Məhkəmə qərarları › İş №2-2(103)-82/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-82/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-82/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh3, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-47/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh4 arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən 373.441,48 manat əsas borc, 62.302,47 manat faiz borcu, 11.670,04 manat cərimə borcu olmaqla, ümumilikdə isə 447.413,99 manat borc, əsas borca illik 5% məbləğində hesablanmaqla 11.618,18 manat pul, mediasiya üçün ödənilmiş 400 manat rüsum, məhkəməyə müraciət üçün ödənilmiş 286.39 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-47/2024 saylı qərardadı ilə iddianın “əmlak satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” hissəsində icraata xitam verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-47/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 373.441 (üç yüz yetmiş üç min dörd yüz qırx bir) manat, 48 (qırx səkkiz) qəpik, faiz borcu üzrə 32.096 (otuz iki min doxsan altı) manat, 16 (on altı) qəpik, cərimə borcu üzrə 11.670 (on bir min altı yüz yetmiş) manat, 04 (dörd) qəpik olmaqla, cəmi 417.207 (dörd yüz on yeddi min iki yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, Əsas borca illik 5% hesablanmaqla 10.892 (on min səkkiz yüz doxsan iki) manat məbləğində pulun Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evin ilkin satış qiymətinin 191.322 (bir yüz doxsan bir min üç yüz iyirmi iki) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 286 (iki yüz səksən altı) manat, 39 (otuz doqquz) qəpik məbləğində pulun Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 50 manat məbləğində pulun Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissəsində ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki cavabdeh (zamin) Cavabdeh3 İddiaçı ASC-nin KOB Mərkəz filialı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, -02/107 nömrəli zaminlik müqaviləsindən və ümumiyyətlə həmin zaminlik müqaviləsində qeyd olunan kredit müqailəsindən məlumatı olmamışdır. Belə ki, Cavabdeh3 həmin tarixdə İddiaçı ASC-nin KOB Mərkəz filialında olmamış, zaminlik müqaviləsinə və bankın daxili qaydalarına uyğun olaraq tərtib edilmiş digər bank sənədlərinə imza atmamışdır. Buradan da, göründüyü kimi, zaminlik müqaviləsi əsas kredit götürən və digər şəxs tərəfindən, Cavabdeh3 məlumatı olmadan imzası saxtalaşdırılaraq, onun yerinə imza atmışdır. Əgər 1-ci instansiya məhkəməsində Cavabdeh3 iştirakı təmin edilsəydi, bu halda tərəflərin iştirakı ilə məhkəmə tərəfindən obyektiv araşdırma aparılıb müvafiq ekspertiza təyin edilsəydi, zaminlik müqaviləsinin saxta olması aşkara çıxardı. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmə prosesində Cavabdeh3 iştirakı təmin edilmədiyindən, Zaminlik müqaviləsindəki imzaların fərqli olması məhkəmənin gözündən qaçmış və nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Lakin məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı özünün haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız ilkin iddia üzrə iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız iddiaçının yalan məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390-cu maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göründüyü kimi məhkəmə Cavabdeh3 iştirakı təmin edilsəydi, bu halda tərəflərin iştirakı ilə məhkəmə tərəfindən obyektiv araşdırma aparılıb müvafiq ekspertiza təyin edilsəydi, zaminlik müqaviləsinin saxta olması aşkara çıxardı, əsassız və qanunsuz qətnamə qəbul edilməzdi.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasına iştirak edən Cavabdeh3 və nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

8. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində Cavabdeh3 münasibətdə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh3 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.

23. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh4nə 12 ay müddətinə illik 13% olmaqla 400 000 (dörd yüz min) manat kredit verilmişdir.

24. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 yanvar 2022-ci il tarixli 01/107 saylı, Cavabdeh3 ilə 13 yanvar 2022-ci il tarixli 02/107 saylı zaminlik müqavilələri bağlanmışdır.

25. Kredit müqaviləsi, zaminlik müqavilələri tərəflərin imzası və iddiaçının imzası, möhürü ilə təsdiq olunmuşdur.

26. Cavabdeh3 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmamasını, zaminlik müqaviləsindən məlumatlı olmamasını bildirmişdir.

27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan kollegiya onlara münasibətdə aşağıdakıları qeyd edir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

29. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

30. Məhkəmə kollegiyası cavabdehin vəsatəti əsasında zaminlik müqaviləsindəki imzanın apellyatora məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası keçirmiş, daxil olan MEM-in xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2027/2024 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair ekspert rəyində tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02/107 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqində “Zamin” qrafasında, 2-ci vərəqində isə “Cavabdeh3” yazılarından aşağıda yerləşən imzaların - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.

31. İşdən görünür ki, əsas tələbi təmin edən əlavə tələb üzrə bağlanan müqavilədəki imza Cavabdeh3 məxsus deyil və belə olan təqdirdə onun kredit müqaviləsinə zamin durması müəyyən edilməmişdir.

32. Kollegiya hesab edir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən Cavabdeh3 tərəfindən imzalanması təsdiq edilməyindən həmin müqaviləyə istinadən borcun, həmçinin faiz və dəbbə pulunun həmin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Əqdin etibarlılıq şərtlərindən biri – səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq puç əqddir.

33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-47/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh3 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. 137 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Apellyatorun ödədiyi dövlət rüsumu 375 manat İddiaçı ASC-dən tutularaq Cavabdeh3 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 286 (iki yüz səksən altı) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar