Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-82/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və X1 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxx” Şirkətinin Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsinə” dair 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin e- 2-2(81)-1070/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin e-2-2(81)-1070/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxx” şirkəti Cavabdeh ASC-yə qarşı vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində icarə müqavilələrinin real bazar qiymətlərindən aşağı bağlandığı qeyd edilmişdir. Məhkəmə izahatlarında və iddia ərizəsində qeyd etdiklərini tamamilə düzgün olmayan şəkildə göstərib. İddia ərizəsində və məhkəmə caxışlarında dəfələrlə qeyd edilmişdir ki, icarə qiymətləri sanəd üzərində (yəni icarə müqaviləsində) real bazar qiymətlərindən qat-qat aşağı qiymətə bağlanmışdır. Faktiki olaraq isə cavabdeh "Cavabdeh" ASC real bazar qiymətləri ilə və hətta ondan artıq qiymətə qeyri-yaşayış sahəsini icarəyə vermişdir. Bununla da, "Cavabdeh” ASC-də ikili mühasibatlıq aparılır, dövlət büdcəsinə ödənilməli olan vergilər süni şəkildə azaldılır, cəmiyyətin səhmdarları isə külli miqdarda dividendlərdən məhrum olur. İddia tələbi bu hissədə "xxxxxxx" MMC-nin "xxxxxxxxxxxxxxx" Şirkətinə verdiyi xx.xx.2014-cü il tarixli arayışı, 2017-ci və 2018-ci illərdə ""X10" MMC tərəfindən Səbail Rayon Məhkəməsinə təqdim etdiyi eksert rəyi və hazırkı işlə bağlı məhkəməyə təqdim edilmiş "xxxxxxxxxx" MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə əsaslandırılmışdır. Bundan əlavə icarə müqavilələrində əks olunmuş qiymətlərin həm "Cavabdeh" ASC-nin faktiki icarəyə verdiyi qiymətlərdən, həm də real bazar qiymətlərindən qat-qat aşağı olmasını bir daha təsdiq edən icarə müqavilələri məhkəməyə təqdim edilmişdir. Yəni, istər satış qiyməti, istərsə də icarə qiyməti baxımından şəhərin ən bahalı və əhallinin ən intensiv hərəkəti olan yerində yerləşən və digər küçələrə nisbətən çox yüksək qiymətə icarəyə verilən "Cavabdeh" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 1 kv.metr üçün icarə qiyməti, real vəziyyətin əksinə olaraq sənəd üzərində (müqavilədə) qat-qat aşağı qiymətlə göstərilmişdir. Eyni zamanda cavabdehin sənəd üzərində (icarə müqavilələrində) icarə qiymətlərini faktiki icarəyə verdiyi nətlərdən və real bazar qiymətlərindən qat-qat aşağı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığnı tam yoxlayır. İşdən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxx” Şirkəti Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən 2011-2015-ci illərdə Caspian Cervice şirkətinə vurulmuş 813.575 manat (səkkiz yüz on üç min beş yüz yetmiş beş manat) maddi zərərin (əldən çıxmış fayda şəklində) və 100.000 (yüz min) manat mənəvi zərərin, ümumilikdə isə 913.575 manat Cavabdeh ASCdən alınaraq “xxxxxxxxxxxxxxx” Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görəCavabdeh ASC xx xxxxxx 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdehin mülkiyyətində ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ayrı-ayrı 4 sahədən və yarımzirzəmidən ibarət qeyri-yaşayış sahəsi vardır. İddiaçı “xxxxxxxxxxxxxxx” şirkəti 2000-ci ildən 2016-cı ilə kimi Cavabdeh ASC-nin 14.738 ədəd (29,999%) səhminin sahibi olmuşdur. İddiaçının səhmdar kimi əsas məqsədi ASCnin mənfəətindən dividendlər əldə etmək olmuşdur. Cavabdehin yeganə fəaliyyəti mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən ibarət olmuşdur. Lakin cavabdeh adı çəkilən qeyri-yaşayış sahəsini bazar qiymətlərindən xeyli aşağı qiymətə icarəyə vermişdir. Belə ki, cavabdehin faktiki olaraq icarəyə verdiyi sahə 758 kv.m. təşkil etdiyi halda, bağlanmış icarə müqavilələrində icarəyə verilmiş sahə 655 kv.m. olaraq göstərilmişdir. Cəmiyyətə məxsus qeyri-yaşayış sahəsi Səbail rayonunda R.Rza küçəsi, T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşir. Bakı şəhərinin ticarət fəaliyyəti üçün ən bahalı və müştərilərin ən çox olduğu yerində yerləşdiyi üçün bu ünvanda yerləşən obyektlərin bir kv. metrinin icarə qiyməti digər ünvanlarda yerləşən obyektlərin icarə qiymətindən xeyli dərəcədə yüksəkdir. Cəmiyyətin icra orqanı tərəfindən bağlanmış icarə müqvilələri reallığı (bazar dəyərini) əks etdirmədiyi üçün “xxxxxxxxxxxxxxx” Şirkəti tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə yol verilən qanun pozuntuları, dividendlərin azaldılması və vergidən yayınma barədə müraciət etmişdir. Bundan başqa dəfələrləməhkəmə instansiyalarına iddia ərizələri yazılmışdır. Cəmiyyətin icra orqanının ədalətsizliyi səbəbindən uzun sürən məhkəmə proseslərinə cəlb edilmişdir. Bu isə iddiaçıya həm maddi zərər (məhkəmələrə iddialar verilən zaman müxtəlif notariat əməliyyatları, nəqliyyat, vəkil xərci və sair xərclər) vurmuş, həm də mənəvi ziyana məruz qoymuşdur. Müraciətlərinə əsasən Vergilər Nazirliyi yanında X6 xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək səyyar vergi yoxlaması aparmış və Cavabdeh ASC-də bağlanılmış müqavilələrin real bazar qiymətinə uyğun olmadığı müəyyən edilmiş və verilən məlumata əsasən vergi ödəyicisi barəsində qanunvericilkdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Cavabdeh ASC-nin rəhbərliyi bağlanmış icarə müqavilələrində icarə qiymətini bir neçə dəfə aşağı göstərməklə “xxxxxxxxxxxxxxx” Şirkətini gəlirdən məhrum etmişdir. Beləliklə, icarədən əldə edilməli olan gəlir aylıq icarə məbləği 56.500 manat, illik gəlir isə 678.000 manatdan artıq olmalı idi. Cavabdeh mənfəət vergisinin ödəyicisi olduğu üçün həmin məbləğdən 20 % mənfəət vergisi çıxıldıqdan sonra ASC-nin xalis mənfəəti hər il üçün 542.400 manat təşkil edərdi. Bu halda, cavabdeh hər il üçün iddiaçıya 162.715 (542.400 x 29,999 % = 162.715) manat divident verilməli idi. Göründüyü kimi, 2011-2015ci illər ərzində iddiaçının mülkiyyətindəki səhmlərdən istifadə hüquqları cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxx” şirkəti xx.xx.1997-ci ildə qeydiyyata alınmış və ********** dövlət qeydiyyat nömrəsi verilmişdir. xx xxxxxx 2000-ci il tarixli Səhmlərin sertifikatının surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxx şirkəti 2000-ci ildən Cavabdeh ASC-nin 14738 ədəd səhminin sahibi olmuşdur. İddiaçı “xxxxxxxxxxxxxxx” şirkəti ilə X4 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilənin surətindən görünür ki, iddiaçı özünə məxsus 14.738 ədəd səhmi Faiq Məmmədova 29.476 manat müqabilində satmışdır. Vergilər nazirliyin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov tərəfindən “xxxxxxxxxxxxxxx” Şirkətinə ünvanlanmış xx.xx.2014-cü il tarixli 05 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh ATSC-nin rəhbəri X3 tərəfindən yol verilən qanun pozuntuları, dividentlərin azaldılması və vergidən yayınma barədə müraciətə baxılmışdır. Vergilər Nazirliyi yanında X2 “Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********710478 nömrəli qərarına əsasən “Şah-Market” ATSC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması aparılmış və nəticəsi xx.xx.2014-cü il tarixli **********716603 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı müraciətinizdə göstərilən hallar yoxlamanın araşdırma predmeti olmuş, təqdim edilmiş mühasibat sənədləri və rəhbər vəzifəli şəxslərdən alınmış izahatlar əsasında araşdırılmışdır. Araşdırma zamanı “xxxxxxxxxxxxxxx” şirkətinin direktor müavini Nüsrəddin Babayev tərəfindən “xxxxxxxxxxxxxxxx“ MMC qiymətləndirmə şirkətinin “Şah-Market” ATSC-yə məxsus Səbail rayonu, Nizami küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində obyektin orta aylıq icarə bazar qiyməti barədə arayış təqdim edilmişdir. “xxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi arayışla cəmiyyətə məxsus daşınmaz əmlakın icarə haqqının bazar qiymətləri barədə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən alınmış ekspert rəyi üzləşdirilmiş və arayışda qeyd olunan qiymətin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı Cavabdeh ASC-nin səhmdarı olduğu dövrdə 2011-2015-ci illər üzrə əldən çıxmış fayda şəklində vurulmuş maddi zərərin və 100.000 manat məbləğində isə mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir və iddia edir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi bazar qiymətlərindən dəfələrlə aşağı qiymətə icarəyə verildiyindən cavabdeh mənfəətdən, iddiaçı isə səhmdar kimi dividend əldə etməkdən məhrum olunmuşdur. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 2011-2015-ci illər üzrə ödənilməmiş dividendlərlə bağlı olan maddi zərər tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, tələb olunan illər üzrə qeyd etmək lazımdır ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2iqt(81)- 284/2014 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxx şirkətinin cavabdehlər Cavabdeh ASC və Qənirə Hacıyevaya qarşı səhmdar cəmiyyətin yenidən təşkili, kənar idarəçinin təyin olunması, cəmiyyətdən çıxan səhmdarın məxsus olduğu səhmləri müqabilində əmlakın naturada ona verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxx şirkətinə qarşı səhmlərin alınması və qeydiyyatın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2iqt(81)- 284/2014 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-184/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-2(102)-269/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Göründüyü kimi 2010-2012-ci illər üzrə dividend tələbinə dair mübahisəyə hüquqi qiymət verildiyindən, yəni məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının 2010-2012-ci illər üzrə hesablanmış, lakin ödənilməmiş 39.134,47 manat dividendin tutulması tələbinə dair iddiası rədd edilməklə öz həllini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Başqa sözlə, 2010-2012-ci illər üzrə dividend tələbinə dair mübahisəyə hüquqi qiymət verildiyindən həmin hissədə kollegiya əldə çıxmış fayda şəklində tələb etdiyi maddi ziyanla bağlı iddianın əsaslılığını yoxlamağa zərurət görmür. Tələb olunan 2013-2015-ci illər üzrə maddi ziyana gəldikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7-ci maddəsinə görə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə görə, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Həmin Məcəllənin 106-3.5-ci maddəsinə görə, dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Sadalanan normalara əsasən səhmdar cəmiyyətlərdə dividend ödəmək öhdəliyi ümumi yığıncağıncağın qərarı əsasında əmələ gəlir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2014-cü il tarixli, 01 saylı Protokolunun surətindən görünür ki, həmin tarixdə cavabdehin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. İclasda 8 nəfər səhmdar iştirak etmiş, onların səhmlərinin ümumi faiz nisbəti 70 faiz təşkil etmişdir. İddiaçı həmin iclasda iştirak etməmişdir. Həmin iclasda cavabdehin 2013-cü il üçün maliyyə hesabatı təsdiq edilmişdir. Protokoldan görünür ki, cavabdehin 2013-cü il üzrə icarə haqqından mənfəəti 62.033,88 manat, xərcləri 16.397,63 manat, xalis mənfəəti isə, 36.509 manat təşkil edib. Bu iclasda, Cavabdeh ASC-nin onun idarə heyətinin sədri Qənirə Hacıyevaya 128.776,39 manat borcunun olduğu tanınmış, dividendlərin yalnız xalis aktivlərə sahib olması halında ödənilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxxx 2015ci il tarixli, 01 saylı Protokolunun surətindən görünür ki, həmin tarixdə cavabdehin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. İclasda 9 nəfər səhmdar iştirak etmiş, onların səhmlərinin ümumi faiz nisbəti 100 faiz təşkil etmişdir. İclasda “Caspiran Service” şirkətinin etibarnamə əsasında nümayəndəsi X5 və şirkətin direktoru iştirak etmişdir. Həmin iclasda cavabdehin 2014-cü il üçün maliyyə hesabatı təsdiq edilmişdir. Protokoldan görünür ki, cavabdehin 2014-cü ilicarə haqqından mənfəəti 58.644,06 manat, xərcləri 47.350,5 manat təşkil etmiş, bu məbləğdən 2.258,71 manat mənfəət vergisi ödənildikdən sonra 9.034,85 manat xalis mənfəət qalmışdır. Həmin xalis mənfəət cavabdeh cəmiyyətin Q.Hacıyevaya olan borcunun qismən ödənilməsinə yönəldilmişdir. İclasda cavabdehin 2014-cü il üçün maliyyə hesabatı təsdiq edilmiş, habelə 2014-cü ildə Q.Hacıyevanın təkarraən təmir xərcləri çəkməsi də diqqətə alınmaqla cəmiyyətin Q.Hacıyevaya olan borcunun 204.081,54 manat olması müəyyən edilmişdir. İddiaçı şirkət bu məsələlərlə bağlı təkliflərin əlaeyhinə səs vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2017-ci il tarixli, 01 saylı Protokolunun surətindən görünür ki, həmin tarixdə cavabdehin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. İclasda 9 nəfər səhmdar iştirak etmiş, onların səhmlərinin ümumi faiz nisbəti 100 faiz təşkil etmişdir. İclasda “Caspiran Service” şirkətinə məxsus olmuş səhmləri Faiq Məmmədovdan əldə etmiş X8 iştirak etmişdir. Həmin iclasda cavabdehin 2015 və 2016-cı illər üçün maliyyə hesabatı təsdiq edilmişdir. Protokoldan görünür ki, cavabdehin 2015-cü il üzrə icarə haqqından mənfəəti 65.423,73 manat, xərcləri 52.446,58 manat təşkil etmiş, bu məbləğdən 2.595,43 manat mənfəət vergisi ödənildikdən sonra 10.381,72 manat xalis mənfəət qalmışdır. Həmin xalis mənfəət cavabdeh cəmiyyətin Q.Hacıyevaya olan borcunun qismən ödənilməsinə yönəldilmişdir. Nəticədə 2016-cı ilin əvvəlinə cavabdeh cəmiyyətin Q. Hacıyevaya olan borcunun 92.962,3 manat olması təsdiqlənmişdir. Cavabdeh cəmiyyətin 2015-ci il üçün maliyyə nəticələri səsverməyə qoyulmuş və yekdilliklə təsdiq edilmişdir. Həmin iclasda cavabdehin 2016-cı il üçün maliyyə hesabatı da müzakirə edilmişdir. Belə ki, cavabdehin 2016-cı il üzrə icarə haqqından mənfəəti 79.209 manat, xərcləri 69.419 manat təşkil etmiş, bu məbləğdən 1958 manat mənfəət vergisi ödənildikdən sonra 7.832 manat xalis mənfəət qalmışdır. Həmin məbləğ Q. Hacıyevaya olan borcun hissəvi ödənişinə yönəldilmiş, 2017-ci ilin yanvar ayının 1-inə borc məbləğinin 75.966,5 manat təşkil etməsi müəyyən edilmişdir. Vəli Kərimov istisna olmaqla, digər səhmdarlar 2016-cı ilin maliyyə hesabatının təsdiqlənməsinin lehinə səs vermişlər. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh cəmiyyətin səhmdarları tərəfindən 2013-2015-ci illər üzrə hər hansı dividendin ödənilməsi barədə qərar qəbul edilməmişdir. Belə olan halda barəsində ümumi yığıncağın qərarı olmayan dividendlərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır. Təqdim edilmiş hər üç icarə müqaviləsi 2008-ci il tarixdə bağlanmış, icarə haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. İddianın predmeti qismində çıxış edən həmin icarə müqavilələri, cəmiyyətin adından idarə heyətinin sədri tərəfindən bağlanmış, səhmdarlar, o cümlədən iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Halbuki, Mülki Məcəllənin 49.3-cü maddəsi də, bu halı nəzərdə tutur. Həmin maddəyə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh cəmiyyətin səhmdarlarının ümumi yığıncağında cəmiyyətin bu dövrlər üzrə fəaliyyəti uğurlu sayılmış və maliyyə hesabatı təsdiqlənmişdir. Həmin iclaslarda qəbul edilmiş qərarlar da səhmdarlar, o cümlədən hazırki iddiaçı tərəfindən mübahisələndirilməmiş, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan şəxsə qarşı hər hansı pretenziya irəli sürməmişdir. İşdən görünür ki, iddiaçı hazırda illik 162.715 (813.575 manat : 5 il) manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, iddiaçının mövqeyinə görə 2011-2015-ci illər ərzində ona illik ortalama 162.715 manat dividend ödənilməli idi. Tərəflər arasında baş tutmuş məhkəmə işi çərçivəsində qəbul olunmuş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, xx.xx.2005-ci ildə şirkətə 2004-cü il üçün 4.490,19 manat, xx xxxxxx 2006-cı ildə 2005-ci il üçün 5.824,68 manat, xx xxxxxx 2007-ci ildə 2006-cı il üçün 6.276,02 manat, 2010-cu ilin dekabr ayında 2007-ci il üçün 6.240,54 manat, 2008-ci il üçün 7.803,6 manat, 2009-cu il üçün 12.790,98 manat dividend ödənilmişdir. xx xxxxxxx 2012-ci ildə cavabdeh ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən 325 kv.m.-lik qeyriyaşayış sahəsinin (zirzəminin) 5 metrliyindən keçən yeraltı su kəməri qəzalı olduğundan deşilmiş və təzyiqli su, habelə suyun gətirdiyi qum və gil ASC-yə məxsus qeyri-yaşayış sahəsini üst qata qədər tam doldurmuşdur. Nəticədə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 325 kv.m.-lik qeyri-yaşayış sahəsinə (zirzəmiyə) subasma nəticəsində 248.700 manat məbləğində maddi zərər dəymişdir. İşdən məlum olur ki, iddiaçı şirkətə 2011-ci ilə qədər dividend ödənilmiş, lakin dividend məbləğləri heç də iddiaçı şirkətin iddia etdiyi kimi ortalama illik 162.715 manat təşkil etməmişdir. Belə ki, iddiaçıya ödənilmiş ən yüksək dividend məbləği 12.790,98 manat olmuş və 2009-cu il üzrə ödənilmişdir. Başqa sözlə, iddiaçı həmin dividend məbləğlərini almış, əslində ona ödənilməli olan dividendin 160 min manatdan çox olduğunu iddia etməmiş, əksinə, ona ödənilən dividend məbləği ilə razılaşmışdır. İddiaçı tələb etdiyi kimi 2011-ci ilədək mövcud olan və aldığı dividendin maksimum, 12.790,98 manat olduğu halda, məbləğin 2011-ci ildən başlayaraq 162.715 manat təşkil etdiyini əsaslandıra bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə, iddiaçı "xxxxxxxxxxxxxxx" şirkətinin dividend tələb etmək hüququnun olmadığı, dividendin ödənilib-ödənilməməsinin cavabdeh "Cavabdeh" ASC-nin öhdəliyi deyil, hüququ olması təsdiqlənmişdir. Bu mənada, hazırki iş üzrə irəli sürülmüş vurulmuş zərərin ödənilməsi tələbinin əvvəlki məhkəmə işi üzrə qaldırılmış iddia (dividend tələbi) ilə hissəvi üst-üstə düşməsi nəzərə alınmalıdır. Başqa sözlə, "xxxxxxxxxxxxxxx" şirkətinin əvvəli və hazırki tələbləri arasındaki yeganə fərq dividend tələb edilən illərlə bağlıdır. Odur ki, əvvəlki illər üzrə dividend tələb etmək hüququna malik olmayan iddiaçının sonraki illər üzrə dividendin ödənilməməsi əsası ilə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu demək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Hazırki işin hallarından, iddiaçıya əldən çıxmış fayda şəklində maddi ziyanın vurulduğu təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadığından kollegiya iddianın həmin hissədə təmin olunmamasını əsaslı sayır. İddia tələbinin mənəvi zərərin tutulması hissəsinə gəlincə isə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 3-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Beləliklə, mənəvi zərərin əvəzini tələb etmək hüququ yalnız fiziki şəxslərə məxsus olduğundan, iddiaçı hüquqi şəxsin bu cür tələblə çıxış etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiaysı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxxxxxxxxxxxxx” Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin e-2-2(81)-1070/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılasın Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-2(103)-82/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-82/2020
05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver