilməli deyil. Cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, iddiaçının cəmiyyətdən tələb etdiyi audit aktları və icarə müqavilələri mövcuddur. İddiaçının cavabdehin fəaliyyəti ilə bağlı istənilən sənədlə tanış olmaq hüququ olduğundan tələb edilən sənədlərin təqdim edilməməsi əsası kimi cavabdehin nümayəndəsinin istinad etdiyi mülahizələr əsassızdır. “Qiymətli kağızlar bazarı” haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs investisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması üçün emissiya prospekti tərtib etməlidir. Qanunun 5.2-ci maddəsinə əsasən emissiya prospektində emitentin maliyyə vəziyyəti və emissiya edilən investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar əks olunmalıdır. Qanunun 7.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiqləndikdən sonra bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır. Qeyd edilən normaların tələblərinə əsasən səhmdar cəmiyyətin emissiya prospekti qanunla hüquqi şəxs tərəfindən açıqlanmalı olan sənədlər siyahısına daxil edildiyindən cavabdeh tərəfindən həmin sənədin iddiaçıya təqdim edilməməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2-2 (113)-1897/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia "xxxx" ASC-nin torpaq sahəsinin şəhadətnaməsinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsinin "xxxx" ASC-yə həvalə edilməsinə dair hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, e-2-2 (113)-1897/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia "xxxx" ASC-nin torpaq sahəsinin şəhadətnaməsinin, tikinti işlərinin aparılmasına dair sərəncamın təsdiq edilmiş surətlərinin təqdim edilməsinin "xxxx" ASC-yə həvalə edilməsinə dair hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-818/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-818/2021
30.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver