Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-818/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “B” blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 24 kv.m təşkil edən ofis sahəsinin (sonrakı dəyişikliyə əsasən binanın 7-ci mərtəbəsində (“B” bloku) yerləşən, sahəsi 44 kv.m təşkil edən ofis sahəsinin) icarəyə verilməsi haqqında 10 iyun 2022-ci il tarixli 22/276 nömrəli müqavilənin xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4831,60 manat məbləğində pul vəsaitinin və ödənilmiş 68,32 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini, iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mübahisə üzrə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyi arqumenti ilə əsaslandırmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 04 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...Məhkəmə “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 10 iyun 2022-ci il tarixli 22/276 №-li müqavilənin 14.3-cü bəndini müqavilə tərəflərinin məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən mediasiyaya dair qeyd-şərt kimi qiymətləndirməklə, tamamilə yanlış qənaətə gəlmişdir. İcarə müqaviləsinin 14.3-cü bəndinin məzmununu diqqətlə nəzərdən keçirmək, müvafiq bəndin mahiyyətini və müqaviləyə daxil edilməsi niyyətinin anlaşılması üçün yetərli ola bilər. Belə ki, icarə müqaviləsinin 14.3-cü bəndinə əsasən tərəflər arasındakı mübahisələrin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi (o cümlədən ilkin mediasiya sessiyasında iştirak) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq tələb edildiyi (imperativ olduğu) təqdirdə mediasiyaya çəkilən xərclər bütünlüklə icarəçi tərəfindən qarşılanacaqdır. Yuxarıda təsvir edilən müddəa icarə müqaviləsinə daxil edilən zaman kommersiya xarakterli mübahisələr üçün ilkin mediasiya sessiyasında tərəflərin iştirakının təmin edilməsi məhkəməqədərki mərhələ kimi imperativ xarakter daşıyırdı. Məhz bu səbəbdən iddiaçı mediasiya üçün çəkiləcək xərclərin ödənişinin təmin olunmasının qanunvericilikdə müəyyən edilmiş qaydadan fərqli şəkildə tənzimləmək niyyətində olmaqla, müvafiq məzmunda müqaviləyə müddəa daxil etmişdir. Belə ki, "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunur ki, "Mediasiya haqqında” Qanunun müxtəlif maddələrinin məzmunundan da aydın görünür ki, qeyd-şərt yalnız məhkəməyəqədər mediasiyaya müraciət etməklə bağlı deyil, fərqli aspektlərin müəyyənləşdirilməsinə münasibətdə də razılaşdırıla bilər. İcarə müqaviləsinin 14.3-cü bəndi sırf ilkin mediasiya sessiyasının tətbiqinin qanunvericiliklə müəyyən edilmiş qaydada imperativ olduğu halda, çəkilmiş mediasiya xərclərinin tərəflər arasında bölüşdürülməsinə dair qayda müəyyən edilməklə, müqaviləyə daxil olunmuşdur. Lakin məlum olduğu kimi, 26 dekabr 2023-cü il tarixli 1079-VlQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir və avtomatik olaraq icarə müqaviləsinin 14.3-cü bəndində təsbit olunmuş müddəa da öz hüquqi əhəmiyyətini itirmişdir. İş üzrə iddia ərizəsinin geri qaytarılması üçün labüd hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi MPM-in müvafiq maddələrini əsas gətirərək iddia ərizəsini geri qaytarmaqda prosessual normaların tələblərini pozmuşdur”. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən prosessual məhdudiyyətlərə tabedir. Mülki Prosessual Məcəllənin 150.1-ci və 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeydşərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Tərəflər arasında bağlanmış 10 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulmuşdur ki, “tərəflər arasındakı mübahisələrin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi (o cümlədən ilkin mediasiya sessiyasında iştirak) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq tələb edildiyi (imperativ olduğu) təqdirdə mediasiyaya çəkilən xərclər bütünlüklə icarəçi tərəfindən qarşılanacaqdır. Bu bəndin birinci cümləsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş anlayışa uyğun “mediasiyaya dair qeyd-şərt” hesab ediləcəkdir”. Göründüyü kimi tərəflər, 10 iyun 2022-ci il tarixli 22/276 nömrəli icarə müqaviləsindən irəli gələn mübahisələr üçün mediasiyaya dair qeyd-şərt barədə razılığa gəlmiş, lakin iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mübahisə üzrə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1-ci və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, 10 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 14.3-cü bəndinin birinci cümləsi məcburi (qanunun tələbindən irəli gələn) mediasiya halında mediasiya xərcinin icarəçi tərəfindən ödəniləcəyi ilə bağlı olsa da, həmin bəndin 2-ci cümləsi "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş anlayışa uyğun “mediasiyaya dair qeyd-şərt” kimi birinci cümlənin çıxış etdiyini bəyan etmişdir. Əgər iddiaçının bildirdiyi kimi həmin bənddə yalnız ilkin mediasiya sessiyası ilə bağlı xərcin tənzimlənməsi nəzərdə tutulsa idi, müqavilədə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş anlayışa uyğun “mediasiyaya dair qeyd-şərt” ifadəsinə istinad əhəmiyyətsiz olardı. “Mediasiya haqqında” Qanunda “mediasiyaya dair qeyd-şərt”ə verilmiş anlayışdan görünür ki, iddiaçının bildirdiyinin əksinə, mediasiyaya dair qeyd-şərt dedikdə, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərt nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5118/2025 saylı iş üzrə 25 iyun 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-818/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-818/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver